Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

Bağırov və Əziz Əliyev

 

Əziz Əliyev 1951-ci il aprel ayında yazdığı tərcümeyi-halında Hacı Zeynalabdin Tağıyevi də ehtiramla yad edir: "1917-ci ildə bütün fənlərdən "əla" qiymət almaqla gimnaziyanı qızıl medalla bitirdim. Təhsilimi davam etdirmək üçün vəsaitim olmadığına görə maddi yardım üçün o vaxt Bakı milyonçusu Tağıyevə müraciət elədim. O, mənə 300 manat miqdarında pul göndərdi. Bu pulun bir hissəsinə anam üçün ərzaq aldım. Qalan hissəsini isə özümlə götürüb Petroqrada getdim. Attestat müsabiqəsi yolu ilə Hərbi-Tibb Akademiyasına daxil oldum".

1951-ci ildə Əziz Əliyevin bədxahları, eləcə də tərcümeyi-halında göstərildiyi kimi, "onunla düşmənçilik münasibətində" olanlar elə güman edirdilər ki, Mir Cəfər Kremlin yüksəkvəzifəli məmurlarının niyyətinə boyun əyəcək, Əziz Əliyevi partiya sıralarından xaric edəcək, yaxın qohumlarını vəzifələrindən uzaqlaşdıracaqdır. Ancaq M.C.Bağırovu da, Ə.Əliyevi də gözü götürməyənlərin istəyi çin olmadı. M.C.Bağırov Əziz Əliyevlə təkbətək söhbətdən sonra töhmətlə kifayətləndi.

Bəs 1997-ci il Əziz Əliyev haqqında daha əvvəl adını çəkdiyimiz kitabda Əziz Əliyevin cəzalandırılması ilə əlaqədar nələr yazılmışdır? Kitabın 224-cü səlifəsində oxuyuruq: "Əziz Əliyevin bacısı qızı Sona xanım İbrahimova da o dövrün canlı şahidlərindəndir. Sona xanım məşhur həkim, mama-ginekoloq, uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləmiş Sosialist Əməyi Qəhrəmanı Şamama Ələsgərovanın qızıdır. Sona Abdulla qızı İbrahimova taleyin gərdişi ilə bağlı Zabaykalyenin Çita şəhərində 1925-ci ildə dünyaya gəlib. 1932-ci ildə ailələri Bakıya köçüb. Həmin ildən də məktəbə gedib. 1942-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. 1947-ci ildən ali təhsilli həkim kimi əmək fəaliyyətinə başlayıb, 2 nömrəli poliklinikada terapevt-həkim işləyib. 1955-ci ildən 1 nömrəli Tibb Məktəbində işləməyə başlayıb. 1960-cı ildən Reabilizasiya və Fiziki Metodlarla Müalicə Elmi-Tədqiqat İnstitutuna elmi işçi keçib. 1968-ci ildən konkurs yolu ilə Həkimləri Təkmilləşdirmə İnstitutunun funksional diaqnostika kafedrasına assistent keçirilib. Uzun müddət institutda çalışıb. Hazırda təqaüdçüdür.

Sona xanım dayısı Əziz Əliyevlə bağlı keçən günləri xatırlayır: "Əziz dayıma olan təzyiqlər çoxaldıqca, mənəvi repressiyaların təsirinə məruz qaldıqca, bizim bütün qohumlar da sıxışdırılırdı. Anam Şamama Ələsgərova da belə repressiyalara, təzyiqlərə məruz qalanlardan oldu. Yaxşı yadımdadır, Azərbaycan KP MK-nın, səhv etmirəmsə, VIII qurultayı idi. Anam da Krupskaya adına Doğum evinin baş həkimi idi. O, 30 ildən çox bu xəstəxanaya başçılıq etdi. Anam Şamama Ələsgərova baş həkim kimi qurultay nümayəndəsi idi. O, geyinib-keçinib qurultaya getdi. Heç bir saat keçməmiş geri qayıtdı. Mən təəccüb elədim. Anam dedi ki, Bağırov zalda məni görən kimi cin atına mindi. Əsəbisəbi dedi: "Aleskerova, mandat ostavte, vıxodite iz zala".

Krupskaya adına xəstəxananı 1944-cü ildə anam açmışdı. İşləri də çox ağır idi. Şəhər Sovetinin deputatı idi. İctimai işlərlə çox məşğul olurdu. Bir gün Bağırov anamın yanına çekist göndərir ki, Şamama xanım xəstəxanada yatan Əfəndiyeva adlı bir xanıma veneroloji xəstə olması haqda arayış versin. Anam o arayışı vermir.

İkinci dəfə çekist yenə gəlir ki, Mariya Borisovna Əfəndiyevanın xəstə olması haqda arayış verin, ya da işdən çıxmanız haqqında ərizə. Bunu da Bağırov ona görə edirdi ki, o qadının yoldaşını sürgün eləmək istəyirdi. Anam o arayışı ikinci dəfə də vermədi. Çünki o qadında elə bir xəstəlik yox idi. Anam gedir raykoma. O vaxt raykomun bürosunun üzvü Bakun vardı, özü də admiral idi. Məsələdən agah olan Bakun anamı müdafiə eləmişdi".

M.C.Bağırovun Azərbaycana rəhbərliyi dövründə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında kadrlar idarəsinin rəisi və N.Krupskaya adına 5 saylı doğum evinin baş həkimi vəzifələrində şərəflə çalışmış əməkdar həkim heç vaxt "qurultay nümayəndəsi" olduğunu avtobioqrafiyasında göstərməmişdir. Axı Azərbaycan K(b)P-nın səkkizinci qurultayı 1927-ci il noyabr ayının 12-dən 18-nə kimi Bakıda keçirilmişdir. O zaman iyirmi üç yaşlı Şamama xanım qurultay nümayəndəsi seçilsəydi, gözləri qarşısında tamamilə başqa bir mənzərə canlanardı. Azərbaycan K(b)P MK-nın birinci katibi kreslosunda Sergey Kirovdan sonra Levon Mirzoyan "bardaş qurmuşdu". Qurultayı da erməni Stamboltsyan Artak aparırdı. Qurultayın rəyasət heyətinə Ağamalı oğlu, Ruhulla Axundov, Əliheydər Qarayev, Mir Bəşir Qasımov, Konuşkin, Mirzoyan, Nikişin, Pleşşakov, Orlov, Yuqanson və başqaları seçilmişdilər. Qurultay nümayəndələri arasında Suren Ağamirov, Boquş, Qalkin, Kutin, Qriqoryan, İvanov, İşkova, Qaragözov, Lifşist, Mixaylov, Oğacanov, Romanaşvili, Rumyantsev, Saakyan, Orlov və başqaları vardı. Mir Cəfər Bağırov qurultaya nümayəndə seçilsə də, iştirak edə bilməmişdi. Daşnak Mirzoyan onu Tiflisə "sürgün etmişdi", Zaqafqaziya su təsərrüfatı idarəsinin sədri vəzifəsində idi...

1997-ci ildə kitab nəşr edənlər bəlkə qurultayla plenum anlayışını dolaşıq salmışlar? Azərbaycan KP MK-nın qurultayı yox, plenumu nəzərdə tutulmuşdur. Arxiv sənədlərini araşdırırıq. 1952-ci il sentyabr ayının 22-də Azərbaycan K(b)P MK-nın səkkizinci plenumu çağırılmışdır. Plenumda yalnız bir məsələyə baxılmışdır: Azərbaycan K(b)P-nın XIX qurultayında MK-nın hesabat məruzəsinin layihəsi müzakirə olunmuş və təsdiq edilmişdir. Plenum iştirakçılarının siyahısı arxivdə saxlanılır, burada Şamama Ələsgərovanın adı yoxdur. Plenumu Azərbaycan K(b)P MK-nın ikinci katibi Vidadi Səmədov giriş sözü ilə açmış və sözü M.C.Bağırov yoldaşa vermişdir. Birinci katib on səkkizinci qurultaydan keçən bir il dörd ay ərzində Həyata keçirilən tədbirlərdən danışmışdır. Bu çıxışda Əziz Əliyevin adı çəkilmir. Bəzi məqamlara diqqət yetirin: "Hesabat məruzəsinin sonuncu hissəsini mən dünən yazmışam. Doğrusu, əgər mən hesabat məruzəsi üçün şöbələrin təqdim etdikləri arayışlarla kifayətlənməli olsaydım, qurultayda hesabat məruzəsi ilə çıxış etmək olmazdı. Məsələn, kənd təsərrüfatı şöbəsi 130 səhifədən ibarət arayış təqdim etmişdir, bunun bircə səhifəsindən də hesabat üçün istifadə edə bilmədim. Görünür, respublikada pambıq yığımının ləng getməsinin bir səbəbi də bununla izah oluna bilər ki, MK-nın kənd təsərrüfatı şöbəsinin işçiləri başlıca iş-gücünü kənara atıb, arayış yazmaqla vaxt keçirmişlər. Bu, bir daha göstərir ki, rəqəmlərə və arayışlara aludəçiliklə iş bitmir. Belə olsaydı, hesabat məruzəsi 300-400 səhifəyə çatardı, məzmunu barədə isə söz demək çətin olardı. Buna görə də mən bütün materialları kənara qoydum və hesabat məruzəsini özüm yazmalı oldum, yoldaşlar oxudular və deyəsən razı qaldılar. Biz bütün tənqidi faktları qurultayın müzakirəsinə çıxarmalıyıq. Məsələn, bu yaxınlarda, avqust ayında neft sənayesi işçiləri ilə söhbət zamanı Babazadə yoldaş ərz etdi ki, avtoparkın işi ona görə dayanmışdır ki, ehtiyat hissələri yoxdur. Bu məsələ ilə əlaqədar bütün yoldaşları, o cümlədən Baybakov yoldaşı və başqalarını ayağa qaldırdıq. Nəticədə nə məlum oldu? Məlum oldu ki, bu sahəyə rəhbərlik edən İmanov Kislovodskda istirahətdədir. Onun müavini Mnatsakanovun səhlənkar olduğu bizə məlum oldu. Mən bu texnika rəhbərinin kimliyi ilə maraqlandım. Müəyyən edildi ki, Sovxozlar nazirliyində İmanovla birgə işləmişdir və sonralar İmanov onu Dilicandan gətirmiş və birinci müavin etmişdir. Neft sənayesinə soxulmuş bu fırıldaqçıları cəzalandırmaq istəyəndə dedilər ki, onlar Kislovodskda istirahətdədirlər. Onda mən Baybakov yoldaşdan soruşdum ki, necə olub, cəzalandırmaq istədiyimiz əməkdaşlarınız yoxa çıxıblar, onlara putyovkanı kim vermişdir? Baybakov yoldaş cavab verdi ki, putyovkanı o verməmişdir. Onda mən dedim ki, məsələni aydınlaşdırıb cavab verin. Müəyyən edildi ki, SSRİ Neft Sənayesi Nazirliyində putyovka məsələsinə Baybakov yoldaşın köməkçisi Çaxmaxçiyev familiyalı birisi baxır. O kimdir? Vaxtilə Serebrovskinin, sonra da Barinovun köməkçisi olmuş, oğurluqda ad çıxarmışdır. İndi də Baybakovun köməkçisidir".

Nə qədər qəribə görünsə də, Əziz Əliyev haqqındakı kitabda Azərbaycanda neft sənayesində baş verənlərin başlıca günahkarı elan edilir - Mir Cəfər Bağırov! Həm də necə? Mir Cəfər Bağırovun 1956-cı ildə "çaxmaxçiyevlər" tərəfindən uydurulmuş şər və böhtanları əsasında. Kitabın 240-241-ci səhifələrində oxuyuruq: "M.C.Bağırov rejimi sona çatsa da, Azərbaycana vurduğu zərbələr çox-çox sonralar da özünü göstərdi. Etiraf etmək lazımdır ki, M.C.Bağırovun bir sıra müsbət keyfiyyətləri olsa da, onun fəaliyyəti əsasən milli kadrlarımızın inkişafının ləngidilməsinə yönəldilir, ayrı-ayrı şəxslərə qarşı qısqanclıq hissləri aşıb-daşır, insanlarda zəmanəyə inamsızlıq, bu gündən sabaha etibarsızlıq yaratmağa xidmət edirdi. Azərbaycan xalqının iqtisadiyyatına, incəsənətinə, elminə, mədəniyyətinə böyük zərbələr vurulur, sərbəst fikir yürüdə bilənlər, boyu-buxunu ilə elmdə, ədəbiyyatda, ictimai-siyasi mühitdə görünənlər dərhal təzyiqlərə, repressiyalara məruz qalır, aradan götürülürdülər".

 

 

Teyyub Qurban

 

Ekspress.- 2010.- 3-5 iyul.- S. 15.