Portret
- ikiqat obraz
Portret təsviri
sənətin ən geniş yayılmış, ən məşhur
janrıdır desəm, bu janrı daha artıq önəmsəmiş
olsam, sənətin başqa janrlarına nisbətdə ona
üstünlük versəm, yəqin ki, mənimlə
razılaşarsınız. Əlbəttə, indi söylədiyim
fikirlərlə
razılaşmamaq da olar, mən belə düşünürəm,
siz də öz düşüncənizdə
özgürsünüz. Gəlin mübahisə eləməyək,
rəssam Məmməd Dəmirçioğlu
yaradıcılığında portret janrının özəllikləri
haqqında danışaq.
Rəssamlar yaxşı bilirlər ki,
fırçaya aldıqları hər bir
portret ikiqat
obrazdı. Hər bir portretdə onu yaradan
sənətkarın özündən belə bəzi nəsnələr
mövcuddur. Bu, ilk baxışda adi gözlə görünməyən
nəsnələr rəssamın daxili energetikasını
cizgilərə və boyalara hopduran sənətin sirridi. Bu mənada portret ikiqat obrazdı. Portret modelin və rəssamın
obrazıdı.
İndi mən Məmməd Dəmirçioğlunun
portretləri haqqında fikirlərimi kağıza
köçürəndə, əslində onun öz
obrazını, portretini çəkmiş oluram.
Rəngli
düşüncələr parıltısında
Doğranmış
ulduzlar payımdır mənim.
Yarpağı buz altda
yaşıl ləpəli
Bu
çılpaq ağaclar tayımdır mənim.
Professor Nəsr məşhur kitabında təsviri
sənət haqqında önəmli fikirlər söyləyir. O yazır ki, miniatür rəngkarlığında
məkan elə təsvir edilir ki, plandan plana keçən
göz həmişə ikiölçülü,
üçölçülü dünyalar arasındakı fərqi
hiss etsin. Lakin miniatür baxışları təkcə
üçölçülü məkana yönəltməyə
imkan vermir, çünki o zaman maddi mövcud olanla təxəyyül
arasındakı sərhəd pozulur.
Maddi mövcud olan ilə təxəyyül
arasındakı sərhəd, buna incə cizgi də deyə
bilərik, mənim fikrimcə təsviri sənət əsəri
üçün olduqca önəmli nəsnədir. Yəni gerçək sənət
əsəri naturanın surəti deyil, natura elə təxəyyülün
məhsuludur. Əgər rəssam
naturanı olduğu kimi kətana köçürürsə,
deməli, o, naturalistdir, əgər naturanın yardımı
ilə rəssam təxəyyülündəki
obrazı yaradırsa, bu, gerçək
sənətdi.
Rəssam əsəri bizi eynən poeziyada
olduğu kimi ikiölçülü məkan insan qəlbinin
ruha doğru yüksəlişi üçün aralıq aləmdən
xəyallar dünyasından keçməlidir.
Professor Nəsrin qeyd etdiyi kimi, həyata bənzərlik,
reallığın təqlidi müsəlman incəsənəti
üçün yaddır.
M.Dəmirçioğlunun portret
janrında işlədiyi əsərlər də minitatür sənəti özəlliklərinə
malikdir.
Məmməd Dəmirçioğlu
yaradıcılığında mintiatür özəlliklərindən
söz açacaqdım, amma nədənsə ünlü
Belçika rəssamı Rene Maqrittin magik-realistik üslubda
işlədiyi bir kompozisiya haqqında bir neçə cümlə
yazmağa ehtiyac duydum. Maqrittin kompozisiyası sadə və müəmmalı
bir əsərdi. Açıq pəncərə
önündə antik qadın büstü, büstün
gicgahındakı yaradan qan sızır, isti insan qanı.
Hər dəfə bu kompozisiyaya, daha
doğrusu bu kompozisiyanın repreduksiyasına baxanda qan qoxusu
duyuram. Bu nə
sirdir, Allahım?! Gicgahından qan sızan
antik heykəlin dodaqlarında ilıq bir təbəssüm
sayrışır.
Rene Maqrittin əsəri YADDAŞDIR. QAN YADDAŞI.
Gicgahındakı yaradan qan daman antik
heykəlin ilıq təbəssümü isə
ÜMİDİN və ÖLÜMSÜZLÜYÜN təbəssümüdür.
TƏSVİRİ SƏNƏT İNSANIN
QAN YADDAŞIDIR.
POEZİYA ÜMİDİN VƏ
ÖLÜMSÜZLÜYÜN TƏBƏSSÜMÜDÜR.
20 il öncə rəssam Kərim Cəlal
məni öz emalatxanasına dəvət etmişdi. O zaman Kərimin
yaratdığı tablolarda metampsixoz çevrilmələrlə,
sürreal elementlərlə rastlaşırdım. Onun "Bir portretə iki yöndən
baxış" tablosu indi də gözlərimin önündədi.
Əsər müəmmalı bir obraz üzərində
qurulub və müəmmalı olduğu qədər də
realdı.
Məmmədin portretlərində müəmma
dediyimiz nəsnədən əsər-əlamət yoxdu. Burda yalnız reallıq və
reallığın harmoniyası mövcuddur.
"Atamın portreti", "Avdırahman kişi",
"Qələndər müəllim", "Şair Məmməd
İlqar", "Ağamalı Sadıq Əfəndi",
"Doktor Ayaz" və "Şair Hacı Məhəmməd
Astanbəyli" - müxtəlif taleli insanlar...
Rəssam yaxından
tanıdığı, hüsni-rəğbət bəslədiyi,
sevdiyi adamların portretlərini fırçaya alır,
onların zahiri, görsəl aurası ilə yanaşı,
daxili aləmlərinə - arzular, xəyallar, ümidlər
dünyasına nüfuz etməyə çalışır. Hər portret bir ömür
dastanıdı - hər dastanın öz üslubu, öz
kompozisiyası, öz koloriti və hər portretdə rəssam
ömrünün bir parçası yaşayır...
Məmməd İlqarın
qayğılı, düşüncəli baxışları
harasa uzaqlara dikilib - portretin zahiri sakitliyi arxasında narahat bir
ürək döyündüyü şairin gözlərindən
bəlirlənir.
Məhəmməd Astanbəyli dünyaya
bir cüt qalın eynək şüşəsi arxasından
baxır - mənə elə gəlir ki, bu
baxışların yiyəsi insanın içini görə
bilir. O, maddi dünyanın dışından
bizə baxır və mələklərin pıçıldadığı
ilahi misraları aydınca eşidir.
Bəlkə indi, bu anda onun ürəyində
şeir misraları doğulur. Məhəmməd Astanbəylinin
üzündə şeirin musiqisini gördüm. Bu musiqini mən dəfələrlə dostum Hacı
Məhəmməd Astanbəylinin üzündə,
gözündə və şeirlərində görmüşəm.
Məhəmmədin saqqalından damla-damla nur
süzülür, onun saqqalından Ay işığı
süzülür. Saqqalından Ay işığı
süzülən şair - bu, M.Dəmirçioğlunun kətanda
əbədiləşdirdiyi sufi şair
obrazıdır.
M.Dəmirçioğlunun portret
yaradıcılığından danışırıqsa,
önəmli bir nəsnəni mütləq və mütləq
vurğulamaq gərəkdir. Bu önəmli nəsnə nədir?
Rəssam fırçaya aldığı
bir çox portreti "mənzərə"
adlandırır. Məsələn, "Qələndər müəllimin
mənzərəsi", "Səhabbinin
mənzərəsi" və s.
Portret-mənzərələri
laqeydliklə seyr etmək mümkün deyil, tablolar cizgilərin,
rənglərin dili ilə danışır,
tamaşaçı ilə həmsöhbət olur. Ekspressiv rəng
çalarları musiqi təranələri kimi səslənir. Al-əlvan
rəng təranələri bəzən bəmdən zilə
qalxır, bəzən zildən bəmə enir.
Portret janrında işləyən rəssamlar
üçün fon önəmli nəsnələrdən
biridir. M.Dəmirçioğlunun portretlərində
monoton səth çox nadir hallarda gözə çarpır.
Onun portretləri relyefli tablolardı. Tablolarda İnsan və Təbiət vəhdətdi,
insanın təbiətlə, təbiətin insanla
harmoniyası mövcuddur. Sanki təbiət
vurğunu rəssam insanın içindəki mənzərəni
təsvir edir. O, insan könlünün, insan ruhunun mənzərələrini
çəkir.
Rəssam portretlərinin fonunda hərəkətli
mənzərələr təsvir etməyi sevir. Onun tablolarında burum-burum buludlar,
"çeşməli-sulu dağlar", ağaclar, qayalar,
yol, karvan və s. elementlər obrazın daxili aləminin
açılmasına xidmət edir.
Mən bəzən özümü rəssamın portret
mənzərələrinin içində hiss edirəm.
Rəssamın kompozisiyalarında
gördüyümüz qara, boz rəng qammaları
ümidsizlik təsiri bağışlamır, insanda bədbin
ovqat yaratmır.
Mənə elə gəlir ki, M.Dəmirçioğlunun
portretlərində sənətkarın amacı heç də
zamanı dondurmaq deyil, o, zamanı rənglər vasitəsi ilə
şəkilləndirir. Zira zamanı insandan, daha doğrusu sənətkardan
ayırmaq mənim fikrimcə yanlış
anlayışdır.
Dəmirçioğlunun əsərlərinə
dönə-dönə baxanda, onun rəsmlərinin mənim qəlbimdə
oyatdığı duyğular haqqında düşünəndə
klassik miniatür sənətimiz yada düşür - portret-mənzərələrin
sirri çözülmüş olur.
Mən özümü avropalı kimi hiss etmirəm - mən
şərqdən gəlirəm. Şərq isə miniatürdür,
miniatür isə poeziyadır...
Məmməd Dəmirçioğlunun rəsmləri
önündəyəm. Mən
həmişə düşünmüşəm ki, rəssamları
şairlərdən, şairləri isə rəssamlardan daha
yaxın, daha düzgün heç kim
anlaya, duya bilməz, mən bu sözlərin gerçəkliyinə
cani-dildən inanıram.
Dəmirçioğlunun rəsmləri önündə
fransız yazıçısı Alber Kamyunun hələ tələbəlik
illərində "can dəftərçəmə"
köçürdüyüm fikirləri ağlımdan
keçir.
Fotoqrafiya rəngkarlıqla müqayisədə
nədirsə, incəsənət də gerçəkliklə
müqayisədə o olmalıdır - deyir Alber Kamyu.
Mənim durumum bəllidir - bir üzüm
şairdi, bir üzüm rəssam.
Dəmirçioğlunun "Avtoportret" tablosu ilə
mənim "Güzgüdəki adam"ım
arasında heç bir ciddi fərq görmürəm.
İnsan oğlu hələ
Tanrısını tanımadığı çox-çox əski
dönəmlərdə, ("Milyon il eramızdan öncə"
- məşhur filmin adını çəkdiyimin fərqindəyəm)
hələ ota, çiçəyə, dağa-daşa... ad
qoymadığı, söz qoşa, nəğmə oxuya bilmədiyi
çağlarda qayalar üzərində rəsmlər
cızardı. Bu mənada təsviri sənətin, rəssamlığın
tarixi şeirin tarixindən daha qədimdir. Təsviri sənətin daha bir özəlliyi də
var, onun dilə və sözə ehtiyacı yoxdur. Bu mənada şairin işi müşküldür.
Şeirdən fərqli olaraq rəsm əsəri
tərcümə olunmur.
M.Dəmirçioğlu portret
ustasıdır. Onun portretləri tamaşaçı ilə kontakta
girir. Portretin ovqatı tamaşaçıya sirayət
edir...
Hər dəfə Məmmədlə
görüşəndə böyük rəssam Səttar Bəhlulzadənin
sözləri yadıma düşür. Ustad deyərdi ki, hər
hansı bir rəssamla salamlaşanda onun əlinə fikir verirəm,
barmaqlarında rənglərdən azca əsər varsa, deyirəm
hə, bax, bu, rəssamdır. Hər dəfə Məmmədlə
görüşəndə ustadın sözlərini
xatırlayıram və Məmmədin əlinə fikir verirəm...
Fransız bəstəkarı Mişel
Loqrenin qəribə bir fikri var. Bəstəkar deyir ki,
dünyanı rəssamlar idarə etməlidir. Belə bir fikir söyləmək
üçün insan anadan fransız doğulmalıdır.
Mənim ömrüm rəssamlar
arasında, bohem mühitdə keçib. Mən rəssamların
ziddiyyətli, müdrik və sadəlövh, həlim və
inadkar, melanxolik və adi, gündəlik həyatdan baş
çıxarmayan, melanxolik və özünümüdafiə
instinktindən məhrum xarakterlərinə yaxşı bələd
olduğumdan fransız bəstəkarı kimi dünyanı rəssamlara
etibar edərdim.
Dünyanı Məmməd Dəmirçioğluna
etibar etmək olar - o, əsl rəssamdı.
Dünyanı Məmməd Dəmirçioğluna
etibar etmək olar, o, əsl şairdi.
Adil Mirseyid
Ekspress.- 2010.- 3-5 iyul.-
S. 18.