Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır
Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.
(əvvəli ötən şənbə
saylarımızda)
Arxivdə
1953-cü ildə Azərbaycan SSR Səhiyyə naziri olmuş Ə.Hüseynovun
imzaladığı xasiyyatnamə saxlanılır. Səhiyyə naziri
yaxından tanıdığı həmkarı haqqında
yazır:
"Əziz Əliyev
yoldaş 1951-ci il sentyabr ayının 5-dən Elmi-Tədqiqat
Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun
direktoru vəzifəsində, 1952-ci il oktyabr ayının 5-dən
Caparidze adına 3 nömrəli klinik xəstəxanasının
baş həkimi müavini vəzifələrində
çalışmışdır. Xəstəxanada
işlədiyi müddətdə Ə.Əliyev yoldaş
özünü bacarıqlı səhiyyə təşkilatçısı
kimi göstərmiş, Lenin rayonu neftçilərinə tibbi
xidmətin yaxşılaşdırılmasında, həkim və
orta tibb işçilərinin ixtisasının yüksəldilməsində
elmi-tədqiqat işlərinin genişləndirilməsində,
səhiyyə məsələlərinə həsr olunmuş
konfransların keçirilməsində var gücünü və
əməyini sərf etmişdir.
Əziz Məmmədkərim
oğlu Əliyev yoldaş xəstəxana birliyinin ictimai-siyasi
həyatında yaxından iştirak edir, həkim və digər
tibb işçiləri arasında böyük nüfuza
malikdir.
Ə.Əliyev
yoldaş tibb elmləri doktorudur. İki dəfə Lenin ordeni
ilə, 1-ci dərəcəli "Vətən müharibəsi"
və "Qırmızı Əmək Bayrağı"
ordenləri ilə, 4 medalla təltif olunmuşdur. SSRİ Ali
Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatıdır.
Azərbaycan SSR Səhiyyə
naziri Ə.Hüseynov
7 oktyabr
1953-cü il".
ARAYIŞ. Görkəmli dövlət xadimi Əlihüseyn Ağahüseyn oğlu Hüseynov Azərbaycan Respublikasının sabiq baş naziri Rəhim Hüseynovun atasıdır. O, M.C.Bağırovun Azərbaycana rəhbərliyi dövründə "Azərnəşr"in direktoru, "Kommunist" qəzetinin redaktoru vəzifələrində çalışmış, Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Əziz Əliyev Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olarkən (1935-1938-ci illər) Ə.Hüsnynov bu ali məktəbin tələbəsi olmuşdur. 1939-cu ildə təhsilini başa vurmuş, müharibə başlayandan qurtaranadək Lənkəranda hərbi qospitalın rəisi kimi mühüm vəzifədə çalışmışdır (1941-ci ildə Əziz Əliyev Azərbaycan SSR xalq səhiyyə komissarı idi - T.Q.). Minlərlə yaralıya sağlamlıq bəxş etmiş ecazkar təbib 1946-cı ildə M.C.Bağırovun xeyir-duası ilə paytaxtda Kirov adına Kurortologiya institutunun direktoru təyin olunmuşdur. 1951-ci ildə isə əvvəlcə Azərbaycan SSR Səhiyyə nazirinin müavini, sonra da nazir olmuşdur. 1953-1956-cı illərdə M.C.Bağırova qarşı təşkil edilmiş böhtan təbliğatına qoşulmadığından 1957-ci ildə əvvəlki iş yerinə - Kurortologiya İnstitutuna göndərilmişdir.
Əziz Əliyevin
1953-cü ilin avqustunda və Əlihüseyn Hüseynovun həmin
ilin oktyabrında yazdıqları müraciətlərə Mərkəzi
Komitədə baxmağa tələsməmişlər. Əgər
baxılsaydı, Əziz Əliyev Səhiyyə Nazirliyinin
tabeliyindəki tibb müəssisəsindən partiya
konfranslarına nümayəndə seçiləcəkdi,
yığıncaqların rəyasət heyətində əyləşəcəkdi,
Azərbaycan kommunistlərinin iyirminci qurultayının
iştirakçısı olacaqdı...
Həmin vaxt
çoxları kimi, Əziz Əliyev nə yuxarıya
yazdığı müraciətində, nə də kollektiv
yığıncağında M.C.Bağırovun qarasına bir
kəlmə də deməmiş, kişiliyi və mərdanəliyi
mənsəb və şöhrətdən üstün
tutmuşdur.
1954-cü il fevral
ayının 12-dən 16-dək Bakıda Azərbaycan Kommunist
Partiyasının qurultayının gedişində nümayəndələr
Azərbaycan KP MK-nın birinci katibi Mirteymur Yaqubovu vəzifəsindən
kənar etmiş, onun yerinə İmam Daşdəmir oğlu
Mustafayev seçilmişdir. Qurultaydan sonra
bütün rəhbər vəzifələrə təyinatlara
yekun vurulduqdan sonra... Əziz Əliyevin əzrizəsi yada
düşmüşdür. 1954-cü il fevral ayının
22-də Azərbaycan KP MK Bürosunun qərarı ilə Əziz
Əliyevin partiya cəzası ləğv edilmişdir. Qərarı
Azərbaycan KP MK-nın katibi Vitali Səmədov
imzalamışdır.
1997-ci ildə Əziz Əliyevə həsr olunmuş kitabda isə nəinki tarixi həqiqətlər təhrif olunmuş, hətta Əziz Əliyevin arxivdəki sənədində də düzəliş edilmişdir. Adıçəkilən kitabın 234-cü səhifəsində Ə.Əliyevin 1953-cü il avqustun 28-də dəst-xətti ilə yazdığı ərizəsində deyilir: "İlk partiya təşkilatının işində yaxından iştirak edib, marksizm-leninizm təlimini öyrənənlərə yardım göstərir, Sov. İKP-nin XX qurultayının materiallarının həyata keçməsi üçün əlimdən gələni əsirgəmirəm".
Hamıya məlumdur ki, Sov. İKP-nin XX qurultayı 1956-cı il fevral ayının 14-dən 25-dək Moskvada keçirilmişdir. Qurultayda "Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında" N.S.Xruşşovun məruzəsi əsasında qərar qəbul edilmişdir. Qərarın adı "Şəxsiyyətə pərəstişin və onun nəticələrinin aradan qaldırılması haqqında" olsa da, əslində ilk növbədə Stalin və sonra Mir Cəfər Bağırov aradan qaldırıldı. Şəxsiyyətlərin yerini simasızlar zəbt etdi. Əziz Əliyev "XX qurultayın materiallarının həyata keçməsi üçün əlimdən gələni əsirgəmirəm" deyə bilərdimi? Əgər desəydi, Nikita Xruşşov 1954-cü ildə Mirteymur Yaqubovdan sonra Əziz Əliyevi Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gətirərdi. Belə olsaydı, Mir Cəfər Bağırova məhkəmə qurmaq Xruşşov və Mikoyana müyəssər olmazdı.
1997-ci ildə
tarixin ibrət dərslərinə göz yumanlar iki onluğu
bir-biri ilə elə sıx birləşdirmişlər ki,
ortadakı əyilməz "I" aradan
çıxmış, iki onluq (XX) yaranmışdır. Əziz Əliyevin
1952-ci ildə yazmış olduğu ərizəsində isə
XIX qurultaydan söhbət gedir. Bu qurultay 1952-ci il oktyabr
ayının 5-dən 14-dək Moskvada keçirilmişdir.
Qurultayın yekun iclasında Stalin çıxış
etmişdir.
1949-cu il Əziz
Əliyevin yaddaşında digər bir əlamətdar hadisə
ilə də qalmışdır. Bu barədə
onun həmyerlisi, Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsində
işləmiş Mirhəsən Seyidov "On bir il Mir Cəfər
Bağırovla əl-ələ, çiyin-çiyinə"
məqaləsində (bax: Ramiz Əhmədov. "Mir Cəfər Bağırov xatirələrdə",
Bakı, "Nurlan" nəşriyyatı, 2006, səh. 83-84)
yazır: "1949-cu il yayın axırlarında Bağırov
və onun həyat yorldaşı Yevgeniya Mixaylovna Əziz Əliyevin
həyat yoldaşı Leyla xanımı qızları Zərifə
və Gülarə, oğlu Tamerlanla Zuğulbaya qonaq
çağırdılar. Əziz Əliyev özü bu
vaxt hələlik Sov. İKP MK-da işləyirdi.
Bağırovlar ailəsi bu qonaqlığa məni də ailəmlə
birlikdə dəvət etmişdilər. Görüş
olduqca səmimi şəraitdə keçdi, qonaqların
şərəfinə gözəl, zəngin süfrə
açılmışdı. Gürcü aşbaz Maysuradze
bizi dadlı xörəklərə qonaq etdi. Ev sahibi bir
neçə sağlıq söylədi. Əziz Əliyev
haqqında da xoş sözlər dedi".
Əziz Əliyev "1956-cı ildə partiyanın XX qurultayının qərarlarının həyata keçməsi üçün əlindən gələni əsirgəməsə də", partiya işinə irəli çəkilməsi barədə düşünən tapılmırdı. Respublika rəhbərləri Sov. İKP-nın XX qurultayında N.Xruşşovun "Şəxsiyyətə pərəstiş və onun nəticələri" barədə məruzəsinin geniş yayılması ilə məşğul idilər. Başlıca məsələlərdən biri də Mir Cəfər Bağırovun incik saldığı daşnaklarla münasibətləri qardaşlığa çevirməkdən ibarət idi. Əziz Əliyevin rəhbər vəzifəyə irəli çəkilməsinə biganəlik göstərənlər Ermənistanın partiya rəhbəri S.Tovmasyanla sıx əlaqə saxlayırdılar. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan materiallar bu cəhətdən nəzəri cəlb edir.
1956-cı il aprel ayının 10-da (M.C.Bağırovun qondarma məhkəməsi zamanı - T.Q.) İrəvandan Bakıya
"şanlı məktub" gəlmişdir:
"Azərbaycan KP MK katibi
İ.D.Mustafayev yoldaşa
Sizin
xahişinizlə Sov. İKP MK-nın razılığı əsasında
Nikita Sergeyeviç Xruşşov yoldaşın XX qurultayda
etdiyi "Şəxsiyyətə pərəstiş və
onun nəticələri haqqında" məruzəsinin erməni
dilinə tərcümə olunmuş mətninin 50 (əlli)
nüsxəsini göndəririk.
Ermənistan KP MK katibi S.Tovmasyan
06 aprel 1956-cı il."
Azərbaycan KP
MK-nın məsul işçiləri əlli nüsxənin
ermənicə mətnini respublikamızda yaşayan ermənilərə
şəxsən təqdim etmək üçün cədvəl
tərtib etmiş, hətta nüsxələri də nömrələmişlər. Birinci katibə
aşağıdakı məlumat təqdim olunmuşdur:
"N.S.Xruşşovun
"Şəxsiyyətə pərəstiş və onun nəticələri
haqqında" məruzəsinin ermənicə mətni
aşağıdakı qaydada paylanmışdır:
Azərbaycan KP MK - 5 nüsxə
(N 13, 27, 38, 69, 70)
Naxçıvan Vilayət
Partiya Komitəsi - 5 nüsxə (N 71, 72, 73, 157, 212)
Dağlıq Qarabağ - 28
nüsxə (N 994-dən 1021-dək)
Şaumyan (kənd) - 5
nüsxə (N 982, 983, 985, 987, 988)
Xanlar RK - 5 nüsxə (N
213, 214, 215, 218, 981)
Şamxor RK - 2 nüsxə
(N 992, 993)
Cəmisi - 50
nüsxə".
Sual olunur: Azərbaycanda
.Xruşşovun "Şəxsiyyətə pərəstiş
və onun nəticələri haqqında" məruzəsi
azərbaycanca, rusca və ermənicə kütləvi şəkildə
nəşr edilib bütün ilk partiya təşkilatlarına
göndərildikdən sonra, Ermənistan KP MK-nın birinci
katibi Suren Tovmasyandan ermənicə 50 nüsxə mətn
xahişi nə demək idi? Bəs Ermənistandakı
soydaşlarımız üçün Azərbaycandan ana
dilimizdə mətn niyə göndərilmirdi?
Araşdırmalar
göstərir ki, o zamanlar S.Tovmasyanın "töhməti
götürüldükdən sonra partiya və sovet
işçilərini keçmiş vəzifələrinə
bərpa etmək təcrübəsindən" Azərbaycanda
imtina olunurdu.
İmam
Mustafayevdən fərqli olaraq, Ermənistan KP MK-nın birinci
katibi 1951-ci ildə töhmət almış rəhbər
partiya işçilərini irəli çəkirdi. Əziz Əliyev barəsində
maraqlı xatirələr yazmış Talıb Musayev "Ermənilər
və faciələrimiz" (Bakı, 2008-ci il)
kitabının "Aldığım cəzanın üzərimdən
götürülməsi" fəslində (səh. 226-227)
belə nəql edir: "1948-1953-cü illər
köçürülməsi barədə Stalinin qərarına
və bu qərarın həyata keçirilməsinə qarşı
zidd çıxışlarıma və həmin qərarın
yerinə yetirilməsinə mane olan cəsarətimə
görə o vaxtkı Ermənistanın rəhbərliyi tərəfindən
mənə cəzalar verilməsi barədə yazmışam.
Bəlkə də bütün bunlar kiməsə
inandırıcı gəlməsin. Buna
görə də 1959-cu ildə Vedi rayonunun Şirazlı kəndində
kolxoz sədri işləyərkən vaxtilə almış
olduğum həmin cəzanın üzərimdən
götürülüb, bacarığıma uyğun işlə
təmin edilməyim barədə MK-ya erməni dilində
yazmış olduğum ərizənin bir nüsxəsinin bu
günə qədər saxladığım surətini bu
kitaba daxil etməyi özümə borc bildim.
"Ermənistan Kommunist
Partiyası MK-nın katibi S.H.Tovmasyan yoldaşa
Partiya üzvü Musayev
Talıb Qurban oğlundan
Ərizə
Yoldaş Tovmasyan! Sizə məlumdur ki, mən 1935-ci ildən
başlayaraq 1953-cü ilin sonuna kimi rəhbər partiya işlərində
işləmişəm. Öz gücüm
dairəsində respublikada partiyanın qərarlarını kəsirsiz
yerinə yetiirmişəm. İstər
Basarkeçərdə, istərsə də Qarabağlarda,
harada işləmişəmsə, respublika aktivinin geniş
hörmətinim qazanmışam. Ancaq nə
vaxt ki, azərbaycanlıların Ermənistandan
köçürülməsi məsələsi müzakirə
olundu, onda mən çox kəskin çıxış edib,
bu qərara tam zidd olan fikrimi bildirdim. Qeyd
edim ki, bu qərar əhalinin tələbinə və
dolanışığına zidd bir qərardır. Mənim çıxışımı nəzərə
alaraq, Basarkeçərin köçürülməsi
1952-53-cü illərə planlaşdırıldı. Köçürülmüşlərdən
qayıdanların isə qəbulunun qadağan edilməsinə
baxmayaraq, qayıdanları işlə təmin edib,
partiyaçılardan Ş.İbrahimovu, H.Həsənovu kolxoz
və sovet sədri qoymuşdum. 1951-ci ildə
azərbaycanıları köçürmək
üçün gətirilmiş avtomaşınları
köç komissiyasının sədri Q.Mudafyanla birlikdə
boş geri qaytardım. Bunlar hamısı
azərbaycanlıların köçürülməsinə
ciddi maneçiliklər yaratdı.
Köçürülmə işində yol verdiyiim səhv və
nöqsanlara görə mənim məsələmi MK-nın və
Kirovakan dairə komitəsinin bürosunda müzakirə edib, mənə
ciddi partiya cəzası verib, 1953-cü ilin sonunda oxumağa
göndərmə adı ilə işdən azad edib,
1956-cı ildə Vedi rayonunda ən geridə qalan
Şirazlı kənd kolxozuna sədr göndərdilər.
Kolxoz 3 il müddətində rayonda və
eləcə də respublikada ən qabaqcıl, nümunəvi
kolxozlardan birinə çevrildi. Bu faktları rəqəmlər
özü təsdiq edir.
Yoldaş Tovmasyan! Təvazökarlıqdan
kənar olsa da, demək istəyirəm ki,
bacardığım iş qabiliyyətimi nəzərə
alıb məni respublika masştablı, bacarığıma
uyğun işlə təmin edib, respublikaya daha çox mənfəət
verməyimə imkan yaradasınız. Ona görə
də xahiş edirəm ki, mənim
güc-bacarığımı respublikada genişmiqyaslı
bir işdə istifadə edəsiniz.
Musayev Talıb
5 iyul 1959-cu il
Vedi rayonu,
Şirazlı kəndi."
Mənim bu ərizəmi
alandan sonra, işlədiyim kolxozdakı fə-aliyyətimi əməlli
qaydada yoxladılar. Mənim partiya cəzamın
götürülməsini müzakirə edib məsələ
qaldırmaq işi ilk partiya təşkilatına və raykoma
məsləhət görüldü. Onlar
müzakirə edib mənim töhmətimin götürülməsini
qərara aldılar. Və töhmətim
götürüldü... 1959-cu ilin oktyabr ayında mən Vedi
rayon soveti İcraiyyə Komitəsinin sədri oldum".
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2010.- 17-19 iyul.- S.14.