"Mən xalqımdan çox hörmət
görmüşəm"
Əvəzxan Xankişiyev:
"Efirə çıxmaq üçün pul söhbəti
o vaxt da var idi"
"Bu gün Şirvan muğam məktəbinin adlı-sanlı nümayəndələrindən danışılanda, nədənsə onu yaddan çıxarırlar. Halbuki bir zamanlar filarmoniyanın zalı, Bakının toy mağarları məhz onun sorağı ilə tamaşaçı əlindən dolub-daşırdı. Əvəzxan Xankişiyev 7 il Üzeyir Hacıbəyli adına Dövlət Mahnı və Rəqs Ansamblının solisti olub, ondan sonra da neçə il "İrs" ansamblında çalışıb. Dəfələrlə efirdə canlı konsertləri nümayiş etdirilib. Amma sonradan onu küsdürdülər. Haqqını tapdalamaqla, layiq olduğu mükafatları ondan saxlamaqla küsdürdülər. Qəribədir ki, bu gün məşhur xanəndələrin əksəriyyətindən soruşanda ki, "Əvəzxan Xankişiyev necə oxuyur?", hamı "əşi, o, əjdaha oxuyandı" deyir. Amma bircə dəfə əlləri çatan yerlərdə demədilər ki, axı bizdə Əvəzxan Xankişiyev kimi bir xanəndə var, 40 ildən çox sənətdə əməyi var...
Əksinə, vaxtilə əl uzatdığı insanlar bu gün onu bəyənmir. Oxumaq öyrətdiyi indinin bəzi xalq artistləri bu gün onun zəngulələrini bəyənmir. Halbuki Azərbaycan xanəndələri arasında ən çox boğaz vuranların sırasında o, Sabir Mirzəyevdən sonra ikinci gəlir...
60 yaşı tamam olanda da onu yalnız Qobustan Rayon Mədəniyyət və Turizm İdarəsi yada saldı. Bir də, bir az gec də olsa, biz...
"Bizlər xalqın hesabına yaşayıb kef edirik"
- 60 illik yubileyiniz və yaradıcılığınızın 40 illiyi Qobustanda rayon səviyyəsində təmtəraqla qeyd olundu. Bakıdakıların yadına
düşməsə də, qobustanlılar öz
oğullarını yaddan çıxarmadılar. Necə
düşünürsünüz, 40 il sənətə
ömür xərcləməyə dəyərdimi?
- Ömrün necə gəlib keçməsindən
xəbərim olmadı desəm, günah olar. Mən bu sənəti
seçəndən sonra xalqımdan çox hörmət
görmüşəm. Bizlər xalqın hesabına
yaşayıb kef edirik. Şükür Allaha, evim, eşiyim, 6
qız köçürmüşəm, bir oğul evləndirmişəm,
indi də nəvələrin evlənmək vaxtı
yetişib. Bu sənət Azərbaycanın hər
nöqtəsində canlara dəyən dostlar verib mənə.
Sənət aləmində də sağ olsunlar, hörmətimi
saxlayırlar. Özümdən yaşca balacalar mənə
artıq "Əvəzxan əmi" deyə müraciət
edirlər. Sənət aləmində hər adama "əmi"
deyilmir...
- Bu yaxınlarda xalq artisti Əlibaba Məmmədov Teymur Mustafayevə "əmi" deyilməsinə görə yaman hirslənmişdi...
- Əlibaba
Məmmədova mən özüm "əmi" deyirəm.
Təbii ki, Xandan sonra Əlibaba Məmmədova "əmi"
deyilib. Əminin çox olmasının ziyanı yoxdur, onsuz
da hər əminin öz yeri var...
- Siz uzun illər Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının solisti olmusunuz. Bəs o illərin Əvəzxan Xankişiyevi nə səbəbdən bu gün paytaxtdan əyalətə sıxışıb?
- Əvvəla, filarmoniyaya solist kimi qəbul olunanda, məni rəhmətlik Xan əmi imtahana çəkib. Onda
Xan Şuşinskinin imtahanından keçən xanəndələrə
rəhmətlik maestro Niyazi də "hə" deyirdi.
Filarmoniyanın Bədii Şurasında da Tofiq Quliyev, Niyazi, Cahangir
Cahangirov, Şövkət Ələkbərova kimi
böyük sənətkarlar cəmləşmişdi. Qəbul
komissiyasında bu nəhəng sənətkarlardan başqa
mütləq mədəniyyət nazirinin müavini də
iştirak etməli idi. Solist olmaq istəyənlərə
komissiya üzvləri qulaq asandan sonra Xandan soruşurdular ki,
"əmi, nə deyirsən?" Xan əmi də ifa
xoşuna gəlməyəndə, deyirdi ki, "az səsdi,
batajax..." Necə istəyirsən oxu, lap ağzınla
göydə quş tut, fərqi yoxdur, əgər Xan əmi
razılıq verməsəydi, onu Filarmoniyaya
götürmürdülər. Mən komissiyanın
qarşısına çıxanda, birinci "Mirzə
Hüseyn" segahı oxudum. Çünki eşitmişdim
ki, "Segah"ı yaxşı oxuya bilməyəni Xan xanəndə
saymır. Həm də Sabir Mirzəyevin "Mirzə
Hüseyni" dəbdə idi, gənc xanəndələr
hamısı bunu oxumağı xoşlayırdılar. Amma mən
imtahanda Sabir Mirzəyev kimi yox, Xan əmi kimi oxudum, onu
yamsıladım. Qəlyan damağında bir az qulaq asıb
qayıtdı ki, "ə, bala, saxla". Fikirləşdim
ki, işim bitdi, onun kimi oxumağım xoşuna gəlməyib,
acıqlandırmışam. Çünki Xan əmi çox
ciddi adam idi, biz cavanlar ürək edib ona yaxınlaşa
bilmirdik. Mənə qayıtdı ki, "bala, bu mən, bəs
sən? Yəni ki, indi özün kimi oxu. Onda
"Cahargah"ın müxalifini oxudum. "Mənsuriyyəni"
oxuyub qurtarandan sonra soruşdu ki, "ə bala,
haralısan". Mən də cavab verdim ki, "Xan əmi,
anam qarabağlıdır". Həqiqətən də
atamın arvadlarından biri qarabağlı idi. Onda rəhmətlik
üzünü Niyaziyə tutub dedi ki, "ə, bunu
götürün, yaxşı oxuyan olajax".
Mən Xan əmininin yerlipərəst olduğunu eşitmişdim, ona görə xırda yalan danışmalı oldum. Əslində, düz demişdim, analığım və ya anam, nə fərqi var?
- Nə üçün efirdə
görünmürsünüz?
- Mən
vaxtilə özümə görə tanınmış xanəndə
olmuşam. İndi isə hər şey pulla
olub. Ümumiyyətlə, pul söhbəti həmişə
olub, lakin bizim dövrümüzdə bu bir az
gizli həyata keçirilirdi. Yəni, xanəndə
pulu birbaşa verilişin rəhbərinə, musiqi redaktoruna
vermirdi, arada gəzən vasitəçilər vardı.
Lakin mən sizə səmimi deyirəm ki, efirə
çıxmaq üçün heç vaxt pul verməmişəm.
Açığı, mənə həm
hörmət ediblər, həm də çəkiniblər.
İndinin özündə də məndən
çəkinirlər ki, "Əvəzxan bir az
"opasnı" adamdı".
- Bu
sözün bir əsası varmı?
- Əlbəttə, heç vaxt boş yerə
söz yayılmır. Od olmasa,
tüstü olmaz. Hərdən bəziləri
efirə çıxıb deyir ki, filan xəbərə
inanmayın, şayiədir. Gözünün
içinə qədər yalan deyir, xalq hər kəsi yaxşı
tanıyır. Az.TV-də rəhmətlik
Elbrus musiqi redaksiyasına rəhbərlik etdiyi dövrdə məni
efirə buraxmırdılar. Ümumiyyətlə,
heç telestudiyanın qapısından içəri girməyə
icazə vermirdilər. Ona görə də
fikrim vardı ki, onu vurum. Onda da mən həmişə
maşının "bardoçok"unda dəmir
(tapança) gəzdirirdim. Amma
Ağdaşda toyda onunla rastlaşdım, məndən üzr
istədi ki, "Əvəzxan, səhv etmişəm,
bağışla". İndi sağ
olsun, Nadir Axundov bayram çəkilişlərinə məni
dəvət edir.
"Sazı eşidəndə,
camaat toydan qaçırdı..."
- Bildiyimə
görə, 60 illik yubileyinizə Bakıdan çox həmkarınızı
dəvət etmişdiniz. Amma əksəriyyəti
orada iştirak etmədi. Mən biləni, həmin şəxslərlə
əməlli-başlı münasibətiniz var və
çoxlarının sənətdə möhkəmlənməsinə
təkan vermisiniz...
- Mən
özüm də onların gəlməməsinə məəttəl
qaldım. Bir dəfə rəhmətlik Ceyhun Mirzəyevin
dostu dedi ki, tələbələri fəxri ad
aldıqlarına görə onunla görüşəndə
utanırdılar. İndinin özündə əməkdar
artistlər, xalq artistləri var ki, bir məclisə
düşəndə, məndən icazə alıb oxuyurlar.
Yəqin, həmin adamlar da fəxri adları olduqlarına
görə məndən utanıb yubileyimə gəlməyiblər...
Gəlmədilər, Allah canlarını sağ eləsin.
Müəyyən adamlar var ki, vəzifəli
adamlarla dostluq etməyi xoşlayırlar. Amma
onların bir tədbiri olsa, mən yenə də gedib iştirak
edəcəyəm. Bəlkə də tədbiri
Qobustan rayonunda keçirdiyimə görə gəlməyiblər.
Əslində, yubileyi mənim üçün
Qobustan Rayon Mədəniyyət İdarəsi keçirdi.
Çox qəribədir ki, mən oralı olsam
da, Qobustan rayonunda doğulmamışam. Amma
məni həqiqətən nəinki Qobustanda, bütün
Şirvan mahalında çox istəyirlər. Mən oralara gedəndə, nəsə Bakıya
qayıtmaq istəmirəm. Allah yaxşı
dostlarımın canını sağ eləsin, hər kənddə
bir evim var...
- Vaxtilə
"İrs" ansamblında birlikdə
çalışdığınız xanım xanəndə
var, özü də yerlinizdir, amma bir dəfə sizdən
söz düşəndə, dedi ki, "mən Əvəzxan
adında xanəndə tanımıram". Nə
məsələdir, bəlkə xətrinə dəymisiniz?
- Mən, əvvəla,
heç kəsin xətrinə dəymirəm, o ki qaldı
qadın ola. Mən həmişə
həmin xanım xanəndəni qorumuşam. "İrs" ansamblına gələndə, gənc
qız idi. Onu mən öz balam kimi
çox şeydən qorumuşam, çoxundan
özünün xəbəri olmayıb. Amma
mənim barəmdə elə danışması mənə
çatmır. Mənim ona heç bir
pisliyim olmayıb. Həmişə məndən
soruşulanda, demişəm ki, xanım xanəndələr
arasında ən əjdaha sənətçi odur. Bir
neçə il bundan əvvəl həmin
xanımla İmişlidə bir toyda iştirak etmişik. Özü də həmin toya o məni dəvət
edib. O toyda qarabağlı xanəndələr də
olub. Həmin məclisdə bu xanım oxuyanda, toy əhlindən
bir-iki nəfər dedi ki, "Qəndab Quliyevanın yanında
bu heç nədir". Qəndabla da neçə illərdir
dostluq edirik, elə kişi kimi
qadındır. Amma "bu Qəndabın
yanında heç nədir" sözü mənim bərk xətrimə
dəydi. Həmin anda bu xanım "Bəstə-nigar"
oxuyurdu. Bu qurtaran kimi mən də durub bir
"Bəstə-nigar" oxudum. Mən
oxuyan kimi işıqlar söndü. Onda mənə
qayıtdı ki, "sən bilirsən ki, mən seyid nəvəsiyəm,
bilmirdin mənə ilişəndə işıqlar sönəcək.
Guya "Bəstə Nigar"ı məndən
yaxşı oxuyursan?" Mən də dedim ki, "nəinki
səndən, Azərbaycanda Sabir Mirzəyevdən
başqa hamıdan yaxşı oxuyuram". Əslində,
mən ona ilişmək üçün yox, onu
qızışdırmaq üçün oxuyudum. Həqiqətən
bir az tənbəlliyi var. Yalnız pul
fikirləşir, sənət vecinə deyil. Cavan vaxtı həqiqətən
gözəl çalışırdı, yaxşı oxuyurdu,
əvvəl sənət satırdı, indi... Nə
isə, işıqlar yanandan sonra o, qəşəng bir
"Simayi-Şəms" oxudu. Oradan
qayıdandan sonra başladı mənim əleyhimə
danışmağa.
- Siz
aşıq Şakirin yeganə tələbəsi olmusunuz. Amma onun sənətini davam etdirməyib xanəndəliyi
tutdunuz. Bu nəylə bağlı idi?
- Mən
müstəqil formada sənətə başlayanda, artıq
aşıq sənəti dəbdən
düşmüşdü. Balabanı,
zurnanı, sazı eşidəndə, camaat toydan
qaçırdı. Həsrət
Hüseynov kimi bir sənətkarı toya dəvət etmirdilər.
Şakir kimi əjdaha sənətkara deyirdilər
ki, "ortalıqda dastan demə, toya gitara, qarmon, sintezator gətir".
Ona görə də xanəndə kimi fəaliyyət
göstərdim.
-
Övladlarınız arasında sənətinizi davam etdirəni
varmı?
- Mən
razı olmasam da, qızlarım müğənnilik sənətinə
üz tutdular. Övladlarımın
hamısının səsi var. Amma qızlarım məndən
çəkindiklərinə görə ərə gedəndən
sonra oxumağa başladılar. Yoldaşım
Zemfira xanım da mənə ərə gələnədək
müğənni idi, sonra məni çox sevdiyinə görə
sənəti atdı. Sözün
açığı bu gün də qızlarımın
müğənni olmağına razı deyiləm. Çünki əvvəllər qız toyları
ayrı olurdu, indi bir yerdədir. Qadın sənətçinin
200 sərxoş kişinin qarşısında oxumasına
razı deyiləm. Sərxoş olanda,
meymun da adamın gözünə gözəl
görünür, görürsən aralarında axmaq
olanı da tapılır ki, sənətçiyə nalayiq
söz deyir. Ərləri icazə verir, mən
nə edə bilərəm, boşatdıra bilmərəm ki.
Amma yenə də əleyhinəyəm.
Əvəzxan adlı bir nəvəm var, onun da gözəl səsi var. Mənə elə gəlir ki, əgər xanəndə olmaq istəsə, ondan ikinci Əvəzxan olacaq...
İltifat
Ekspress.- 2010.- 17-19 iyul.- S.19.