Məişət
zorakılığı... Qanun
qadını qorusunmu?
"Arvadını döyən
ata gələcəkdə
qızının əri
tərəfindən döyülməsini
normal qarşılayır"
Son günlər
məişət zorakılığı
haqqında tez-tez eşitməyə başlamışıq.
Nədir məişət
zorakılığı və
bu zorakılığa
kimlər məruz qalır? "Məişət
zorakılığı haqqında"
Qanuna ehtiyac varmı? Yazıda bu suallara cavab
tapmağa çalışacağıq.
Qadın Krizis Mərkəzinin rəhbəri
Mətanət Əzizovaya
görə, "məişət
zorakılığı" dedikdə beynəlxalq termin kimi ailədaxili
zorakılıq başa
düşülür. Yəni,
bir ailə üzvü digər ailə üzvünü öz nəzarəti altında saxlamaq istəyir. Zorakılıq
əsasən fiziki, psixoloji, iqtisadi və cinsi cəhətdən
ola bilər.
Fiziki zorakılıqda
söhbət döyülməkdən
gedir. Psixoloji zorakılıqda qadın özünə qəsd həddinə qədər
çatdırıla bilər.
İqtisadi zorakılıq
- evi maliyyələşdirən
bir nəfər hegemon qüvvəyə çevrilir. Həm fiziki, həm də iqtisadi zorakılıq olduqda qadının işi daha da çətinləşir:
"Bizə bir qadın müraciət etmişdi. Onun həyat yoldaşı hüquq-mühafizə orqanlarından
birində çalışırdı.
Qadının 2 oğlu
var idi və
onlar pullu liseylərdə oxuyurdular.
Qadın mütəmadi
olaraq döyülürdü.
Əri polis olduğundan
qadının şikayət
ərizəsi qəbul
edilmirdi. Digər tərəfdən, qadın
bilirdi ki, uşaqlarını iqtisadi
cəhətdən təmin
edə bilməyəcəkdi.
Ailədə iqtisadi zorakılıq olduqda qadın susmağa məcburdur".
Cinsi zorakılıqda
isə zorlanmalardan söhbət gedir. M.Əzizovanın dediyinə
görə, onlara daha fiziki və
psixoloji zorakılığa
məruz qalanlar müraciət edirlər.
"Məişət zorakılığı haqqında"
qanun layihəsinə toxunan mərkəz rəhbərinə görə,
bu qanun daha çox kişilərə sərf
etmir: "Məişət
zorakılığı ilə
bağlı qanun layihəsi müzakirə olunmağa başlayanda Milli Məclisdə də kişilər üstünlük təşkil
etdiyindən mən onun qəbul ediləcəyinə inanmırdım.
Bu qanun daha çox kişilərə
sərf etmir. Onların arqumentlərinə
görə, əgər
mən oğlumu vursam, o, sabah gedib məni məhkəməyə verəcək?.
Yaxud mən xanımıma bir söz desəm, məhkəməyə müraciət
edəcək? Bunlar hamısı primitiv düşüncədir. Digər
tərəfdən, deputatlar
bu qanunun qəbul edilməsini ailədə boşanmaların
sayının artmasına
səbəb olacağını
düşünürlər. Amma bu qanun
qəbul edildikdən sonra boşanmaların sayı azala bilər. Belə ki, zorakılıq törədən insanın
bu gün məsuliyyətdən kənarda
qalması onun ailədə daha çox zor tətbiq etməsinə gətirib çıxarır.
Ancaq qanun bunu tənzimləyər. Qanun zorakılığı
tənzimləməklə qalmaz,
boşanmaların da sayı azalar".
Əsas məsələnin
təhlükəsizlik olduğunu
bildirən müsahibimiz
son zamanlar ərləri,
keçmiş həyat
yoldaşları tərəfindən
qətlə yetirilən
qadınların sayının
artdığını bildirir.
Eləcə də cəzaçəkmə müəssisələrində
öz həyat yoldaşlarını öldürən
qadınların da sayı artır. Bu faktların ailə zorakılığı ilə
bağlı qanunun qəbulunu labüdləşdirdiyini
deyən M.Əzizova
"qanun həm ailəni qoruyar, həm də qadınların və uşaqların təhlükəsizliyini
təmin edər",
- söyləyir.
Ağır
psixoloji durum, döyülən
ana və uşaqlıq...
"Uşaqlarda vəziyyət bir az ayrı cürdir. Son zamanlar ailələrdə narkoistifadəçi, eləcə də alkoqol qəbul edən ata-anaların sayı artır", - deyən müsahibimizə görə, ümumiyyətlə, uşaqların gözü qarşısında fiziki, yaxud da psixoloji zorakılıq varsa, bu da uşaqların psixoloji sağlamlığını çox böyük zərbə altında qoyur. Onun sözlərinə görə, ailədə zorakılıq görən uşaqlar daha çox özlərinə qəsd edirlər. Zorakılıqla üzləşən qadınların "uşaqlarıma görə dözürəm" deməsini doğru saymayan M.Əzizova hesab edir ki, mübarizəni elə uşaqlara görə aparmaq lazımdır. "Çünki söhbət uşaqların gələcək həyatından, onların psixoloji durumundan gedir. Yetkinlik dövründə olan yeniyetmələr zorakılığa qarşı özlərinə qəsd yolunu da seçə bilərlər".
Dediyinə görə, uşaq valideynlərindən diqqət görməyəndə, problemləri haqqında onlara danışa bilməyəndə də intiharı düşünür. "Uşaq ölmək istəmir və o fikirləşmir ki, ölə bilər. Bu adımı atmaqla atası ilə anasını bir araya gətirmək, problemləri çözməyə çalışır".
"Qadınlara qarşı törədilən qətllər
"namus üstündə oldu" ifadəsi altında pərdələnir"
""Öləndə də var, öldürəndə də" deyimini yada salsaq, ola bilərmi ki, zorakılıqla üzləşən insanın bu zülmdə payı olsun", - sualını cavablandıran ekspert deyir ki, zorakılığa məruz qalan insanın səhvindən asılı olmayaraq heç kəsə haqq verilmir ki, zor tətbiq etsin: "Qadınlara qarşı törədilən qətllər "namus üstündə oldu" ifadəsi altında pərdələnir".
Polisə müraciət edən qadınlara ictimaiyyət arasında normal münasibət bəslənmədiyini, bəzən polislərin də bu qadınların ərizələrini ciddiyə almadığını deyən M.Əzizova belə bir hadisənin şəxsən şahid olduğunu vurğuladı: "Çox vaxt polis idarəsində qadın normal qəbul edilmir və ərizələri də qeydiyyata alınmır. Bunu şəxsən mən özüm görmüşəm. Ya şikayətçi qadını küçədə gözlətdirir, ya onu təhqir edirlər ki, utanmırsan ərindən şikayət edirsən? Elə də olur ki, ərizə qəbul olunur və qadının ərini polis idarəsinə çağırırlar. Burada ondan rüşvət alınır və iş bağlanır. Bunu da barışıq kimi sənədləşdirirlər. Qadın çıxış yolu tapa bilmir və özünəqəsdi seçir".
Bir neçə il əvvəl Cənub bölgəsində iki qadının özünə qəsd etdiyini xatırladaraq, bu hadisələrin ssenarisinin eyni olduğunu deyir: "Qadınlar həyat yoldaşları tərəfindən döyülürdü. Oğlana heç nə deyilmirdi. Qadınlar öz ailələrinin üstünə gedir, onları da hər dəfə geri qaytarırdılar. Axırda hər iki qadın eyni üsulla - üstlərinə benzin tökməklə özlərini yandırmışdılar. Çünki çıxış yolu tapmamışdılar", - deyən həmsöhbətimiz öz hüquqlarını bilən insanların da bu hüquqları necə qorumalı, hara müraciət etməli olduqlarını bilmədiklərini söylədi: "Bəzi hallarda isə buna sadəcə iradələri çatmır".
Qadının
qadına qarşı zorakılığı da
mövcuddur
Müsahibimizin
sözlərinə görə, qadın qadına qarşı
daha qəddar və aqressiv
ola bilər: "Bəzən gəlin-qayınana,
gəlin-baldız arasında olan problemlər
zorakılıq səviyyəsinə qədər gəlib
çıxır. İki qadın bir-birini bağışlamaq istəmir və
bir-birinə münasibətdə çox
aqressiv olurlar".
"Qanunu əngəlləmək mənasızdır"
Deputat Fazil Mustafanın sözlərinə görə, gender bərabərliyi Azərbaycan kimi cəmiyyətlərdə müəyyən problemlər yaradır: "Əgər belə bir qanunun qəbulu mümkün olarsa, ailəiçi ənənəvi münasibətlərin zədələnməsi baş verə bilər. Bu da bizim üçün, ümumiyyətlə, cəmiyyət üçün narahatçılıq yaradar. Qadınlar öz həyat yoldaşlarını məhkəməyə, polisə verə bilərlər. Kişilərlə qadınlar arasında ailədə və başqa məsələlərdə problemlər çıxa bilər".
Qanun layihəsinin MM-də müzakirəsi zamanı deputatların bu kimi problemləri əsas gətirdiklərini deyən deputat qanunu əngəlləməyin mənasız olduğunu da bildirdi.
"Ailəiçi münasibətlərin ən xırda incəliklərinin qanun müstəvisində araşdırılması müəyyən çətinliklər yarada bilər. Amma bu imkanın verilməsi, bu hüququn mövcudluğu müəyyən qanunsuzluqların aradan qaldırılmasına kömək də edə bilər", -deyən F.Mustafa qadınların müdafiə imkanlarının kişilərdən az olduğunu vurğuladı: "Mən də onu fikirləşirəm ki, hüququn verilməsi hələ onun istifadə olunması deyil. Profilaktika üçün bu məsələ faydalı ola bilər. Faydalı olduğu halda ondan niyə imtina olunmalıdır".
Mentalitet tabularının çox işlədildiyini, bu tabuların pozulmasında isə kişilərin daha çox rol oynadığını deyən deputat qadağanın olmasını imtiyaz kimi qəbul etdiklərini söylədi.
Əxlaq,
yoxsa faciə...
Millət vəkili İlyas İsmayılovun fikrincə, Azərbaycan mühitində qadınlar ailədəki problemlərdən çox şikayətçi olmaq istəmirlər. Məsələnin ailə içində həll olunmasına çalışırlar: "O, Avropa qadını deyil ki, problemini məhkəməyə çıxarsın. Mentalitet var və ailənin qorunmasının müsbət tərəfləri də var. İctimai müzakirələrə çıxarılan hər şey həmişə effektiv nəticələnmir".
Qadına qarşı törədilən zorakılıqlara gəlincə, həmsöhbətimiz cəmiyyətdə həmişə istisnaların olduğunu deyir: "Məhkəməyə müraciət etmək Azərbaycan qadınının əxlaqına xas deyil. Qəzəblənən bir adam sonradan sakitləşir və ailənin saxlanmasına çalışır. Azərbaycanlılar üçün anadan müqəddəs heç nə yoxdur. Mən bunu həmişə hiss etmişəm. Həyat yoldaşı namus timsalıdır. Qız ailəyə mülayimlik gətirir. Gəlin ailənin ən sevimli adamıdır. Bütün obrazlarda qadın bizim üçün əziz bir adamdır. Ayrı-ayrı istisnaların olması Azərbaycan üçün xarakterik deyil".
Bütün bunlara baxmayaraq,
qadınların hüquqlarının müdafiəsi üçün lazımi təşkilatların
yaranmasının tərəfdarı olduğunu
deyən İsmayılov, "qadın cəmiyyətdə əziz
tutulmasa inkişaf edə
bilmərik", - söyləyir.
"Qanunun işlənmə mexanizmləri
olmasa kağız üzərində qalacaq"
Digər deputat İqbal Ağazadə bütün millət vəkillərinin məişət zorakılığının əleyhinə olduğunu dedi. Qanun layihəsinin növbəti oxunuşda keçəcəyini söyləyən İ.Ağazadə bəzi maddələrin yenidən işlənməyə ehtiyacı olduğunu bildirdi: "Həmin iradlar aradan qalxdıqdan sonra bu qanun layihəsi keçəcək".
İ.Ağazadənin fikrincə, məişət zorakılığı dedikdə ailə-məişətdə qadınların hüquqlarının tapdalanması və ona zorakılığa qarşı mübarizə tədbirlərinin formalaşdırılması nəzərdə tutulur. "Ümumilikdə bu qanunun ruhu Azərbaycanın qanunçuluq məfkurəsi və fəlsəfəsi ilə uyğundur. Çünki söhbət insan haqlarının qorunmasından gedir. Ola bilsin ki, mental dəyərlər və s. bu istiqamətdə kimlərisə narahat edir. Yaxud da məişət zorakılığından söhbət gedəndə daha çox qadınlardan danışılır deyə, bəzi kişilərdə qıcıq doğura bilər. Bütövlükdə məişət zorakılığı anlayışı bütün dünyada var və bu zorakılıqdan bütün sferalarda əziyyət çəkən qadınlardır. "Məişət zorakılığı haqqında" qanun qadına daha çox diqqət ayrılması və tədbirlər görülməsi ilə bağlıdır".
Qanunun qəbulundan sonra Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilə biləcəyini vurğulayan İ.Ağazadə hesab edir ki, İnzibati Xətalar və Cinayət Məcəlləsində bu əlavələr olmasa, o zaman qanun işləməyib, kağız üzərində qalacaq: "Ər "əstəğfürullah" Allah deyil ki, o da insandır. Ər qadına qarşı zorakılıq edirsə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, ərdən də şikayət etmək olar. Bu, normal bir şeydir. Ərə Azərbaycanın Konstitusiyası, digər qanunlarla heç bir əlahiddə status verilməyib. Kimsə ailədə də qadının hüquqlarını pozmamalıdır. Bilirsiniz, əvvəlindən ailədə, nikah məsələsinin başlanğıcından proseslər düzgün qoyulmayıb. Qanunvericilik bazası təkmil deyil", - deyən Ağazadə bu istiqamətdə də qanunvericilik bazasını təkmilləşdirilməsinə ehtiyac duyur.
Boşanma hallarına diqqət çəkən müsahibimizə görə, boşanmalar zamanı üzə çıxan əsas problemlərdən biri nikahların olmamasıdır. "Vətəndaşlar nikaha molla kəbini ilə girirlər. Boşanmadan sonra qadına heç nə düşmür. Bu da qadının hüquqların tapdalamaqdır. Elə olur ki, ər qadınla nikaha girmir, yəni, onu həmin quruma aparmır. Bunu üçün də Ailə-Nikah Məcəlləsində bir prosedura olmalıdır. Öncədən bağlanmış razılaşmalar olmalıdır. Ailədə uşaq da varsa, ona düşən əmlaka qədər hər detal nəzərə alınmalıdır".
Millət vəkili nikah müddətində əldə olunan əmlakın bölünməsi, nikahdan əvvəlki əmlakın bölünməsində ərə və yaxud da arvada müəyyən üstünlüklər verdiyini, amma qarşılıqlı nikaha girərkən öhdəliklər götürüldüyünü və bu öhdəliklərin də məsuliyyəti bir az da artırdığını dedi: "Bütün bunlardan sonra məişət zorakılığı da boşanma həddinə getmir. Kişi də öz gücündən istifadə edib qadına qarşı zorakı ola bilmir. Çünki qadın boşanmaq istəyərsə, kişi nələrdən keçməli olacağını bilir. Bütün bunlar təkmil qanunvericilik bazasından asılıdır".
Qanun qarşısında hər kəs bərabərdir
Cəmiyyətin qanunun tələblərini yerinə yetirməyə hazır olduğunu söyləyən deputat anormal və dünya praktikasında həyata keçirilməyən qanunlar qəbul etmədiklərini vurğuladı: "Bu, əslində boş bir fəlsəfədir. Bəzən deyirlər ki, biz filan şeyə hələ hazır deyilik. Filan şeyə hazır olmasaq da qanunun vəzifəsi hazırlamaqdır. Vətəndaşın vəzifəsi qanuna riayət etməkdir. Hər kəs bilməlidir ki, qadınların da hüquqları var. Qanun qarşısında isə hər kəs bərabərdir".
Onun fikrincə, arvadını döyən ata, qızının əri tərəfindən döyülməsini normal qarşılayır. "İnsan döyülmək, fiziki zorakılıq, mənəvi işgəncələr üçün deyil. İnsanla insan kimi davranmaq lazımdır. İnsan ailə həyatını ona görə qurmur ki, kimsə kimisə şapalaqlasın, kimsə kiminsə üstündə hegemonluq etsin. Ailə həyatı onun üçün qurulur ki, bərabər hüquqlarla insan kimi yaşasınlar. Bir-birilərinin tələblərini ödəyə-ödəyə, qarşılıqlı anlaşma şəraitində yaşasınlar. O tipli münasibətlər olmayan yerdə hansı uşaq normal böyüyə bilər və sabah o uşaq cəmiyyətə nə verə bilər?"
İ.Ağazadə onu da vurğuladı ki, qanunun çatışmayan tərəfləri maddələr arasında icradan doğan problemlər və boşluqlardır. "Mən bu qanunun qəbul edilməsinə səs vermişəm", - deyə sonda İ.Ağazadə bildirdi.
Aytən FƏRHADOVA
Ekspress.- 2010.- 14 iyul.- S.5.