Tarixdən gələn
mübarizə
Bəzən
gizli, bəzən açıq cərəyan
edən gender problem
"Mən qadınam, paltaryuyan deyiləm!" Bir reklamda deyilən bu söz son zamanlar ailələrdə mübahisə mövzusuna çevrilib. Dövrün reallıqları, texnologiyanın sürətli inkişafı nəticəsində bilik və dünyagörüşün artması qadınların ictimai həyatda daha fəal rol oynaması və öz hüquqlarını tələb etməsi üçün stimul yaradıb. İndi əksər ailələrdə təxminən belə bir dialoq ortaya çıxır:
Kişi: - İşdən gəlmişəm, ac və yorğunam, sən isə mənə qulluq etmək əvəzinə seriala baxırsan...
Qadın: Neyləməliyəm, bütün günü ev işləri ilə məşğulam, mənim şəxsi həyatım yoxdur?
- Ailədə hərənin öz işi var, mən işləyirəm, pul qazanıram, sən isə ev işlərini görməlisən.
- Xeyir ola, bu qaydaları kim qoyub?
Mən də işləmək istəyirəm, nə vaxta kimi evdə
çürüyəcəm?
- Evin xanımı
evdə oturmalıdır,
uşağını böyütməli,
evi idarə etməlidir. Sənin işləməyinə ehtiyac yoxdur.
- Niyə, mən
insan deyiləm, dünyaya ancaq ev işlərini
görmək üçün
gəlmişəm? Zəhmət çəkib özünə
qulluqçu tutarsan.
Mən paltaryuyan maşın deyiləm, insanam, insan.
- Sən ağa,
mən ağa, inəkləri kim
sağa? İkimiz də işə getsək, yeməyimizi kim bişirəcək,
ev işlərini kim görəcək? Belə ailəmi olar?
- Başqa ölkələrdə
necə olur? Bizdə işləyən qadınlar
yoxdurmu? Zəhmət
çəkib sən də ev
işlərində mənə
yardım edərsən.
- Xeyr, mən kişiyəm, istəyirsən
bütün camaat mənə gülsün? Dədə-babadan ailədə belə
olub. Kişi işləyir, pul qazanır, qadın da ev işləri görür,
uşağını böyüdür.
- Mən belə
yaşaya bilmərəm,
xoşun gəlmirsə,
boşanaq, qurtarıb
getsin...
- Nə dedin?! Sənin xəyalından başqa
şey keçir, deyəsən. Bu dəqiqə
mən səni başa salaram!
... Və qonşular
bir neçə zərbə yemiş qadını ərinin əlindən güclə
alırlar...
Gender problemləri bəzən gizli, bəzən açıq formada cərəyan edib. Bir çox ölkələrdə
olduğu kimi, bu məsələ Azərbayanda da mübahisə mövzusu olub. Kulturoloq Aydın Xan
Əbillinin sözlərinə
görə, gizli formada qadınlar həmişə çalışıblar
ki, ya yaradıcılıq,
ya elmi, ya da digər
sahələrdə kişilərlə
bərabər olsunlar və bu yöndə
də mübarizə aparıblar. "Elə bu mübarizənin
nəticəsində elə
sahələr var ki, qadınlar üstünlük təşkil
edir. Məsələn, təhsil, təbabət,
incəsənətdə qadınlar
çoxluq təşkil
edir".
Kulturoloq qeyd edir ki, Azərbaycan ədəbiyyatında həmişə
qadın-kişi münasibətləri
özünü büruzə
verib. "Cəfər
Cabbarlının "Sevil",
"Almaz" əsərlərini
götürmək olar.
Və yaxud Anarın "Beşmərtəbəli
evin altıncı mərtəbəsi" əsərində
gender məsələləri özünü biruzə verir".
Dediyinə görə, qadınların
kişilərlə mübarizəsi
öz məqsədinə
çatmasa da, müəyyən məqamlarda
bu öz nəticəsini verib.
Həmsöhbətimiz buna misal kimi dünyada ilk dəfə olaraq 1918-ci ildə Azərbaycanda qadınlara səsvermə
hüququnun verildiyini göstərir.
Filosof Niyazi Mehdiyə görə,
gender problemi kişi
və qadınların
bir çox münasibətlərini bildirir.
"Məsələn, psixoanalitik Koren Hornidə deyim var ki, kişilərlə
qadınlar arasında
əbədi çarpışma,
savaş var. Bu çarpışma
bəzən gizli, bəzən açıq gedir. Vaqif İbrahimoğlu bir dəfə mənə söyləmişdi
ki, ailə qondarma, yəni süni qurumdur, ona görə də çoxlu didişmələrin qaynağıdır.
Məni inandırmış sözlərdir".
Adətən, ər-arvad
arasında "sənin
qohumların", "mənim
qohumlarım" üstündə
çəkişmə getdiyini
deyən filosofa görə, çox vaxt düşünürlər
ki, bu çəkişmələrin
səbəbi qohumlardır,
qayınanadır. "Ancaq ciddi araşdırsan,
görərsən ki,
bir çox hallarda qohumlar üstündə dava qohumlar üstündə deyil, kişinin və ya qadının
bir-birinə "mən"ini
yedirtmək üstündədir".
Tez-tez "Azərbaycanın ailə institutu" terminini işlədən mühafizəkarlar hesab edirlər ki, Avropa düşüncəsindəki
kişi-qadın bərabərliyi
Azərbaycanın ailə
institutuna zərər
yetirir. Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizova isə hesab edir ki,
hazırkı Azərbaycan
ailəsi qarışıq
bir vəziyyətdədir:
"Nə avropalaşıb,
nə də mili elementləri saxlanır. Nə arxadayıq, nə
də qabaqda. Keçmişimizi buraxa bilmirik,
gələcəyə gedə
bilmirik".
Onun sözlərinə görə, hazırda Azərbaycan ailəsində
qadınların kişilərlə
bərabərlik mübarizəsi
gedir və bu da çox
vaxt ailələrin dağılması ilə
nəticələnir. Avropa ailəsində qadının özünü
daha çox təhlükəsiz hiss etdiyini
deyən müsahibimiz
bunun əsas səbəbini qanunların
işləməsində görür.
Filosof Niyazi Mehdiyə görə isə "belə geyindin, elə geyindin", "ona baxdın-buna baxdın",
"çox pul xərclədin, bunu almadın" ucbatından
başlayan savaşlar
hətta konservativ sayılan Azərbaycan ailələri üçün
də xarakterikdir. "Ailəni saxlamaq
yüksək sənət
bacarığı tələb
edir. Ailə elə bir simfoniyadır
ki, ər də, arvad da onun harmoniyasında
iştirak etməlidir",
- deyən N.Mehdi hesab edir ki,
ancaq bu simfoniya üçün bir-birinə uyuşan çalğıçıları tapmaq çox çətin olur.
Filosofun dediyinə görə,
qadın və kişinin azadlığı
gələnəksəl ailə
tikilisini dağıdan
amillərdir. "Azadlığın gözəl
ailə memarlığına
işləməsi çətindir.
Mən azadlıq deyəndə həm də iqtisadi azadlığı nəzərdə tuturam.
Uyarlı ailəyə yalnız
seçmə qadın
və kişilərin
azadlığı gətirib
çıxarır. Batıdan gördüyümüz
kimi, çox vaxt isə bu
azadlıq ailəni dağıdır. Kişilər və qadınlar dəfələrlə ayrılandan
sonra bir nikahda sakitləşirlər".
Onun fikrincə, əgər
gələcəkdə qadınların
iqtisadi asılısızlığı
olacaqsa, bizdə də elə olacaq. Həmsöhbətim hesab edir ki, ancaq artıq
indidən belə olmağa başlayır.
Belə ki, dediyinə görə, indi boşanmış qadının
üstündə reputasiya
ləkəsi qabaqkı
kimi deyil, ona görə də artıq qadın hər kişiyə dözmür.
"Elə bir durum arzulamalıyıq
ki, dağılmış
ailə kişi və qadın üçün ölümcül
olmasın. Kişinin və
qadının yenidən
birləşməsinə də,
başqası ilə birləşməsinə də
şansları çox
olsun".
B.MƏMMƏDLİ
Ekspress.- 2010.- 15 iyul.-
S.8.