Belçikalı musiqiçi Kristian Plouviyer: "Muğam xüsusi bir musiqi növüdürçox gözəldir"

 

   Belçikanın məşhur musiqiçisi, fleytaçı Kristian Plouviyerin APA-ya müsahibəsi

 

   - Azərbaycana səfərinizdə məqsəd nədir? Yəqin, bu, Azərbaycana ilk gəlişinizdir.

   - Bəli, ilk dəfədir Azərbaycandayam. Məni Belçikanın Azərbaycandakı səfirliyi iyulun 21-də -Belçikanın Müstəqillik Günündə bir neçə əsər ifa etmək üçün dəvət edib. İyulun 22-də isə xeyriyyə konsertinə qatılacağam. Kifayət qədər rəngarəng proqram olacaqyapon, klassik Avropa musiqisi, Argentina tanqosu ilə yanaşı, Fikrət Əmirovun 6 kompozisiyasını ifa edəcəyəm. Hesab edirəm ki, biz musiqiçi və incəsənət adamlarının bəxti gətirib, çünki musiqi vasitəsilə cəmiyyətə dəstək verə, kimsəsizlərə, ehtiyacı olanlara kömək edə bilirik. Mən bir neçə il Afrikada yaşamışam. İnsanların əzablarını, xəstəliklərini, özlərinə dərman ala bilməmələrini gördükdə özünü günahkar sayırsan. Ona görə də mən məmnuniyyətlə xeyriyyə konsertləri verirəm.

   Cümə günü iki master-klassda iştirak edəcəyəm, onlardan biri Konservatoriyada olacaqorada Azərbaycan milli musiqi alətləri ilə tanış olacağam.

   - Bakı haqqında ilk təəssüratlarınız necədir?

   - Azərbaycanın neft çıxarılan ölkə olduğunu eşitsəm də, ətraflı məlumata malik deyildim. Vaxtilə Türkiyədə yaşayarkən Azərbaycana gəlməyi planlaşdırmışdıq, lakin alınmamışdı. Bakı fəal surətdə inkişaf edən şəhər təsiri bağışlayır. Çoxlu yaşıllıq, ağac da varbu mənim çox xoşuma gəlir.

   - Özünüz haqqında nə deyə bilərsiniz?

   - Musiqi ilə ilk tanışlığım skaut düşərgəsində tonqalın ətrafında oturub gitara çalarkən olub. Əvvəlcə mən məhz gitara çalmağı öyrəndim. Sonra atam mənə musiqi məktəbinə getməyi məsləhət gördü. Biz ora getdikdə gitara sinfində yer olmadığını gördük. Gitara sinfi çox populyar idi və hər kəs bu alətdə çalmağı öyrənmək istəyirdi. Məktəbdə boş yer təkcə fleyta sinfində idi. Mən də bu sinfə getməli oldum. Fleytanın səsini ilk dəfə eşidərkən bu alətə vuruldum. 16 yaşımda yay kurslarına getdim və məşhur fleyta ifaçısı Jan Pyer Rompal ilə tanış oldum. O, fleytada bir nömrə idibu aləti dahiyanə ifa edirdi. Mənim bəxtim gətirdi və onun təcrübəsindən yararlana bildim. Sonra Belçika Milli Opera Orkestrində çalışmağa başladım. Fleyta çalmağa 12 yaşımda başladım və 40 ildir bu sənəti davam etdirirəm.

   - Daha çox hansı musiqiləri ifa edirsiniz - klassik, yoxsa müasir əsərləri?

   - Daha çox klassik. Lakin yeni bir ölkəyə getdikdə həmişə yerli musiqiçilərlə tanış olmağa, milli musiqiyə qulaq asmağa çalışıram. Bakıda keçiriləcək konsertdə yerli ifaçılarla muğam ifa etməyə çalışacağam. Bu mənim üçün böyük sınaq olacaq. Bura gəlməzdən əvvəl bir neçə muğam kompozisiyasına qulaq asdım, internetdən bu barədə məlumatlar götürdüm. Sizin çox yaxşı muğam ifaçılarınız var. Muğam xüsusi bir musiqi növüdürçox gözəldir.

   - Hansı Azərbaycan bəstəkarlarını tanıyırsınız?

   - Fikrət Əmirov, Arif Məlikov.

   - Azərbaycanda cazı çox sevirlər. Siz Azərbaycan caz ifaçılarını tanıyırsınızmı?

   - Əlbəttə, Əzizə Mustafazadə. Mən onun ifasına bir neçə il əvvəl qulaq asmışam. Kimsə mənə onun diskini verdi və günlərlə avtomobildə onu dinlədim. O, çox istedadlı və gözəl ifaçıdır.

   - Bakı təəssüratlarınızdan sonrakı yaradıcılığınızda istifadə edəcəksinizmi?

   - Bəli. İstənilən ölkəyə səyahət mənim işimi zənginləşdirir.

 

 

   Ekspress.- 2010.- 22 iyul.- S.14.