Mübariz İbrahimov Milli Qəhrəmandır
Şəhid gizirin
xatirəsi əbədiləşdiriləcək
Prezident İlham Əliyev
Azərbaycan Respublikasının
müstəqilliyinin və
ərazi bütövlüyünün
qorunub saxlanılmasında
müstəsna xidmətinə
və göstərdiyi
rəşadətə görə
gizir Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın
Milli Qəhrəmanı"
adı verilməsi barədə sərəncam
imzalayıb.
Dövlət başçısı həmçinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək barədə sərəncam imzalayıb. Nazirlər Kabinetinə Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etmək, Biləsuvar Rayon İcra Hakimiyyətinə rayondakı küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etmək tapşırılıb.
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbini bitirib. Həmin il hərbi xidmətə cağırılıb. Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib, çavuş rütbəsi alıb. 2007-ci ildə hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışıb. 2009-cu ilin avqust ayında öz arzusu ilə hərbiyə qayıdıb. Bu dəfə artıq gizir kimi xidmət keçməyə başlayıb. 2010-cu ilin aprel ayından Tərtər rayonunun "N" saylı hərbi hissəsində xidmət edib. 2010-cu il iyunun 18-dən 19-na keçən gecə Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən düşməni ağır itkilərə məruz qoyaraq qəhrəmancasına həlak olub.
22 yaşlı gizir Mübariz İbrahimovun meyiti ermənilər tərəfindən götürülüb və hələ də geri qaytarılmayıb.
"Müdafiə Nazirliyi və digər strukturlar şəhid gizir Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün BQXK vasitəsilə Ermənistana dəfələrlə müraciət ediblər. Lakin Ermənistan tərəfi hiyləgərlik nümayiş etdirərək, cəsədi qaytarmaqdan yayınır",-deyə jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi əvvəl bildirirdi ki, meyit silah-sursatla birgə onlardadır, lakin Azərbaycan rəsmi müraciət etməyib: "Sonra isə dedilər ki, cəsəd onlarda - nə Ermənistanda, nə də Qarabağda deyil. Ermənistan hökumətinin və hərbi dairələrinin bu cür hərəkətləri beynəlxalq humanizm prinsiplərinə ziddir. Ermənistan tərəfi bununla çox pis bir presedentin əsasını qoya bilər və gələcəkdə də eyni davranışı görə bilər" (APA).
Sabiroğlu əmindir ki, cəsədin qaytarılması istiqamətində hər hansı nəticə əldə ediləcək": Əks təqdirdə, bu, Ermənistan rəhbərliyinin qeyri-insani davranışının göstəricisi olacaq. Görünür, şəhid gizir Mübariz İbrahimovun qəhrəmanlığı onlara çox ağır təsir edib".
A.Xəlil
Ekspress.- 2010.- 23 iyul.-
S.2.