Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   Görkəmli dövlət xadimi Əziz Əliyevin töhmətinin götürülməsi ərəfəsində respublika Dövlət Təhlükəsizliyi Komitəsindən 1954-cü il martın 19-da göndərilmiş məktubda oxuyuruq: "Əziz Əliyevin atası kəndxuda və tacir olub. Daşnak avantürası zamanı İrana qaçıb. Anası varlı ailədən olub. Bacısı Tərlan İran mənşəli Məşədi Sadığın arvadı olub. İrana keçiblər. Bir bacısının qızı türk casusu Orxanbəylinin arvadı idi. Əmisi Əliyev Ələkbər uryadnik işləyib. İrəvan qubernatorunun mühafizəçisi olub. Əmisi baş nazir Xanxoyskinin məsləhəti ilə Azərbaycan uyezdlərindən birinə polis təyin edilib. Dayısı Süleymanbəyov İrəvan quberniyasının pristavı olub.

   Əziz Əliyev bu faktları partiyadan gizlətmiş və rəhbər vəzifədən - Nazirlər Soveti sədrinin müavini vəzifəsindən xaric edilmişdir".

   Sual olunur, onda bəs niyə 1954-cü ildə cəzası üzərindən götürüldükdən sonra Əziz Əliyev sabiq işinə - Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsinə qaytarılmadı? Çünki 1954-cü ildə Xruşşovun və Malenkovun tapşırıqlarını gözüyumulu yerinə yetirənlər Əziz Əliyevə də sandıq açmışlar. 1956-cı il may ayının 27-də Bakıda Mir Cəfər Bağırovun məhkəməsi başa çatdıqdan sonra ona ölüm hökmü verilməsi barədə mətbuatda dərc olunmuş xəbər soydaşlarımız üçün matəm, daşnaklar üçün isə toy-bayram olmuşdu.

   O günlərin canlı şahidi olmuş Manaf Süleymanov (bax: "Son bahara çatdıq". 1996, səh.177-178) yazırdı: "Səməd Vurğun dəfn edilən gün bütün qəzetlər elan etmişdi ki, hərbi kollegiyanın hökmü icra edilib, Bağırov Mir Cəfər Abbas oğlu güllələnib. Ermənilər bərk sevinirdilər və şayiə yaymışdılar ki, guya azərbaycanlılar Səməd Vurğunun dəfn mərasimi adı ilə Mir Cəfərə də yas saxlayırdılar".

   Əziz Əliyevi tibb müəssisəsində "dustaq" saxlayanlar bəs nə ilə məşğul idilər? İlk növbədə ermənilərin nazı ilə oynamaqla!

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində 1956-cı ildə keçirilmiş MK Bürosu iclaslarında ermənilər qarşısında təslimçiliyi nümayiş etdirən materiallardan biri ilə oxucuları tanış etmək yerinə düşər. 1956-cı il noyabrın 16-da Zaqafqaziya Hərbi Dairəsindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi İmam Daşdəmir oğlu Mustafayev yoldaşa aşağıdakı rəsmi məktub göndərilmişdir:

   "Mincivan stansiyasında vətəndaşlarla orduya çağırışçılar arasında baş vermiş qarşıdurma və savaş hallarının tədqiqinə dair materialın surətini Sizə göndərirəm.

   Eşelonlarda və dəmiryolu stansiyalarında qayda-qanunun bərpa olunması məqsədilə Zaqafqaziya Hərbi Dairəsi tərəfindən tədbirlər görülmüşdür.

   Əlavə: 5 vərəqdə.

   Zaqafqaziya Hərbi Dairəsi Qoşunlarının ordu generalı İ.Fedyuninski".

   Ordu generalının məktubuna əlavə olunmuş 5 vərəqdə yazılanları oxuyub dəhşətə gəlirsən. Tanış olun: "1956-cı il sentyabr ayının axırlarında xam torpaqlardan qayıdan Ermənistan tələbələri Azərbaycan SSR Mincivan stansiyasında yerli əhaliyə qarşı xuliqanlıq hərəkətlərinə yol vermişlər. Tələbələr dəmiryolu vağzalında Mikoyan yoldaşın portretini divardan çıxarmış, "bu, bizim adamımızdır, bura onun yeri deyildir" qışqıra-qışqıra portreti özləri ilə aparmışlar. Şərəf lövhəsindən bütün fotolar qoparılmışdır. Həm tələbələr, həm də yerli əhali tərəfindən bir-birinin milli ləyaqətini təhqir edən ifadələr səslənmişdir.

   1956-cı il oktyabr ayının 6-da 2607 nömrəli eşelonda Yerevan şəhərində formalaşdırılmış çağırışçılar ayrı-ayrı qruplar halında stansiya ərazisində avara-avara gəzib-dolaşmış, yerli vətəndaşlardan meyvə almış və pulunu verməkdən imtina etmiş, bufetdən şərab, kolbasa, konserv götürərək haqqını ödəməmişlər. Bufet müdiri Mustafayev yoldaş aldıqları malların pulunu tələb etdikdə, çağırışçılardan birisi onu bıçaqlamışdır.

   Milis bölməsinin rəisi, milis leytenantı Madmixanov yoldaşın ifadəsinə görə, oktyabrın 13-də islahmək düşərgəsindən Qafana qayıdan üç nəfər erməni Mincivan stansiyası vağzalındakı yeməkxanada yeyib-içmiş, sərxoş vəziyyətdə ermənicə bağıraraq demişlər ki, "Azərbaycanın və azərbaycanlıların sonu çatıbdır!" Yeməkxanadakı erməni dilini yaxşı anlayan bir neçə azərbaycanlı bu sözləri yerli camaata çatdırmış, nəticədə toqquşma baş vermişdir. Milis orqanlarının dərhal işə qarışması ilə münaqişəyə son qoyulmuşdur. Bununla belə, baş vermiş hadisələr Mincivan stansiyası ətrafında yaşayan əhali və Ermənistan çağırışçıları arasında qeyri-normal vəziyyət yaratmışdır.

   1956-cı il oktyabr ayının 19-da içərisində Ermənistan çağırışçıları olan 3001 nömrəli eşelonun gələcəyindən qabaqcadan xəbər tutan yerli əhali əllərində dəyənək və daş Mincivan stansiyasına toplaşmışdır. Sərhəd qoşunları hərbçilərinin ifadələrinə görə, vağzala yığışmış azərbaycanlılar birdən "eşelon gəlir!" deyə car çəkmişlər. Qatar vağzala yaxınlaşanda daş və dəyənəklə atəşə tutulmuşdur. Bu an vaqonlardakı ermənilər də daş atəşi ilə cavab vermiş-lşər. Bu qarışıqlığı görən stansiya rəisi sərhəd hissəsi qoşunları rəisi kapitan Kulikova kömək üçün müraciət etmişdir. Kapitan Kulikov silahlı sərhədçiləri hadisə yerinə gətirmiş və savaşa son qoyulmuşdur. Perrondan xuliqanlar uzaqlaşdırıldıqdan sonra sərhəd qoşunları dəstəsi yoxlama aparmış, çoxlu miqdarda daş parçası vaqonlardan təmizlənmişdir.

   Elə bu vaxt, paravoz və briqadalar dəyişdirilərkən nasosxananın yanında Ermənistan SSR Artaşat rayon hərbi komissarlığından 4 çağırışçı (Markaryan D.A., Adamyan Q.V., İsayev B.N. və Qriqoryan Q.Y.) vaqon baxıcısı gənc fəhlə Abbasquliyevə yaxınlaşmış, onun sinəsinə bıçaq zərbəsi endirərək ağır yaralamışlar. Milis əməkdaşları sərhədçilərin köməyi ilə adları çəkilən 4 nəfər çağırışçını milis şöbəsinə gətirmişlər. Lakin stansiya rəisi eşelonu yola salmaq istəyəndə çağırışçılar qatar əyləcinə yaxınlaşmağa imkan verməmiş, sonra da milis şöbəsini dövrəyə alaraq, saxlanılanların buraxılmasını tələb etmişlər. Beləliklə, eşelon 3 saat yubadılmışdır. Milis rəisi xuliqanları azad etmək barədə qərar vermiş və bu barədə Ələt stansiyası milisinə xəbər çatdırmışdır. Bu da qeyd edilməlidir ki, gənc fəhlə Abbasquliyevi bıçaqlamış ermənilərin gizləndikləri vaqonda axtarış aparılarkən, burada bir neçə fin bıçağı və beşbarmaq tapılmışdır.

   Mincivan stansiyasında bir çox vətəndaşlarla, kommunistlərlə, komsomolçularla və hətta rəsmi şəxslərlə söhbətlərdən baş verənlər barədə obyektiv məlumat almaq mümkün olmadı. Erməni millətindən olan yerli vətəndaşların sözlərinə görə, törədilmiş savaşın günahı azərbaycanlılardadır, azərbaycanlılar isə erməniləri təqsirləndirirlər: "onlar qudurmuşlar, heç kimi veclərinə almırlar". Biz erməni çağırışçıları arasında yayılan belə bir söhbəttin də qarşısını aldıq: guya erməni çağırışçılar azərbaycanlı olan və Ermənistandan ordu sıralarına göndərilən iki gənci eşelonda lüt soyundurmuş, zorlayaraq qatar gedə-gedə çölə atmışlar".

   Rəsmi məlumatı 4-cü Ordunun Siyasi Şöbəsinin inspektoru podpolkovnik Fyodorov, Azərbaycan SSR Hərbi Komissarlığı 4-cü Şöbəsinin zabiti mayor Bastriçev imzalamışlar.

   1956-cı ilin noyabrında Azərbaycan KP MK-ya erməni çağırışçılarının Culfa dəmiryolu stansiyasında törətdikləri xuliqanlıq hərəkətlərinə dair də məlumat daxil olmuşdur. Respublika hərbi komissarlığının rəsmi arayışında deyilir: "1956-cı il oktyabr ayının 31-də Ermənistandan olan çağırışçıları gətirən eşelon Culfa dəmiryolu stansiyasında dayanarkən ermənilər spirtli içkilər alıb pulunu verməmişlər. Vağzalın bufet müdiri çağırışçılardan aldıqlarının haqqını tələb etdikdə onlar şuluqluq salmışlar. Yalnız polkun komandiri polkovnik Yujanov işə qarışdıqdan sonra özbaşınalığa son qoyulmuş və qatar yola düşmüşdür".

   Azərbaycan Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində adıçəkilən məsələlər ilə əlaqədar 1956-cı il dekabrın 11-də MK Bürosu tərəfindən qəbul olunmuş qərar saxlanılır:

   "1956-cı il sentyabr-oktyabr aylarında Culfa və Mincivan stansiyalarında baş vermiş hadisə barədə (Zaqafqaziya Hərbi Dairəsi qoşunlarının komandanı Fedyuninski yoldaşın 1956-cı il 16 noyabr tarixli məktubu)

   Bu il sentyabr və oktyabr aylarında Azərbaycan ərazisində yerləşən Culfa və Mincivan stansiyalarında dayandığı müddətdə çağırışçılar tərəfindən yerli əhaliyə qarşı azğınlıq hallarına yol verilmiş, əks tərəf də xuliqanlıq hərəkətlərinə əl atmışdır. İş tərəflərin bir-biri ilə savaşmaq və bıçaqlaşmaq dərəcəsinə gətirib çıxarmışdır. Qarışıqlığın qarşısını almaq üçün hərbi qüvvələr yerli orqanların köməyinə çatmışdır.

   MK Bürosu xüsusilə qeyd edir ki, xuliqanlıq təzahürləri, istər bu, istərsə də digər tərəfdən, vətəndaşların milli mənsubiyyətinin təhqir olunması ilə müşayiət edilmişdir. Bu da onu göstərir ki, Culfa və Mincivan rayon partiya təşkilatları vətəndaşların beynəlmiləl tərbiyəsi, ilk növbədə gənclər arasında tərbiyəvi iş aparılması sahəsində çox ciddi nöqsanlara yol verirlər. Hər iki rayonun müəssisələrində, kolxozlarında və idarələrində Kommunist Partiyasının Lenin milli siyasəti, SSRİ xalqlarının dostluğu haqqında mühazirə və söhbətlər təşkil edilmir. Bu rayonların partiya təşkilatları ayrı-ayrı şəxslərin millətçilik hərəkətləri ilə qətiyyətlə mübarizə aparmır, beləliklə də sovet adamlarının beynəlmiləl tərbiyə işinə zərər vururlar.

   Azərbaycan KP MK Bürosu qərara alır:

   1. Qeyd edilsin ki, Azərbaycan KP Naxçıvan Vilayət Komitəsi, Culfa və Zəngilan rayon komitələri bu qərarda göstərilən faktlardan özlərinə lazımi nəticə çıxarmamış, əhali arasında tərbiyəvi işin güclənməsi sahəsində lazımi tədbirlər həyata keçirməmişlər.

   Azərbaycan KP Naxçvan Vilayət Komitəsinə, Culfa və Zəngilan rayon komitələrinə bir vəzifə olaraq tapşırılsın ki, zəhmətkeşlərin, xüsusilə gənclərin beynəlmiləl tərbiyəsi sahəsində işi gücləndirsinlər. SSRİ xalqları dostluğu, Kommunist Partiyasının milli siyasəti haqqında mühazirə və məruzələr oxunması işini genişləndirsinlər. Mühazirə və məruzələrdə, söhbətlərdə SSRİ xalqlarının dostluğu, qardaşlığı və əməkdaşlığının kommunizm quruculuğunda, Sovet respublikalarının iqtisadiyyatının və mədəniyyətinin daha da çiçəklənməsində, Vətənimizin qüdrətinin möhkəmləndirilməsində misilsiz rolu konkret misallarla izah olunsun.

   2. Azərbaycan KP MK-nın Təbliğat və Təşviqat şöbəsinə, Siyasi və Elmi Bilikləri Yayan respublika cəmiyyətinin idarə heyətinə tapşırılsın ki, zəhmətkeşlər arasında tərbiyəvi işi genişləndirmək, beynəlmiləl tərbiyəsi üzrə mühazirələr oxumaq məsələlərində əməli köməklik göstərmək məqsədilə Culfa və Zəngilan rayonlarına təbliğatçı qrupları ezam etsinlər.

   3. Eşelonlarda və dəmiryolu stansiyalarında qayda-qanunun təmin olunmasına dair Zaqafqaziya Hərbi Dairəsi Qoşunlarının komandanı İ.Fedyuninski yoldaşın məlumatı nəzərə alınsın.

   4. SSRİ Nazirlər Soverti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin Azərbaycan dəmiryolundakı şöbəsinə (Y.Qasımov yoldaş), Azərbaycan SSR Daxili İşlər Nazirliyinə (Ə.Kərimov yoldaş) və respublika prokurorluğuna (A.Babayev yoldaş) tapşırılsın ki, Mincivan və Culfa stansiyalarında xuliqanlıq faktlarını yerində araşdırsınlar və müqəssirləri ciddi cinayət məsuliyyətinə cəlb etsinlər.

   5. Həmin qərar Culfa və Zəngilan rayonlarının ilk partiya təşkilatlarının yığıncaqlarında müzakirə olunsun".

 

 

Teyyub Qurban

 

Ekspress.- 2010.- 24-26 iyul.- S. 15.