II Beynəlxalq Musiqi Festivalı başladı

 

Al Cero Qəbələyə gələsi olmadı

 

Dünən Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verilib. APA-nın məlumatına görə, Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən musiqi bayramına Azərbaycan bəstəkarlarının əsərləri ilə başlanılıb.

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında təşkil edilən konsert proqramında bəstəkarlar Oqtay Zülfüqarov, Fikrət Əmirov, Qara Qarayev və Vasif Adıgözəlovun əsərləri təqdim olunub.

Avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçiriləcək. Klassik musiqisevərlər ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilərin, həmçinin, festivalın fəxri qonağı olacaq Böyük Britaniyanın Kral Flarmonik Orkestrinin ifasında ölməz əsərlər dinləyə biləcəklər. Festivalda iştirak edəcək gənc musiqiçilər üçün ötən ildəki kimi master-klass keçirilməsi planlaşdırılır.

Festivalın rəsmi açılışı iyulun 30-da olacaq.

Beynəlxalq Musiqi Festivalında iştirak etmək üçün Azərbaycana səfəri gözlənilən məşhur amerikalı caz müğənnisi, yeddi dəfə "Qremmi" mükafatı almış 70 yaşlı Al Cero səhhətində yaranmış problemlə əlaqədar festivalda iştirak etməyəcək. Festivalın təşkilatçılarından olan Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli APA-nın müxbirinə bildirib ki, iyulun 27-də çıxışı gözlənilən Al Ceronu Kubanın məşhur cazmenləri əvəz edəcəklər.

 

 

Ekspress.- 2010.-27 iyul.- S. 14.