Ermənilər Azıxı qazırlar

 

   Dağlıq Qarabağın Hadrut rayonundakı Azıx mağarasında ermənilər arxeoloji-qazıntı və araşdırma işlərini davam etdirirlər. Mağarada 1999-cu ildən bəri qazıntı işləri aparan ekspedisiyanın rəhbəri, biologiya elmləri doktoru Levon Yepiskoposyanın dediyinə görə, paleolit dönəmindəki insan məskəni olan bu mağara çox nadir və qiymətli tarixi abidədir.

   "Burada 300 min il əvvəl, daş dövründə insanlar yaşayıb. Qazıntı işləri zamanı burada unikal əşyalar və qalıqlar tapmışıq. Lakin apardığımız işlər zamanı hər il qarşılaşdığımız problem maliyyə çatışmazlığıdır. Dağlıq Qarabağdakı hakimiyyət arxeoloji işlərimizi maliyyələşdirməyə boyun olsa da, vədlərinə tam əməl etmir", - L.Yepiskoposyan bildirib.

   Onun sözlərinə görə, maliyyə problemlərindən dolayı Azıx mağarasında qazma işləri ildə yalnız bir ay, yayda aparılır.

   Ermənistan Dövlət Universitetinin professorunun şikayətlərinə rəğmən, rəsmi İrəvanla bahəm, Xankəndidəki separatçı rejim bu qazıntı işlərinə böyük diqqət verirlər.

   Azıx mağarasını "erməniləşdirməyə" çalışan və oranın ən qədim insan məskənlərindən biri olmaqla yanaşı, azıxantropu da hayların "əcdadı" kimi qələmə verməyə çalışan ermənilər arxeoloji qazma işlərinə İspaniya, Britaniya və İrlandiyadan da alimləri cəlb ediblər.

   "Dünyanın müxtəlif ölkələrində diasporamız var. Bizə qazıntı işlərini daha dəqiq aparmağa imkan verəcək yaxşı, müasir avadanlıq gərəkdir. Habelə, ekspedisiyanıın nəqliyyat vasitələrinə ehtiyacı var. Böyük diasporamız üçün belə xərclərin böyük olduğunu zənn etmirəm. Ermənilər anlamalıdır ki, Azıx mağarası sırf elmi baxımdan önəmli məkan deyil. Bura bütün dünya erməniləri üçün böyük ictimai əhəmiyyətə malikdir", - L.Yepiskoposyan söyləyib.

   Xarici ölkələrdən Qarabağa gəlmiş alimlərin heç birinin guya maaş almadığı, yalnız şəxsi təşəbbüs və könüllülük əsasında işlədiyi bildirilir.

   Halbuki belə deyil. Qafqaz Milli Arxeolgiya Cəmiyyətləri Birliyinin sədr müavini Georgi Vayşadze əməkdaşımıza bildirdi ki, Ermənistan Elmlər Akademiyasının Arxeologiya İnstitutu və İrəvandakı Dövlət Universitetinin tarix fakültəsi Dağlıq Qarabağda arxeoloji-qazıntı işlərininin aparılmasına gürcü alimləri də dəvət ediblərmiş.

   "Azıx mağarası çox maraqlı yerdir və təbii ki, orada çalışmaq, qazıntılar aparmaq, paleolit dönəmindən qalmış əşyaları üzə çıxarmaq istəyərdik. Lakin Dağlıq Qarabağ indi ermənilərin nəzarətində olsa da, Azərbaycan ərazisidir. Bizim isə orada Bakının icazəsi olmadan çalışmağımız heç yaxşı olmazdı. Bir anlıq təsəvvür edin ki, separatçıların müvəqqəti nəzarətində olan Abxaziya və ya Cənubi Osetiyada kimlərsə arxeoloji ekspedisiya təşkil edib, azərbaycanlı alimlər də qazıntı işlərində iştirak edirlər. Təbii ki, o qazıntılarda tapılanların hamısı abxaz və osetinlərin "qədim tarixinə, həmin ərazilərin məhz onlara məxsus olmasına dəlalət edən faktlar" kimi təqdim olunacaq. Ona görə də ermənilərin təkliflərinə rədd cavabı verdik", - G. Vayşadze söylədi.

   Onun dediyinə görə, Azıx mağarasını dünyaya azzərbaycanlı alim, mərhum Məmmədəli Hüseynov tanıdıb və buna görə də ermənilərin indi mağaranı "haylaşdırmaq" cəhdləri gülünc təsir bağışlayır.

   Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun klassik arxeologiya bölməsinin rəhbəri, tarix elmləri doktoru Vladimir Kuznetsov da bu fikirdədir.

   O, Hadrut rayonundakı Azıx mağarasının paleolit dövründə insan məskəni olduğunu və azıx adamı - "azıxantrop"un qalıqlarının da məhz azərbaycanlı alimlər tərəfindən aşkarlandığını vurğulayıb.

   "O mağarının Azərbaycan ərazisində yerləşməsi həmin qədim və dünyaca önəmli abidənin kimə aidliyini birmənalı şəkildə göstərir. Bu gün ermənilər orada qazıntı işləri aparırsa, sabah Ermənistandan polyak və ya fin alimlərindən ibarət dəstə də Azıxa göndərilə bilər. Belədə, Azıx mağarasının mənsubluğunu dəyişməlidirmi? Ermənistan Dövlət Universitetinin belə işlərlə məşğul olduğuna təəssüflənirəm. Ciddi təsir bağışlamır belə səylər", - V.Kuznetsov dedi.

   Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Arxeologiya və etnoqrafiya" kafedrasının müdiri, ötən əsrin 60-cı illərində Azıx mağarasında tədqiqat aparmış ekspedisiyanın üzvü, tarix elmləri doktoru Qüdrət İsmayılzadənin dediyinə görə, dünyada daş dövrünə aid ən qədim yaşayış məskəni Olduvey dərəsi hesab olunur. Azıxı yalnız onunla müqayisə eləmək olar.

   "Azıx qədim türk xalqlarının dilində "ayı sığınacağı" deməkdir. Bu, həqiqətə uyğun gəlirdi. Çünki bu mağaradan ən çox ayılar istifadə edirdi. Sonradan mağaradan ayı sümüklərinin tapılması da bu versiyanın həqiqət olduğunu sübut elədi. Ayı kəlləsinin üstündə cızıqlar var idi. Bu da ilk ibtidai insanımızın incəsənət ünsürləri hesab edildi. Ayı kəllələri mağaranın müəyyən bir yerlərində gizlədilmişdi. Görünür, bu da ilk insanımızın inancları ilə bağlı idi. Azıx mağarasının içində hündürlüyü 2 metrə çatan daş salaktit vardı. Göydən minillərlə axan damcılardan isə həmin salaktitin üzərinə sanki buzlar sallanmışdı. Mağaranın divarlarını külək o qədər vurmuşdu ki, divarlar ovuq-ovuq olmuşdu, arı şanısına oxşayırdı. Ermənilər o zaman Moskvada çıxan "Priroda" jurnalında bir məqalə çap etdirdilər ki, guya bu, erməni abidəsidir. Orda olan "buz heykəl" də guya erməni xanımıdır. Guya ermənilər mağarada xüsusi döyüşkən arılar saxlayıblar. Düşmən gələndə o arıları səbətdə aşağı diyirləyirdilər. Belə primitiv yalanlara əl atırdılar", - Q.İsmayılzadə bildirib.

   Azıx mağarasında aşkarlanan tapıntıların hamısının Azərbaycan muzeylərində olduğunu vurğulayan alimin sözlərinə görə, ermənilərin Azıx mağarasında qazıntı işləri aparmasından ciddi narahat olmağa dəyməz: "Azıx artıq çoxdan bütün dünyada Azərbaycan abidəsi kimi tanınıb. Ermənilər yüz dəfə qazsalar da, azərbaycanlıların dünyanın ən qədim millətlərindən olması faktını artıq dəyişmək mümkün deyil. Bundan narahat olmaq lazım deyil. Azıx dünya arxeoloji ədəbiyyatında öz yerini tutub. Azıx Azərbaycan torpağıdır. Azıxdan sonra daş dövrünə aid başqa abidələr də tapılıb. Naxçıvanda qazma düşərgələr, Buzeil mağarası, Kəlbəcərdə Zar mağarası... Amma Azığın ən böyük dəyəri ondadır ki, burada daş dövrünün bütün mərhələləri aşkar olunub. Azıx bütün vərəqləri yerində olan kitabdır".

   ... Ermənilər isə qazıntı işlərini davam etdirirlər. Hayların dediklərinə görə, mağarada dəridən hazırlanmış ayaqqabı qalıqları aşkarlanıb və bu, guya ermənilərin "dünyada ən qədim ayaqqabı geymiş insanlar" olmasını sübut edir.

 

 

Humay

 

Ekspress.- 2010.- 28 iyul.- S. 13.