Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

    Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən şənbə saylarımızda)

 

   Azərbaycan KP MK-nın birinci katibinin imzaladığı "tarixi" qərar barədə 1956-cı il dekabrın 25-də Ermənistan KP MK-ya "şanlı məktub" yola salınmışdır. Tanış olun:

 

   "Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinə

 

   Nəzərinizə çatdırırıq ki, Azərbaycan KP MK Bürosu 1956-cı il sentyabr-oktyabr aylarında Azərbaycan Dəmir Yolunun Culfa və Mincivan stansiyalarında baş vermiş insident məsələsini müzakirə etmişdir.

   Azərbaycan KP MK Bürosu Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin, Culfa və Zəngilan rayon komitələrinin nəzərinə çatdırmışdır ki, əhali arasında siyasi-tərbiyəvi işin zəif olması nəticəsində Culfa və Mincivan stansiyalarında qardaş Ermənistan respublikasının çağırışçıları və yerli əhali arasında insident baş vermişdir.

   Azərbaycan KP MK Bürosu belə halların gələcəkdə təkrar olunmaması, habelə zəhmətkeşlərin beynəlmiləl tərbiyəsinin gücləndirilməsi üçün bir sıra konkret tədbirlər müəyyən etmişdir. Bundan əlavə, respublikanın müvafiq təşkilatlarına tapşırılmışdır ki, Mincivan və Culfa stansiyalarında xuliqanlıq hərəkətləri faktlarını təhqiq etsinlər, müqəssirləri cinayət məsuliyyətinə cəlb etsinlər.

   Azərbaycan KP MK əmindir ki, Ermənistanın partiya təşkilatları da əhalinin beynəlmiləl tərbiyəsinin gücləndirilməsi və respublikalarımızın xalqları arasındakı qardaşcasına dostluğa qarşı yönəldilmiş hər cür cəhdin qarşısını almaq üçün öz növbəsində əməli tədbirlər görəcəkdir.

 

   Azərbaycan KP MK katibi D.N.Yakovlev

 

   24 dekabr 1956-cı il".

 

   Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayevin və ikinci katibi Dmitri Yakovlevin ümidləri boşa çıxmışdır. Ermənistan rəhbərləri dələduzluq etmiş gəncləri cəzalandırmamışlar. Culfanın və Zəngilanın ilk partiya təşkilatlarında isə ermənilərin özbaşınalığına məruz qalmış soydaşlarımız günahlandırılmışdır. Mir Cəfər Bağırovun 1947-ci ildə Bakıdan qovduğu Marietta Şaginyanlar açıq-aşkar Qarabağa əl uzatmağa başlamışlar. Qudurğanlıq o həddə çatmışdır ki, Bakıya səfər etmiş erməni katalikosu II Vazgen Azərbaycan rəhbərliyi ilə söhbətində Dağlıq Qarabağın Ermənistana verilməsi təklifini həyasızcasına qaldırmışdır. Bakıda erməni ruhani seminariyasının açılmasını, hər səhər Bakının mərkəzində yerləşən erməni kilsəsinin zəng vurmasına rəsmi şəkildə icazə verilməsini çəkinmədən təklif etmişdir. (Bax: Cəmil Həsənli. "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar" (1954-1959), Bakı, "Adiloğlu" nəşriyyatı, 2008, səh. 465)

   "Göytürk" nəşriyyatında 1997-ci ildə nəşr olunmuş "Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti" kitabında isə (səh.82) azərbaycanlı gəncləri təhqir etmiş erməniləri bağışlayanlar deyil... Mir Cəfər Bağırov "erməni meylli" adlandırılır.

   Bu iddiaya Azərbaycan Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər arxivində saxlanılan bir materialla cavab vermək yerinə düşər. 1951-ci il mart ayının 30-da Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun marksizm-leninizm kafedrasının müdiri, professor Petros Baqdasaroviç Mosesov tələbə auditoriyasında "xalq düşməni" oğlu Əkrəm Məmmədəmin oğlu Şəkinskiyə sillə vurmuşdur. Xəbər Mir Cəfər Bağırova çatdıqda məsələnin Büro iclasında müzakirəyə qoyulmasına göstəriş vermişdir. Azərbaycan K(b)P Mərkəzi Komitəsinin 1951-ci il 21 aprel tarixli qərarında deyilir:

   "Mzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun marksizm-leninizm kafedrasının müdiri Mosesov P.B. kafedranın işinə rəhbərliyi təmin etmədiyinə və sovet pedaqoqu adına yaraşmayan hərəkətə yol verdiyinə görə vəzifəsindən kənar edilsin.

 

   Azərbaycan K(b)P MK-nın katibi M.C.Bağırov."

 

   Arxiv materialları sübut edir ki, Mir Cəfər Bağırovdan sonra Azərbaycanda "erməni meylli" olmayan bir şəxsiyyət vardısa, o da Əziz Əliyev idi. Fəqət təpərli Azərbaycan qartalının qanadlarına dəyirman daşları pərçimlənmişdi, onun uçuş dairəsi Bərpa Cərrahlığı və Ortopediya İnstitutunun divarları arasında çox məhdud idi.

   1956-cı il may ayının 18-də, M.C.Bağırovun güllələnməsinin ertəsi günü, Əziz Əliyevin töhmətinin götürülməsindən 4 il sonra KP MK Bürosu həmin il may ayının 10-da Dağıstandan göndərilmiş anonim ərizə ilə əlaqədar məsələyə baxmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində saxlanılan və indiyədək Əziz Əliyev haqqında yazanların gözünə görünməmiş qalan həmin "şanlı məktubla" oxucuları tanış etmək istəyirəm:

 

   "Sovet İttifaqı Kommunist Partiyası Dağıstan Vilayət Komitəsi

 

   (Mahaçqala şəhəri, Markov küçəsi, 33)

 

   17167/05, 8 may 1956-cı il

 

   Azərbaycan KP MK katibi İ.D.Mustafayev yoldaşa

 

   Ə.M.Əliyev barəsində Sov. İKP Dağıstan Vilayət Komitəsinə Əhmədov İsmayıl tərəfindən göndərilmiş ərizənin surətini tanış olmaq üçün Sizə göndərirəm.

 

   Sov. İKP Vilayət Komitəsinin sədri Ə.Daniyalov."

 

   İmam Mustafayev Əbdürrəhman Daniyalovun yuxarıdakı məktubunun üzərinə dərkənar yazmışdır: "H.Əfəndiyev yoldaşa. Tanış olub, təklifinizi təqdim edin. 14.05.1956-cı il".

   ARAYIŞ. Hacıbaba Şərif oğlu Əfəndiyev 1914-cü ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1940-1943-cü illərdə Orduda xidmət etmişdir. 1951-ci ildə Azərbaycan KP MK-ya təlimatçı vəzifəsinə irəli çəkilmiş, 1958-ci ilədək partiya, həmkarlar ittifaqı və komsomol orqanları şöbəsinin müdiri, MK katibi olmuşdur.

   Öz növbəsində MK katibi H.Əfəndiyev Dağıstandan göndərilmiş məktubun üzərində bu dərkənarı yazmışdır: "V.Vişnyakova yoldaşa. MK-nın 18 may 1956-cı il tarixli bürosunun qərarına uyğun olaraq, ərizəni Ə.Əliyevin həmin büroda verdiyi izahata əlavə edin".

   Bəs Dağıstandan gələn "şanlı məktubun" son mərhələdə baxılmasında iştirak etmiş V.Vişnyakova kimdir?

   Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində onun şəxsi iş vərəqəsi saxlanılır. Buradan bəlli olur ki, Vera Platonovna Vişnyakova 1911-ci ildə Rusiyanın Tver quberniyasının Makismovsk kəndində anadan olmuşdur. 1914-cü ildə ailəsi ilə birlikdə Bakıya gəlmişdir. Atası Platon Pavloviç Bakının neft mədənlərində işləmiş, on beş ilə yaxın müddətdə Azərbaycan Kommunal Bankında baş kassir olmuşdur. Vera Vişnyakova 1928-ci ildə Bakı Kooperativ Texnikumunu bitirərək, şəhərin tramvay parkında əmək fəaliyyətinə başlamışdır. Burada plan şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdir. Partiya sıralarına qəbul edilmiş, Bakı Partiya Komitəsində, sonralar Azərbaycan KP MK aparatında çalışmışdır. Azərbaycan KP MK Bürosunun 6 iyun 1953-cü il tarixli qərarı ilə Vera Platonovna Vişnyakova Azərbaycan KP MK katibinin köməkçisi vəzifəsinə irəli çəkilmişdir. Qərarı birinci katib Mirteymur Yaqubov imzalamışdır. MK katiblərindən sonra MK katibi köməkçisi V.Vişnyakovanın tanış olduğu "şanlı məktub"la 54 ildən sonra görüşürük:

 

   "Sov. İKP Dağıstan Vilayət Komitəsinin katibi Daniyalov yoldaşa

 

   Ölkəmizin başına müsibət açanlara qarşı partiyamız çox görmüşdür. Fərəhli haldır ki, insanların taleyi ilə oynayanların axırına çıxılmışdır. Özbaşınalıqlardan, haqsızlıqlardan, əfsuslar ki, azərbaycanlılar və dağıstanlılar daha çox əzab çəkmişlər. Xalqlarımız Sov. İKP MK-ya sonsuz minnətdarlıq duyğusu bəsləyir, eyni zamanda bunu da bildirirlər ki, yerlərdə Beriya və Bağırov bandasının tör-töküntüləri olan əclafların heç də hamısı ifşa olunmamışdır. Belələri indi özlərini Bağırovun qurbanları kimi gözə soxur, "rəhbər"in qəzəbinə düçar olduqlarını ərz edir, hiyləgərliyə əl atırlar. Beriya və Bağırovun quldur dəstəsinin uzun illər ən fəal üzvü, onların səriştəli şagirdi və silahdaşı Əliyev Əziz Mamedoviç olmuşdur. Onun keçdiyi bütün həyat yoluna ötəri nəzər salmaq, fəaliyyətinə nüfuz etmək, həyatının mənəvi tərəflərini, ailə üzvlərinin iç üzünü təsəvvür etmək, Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının ilk illərindən başlayaraq, bütün əməllərini göz önündə canlandırmaq kifayət edər ki, qarşımızda partiyamız üçün təpədən-dırnağadək ən mənfur və ən əclaf bir ünsürün sir-sifəti aydın görünsün.

   Əliyev hələ Peterburqda tələbə olarkən, ağqvardiyaçılarla əlaqə saxlamışdır. O, uzun müddət İranla bağlı olmuş, Maku Xanı ilə görüşmüşdür. Əliyev çoxlarının axırına çıxmış, çoxlarını bədbəxt etmişdir. Bəd əməllərin təşkilatçısı və ilhamçısı olduğu halda, sudan quru çıxır və asudə gəzir. Əliyev bir vaxtlar özünü Hüseyn Rəhmanovun, Həsən Rəhmanovun, Müseyib Şahbazovun, Bünyadzadənin, Qədirlinin dostu kimi qələmə vermişdir. Bağırovun etimadını qazandıqdan sonra vəzifədən-vəzifəyə irəli çəkilmişdir, Bağırova və Beriyaya şəxsi sədaqətinə görə xalq komissarlığından Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsinədək yüksəlmişdir. Əliyev Bağırovun ailəsinin ən əziz və yaxın adamı olduğu üçün İrana göndərilmişdir. İndi aşkar edilmişdir ki, Əliyevin bacısı, yeznəsi və digər qohumları İranda yaşayırlarmış və yaşamaqda davam edirlər.

   Bütün bunları o, partiyadan gizlətmişdir. İndi aydın olur ki, bəlkə də İrandakı uğursuzluğumuzun səbəblərinin kökündə bunlar durur.

   Əliyev Atakişiyev ilə birlikdə İrandan böyük sərvət toplayaraq geri dönmüşdür, Beriya və Bağırova əlverişli olduğuna görə onu Dağıstana rəhbər göndərmişlər. Onların köməkliyi ilə Əliyev Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində özünü çar kimi aparmışdır, Bağırov Azərbaycanda, Əliyev Dağıstanda adamların başına işgəncələr açmışlar. Dağıstanın bir çox dahi şəxsiyyətləri onun əli ilə məhv edilmişdir, onun göstərişi ilə həbs edilənlərin arvadlarının namusuna toxunulmuşdur. Əliyev Dağıstan xalqlarının kütləvi repressiyasının təşkilatçısı olmuş, Beriyanın planına əsasən əhalinin məcburən yurd-yuvalarından didərgin salınması, soyğunçuluq bilavasitə Əziz Əliyevin fəal iştirakı ilə həyata keçirilmişdir.

   Əliyev Dağıstanı soyub-talamışdır. Dağıstan sənətkarları onun üçün işləmişlər. Dağıstanın hesabına Əliyev Beriya və Bağırova, digərlərinə qiymətli bəxşişlər hədiyyə etmişdir. Onun özünün dediyi kimi, bu yolla hətta Moskvada o, dəyərli dostlar qazanmışdır.

   Dağıstandan ən ağır vaxtlarda Əliyevin ailəsinə vaqonlarla və yük maşınları ilə ərzaq məhsulları yola salınmışdır, Beriya və Bağırovun iyrənc portretləri onun malikanəsini bəzəyirdi. Bu malikanəsini Əliyev Bağırovun mülkünə oxşar şəkildə düzəltmişdi. Beriyanın, Bağırovun və özünün birlikdə portretini baha qiymətlə bədii şəkildə hazırlatdırmış, portreti baxış üçün Bağırova göndərmişdi. Həmin portret bir müddət Mahaçqala şəhərində klubun divarından asılmışdı..."

 

 

   Teyyub Qurban

 

   Ekspress.- 2010.- 31 iyul-2 avqust.- S. 14.