Ailə
Məcəlləsi dəyişdi
Uşaq atasının soyadını
götürməyə bilər
Yaz sessiyası başa çatdı
Dünən
Milli Məclisin (MM) yaz sessiyasının son iclası
keçirildi. Deputatlar cari məsələlərə
keçmədən ötən iclasdan yarımçıq
qalmış gündəliyin müzakirəsinə
başladılar.
"Soyad sonluqları milliləşdirilsin"
Ailə
Məcəlləsinə əlavə və dəyişikliklər
barədə məlumat verən Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov
bildirdi ki, Məcəlləyə təklif olunan əlavə
yeni doğulan uşaqlara soyadların verilməsi məsələsini
tənzimləyir. İndiyədək uşaqlara soyad seçilərkən valideynlərin
soyadlarının əsas götürüldüyünü
deyən deputatın
sözlərinə görə, təklif olunan
variantda uşaqlara
soyadları seçilərkən valideynlərin
soyadlarından da başqa
soyadların istifadəsinə icazə verilir. Digər əlavədə isə adların, ata adlarının və soyadların dəyişdirilməsi
qaydalarının müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilməsi nəzərdə
tutulur.
Deputat
Sabir Rüstəmxanlı isə müzakirə zamanı soyad
sonluqlarının milliləşdirilməsi məsələsinin
vacibliyini bildirdi. Deputatın fikrincə, Ailə Məcəlləsinə
təklif olunan bu əlavə və dəyişikliklərdən
istifadə etməklə soyad sonluqlarının milliləşdirilməsini
reallaşdırmaq mümkündür: "Azərbaycanda
çoxluq təşkil edən "ov", "yev" soyad
sonluqları ölkəni işğal edən Rusiya dövlətinin
dilindən götürülüb. Çox təəssüf
ki, 20 illik müstəqillik ərzində bu ədalətsizlik
aradan qaldırılmayıb. Nəhayət ki,
bu tarixi
haqsızlıq aradan qaldırılmalıdır".
Nizami
Cəfərov isə bildirdi ki, təklif olunan dəyişiklik
soyadların milliləşdirilməsi prosesində irəliyə
doğru bir addımdır. Milli Elmlər Akademiyasında
yaradılan işçi qrupunun bir il bundan öncə soyad
sonluqlarının milliləşdirilməsi ilə
bağlı konsepsiya hazırladığını deyən
N.Cəfərov bildirdi ki, AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutu soyad sonluqları ilə
bağlı müəyyən araşdırmalar aparıb. Onun
sözlərinə görə, araşdırmalar zamanı bu
sahədə bir sıra problemlər olduğu müəyyən
edilib: "Hazırda Azərbaycan əhalisinin 10 faizi
"lı", "li", "lu", "lü", 10
faizi "zadə", 80 faizi isə "ov", "yev"
soyad sonluqları daşıyır. Bu, çox
acınacaqlı vəziyyətdir. Ona görə də bu sahədə
islahatlar aparılmalıdır. Amma fikrimcə, prosesin məcburi
qaydada, qısa müddət ərzində həyata
keçirilməsi məqsədəuyğun deyil. Əsas
problem azərbaycanlıların cəmi dörddə birinin Azərbaycan
Respublikasında deyil, dünyanın müxtəlif ölkələrində
yaşamasıdır. Digər tərəfdən, Azərbaycanda
yaşayan digər xalqların nümayəndələrinə
milli sonluqlu soyadların qəbul edilməsini təklif etmək
nəzərdə tutulmur. Bunun üçün də ekspertlər
qrupu yeni doğulmuş uşaqlara milliləşdirilmiş
soyadların verilməsini təklif edir".
Deputat soyadını milliləşdirə bilmir
Aynur
Quliyeva da həmkarlarına qoşularaq soyad sonluqlarının
milliləşdirilməsini tələb etdi. O, hazırda soyad
sonluqlarının milliləşdirilməsi üçün
vətəndaşların uzun və yorucu prosedurlardan
keçməli olduqlarını bildirdi: "Ona görə də
vətəndaşların əksəriyyəti
soyadlarının sonluqlarını dəyişmək istəsələr
də, bunu edə bilmirlər. O cümlədən də mən
özüm soyad sonluğumu dəyişə bilmirəm".
Zahid
Oruc isə bir çox insanların hazırda öz soyad
sonluğunu dəyişməkdə maraqlı
olmadığını bildirdi.
Baba
Tağıyev isə uşaqlara verilən qeyri-ciddi, xoşagəlməz
adlar məsələsinə toxunaraq təkliflə
çıxış etdi: "Bu günün özündə
də valideynləri tərəfindən Traktor, Qurultay, Nəlbəki,
Makintoj adı verilmiş xeyli insan var. Mənim deputat semildiyim
dairədə də bu cür adlar daşıyan seçicilər
var... Belə adların verilməməsi üçün təklif
edirəm ki, Ailə Məcəlləsində uşaqlara ad
seçimi zamanı valideynlər qarşısında müəyyən
tələblər qoyulan bəndlər olmalıdır. Məsələn,
məcəllədə göstərilməlidir ki, valideynlər
öz uşaqlarına onların şərəf və ləyaqətlərini
alçaldan adları verə bilməzlər. Bununla da bu
cür xoşagəlməz adlardan, problemlərdən qurtulmaq
olar".
Spiker
Oqtay Əsədov isə bildirdi ki, B.Tağıyevin təklifini
reallaşdırmaq mümkün deyil: "Makintoj adının
uşağın şərəf və ləyaqətini
alçaltdığını sübut etmək asan deyil. Burda
təhqir yoxdur".
"Atanın adını necə dəyişdirmək olar
axı?"
Nizami
Xudiyev isə bildirdi ki, Məcəlləyə edilən ikinci əlavədə
ata adının dəyişdirilməsi ilə bağlı
müddəaya ehtiyac yoxdur: "Atanın adını necə
dəyişdirmək olar axı?"
R.Cəbrayılov
isə bildirdi ki, təcrübədə ata adlarının dəyişdirilməsi
hallarına rast gəlinir: "Bəzən insanların
atalarının adları müxtəlif səbəblərdən
rəsmi sənədlərdə düzgün göstərilmir
və onların dəyişdirilməsinə ehtiyac yaranır.
İndi bunun hansı formada həyata keçiriləcəyi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
hazırlanacaq qaydalarda əksini tapacaq".
Müzakirələrdən
sonra Ailə Məcəlləsinə təklif olunan əlavə
və dəyişikliklər səsçoxluğu ilə qəbul
edildi.
Təyyarədə siqaret çəkən
100 manat cərimələnəcək
İclasda
"İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər
edilməsi barədə" qanun layihəsi müzakirə
edilərək qəbul edildi. Qeyd edək ki, İnzibati
Xətalar Məcəlləsinin 133-cü
maddəsinə edilən dəyişikliklə hava
gəmisində intizamın
qorunması, habelə hava gəmisinin, onun bortunda olan
şəxslərin və əmlakın təhlükəsizliyinin
təmin olunması məqsədilə gəmi
kapitanının qanuni sərəncamlarını
yerinə yetirməməsinə görə,
cərimənin məbləği 100 manat müəyyən edildi. Dəyişikliyə
qədər isə bu inzibati
pozuntuya görə, 20-25 manat
məbləğində cərimə
nəzərdə tutulurdu.
Həmçinin,
təyyarədə kompüter, foto və videoçəkiliş,
elektrik rabitə vasitələrindən xüsusi istifadə
qaydalarının pozulmasına görə cərimənin
miqdarı 100 manata qədər qaldırıldı. Məcəllənin
134-cü maddəsinə edilən dəyişikliyə görə
isə təyyarədə, müəyyən edilməmiş
yerlərdə siqaret çəkənlər 100 manat
miqdarında cərimə olunacaqlar. Dəyişikliyə qədər
bu pozuntuya görə, 30-40 manat məbləğində cərimə
nəzərdə tutulurdu.
İclasda
"Milli arxiv fondu haqqında" və "Əmək
pensiyaları haqqında" qanunlara da əlavə və dəyişikliklər
edldi. Elm və təhsil komitəsinin sədri Şəmsəddin
Hacıyev təkliflər yeni yaradılmış miqrasiya
institutunun inkişafına xidmət edəcəyini dedi. Onun
sözlərinə görə, təklifə əsasən bu
sahədə çalışan işçilərin sosial vəziyyətinin
daha da yaxşılaşdırılması nəzərdə
tutulur.
Gülər
Əhmədova isə Şamaxı rayonunun arxiv idarəsinin
pis vəziyyətdə olduğunu bildirdi. Onun sözlərinə
görə rayonda arxiv idarəsi üçün yeni
binanın tikilməsinə jiddi ehtiyaj var: "Köhnə
binanın vəziyyətinin pisləşməsi ilə əlaqədar
bir sıra önəmli arxiv materialları məhv olub. Şamaxının arxivinin
yenidən bərpa edilməsi üçün yardım
göstərilməlidir"
Azay
Quliyev də Şirvandakı arxiv idarəsinin bərbad vəziyyətdə
olduğunu dedi. O, arxiv işçilərinin sosial müdafiəsi
ilə bağlı görülən işləri dəstəklədiyini
bildirsə də, arxivləşdirmə sahəsində bəzi
vacib tədbirlərin də görülməli olduğunu
vurğuladı. Onun sözlərinə görə, rəhbərlik
etdiyi QHT-lərə Dövlət Dəstəyi
Şurasının araşdırması göstərir ki,
çağdış dövrümüzün siyasi
partiyaları və QHT-ləri ilə bağlı arxivlişdirmə
işləri aparılmır. "Bir neçə ildən
sonra araşdırma aparılsa, məlum olacaq ki,
çağdaş dövrün heç bir siyasi mənzərəsi
yoxdur".
Naftalan Goranboyun ərazisi hesabına genişlənir
Daha
sonra "Goranboy rayonunun və Naftalan şəhərinin
inzibati sərhədlərində qismən dəyişikliklər
edilməsi haqqında" qanun layihəsi müzakirəyə
çıxarıldı. Regional məsələlər komitəsinin
üzvü Tahir Rzayev bildirdi ki, sanatoriya-kurort şəhəri
Naftalanın ərazisinin böyüdülməsi
üçün Goranboy rayonunun tərkibində olan, o cümlədən
sözügedən şəhərlə sərhəddə
yerləşən Qaşaltı, Qasımbəyli, Qaraqoyunlu kəndlərinin
bütünlüklə, Tapqaraqoyunlu və Tatarlı kəndlərinin
ərazisinin isə müəyyən bir hissəsinin
Naftalanın tərkibinə verilməsi təklif olunur.
96
saylı Goranboy-Naftalan seçki dairəsini təmsil edən
millət vəkili Gültəkin Hacıbəyli isə
müzakirəyə çıxarılan sənədin əhəmiyyətli
olduğunu dedi. Onun sözlərinə görə, son illər
Naftalan özünün ikinci həyatını yaşayır
və qısa bir müddət ərzində bu şəhərdə
çox böyük işlər həyata keçirilib. "Şəhərin
infrastrukturu təzələnir. Şəhərin enerji təchizatı
sahəsində qısa bir müddətdə - 3-4 ay ərzində
çox böyük addımlar atılıb. Gözümüzün qabağında
Naftalan gözəlləşir,
abadlaşır. Naftalanda yeni
sanatoriya tibb-müalicə mərkəzləri
tikilməkdədir. Ancaq Naftalanın
ərazisi çox kiçikdir və elə
vəziyyət yaranıb ki, Naftalanda yerləşən
binaların özləri Naftalana aid olsa da,
onların tikildiyi ərazi,
sahə Goranboyun ərazisi, sahəsi
sayılır. Bu baxımdan
da şəhərin perspektiv
imkanları, demək olar, tükənib.
Şəhərin ərazisinin kiçik olması burada
görülən işlərin miqyasının daha da artmasına
ciddi maneçilik, əngəl
törədir. Orada yeni
parkların, istirahət mərkəzlərinin
salınması, obyektlərin tikilməsi üçün,
belə demək
mümkünsə, imkanlar yox
dərəcəsindədir. Buna görə inanıram,
Naftalanın ətrafında yerləşən, amma Goranboya aid olan ərazilər
ki var, bu
ərazilər Naftalana
veriləndən sonra burada son bir
neçə ayda genişlənən
quruculuq, abadlıq işləri daha böyük vüsət alacaq, daha gözəl nəticələr
verəcək".
Qısa müzakirələrdən sonra
sənəd qəbul edildi.
Qeyd
edək ki, Milli Məclisin yaz sessiyası bununla da öz
işinə yekun vurdu. O.Əsədov bildirdi ki, 84 deputat parlamentin növbədənkənar sessiyanın
çağırılması barədə müraciət edib. Spiker əlavə
sessiyanın iyin ayında
keçiriləcəyini bildirdikdən sonra yaz sessiyasının
başa çatdığını
elan etdi. Sessiya dövlət himninin səsləndirilməsi
ilə yekunlaşdı.
Aqil ASLAN
Ekspress.- 2010.- 1 iyun.- S. 12.