Küçə uşaqları ilə bir gün

 

Kəmalə Ağazadə: "Ailədaxili zorakılıq səbəbindən uşaqlar küçələrə düşür"

 

Küçə uşaqları: "Bu yaşda nələr görmədik ki..."

 

1950-ci ildən üzübəri hər il 1 iyun dünyada uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd edilir. Təbii ki, hər bir dövlətin sabahı, gələcəyi olan uşaqların daim diqqət və qayğı əhatəsində olması üçün hökumətimiz müəyyən işlər görür. Amma təəssüf ki, bu gün Azərbaycanda da küçə uşaqları yetərincədir. Bəs onların qayğısına kim qalmalıdır?

Azərbaycan Uşaqlar Birliyi küçə uşaqlarının müdafiəsi istiqamətində ilk addımlar atan qurumlardandır. Belə ki, bu ilin yanvarından başlayaraq küçə həyatı yaşayan uşaqlar üçün müvəqqəti sığınacağın yaradılmasına nail olunub. Biz də sözügüdən məkana baş çəkib, küçə uşaqları üçün yaradılan şəraitlə tanış olmaq qərarına gəldik. Açığı, ora gedənə qədər sığınacaq haqda təsəvvürüm tamam fərqli idi. Düşünürdüm ki, bura uşaq və internat evləri kimi geniş bir ərazini əhatə edir və burada küçədə gününü keçirən uşaqların ən azından yarıdan çoxu toplaşıb. Amma zənnim məni aldatdı. Sığınacaq 3 otaqlı evdən ibarət idi. Sığınacaq və oranın sakinlərinə bir qədər sonra yenidən qayıdacağıq. Hələliksə sığınacağın yaradılma təşəbbüsü barədə.

 

Yerimiz geniş olsa çox uşaq qəbul edə bilərik...

 

AUB-un rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, fəaliyyət istiqamətlərini küçə uşaqları üzərində qurmağın əsas məqsədi belə uşaqları gözləyən təhlükələrdən irəli gəlib. İlk vaxtlar sorğu və tədqiqatlar üzərində işlərini qurduqlarını deyən müsahibim, məsələnin qədər ağır və cəmiyyət üçün təhlükəli olması barədə beynəlxalq təşkilatlara müraciət etdiklərini bildirdi: "2007-ci ildən Açıq Cəmiyyət İnstitutunun Yardım Fondunun dəstəyi ilə biz İctimai Səhiyyə proqramının xətti ilə zərərin azaldılması proqramını həyata keçirməyə başladıq. Bu proqram küçə uşaqlarının aşkarlanması, tibbi müayinənin aparılması, ailələrə qaytarılması istiqamətində işləri əks etdirirdi. Açıq Cəmiyyət İnstitutu Qlobol Fondun yardımı ilə isə 2010-cu ildən küçə uşaqları üçün belə bir mərkəz yaradıldı. Yanvarın 10-dan bu günə qədər 30-a yaxın uşaq burada qalıb. Hazırda isə sığınacaqda 7 uşaq qalır. Amma gün ərzində 20-yə qədər uşaqlar gəlib-gedir. Sığınacaq geniş olmadığından bütün uşaqları burada yerləşdirmək mümkün olmur. Amma uşaqlar səhərdən axşama qədər gəlib burada vaxtlarını keçirilər".

Proqramda onların təhsil məsələsi nəzərdə tutulmasa da, həmsöhbətim öz imkanları daxilində uşaqlara ibtidai təhsil verdiklərini də deyir. "Bu uşaqlar zərərli vərdişlərlə paralel olaraq, insan alveri qurbanlarının risk qrupuna daxil olurlar. Onları aldadıb apara, ölkə daxilində istismar edə bilərlər. Ona görə onların yazıb-oxumasına önəm veririk".

K.Ağazadə uşaqlar arasında ciddi xəstəliklərə yoluxanların olduğunu da bildirir. Əsasən hepatit, vərəm və cinsi yolla keçən xəstəliklərə yoluxma halları aşkarlanıb. Onun sözlərinə görə, küçə uşaqlarının böyük faizi təhsildən yayınan, ailə tərəfindən işləməyə, dilənçiliyə məcbur olunan, ailəsi tərəfindən erkən ərə verilən və hətta evləndirilən uşaqlardır: "2007-ci ildən bu günə qədər təşkilatda 500-dən çox uşaq qeydiyyatdan keçib. Amma bu uşaqların hamısı sığınacaqda qalmır. Onların bir qismi artıq ailələrinə qaytarılıb".

Uşaqların küçəyə düşməsinin səbəbinin ailədaxili zorakılıqdan yarandığını deyən müsahibimin sözlərinə görə, elə uşaqlar olur ki, baxımsız qaldığından o da vaxtını sadəcə küçədə keçirir. O, küçədə nə işləyir, nə də dilənir, yalnız vaxtını keçirir.

Müsahibim deyir ki, ailəyə bərpa olunan uşaq yenidən küçəyə qayıdırsa, onun ailəsi ilə danışıqlar aparılır. Danışıqlar nəticə verməyəndə isə müvafiq orqanlara müraciət edilir ki, valideynlərlə bağlı inzibati cəza tətbiq olunsun və ya valideyn himayəsindən məhrum edilsin: "Bu gün ailə uşağı dilənçiliyə məcbur edirsə, bu uşağı təzədən ailəyə qaytarmaq heç bir effekt verməyəcək. Hesab edirəm ki, belə uşaqlar ailədən təcrid olunmalıdır. Və himayədar ailələr olmalı, həmin uşaqlar onlara verilməlidi. Övladlığa uşaq götürənlər isə əsasən uşağın körpə, gözəl və sağlam olmasına fikir verir. Bu uşaqlar isə küçədə o qədər zorakılıq, haqsızlıq görüblər ki, psixoloji cəhətdən əlildilər. Onların üzərində uzun müddət işləmək lazım olur. Hər ailə də belə uşaqları götürmək istəyində olmur. Hətta uşaq, internat evləri də belə uşaqları götürməkdə çətinlik çəkirlər".

AUB nəzdində yaradılan sığınacağın ilkin mərhələsinin 5 ay olduğunu deyən həmsöhbətim vaxtın sentyabra qədər uzadıldığını qeyd etdi. Sığınacağın sentyabrdan sonra da davamının olacağına ümid edən K.Ağazadənin bildirdiyinə görə, artıq bu məsələyə dövlət strukrurlarının da marağı var: "Sığınacağın gələcəkdə inkişaf etməsinə deputat, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova söz verib. Bununla bağlı UNİCEF-dən də dəstək gözləyirəm, amma UNİCEF bu vaxtadək susur. Gəlib, şəraitlə tanış olublar. Bu işin diqqət mərkəzində saxlamalı olmalarını özləri də qeyd ediblər. Amma hələlik heç bir gəlişmə yoxdur".

Sığınacağa uşaqların necə yığılmasına gəlincə, müsahibim onların valideyn və ya polis, küçə uşaqları tərəfindən gətirildiyini, eyni zamanda təşkilatın işçiləri tərəfindən də aşkarlandığını dedi. Uşaqların yaş hədləri isə 9-18 arasıdır: "Küçə uşaqlarının çoxunun doğum haqqında şəhadətnaməsi də olmur. Bu da onların problemlərinin həllində müəyyən maneələr yaradır".

K.Ağazadə 5 ay ərzində az sıxıntı yaşamadıqlarını bildirir. Onun sözlərinə görə, əsasən maliyyə çətinliklərilə üzləşiblər: "Bu işə başlayanda qidaya maliyyəmiz də olmayıb. Çünki bizə ayrılan maliyyə yardımı psixoloji, tibbi yardım, eləcə də mərkəzin icarəsi üçün idi. Uşaqların geyim və yeməklə təminatını isə öz gücümüzə etmişik. Küçə uşağının birinci ehtiyacı yemək, çimmək və yatmaqdı. Biz uşaqları bunlarla təmin edə bilsək, hüquqi ma-arifləndirməni də apara bilərik, təhsilinə, sağlamlığına da nəzarət edə, hüququnu da müdafiə edə bilərik".

Ağazadənin dediyinə görə, yer baxımdan sığınacağın probemləri var: "Əgər yerimiz geniş olsa çox uşaq qəbul edə bilərik".

 

"Biz də xoşbəxt həyat yaşamaq istəyirik"

 

Söhbətimi sığınacağın uşaqları ilə davam etdirmək qərarına gəlirəm. Öyrənirəm ki, sakinlərdən birinin 140 manata aldığı mobil telefon oğurlanıb. Telefonu oğurlanan uşaq həyəcanlı və əsəbi şəkildə pulu təkər qaraltmaq və şüşə silməklə qazandığını deyir: "Mən dilənməmişəm, işləyib, halal zəhmətimlə pul qazanmışam..."

İlhamə isə (adı şərtidir) 4 yaşından dilənçilik edir. Gəncədə doğulan İlhamənin sözlərinə görə, anası atalığından ayrılmadığından nənəsinin yanında qalıb. Sonra isə qardaşının yanına gedib. Qardaşının da arvadı diləndiyindən onunla birgə dilənməyə çıxırmış. Amma sonra qardaşı arvadı dilənməyə son qoyub İlhaməni təkbaşına dilənməyə vadar edir: "Sonra qardaşımın arvadı mənə dedi ki, səni qardaşıma alsam dilənməyəcəksən, istədiklərini alacağıq. Mən də uşaq ağlı ilə razılaşdım. Amma əslində isə mənə heç nə almadılar, Bərdəyə dilənməyə göndərdilər. "Sıqan" kimi geydirdilər, belimə baldızımin uşağını bağlayıb diləndirirdilər. Mənə əziyyət verir, döyürdülər. Qardaşım evinə gedirdim, orda dilənirdim, ər evinə gəlirdim burda. Bir evdə 16 nəfər yaşayırdı, mən neçə nəfərin ayağını yumalı, neçəsinin işini görməliydim?..."

İlhamə sığınacağa küçə uşaqlarının vasitəsilə gəldiyini deyir. Bundan sonra heç ailəsinə qayıtmaq fikri də yoxdu: "Ailəmə qayıtmaq istəmirəm. Məni bədbəxt edib küçə həyatı yaşadıblar. Ailəmə verilsəm, yenidən qaçacam. Anasına görə darıxan uşaqlar olur. Amma mən bunun xəyalını belə qurmuram. Mən də istəyirəm ki, bəzi qızlar kimi geyinim, məktəb oxuyum, biliyim olsun. 15 yaşım var, hərfləri burada tanımağa başlamışam. Mən də xoşbəxt həyat yaşamaq istəyirəm..."

Göz yaşları onu söhbətini davam etdirməyə qoymur. Bir qədər keçəndən sonra İlhamə valideynlərindən danışmağa başlayır: "Bilmirəm ki, atam hardadı. Anam mənə onun öldüyünü deyir. Amma buna inanmıram. Atamın qohumlarını, bibilərimi, əmilərimi görmək istiyirəm. Özümü tanıdığımdan atamı görməmişəm. Bəlkə heç məni saxlayan qadın da öz doğma anam deyil..."

Aynur (ad şərtidir) isə az yaşında həyatın hər bir üzünü görüb. Belə ki, uşaqlığı ailəsi tərəfindən əlindən alınan biçarənin bakirəliyi də elə öz ailəsi tərəfindən pozulub. Aynurun hazırda 13 yaşı var, amma başına gələn bu olayın yaşının hansı dönəmində olduğunu xatırlamır. Küçəyə isə məcburi ərə veriləndən sonra düşüb. Ər evindən qaçan Aynur bir müddət küçədə qalır. Sonra isə bibisi onu yanına aparıb öz qohumuna ərə verir. Burada da 3 gün qalan Aynur qaçmağa məcbur olub. "Bu dəfə atam məni öldürəcəyi ilə hədələdiyindən qaçdım".

Sığınacağa orada yaşayan oğlanlardan birinin köməyilə gəlib. Bunun da maraqlı tarixçəsi olub. Belə ki, həmin oğlan Aynuru zorlamaq istəyən bir neçə oğlanın əlindən alıb sığınacağa gətirib.

"Analığımla atam bədənimin bir neçə yerinə dağ çəkib. Əgər bir ana, ata uşağını döyüb, küçəyə salırsa, o uşaq əlacsızlıqdan pis yola da düşə bilər", - deyər Aynur. Deyir ki, küçə uşaqlarının arasında olanda kley iyləməklə vaxt keçirdiklərindən, baş verənlərdən bixəbər olublar. "Kley iylədikdə huşum başımdan çıxırdı, beynim dumanlanırdı".

Aynur da sığınacaqdan kənara çıxmaq istəmir. Çünki yaşadığı bu zülmləri yenidən yaşamaq niyyətində deyil. Qızların hər ikisinin bir istəyi var: oxuyub hansısa sənətə sahiblənmək. İlhamənin ən böyük arzusu jurnalist olmaqdı. Özü daha çox küçə uşaqlarının probemlərindən yazmaq istəyir...

 

 

Aytən NƏBİYEVA

 

Ekspress.- 2010.- 1 iyun.- S. 5.