Neft-qaz sərgisi açıldı

 

   Dünən Bakıda XVII Beynəlxalq Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Sərgisi işə başlayıb. Böyük Britaniyanın "ITE Group Plc." şirkətinin təşkilatçılığı, Sənaye və Energetika, Ekologiya Təbii Sərvətlər nazirlikləri və ARDNŞ-nin dəstəyi ilə keçirilən sərgi yeni istifadəyə verilmiş "Bakı Ekspo" Sərgi Mərkəzində açılıb.

   4 gün davam edəcək sərgidə 26 ölkədən 280 şirkət iştirak edir. Sərgiyə qatılmış şirkətlər arasında BP, "Statoil", "İnpex", "Petkim", OMV, RWE, TPAO, "BOTAŞ" və s. kimi tanınmış şirkətlər var.

   Sərginin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev "Bakı Ekspo" mərkəzinin neft-qaz sərgisi ilə açılmasını mühüm hadisə adlandırıb. Prezident Azərbaycanın neft-qaz sektorunun inkişafından, son illər ölkə iqtisadiyyatında həyata keçirilən layihələrdən danışıb.

   Daha sonra Türkiyənin enerji və təbii qaynaqlar nazirinin müavini Yusuf Yazar, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Məhəmməd bin Daen Əl-Həmlin çıxış ediblər.

   ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstar açılış mərasimində dövlət katibi Hillari Klintonun məktubunu oxuyub. Konfransa öz təbrikini çatdıran xanım Klinton Azərbaycanın dünya bazarlarına enerji ehtiyatları ixrac edən vacib və etibarlı təchizatçıya çevrildiyini bildirib: "Azərbaycanın öz ehtiyatlarını məsuliyyətlə istismar etmək üçün götürdüyü öhdəlik sürətli iqtisadi inkişafa gətirib çıxarmış və minlərlə Azərbaycan vətəndaşı üçün peşəkar inkişaf imkanları yaranmışdır. Bu isə öz növbəsində ölkənin müstəqilliyini gücləndirmişdir. Azərbaycan bölgədəki qonşu dövlətlərlə, o cümlədən Gürcüstan və Türkiyə ilə sıx işləyərək Şərq-Qərb enerji dəhlizinin inkişafında uğur əldə edib. Bu dəhlizə Bakı-Tiflis Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərləri də daxildir. Bu kəmərlər əməkdaşlıq və öhdəlik sayəsində əldə oluna biləcək yüksək zirvənin təzahürüdür. Birləşmiş Ştatlar bu kimi vacib layihələrin reallaşmasında Azərbaycanın tərəfdaşı olduğu üçün qürur duyur".

   Klinton Azərbaycanın neft və təbii qaz yataqlarının işlənməsinə və enerji təchizatı marşrutlarının diversifikasiyasına dair səylərini dəstəklədiklərini deyib: "Bu fəaliyyətlər həm enerji hasil edən Azərbaycana fayda verəcək, həm də istehlakçı dövlətlərin enerji təhlükəsizliyini gücləndirəcək. Xüsusilə biz yaxın gələcəkdə qaz ehiyatlarının Avropaya nəqlini nəzərdə tutan cənub dəhlizinin reallaşmasında Azərbaycanın davamlı liderliyinə ümid bağlayırıq. Enerji ehtiyatlarının inkişafına təkan verən Azərbaycan Birləşmiş Ştatların timsalında güclü tərəfdaş tapacaq".

   Morninqstarın özü isə çıxışında bildirib ki, ABŞ regionda həyata keçirilən neft-qaz layihələrində iştirakından məmnundur.

   Sərgidə Gürcüstan prezidenti Mixail Saakaşvilinin də məktubu oxunub.

 

 

   A.Həmid

 

   Ekspress.-2010.- 2 iyun.- S. 7.