"Mən bir ifaçı olaraq muğamın unudulduğunu görmədim"

 

Gülyanaq Məmmədova: "Seçim qarşısında qalsam, ailəmi seçərəm"

 

90-cı ilin əvvəllərində, yəni, ölkədəki böhranlı vaxtlarda sənətə gələn gənc ifaçıların arasında səsinə güvənən gənc bir xanım daima tamaşaçının diqqətində dayanırdı. O çətin günlərdə əksəriyyət çətinliklərə dözməyərək sənətdən müvəqqəti də olsa uzaqlaşsalar da, çətinliklərin insan həyatında böyük rol oynadığını əsas götürən Gülyanaq Məmmədova son ana qədər ustad sənətkarlarla birgə mübarizə apararaq muğamı qorumağı, muğamı yaşatmağı bacardı.

Müğənni ilə solisti olduğu Mahnı Teatrında görüşdük. Konsert proqramına hazırlaşırdı, ancaq müsahibə üçün bir saat vaxt ayırmışdı. Bir saatlıq söhbət əsnasında fikrimizi əsasən muğam ifaçılığına yönəltdik.

 

  "Muğamın yaşamasında az da olsa,  bizim də rolumuz oldu"

 

   - Gülyanaq xanım, bir neçə il əvvəl musiqimizin ən çətin janrı olan muğam sanki unudulmuşdu. O çətin illərdə bir qism muğam ifaçıları sənətə xəyanət etmədi, son ana qədər mübarizə apararaq muğamı yaşatmağa səy göstərdi. Onların arasında siz də vardınız...

   - Mən bir ifaçı olaraq muğamın unudulduğunu görmədim. Səbəbi isə o idi ki, həm uşaqlıq illərindən muğamın aludəsiydim, həm sənətkarlarımızla birgə mübarizə meydanında idim, eyni zamanda, televiziyada təqdim olunan "Kamerton" proqramında Kamil Vəzirov, Gülyaz xanım və mən muğam ifaçılığını incələməyə başladıq. Bu proqramı bir növ tədris kimi təqdim edirdik. Yəni, muğamı hissə-hissə oxuyurduq, eyni zamanda, onun incəliklərini başa salırdıq. Təbii ki, xalqın sevgisini, marağını nəzərə alaraq proqramı daha rəngarəng qurmağa çalışırdıq. Əslində, muğam bizim milli sərvətimizdi, kökümüzdü, dədə-baba musiqimizdi. Belə olan halda muğamı necə unuda bilərdik?! Sadəcə, yaranan qarışıq durum insanları problemlərlə üz-üzə qoyduğu üçün bir qədər biganəlik yaranmışdı. Muğam ifaçıları nə qədər çətin olsa da, hər biri istər ayrı-ayrılıqda, istərsə də bərabər muğamı yaşatdılar. Təbii ki, biz də onlarla birgə bu mübarizədə rol oynadıq və demək olar ki, qələbə çaldıq. Əgər fikir vermisinizsə, artıq son illərdə muğam festivalları mütəmadi keçirilir. Bizdən fərqli olaraq indiki gənc ifaçılar üçün kifayət qədər geniş imkanlar yaradılıb.

   - Yəni, indiki gənc ifaçılar bir növ hazıra sahib oldular...

   - Haqlısınız. Biz nəsil daha çox əziyyətlər çəkdik. Bildiyiniz kimi, biz muğamı olduğu kimi, yəni, dədə-babadan necə miras qalıbsa, o cür ifa edirik. Doğrudur, trio şəklində də ifalarımız olub, amma daha çox ansamblla ifa etmişik. Çox vaxt tamaşaçılar soruşur ki, niyə muğamlarımızı dəsgah şəklində trio ilə oxumuruq? Biz izah etməyə çalışdıq ki, eyni işi görürük. Dəyişiklik demək də düzgün olmazdı, amma muğamı ansamblla oxumağın özü də bir dəyişiklikdir. Bizim bütün çətin muğamları ifa etdiyimiz çəkilişlər var, hələ tələbə vaxtı mən "Şahnaz" muğamının ən gözəl ifaçısı kimi tanınırdım, Həbib Bayramovun ansamblı ilə birgə çıxışlarımız var ki, hamısında da muğamlar ifa etmişik. İlk dəfə muğama klip çəkdirən də biz olmuşuq. Bəs bu gördüyümüz işlər bir daha sübut etmirmi ki, muğamdan bir an olsun belə, ayrı qalmadıq? Əksinə, muğamın yaşamasında az da olsa, bizim də rolumuz oldu. Biz muğamı necə unuda bilərik? Muğam Azərbaycan musiqisinin ən çətin, eyni zamanda, ən gözəl janrıdır. Nəinki Azərbaycan musiqisi, eyni zamanda, dünya musiqisi bizim 7 əsas muğam üstə köklənib. İstənilən ölkənin mahnısını bir dəfə eşidən kimi yadda saxlayırıq, çünki muğam üstə yazılıb. Mən deyərdim, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, Allah bizə belə möcüzəli bir musiqi janrı bəxş edib, tarı, kamanı bəxş edib və biz muğam ifaçılarına də belə səs bəxş edib. Bu, möcüzə deyil, bəs nədir?!

   - Sizcə, muğam ifaçılığında təcrübə amili nə qədər önəmlidir?

   - Təcrübə qazanmaq çox önəmlidir. Təcrübə qazanmaq demək məsuliyətli olmaq deməkdir. Yəni, bir qədər gənc yaşlarında sevərək, həvəslə gəldiyin sənətlə məşğul olarkən o qədər də məsuliyyət hiss etməyə bilərsən, amma yaş irəlilədikcə məsuliyyət hissi artmağa başlayır, artıq dünənindən daha fərqli, daha böyük məsuliyyətlə sevdiyin sənətə sarılırsan.

   İnsan həyatı boyu öyrənir, getdikcə səhnəni daha yaxşı duymağa başlayırsan, oxuduğun mahnıları ürəyindən qidalandıraraq səsinlə tamaşaçılara bəxş edirsən. Bir az gənc yaşlarda səsin hesabına oxuyursan, amma yaş artdıqca ürəklə oxumağa başlayırsan. Yaşın önəmi, təcrübəsi çoxdur. Əvvəllər səhnəyə çıxanda, ayaqlarım əsirdi, həyəcandan titrəyirdim. Doğrudur ki, indi də həyəcan var, amma təcrübə hər an kömək etdiyi üçün əvvəlki qorxuları hiss etmirəm. Amma indi bütün tədbirlərin məsuliyyətini öz üzərimə götürürəm, həm aparıcı, həm də müğənni kimi üzərimə düşən vəzifənin öhdəsindən gələ bilirəm.

   Hətta çox vaxt sənətlə həyatı müqayisə edirəm. Məsələn, mən 17-18 yaşda ailə qursaydım, bəlkə də ailəmin qədrini bilməzdim. Amma indiki yaşımda ailəmin qədrini bilirəm, hətta ailəmi hər şeydən üstün tuturam.

 

   Səhnə fəaliyyətimi   bir an olsun, yarımçıq qoymuram"

 

   - Yeri gəlmişkən, artıq subaylıq illəri arxada qaldı, indi xoşbəxt ailəniz, iki gül balanız var. Bütün bunlara baxmayaraq, yenə sənətdəsiniz. Bütün bunlara necə vaxt çatdırırsınız?

   - İnsan istəyəndə, hər şeyə vaxt çatdıra bilir, yetər ki, istəyəsən. Doğrudur, balalarımdan doymuram, evimdən-eşiyimdən doymuram, bununla belə, ev işlərimin çoxunu yarımçıq qoya bilirəm, amma səhnə fəaliyyətimi bir an olsun, yarımçıq qoymuram. Buna baxmayaraq, seçim qarşısında qalsam, ailəmi seçərəm. Doğrudur, sənətim mənə çox uğur gətirib, Allahın verdiyi bu səslə böyük bir tamaşaçı ordusunun sevgisini qazanmışam, dünya görüşüm artıb s. Amma ailə ilə sənəti eyni vaxtda idarə etmək çox çətindir. Vaxt tapmaq, yorğunluq, yuxusuzluq s. öz işini görür. Kim desə ki, subay vaxtı necə çalışırdımsa, evlilik həyatına başladığım andan da eyni ahənglə davam edirəm, inanmayın. Səbəbini deyim, məsələn, mən subay vaxtı beş qəzəl əzbərliyirdimsə, indi bir qəzəli əzbərləməyə güclə zaman tapa bilirəm. Dəvət olunduğum proqrama qatılmağa bir həftə qalmış qəzəli əzbərləməyə çalışıram. Əslində, mənim ehtiyatda, yəni beynimdə hər an yeni qəzəllər olmalıdır. Bildiyiniz kimi, 1993-cü ildən Mahnı teatrının solistiyəm. Mənim günümün əsas hissəsi bu teatrda keçib, dayanmadan, yorulmadan məşqlərdə iştirak etmişəm. İndi isə vaxtımın əsas hissəsi ailəmə sərf olunur.

   - Bəs ailəli sənətkara Mahnı Teatrı dərəcədə dəstək verir, yəni güzəştlər varmı?

   - Əlbəttə, teatrımızın direktoru Kazım Qasımov ailəli sənətkarlara çox hörmət edir. Yoxsa səhnə fəaliyyətimi necə davam etdirərəm? Hər an bir ana olaraq hörmət görürəm. Buna baxmayaraq, mən çalışıram ki, işimə məsuliyyətlə yanaşım, konsert proqramlarına vaxtlı-vaxtında qatılıram, çıxışlar edirəm, məşq proseslərinə bacardıqca qatılıram. Əgər bunları da etməsəm o zaman sənətimi necə yaşada bilərəm? Hətta teatrımızda hazırlanan konsert proqramlarının aparıcılığını da çox vaxt özüm edirəm, bir sözlə, bacardıqca bütün işlərimi görməyə çalışıram.

   - Tamaşaçılar o fikirdədir ki, Gülyanaq Məmmədova səviyyəli sənətkarlar sırasındadır...

   - Bu səmimiyyətə görə təşəkkür edirəm.

   - Sağ olun, amma səviyyəli tamaşaçı bugünkü şoulardakı eybəcərlikləri qəbul edə bilmir...

   - Bilirsinizmi, qalmaqalla, dedi-qodu ilə bu sənətdə heç bir görmək olmaz. Ustadımız Kamil Vəzirov həmişə tövsiyə edir ki, efir xatirinə qalmaqala getmək sənəti gözdən salmaq deməkdir. O deyir ki, əgər sənin səsin varsa, o zaman səni daima proqramlara dəvət edəcəklər, sənin tamaşaçı ilə ünsiyyət yaratmana telekanallar kömək edəcək. Biz hər zaman ustadımızın məsləhətlərini dinləyirik, gördüyünüz kimi, qalmaqallı proqramların heç birinə qatılmırıq. Təbii ki, bizi o tipli proqramlara dəvət edirlər, ancaq biz qaçırıq, qəbul etmirik. Sənətkara sənətilə bağlı suallar verilməlidir, sənətkar efirdə sənətindən danışmalıdır.

   - Necə bilirsiniz, sənətinizi inkişaf etdirməkdə pedaqoq kimi fəaliyyət göstərməyiniz rol oynadımı?

   - Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət İncəsənət Mədəniyyət Universitetində muğam kafedrasında muğamdan dərs deyirəm, eyni zamanda, Mədəni-Maarif Texnikumunda da dərs deyirəm. Ümidverici tələbələr çoxdur, ancaq sonrakı prosesdə tələbələrim bu sənəti hansı formada davam etdirəcəklər, ona artıq özləri qərar verəcək. Mən bir müəllim kimi üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışıram, ən azından muğamın bütün sirlərini tələbələrimə öyrədirəm. İnanıram ki, onların arasından layiqli sənətkarlar yetişəcək.

 

   

Ulduzə QARAQIZI

 

Ekspress.- 2010.- 5-7 iyun.- S. 19.