Tolerantlıq
nümunəsi - Azərbaycan
"Azərbaycanda bütün
millətlərin, dinlərin nümayəndələri bir ailə
kimi yaşayırlar. Heç vaxt Azərbaycanda milli, yaxud da
ki, dini zəmində ayrı-seçkilik olmayıb, yoxdur və
olmayacaq. Azərbaycanda yaşayan bütün insanlar bizim dəyərli
vətəndaşlarımızdır və Azərbaycanda
hökm sürən dini dözümlülük, dini
tolerantlıq əminəm ki, başqa yerlərdə də
öyrənilə bilər".
İlham Əliyev Azərbaycan
Respublikasının prezidenti
Qloballaşma ikiqütblü dünyamızı
birqütblü kənd halına gətirdi. Bu kənddə
yaşayan əhali fərqli fikirli, müxtəlif mədəniyyətli
insanlardır. Bir yerdə yaşayanlar üçün
"başqaları" olaraq ifadə edilənlərin
özünüifadə formalarına hörmətlə
yanaşmaq zərurətdir. Bu ehtiyacın adı
tolerantlıqdır.
Tolerantlıq nədir?
Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri
inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi
harmoniyaya aparan əsas amildir. Hər bir şəxsin fərqli
ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə
ziddiyyət təşkil etməsinə baxmayaraq,
dözümlü münasibət nümayiş etdirmək
tolerantlıqdır. Tolerantlıq sənin kimi
düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən
uzaqlaşmaq deyil, əksinə onları olduğu kimi qəbul
edərək, yaxşı davranmağı bacarmaqdır. Bizim
üçün qəbuledilməz olan, başqası
üçün dəyər ola bilər. Bizim
üçün dəyər olan başqası
üçün cəhalət sayıla bilər.
Tolerantlıq bütün ziddiyyətlərə, fikir
ayrılıqlarına baxmayaraq, dinləmək
bacarığıdır. Dözümsüzlük göstərmədən
qarşısındakını olduğu kimi qəbul etmək
prinsipidir. Tolerantlıq qarşı tərəfin konsepsiyasını
anlamağı bacarmaqdır. Dözümlülükdə
doqmatizmə yol vermək yolverilməzdir. Tolerantlıq din və
vicdan azadlığıdır.
Tolerantlığın
tarixi
Tolerantlıq ideyası XVI-XVII əsrlərdə Avropada
baş verən dinlə əlaqəli münaqişələrin
nəticəsində aktuallaşmağa başlayıb. Bunun
ortaya çıxmasındakı məqsəd dini etiqadla
bağlı olub. 1648-ci ildə bağlanan Vestfal sülhü
dini dözümlülüklə bağlı ilk sənəd
kimi qəbul edilir. Lakin həmin müqavilədən sonra
baş verən 30 illik
müharibə ərəfəsində nümayiş olunan
dözümsüzlük tolerantlığın
formalaşmadığını göstərdi. Tolerantlıq
Qərb dünyasında yumşaq ifadə ilə qeyd etsək,
dini təəssübkeşliyin at oynatdığı ölkələrdə
əsrlər boyunca tədricən formalaşaraq ortaya
çıxıb.
Azərbaycanda isə
bu ənənənin kökləri daha
qədimlərə uzanır. Belə ki, eramızdan əvvəl
586-cı ildə Babil hökmdarı II Novuxodonosurun
Qüdsü işğal etməsi nəticəsində talan
olmuş İudeya çarlığından qaçan yəhudi
köçkünləri Azərbaycan ərazilərində
özlərinə daha rahat hiss edə bildilər. I əsrin
ortalarında Hz.İsa peyğəmbərin
ardıcılları Azərbaycan ərazilərinə qədəm
basdılar. Onlar burada Alban aftokefal kilsəsinin əsasını qoydular.
İslamın Azərbaycana gəlişi ilə dini
dözümlülük, tolerantlıq ənənələri
daha da möhkəmləndi. Tarixçilər həmin
dövrlərdə müsəlmanların müsəlman olmayanlara,
xüsusilə də yəhudilik, xristianlıq və zərdüştiliyin
tərəfdarlarına qarşı hörmətlə
yanaşdıqlarını qeyd edirlər. Bəs Azərbaycanda
tolerantlıq ənənələrinin daha da möhkəmlənməsinin
səbəbi olan İslam dininin tolerantlığa
baxışı necədir?
İslamda tolerantlıq
İslama görə tolerantlıq müxtəlif
inanclı insanlar arasında bir körpüdür. Allah belə
buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından
yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi
xalqlara və qəbilələrə ayırdıq..."
("Hucurat" surəsi, 13). İnsanların bir-birini
tanıması, qarşılıqlı münasibətlərinin
formalaşmasının əsası tolerantlıqdan
keçir. İslam dinində tolerantlıq dinin əsas
ünsürü kimi qəbul edilir. İslamın birinci əsas
mənbəyi olan Quranda Uca Allah belə buyurur: "Sizin dininiz
sizə, mənim dinim mənə aiddir" ("Kafirun"
surəsi, 6). Quran tolerant olmaq üçün ədalətli
olmağımızı əmr edir: "Söz söylədiyiniz
zaman qohumunuz olsa belə, ədalətli olun..." ("Ənam"
surəsi, 152).
Allahın "De:
"İstər inanın, istərsə də
inanmayın..." ("İsra" surəsi,
107). "De: "Haqq Rəbbinizdəndir. Kim istəyir
inansın, kim də istəyir inanmasın..." ("Kəhf" surəsi, 29) sözləri
İslamın dini etiqad azadlığına verdiyi dəyəri
göstərir. Quran "Dində məcburiyyət
(zorakılıq) yoxdur" ("Bəqərə" surəsi,
256) ayəsi ilə inanmaq azadlığının prinsipini
formalaşdırıb.
İslamı insanlara
çatdıran Hz.Muhəmməd (s) peyğəmbər
bütün müsəlmanlara, xüsusilə idarəçilərə
belə buyurub: "Kim müsəlman olmayan əhalidən
birinə zülm edərsə, onların haqqını qiyamət
günü mən müdafiə edəcəyəm",
"Kim bir zimmiyə zülm edər, yaxud ona daşımaqdan
aciz olduğu bir yük yükləyərsə, onun
haqqını azaldar və ya istəyi olmadan bir şeyini
alarsa, mən həmin adamın düşməniyəm". "Bir müsəlmana, yaxud zimmiyə qəsdən
zərər verən şəxs lənətlənib".
Hz.Muhəmməd (s) başqa bir hədisində də
bunları bildirib: "Allah qiyamət günündə
insanlara əziyyət edənlərə əziyyət edəcəkdir".
Budur Hz.Muhəmmədin tolerantlığı...
Azərbaycanda
tarixi
tolerantlıq ənənəsi
Müxtəlif
dinlərin və mədəniyyətlərin mənsubları
arasındakı əlaqələr, dialoq bəşər
sivilizasiyasının inkişafı, müxtəlif mədəniyyətlərin
qorunub təkmilləşməsi üçün əsas amillərdəndir.
Tolerantlıq və dözümlülük ənənələri
zəngin olan ölkə və regionların təcrübəsi
bu baxımdan nümunə sayıla bilər. Ona görə də bir çox millətlərin və
dini konfessiyaların dinc yanaşı yaşamasının
unikal nümunəsinin Azərbaycan olduğunu rahatlıqla qeyd
edə bilərik. Azərbaycan əhalisinin
95 faizi müsəlmandır. İslamın
bildirdiyi tolerantlığı yaşayan azərbaycanlılar
dünyaya tolerantlıq nümunəsi göstərirlər.
Ənənə halına gələn
tolerantlıq Azərbaycanın milli sərvəti olaraq qəbul
edilir.
Azərbaycana
irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və
ekstremizm kimi hallar həmişə yad olub. Azərbaycan torpaqlarının erməni
işğalçılarının təcavüzünə məruz
qalmasına, Xocalı faciəsinin törədilməsinə
baxmayaraq dinlərarası dialoq, tolerantlıq, ermənilərin
mənsub olduğu dinin davamçılarına qarşı
heç bir zəiflik göstərmədən davam etdi. Bu ənənənin dinlərin
qarşıdurması kimi təqdim olunmasına Azərbaycan
dövləti və xalqı imkan vermədi. Bundan istifadə etməyə çalışanlar
unudurdular ki, Azərbaycanda tolerantlıq milli sərvət
olaraq qəbul edilir və bunun formalaşmış və yerləşmiş
ənənəsi mövcuddur.
Müasir
Azərbaycanda tolerantlıq
Ölkədə
formalaşmış tolerantlıq və
dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən
gözəl bir ənənəyə çevrilib. Bu Əsas Qanunda da öz əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər
kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil
müəyyənləşdirmək, hər hansı dinə təkbaşına
və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud
heç bir dinə etiqad etməmək, dinə münasibəti
ilə bağlı əqidəsini ifadə etmək və
yaymaq hüququ vardır. Heç kəs
öz dini etiqadını və əqidəsini ifadə etməyə
(nümayiş etdirməyə), dini mərasimləri yerinə
yetirməyə və ya dini mərasimlərdə iştirak
etməyə məcbur edilə bilməz.
Azərbaycan müstəqillik
əldə etdikdən sonra İslam ənənələrinə
əsaslanan müqəddəs bayramların qeyd
olunmasının bərpa edilməsi, həmin günlərin
qeyri-iş günü kimi qeyd edilməsi, müxtəlif dini
konfessiyaların bayramlarının ölkə
başçısı tərəfindən təbrik edilməsi,
Sovet dövründə müxtəlif məqsədlər
üçün istifadə edilən, yaxud qapısı kilidli
olan məbədlərin açılması dini
tolerantlığa dövlət tərəfindən verilən
töhfələrdir. Misal olaraq bəzi məqamları
qeyd edək. Belə ki, 1920-ci ildə
bağlanmış Jen Mironosets baş kilsəsinin binası
1991-ci ildə Rus Pravoslav Kilsəsinə verildi.
Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy
2001-ci il tarixdə kilsəyə baş
kafedral kilsə statusu verdi. İşin maraqlı tərəfi
isə kilsəni müsəlman olan azərbaycanlı iş
adamının öz hesabına bərpa etdirməsi idi. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda katolik
Müqəddəs Məryəm kilsəsi tikildi. Rum
patriarxı I Varfolomey 2003-cü ildə Azərbaycanda rəsmi
səfərdə olarkən ölkəmizdəki tolerantlıq
haqqında bunları demişdi: "Mən buradakı
tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad
edir, istədiyi kimi ibadət edə bilir".
Prezidentin
ehtiyat fondundan müxtəlif məscidlərin yenidənqurulması,
bərpa və təmir işləri üçün vəsait
ayrılır. Bundan başqa, Heydər Əliyev
Fondunun "Tolerantlığın ünvanı - Azərbaycan"
layihəsi çərçivəsində yenidən qurulan
ibadət evlərini də burada xüsusi olaraq qeyd etmək
lazımdır.
Hazırda ölkəmizdə
müsəlmanlarla yanaşı, pravoslav, Roma-katolik
konfessiyaları, protestanlığın müxtəlif cərəyanları
olan Yevangel-lüteranlar, Yevangel xristian baptistləri, 7-ji
gün adventistləri, Molokan ruhani xristianları, Alban-udi
xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər,
dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri,
ənənəvi olmayan din qruplardan olan
krişnaçılar, bəhalər və sair dinlərin mənsubları
birlikdə tolerantlıq, əmin-amanlıq içində
yaşayır və öz dini etiqadlarını rahatlıqla
yerinə yetirirlər. Ölkəmizdə onlarla
qeyri-islam təmayüllü məbədlər fəaliyyət
göstərir. Hətta xüsusi olaraq
Qubada yəhudilərə məxsus olan "Krasnaya sloboda"
qəsəbəsini də qeyd etmək lazımdır. Qeyd edək ki, Qubadakı Krasnaya Slobada qəsəbəsi
təkcə postsovet məkanında deyil, bütün dünyada
dağ yəhudilərinin kompakt yaşadıqları yeganə
yerdir.
Tolerantlıq Azərbaycan xalqının tarixi sərvətidir
Azərbaycanda
tolerantlığın formalaşmasında dini icmaların
liderlərinin də konstruktiv mövqeyi əhəmiyyət kəsb
edir.
Azərbaycanda
Roma Katolik Kilsəsinin Ordinarisi (Başçısı)
monsenyor Vladimir Fekete Roma Katolik Kilsəsinin hər bir
insanın - milliyyətindən, irqindən və dini mənsubiyyətindən
asılı olmayaraq - həyatını,
azadlığını, həmçinin etiqad
azadlığını yüksək dərəcədə dəyərləndirdiyini
deyir. "İnsanın
azadlığı, onun iradəsinin azadlığı ona Allah
tərəfindən verilib. Katolik Kilsəsi
hər bir insana Allahın sevimli bəndəsi kimi
baxır".
Onun
sözlərinə görə, Azərbaycan xalqı öz təbii
dini tolerantlığı ilə seçilir. "Bu xalqda Allaha, dinə, müqəddəs yerlərə,
ibadətə xüsusi sevgi var. Tolerantlıq Azərbaycanda həm
cəmiyyətin təbii xüsusiyyəti, həm də
dövlətin siyasətidir. Ona görə,
dinlər arasında, dindar insanlar arasında olan münasibətlər
Azərbaycanda yüksək səviyyədədir və
nümunəvidir".
Bakı və
Xəzəryanı Yeparxiyanın mətbuat katibi Konstantin Ata
da Azərbaycanda pravoslav kilsəsinin fəaliyyətinə
heç bir məhdudiyyət qoyulmadığını
söyləyir. Onun sözlərinə
görə, Azərbaycanda öz dini mərasimlərini rahat
şəkildə həyata keçirirlər, azad şəkildə
ibadətlərini edirlər. O hətta Bakının mərkəzində
belə tədbir keçirmək istəyəndə buna
qarşı maneçilik olmadığını
vurğulayır.
Azərbaycanda
yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri
Semyon İxiilov da Azərbaycanın tolerant bir ölkə
olduğunu deyir. Onun fikrincə, Azərbaycandakı dini
tollerantlıq çoxlarını təəccübləndirir:
"Tolerantlıq Azərbaycan xalqının tarixi sərvətidir.
Yüzillər ərzində Azərbaycanda dini məzmunda
qarşıdurma qeydə alınmayıb", - deyən
İxiilov hesab edir ki, buna səbəb dini icmaların
qardaşlıq ailəsində yaşaması, dövlət-din
münasibətlərinin şəffaflığıdır.
Qalib İBRAHİMOĞLU
Ekspress.- 2010.-24 iyun.- S. 8.