Gülcahan Güləhmədova-Martınova-85

Sadəcə Gülcahan xanım...

 

İyunun 23-də Azərbaycanın ilk peşəkar qadın teatr rejissorunun - xalq artisti Gülcahan Güləhmədova-Martınovanın ad günü idi. Hələ uşaq ikən soyadını eşidəndə təəccübləndiyim Gülcahan xanımın...

Nədənsə mənə elə gəlirdi gözəl Gülcahan adını daşıyan bu xanım Güləhmədova-Martınova soyadı kimi mürəkkəb, tərs, yovuşmaz bir adamdı. Onu şəxsən tanıyandan sonra fikirlərim alt-üst oldu.

Və indi yaşa dolmuş, qənirsiz gözəlliyinin üstündən çox yellər ötmüş bu xanımın peşəkarcasına söhbətinə, sadə, qayğıkeş, mehriban münasibətinə heyran qalmaya bilmirəm. Səmimi deyim ki, əlimə qələm alandan bəri Azərbaycanın mədəniyyət, elm, idman tarixinə düşmüş haqqında söhbət açdığım yüzlərlə insanın içərisində Gülcahan xanım təvazökarlığı, intellektuallığı, ən başlıcası isə olduğu kimi görünməyilə seçilənlərdəndi. Əlbəttə, səbəbsiz heç nə yoxdu. Bu baxımdan Gülcahan xanımın sadaladığım keyfiyyətlərin mənbəyini hardan götürdüyü maraq doğurur.

Əslən Şamaxıdan olan rejissorun əsli-nəcabəti, ziyalı kökləri dediyimiz məsələdə xüsusi rol oynayıb. Vaxtilə təlim-tərbiyəyə əhəmiyyət verən, bunu ailə işinin vacib tərəflərindən sayan yetərincə insanlar vardı. Onlar cəmiyyətin kübar təbəqəsi kimi formalaşır, tanınırdılar. Gülcahan xanımın ixtisasca həkim olan valideynləri də məhz bu cür fərqlənənlərdən idi. Onlar uşaqlarına həmişə məğrur olmağı, ləyaqətini gözləməyi aşılamışdılar. Hərçənd dövr, şərait başqaydı. Ötən əsrin 30-cu illəri idi. Tuthatut başlamışdı. Güllələnmədən, sürgündən canını qurtaranlar belə, rejimin basqıları, çərçivələriylə üz-üzəydilər. Gülcahan xanımın valideynləri ən azından bulanıq suda təmiz qalmağa, üstəlik uşaqlarını qorumağa can atırdılar.

Amma amansız rüzgar Güləhmədovların da qapısını döydü. Atası Şüaulla həbs olundu. Ailə çətinliklərlə qarşılaşdı. Balaca Gülcahan bütün bunlara məhəl qoymadan yaxşı oxuyur, nümunəviliylə anasını sevindirirdi. O, məktəbi bitirər-bitirməz müharibə başladı. Amma onun ali təhsil almaq arzusunun qarşısına sədd çəkmək mümkünsüzüydü. Ali məktəbə qəbul oldu. Hətta bir il ərzində iki yerdə - Sənaye Tibb İnstitutlarında oxumuğa macal tapdı. Axıra qədər getməksə baş tutmadı. Qonşusu, sonralar teatrşünas, tərcüməçi kimi tanınan İshaq İbrahimovla bəhsləşərək Teatr İnstitutuna daxil ola biləcəyini sübuta yetirdi. bununla da o, taleyini sənətə bağladı. az, çox, həmin xoş təsadüfdən altmış beş il ötür...

Sənətə bağlı bu illərin tən yarısı Rus Dram Teatrının payına düşür. Maraqlı, yaddaqalan zəngin yaradıcılıq yolu keçib bu teatrın səhnəsində. İstedadının, zəhmətinin qiymətini alıb. Di gəl, burada qocalığın gəlişini gözləməyə səbri çatmayıb deyəsən. Belə olmasaydı, əlli yeddi yaşında sevimli teatrıyla vidalaşmazdı. Amma yox, əsl səbəb başqadı. Bu barədə az sonra...

Gülcahan xanım özünü xoşbəxt sayır. Nədən ki, gənclik illərində tale qarşısına Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasib, Cəfər Cəfərov, Məhərrəm Haşımov və başqa ustadları çıxarıb. Necə deyərlər, onun xəmiri beləcə istedadlı, zəhmətkeş insanların arasında yoğrulub, kündələnib. Sonrasa ağır, amma şərəfli həyat, sənət məktəbi keçib. Həmin məktəb rejissorun hələ yuxularına girən teatrdı.

Bir yana baxanda o dövrün Rus Dram Teatrını bu gün yalnız yuxuda görmək olar. Söhbətin yəqin zamanla bağlı olmadığını tutdunuz. Yaradıcılıq mühiti dəyişib, nəsillər əvəzlənib, dəyərlər, ənənələr solub, itib: Gülcahan xanımın xoşbəxt anlarını kim qaytara bilər? Bəs yalnız bunlarımı? Axı, ağrı-acısız, zərbələrsiz, intriqalarsız teatr olmur. Yoxsa başı çəkməyib bunları? Nə edəsən, rejissor bunu də dadıb. Yetərincə.

İnstitutu fərqlənmə diplomuyla bitirib teatra gələndə düz beş il assistentlik etmək məcburiyyətində qalıb. Sanki ona müstəqil etibar etmək olmazdı. Yoxsa, Şarlaxov kimi stajlı aktyorların "bu qız mənə verəcək", Stepanov-Kolosov kimi rejissorun bütün truppaya "bax, məni haldan çıxarmayın, onu sizin yanınızda qoyub gedərəm" kimi tənəli, atmacalı sözlər deməsinin başqa adı var? Bununla belə, Gülcahan xanım dözdü. Onlar həqiqətən böyük sənətkarlar idi deyə, gənc rejissor cəfalara tablaşdı, üzlərinə qayıtmadı. Nəhayət, zaman yetişdi. Müstəqil rejissor kimi quruluş verdiyi "Şadlıq sorağında" tamaşasında müəllimlərindən ayırmadığı bu sənətkarlar onun dediyilə oturub-durdular...

beləcə şöhrətə, saysız-hesabsız gül-çiçəklərə, pərəstişkar məktublarına yol açıldı. Sonra "Mariya Stüart", "Antiqona", "Sən həmişə mənimləsən", "Varşava melodiyası", "On üçüncü sədr", daha nələr-nələr yarandı. Üst-üstə yetmişdən artıq tamaşa.

"Komandorun addımları" bu səhnə əsərlərinin içərisində xüsusi yer tutur. Çəkilən zəhmət, xərclənən istedad nəticəsini çox gözlətmədi. Tamaşa Respublika Dövlət Mükafatına layiq görüldü. Həmin günləri Gülcahan xanım belə xatırlayır:

"Tamaşa böyük rus şairi Puşkinin həyatından bəhs edir. Mən Puşkinin haqqında daha ətraflı bilmək üçün düz bir il vaxtımı sərf etdim. Qazancımdan kəsə-kəsə üç dəfə o zamankı Leninqrada getdim. Puşkin evində saatlarla, günlərlə vaxt keçirdim. O vaxtacan Bakıda rast gəlmədiyim, nadir, qiymətli sənədlərlə tanış oldum. O tamaşanın Dövlət Mükafatı alması elə-belə başa gəlmədi. Adi bir misal. Mizanlardan birini belə qurmuşdum ki, çar öz qalın üst geyimini Puşkinin kürəyinə salıb. Tamaşaya baxan komissiya irad tutdu: bu nə mizandı? Haqlı olduğuma sübut üçün dedim ki, Puşkin I Pyotr haqqında əsər yazmışdı. Çar da şairdən belə bir əsəri onun üçün də yazmağı xahiş etmişdi. "Belədə soyuq havada nazik paltarla bayıra çıxmış Puşkinin çar qeydinə qalmaya bilərdimi" dedim. Hamı razılaşdı".

O ki, qaldı yaradıcılığının qaynar dövründə teatrdan getməyinə, Gülcahan zanım səbəbini beləcə dilə gətirdi:

"Teatr mürəkkəb orqanizmdi. Ora düşən adətən ömürlük ilişib qalır: Kim bilir, bəlkə mən indiyəcən ordaydım, əgər bir vaxt atdığım addım olmasaydı. Mən intriqalar, şantaj xəyanətkarlığa etiraz kimi çoxlarının gözləmədiyi halda ərizə yazıb birdəfəlik getdim. Çox soruşurlar, yenə ora qayıdarsan? Yox. Demirəm ki, ora pisdi, əsla, ancaq o, indi başqadı, mənimki deyil. Hanı o illərin Falkoviçi, Ginzburqu, Tumarkinası, Adamovu, Yagizarovu. Hələ repertuarımızı, tamaşaçılarımızı demirəm. Eh... deyim, heyf".

Gülcahan xanım iki gün əvvəl səksən beş yaşını arxada qoydu. Ömrünün bu çağında, yaşının bu vədəsində o çalışır. Bakı Musiqi Akademiyasının professorudu. Vokalçılara aktyor sənətini öyrədir, onların iştirakıyla opera studiyasının səhnəsində maraqlı tamaşalar hazırlayır. İlk tələbələrindən olan Rasim Balayevdən tutmuş rejissorun kəşfi sayılan Məlahət Abbasovaya istedadlı vokalçı Eldar Əliyevədək hamının sevimlisinə çevrilmiş Gülcahan xanımın son illər ən böyük arzusu mənəvi dünyamızda baş verən aşınmalara son qoyulmasının, təhsildə mədəniyyətdə davamlı uğurların, ürəkaçan sənət hadisələrinin tez-tez şahidinə çevrilməkdi.

Səksənillik yubileyində yalnız çalışdığı Bakı Musiqi Akademiyasında yada düşən, aidiyyatı qurumlardan quruca təbrik teleqramını almayan Gülcahan xanım beş il sonra müəyyən dairələrdə xatırlanmadığına görə gileyli deyil. Həmişə şükranlığa alışmış birisi üçün bu təbiidi. Necə ki, səksən beş yaşında hər cür diqqət və qayğıyla əhatə olunmağı da təbii görünər, yerinə düşərdi.

Azərbaycanımızda onun kimiləri çox az qalıb....

  

 

Seymur Elsevər

 

Ekspress.-2010.- 25 iyun.- S. 23.