Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

İkinci dünya müharibəsi illərində Mir Cəfər Bağırov yaranmış vəziyyətdən istifadə edərək vahid Azərbaycan uğrunda mücadilə aparırdı. Onun Stalinə yazdığı məktublarda qədim Dərbənd şəhərinin vurğulanması da bu yanğının nişanəsi idi, "Fətəli xan" filminin çəkilişi də bu məsləkdən doğurdu.

Dərbənd Azərbaycan dövlətləri olan Qafqaz Albaniyası, Şirvanşahlar, Səfəvilər və Fətəli xanın başçılıq etdiyi Şimali-Şərqi Azərbaycan dövlətinin tərkibində olmuşdur. 1796-cı ildə rus qoşunları tərəfindən işğal olunandan sonra Dərbəndi Azərbaycanın əzəli torpaqlarından tərcid etmək siyasəti yeridilmişdir.

Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dağıstan xalqları ilə qardaşcasına münasibət mövcud olmuş, Dərbənd Azərbaycan şəhəri kimi qəbul edilmişdi. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Nəsibbəy Yusifbəylidən sonra ikinci maarif naziri Dağıstanın Xasavyurd şəhərində anadan olmuş, 1910-cu ildə Parisdə Sarbonna Universitetinin hüquq fakültəsini bitirmiş Rəşidxan Qaplanov olmuşdur. 1919-cu ildə Azərbaycan Parlamentinin qərarı ilə xarici ölkələrə ali təhsil almağa göndərilən 100 nəfər arasında beşi Dərbənd və Dağıstanın başqa yerlərindəndi. Onlardan Abdinov Bəhram Əlövsət oğlu Almaniyaya, Əfəndiyev Abdulla Molla oğlu, Xrimanov Zəkəriyyə Əbdülrəşid oğlu və Teymurxanov Muradbəy Zabir oğlu Almaniyaya, Şahnəzərov Mirzəmənsur Hakim oğlu Fransaya yola düşmüşdür.

1920-ci il martın 25-də 11-ci Qırmızı Ordu Dərbəndi işğal etdi, sonra da Qubada, Xaçmazda, Bakıda, Gəncədə, Lənkəranda və Azərbaycanın digər şəhər və kəndlərində qan tökdü. 2010-cu il martın 25-də Dərbəndin, aprelin 28-də Bakının işğalından 90 il keçdi... Soydaşlarımız Bakıdan Dərbəndə, Dərbənddən Bakıya "xarici pasport"la gedib-gəlməyə məcburdurlar...

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Mir Cəfər Bağırovla bağlı materialların bir çoxunda Əziz Əliyevlə əlaqədar səhifələr vardır.

Arxiv materiallarından bəlli olur ki, 1942-ci il sentyabr ayının 16-da SSRİ Dövlət Müdafiə Komitəsinin 2309 nömrəli qərarını Zaqafqaziya Cəbhəsi qərargahının batalyon komissarı Vısotski əlbəəl M.C.Bağırova çatdırmışdır. Bu sənəd uzun illər ictimaiyyətdən gizli saxlanılmışdır. Tanış olun:

 

"Azərbaycan KP MP Bağırov yoldaşa təqdim etmək üçün

 

Zaqafqaziya cəbhəsi, Tülenov yoldaşa

 

Dövlət Müdafiə Komitəsinin 1942-ci il 16 sentyabr tarixli 2309 nömrəli qərarı ilə Beriya, Bağırov və Tülenov yoldaşların aşağıdakı təklifləri təsdiq edilmişdir:

1. Dağıstan MSSR-in dağ rayonlarının məhsul qıtlığından, quraqlıqdan və digər təbii fəlakətlərdən zərərçəkən kolxozçuları və əhalisi 1942-ci ilin vergilərindən və cari ilə qədərki borclarını ödəməkdən azad edilsin.

2. Dağıstan MSSR Xalq Komissarları Sovetinə icazə verilsin:

a) yüksək dağ rayonlarının qadın əhalisinin tələbatını nəzərə alaraq, Mahaçqala toxuculuq fabrikindən 150 min metr bez parça ayrılsın;

b) Dağıstana göndərilmiş taxılın 5 min tonu dağlıq rayonları üçün nəzərdə tutulsun.

3. ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin katibi Linkun vəzifəsindən azad edilərək ÜİK(b)P MK-nın sərəncamına göndərilsin.

4. Əziz Əliyev yoldaş Azərbaycan ÜİK(b)P MK katibi vəzifəsindən azad edilərək, ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin katibi təyin edilsin.

5. Əziz Əliyev yoldaş 58-ci ordunun hərbi şurasının tərkibinə daxil edilsin.

Dövlət Müdafiə Komitəsinin sədri İ.Stalin."

Fəqət müharibə illərində fürsətdən istifadə edərək Bağırov Dağıstanı Rusiya caynağından qopara bilmədi. Kremlin şovinist-daşnak məmurları Dağıstan ruspərəstləri ilə əl-ələ verərək qalib gəldilər. Həmin qara qüvvələr 1953-cü ildə Stalindən sonra Beriyanı məhv etdikdən sonra meydanda tək qalmış Bağırovla haqq-hesabı çürütdülər.

Əziz Əliyev Dağıstanda fəaliyyətinə Mir Cəfər Bağırov tərəfindən seçilmiş kadrlarla birlikdə başlamışdır. 1942-ci il sentyabrın 25-də Azərbaycan K(b)P MK Bürosu aşağıdakı qərarı qəbul etmişdir:

"Rəhbər işçilərin ÜİK(b)P Dağıstan Vilayəti Komitəsinin sərəncamına göndərilməsi haqqında ÜİK(b)P MK-nın 1942-ci il 24 sentyabr tarixli qərarına müvafiq olaraq, Azərbaycan SSR-dən Dağıstan Vilayət Partiya Komitəsinin sərəncamına aşağıdakı yoldaşlar göndərilsinlər:

   1. Bağırov Məmməd Saruxoviç - Azərbaycan K(b)P Nuxa Şəhər Komitəsinin birinci katibi

   2. Muradov Qeysər Ömər oğlu - Azərbaycan K(b)P Zərdab Rayon Komitəsinin birinci katibi

   3. Aydınbəyov Salam Müxtədiroviç - Azərbaycan K(b)P Xaçmaz Rayon Komitəsinin birinci katibi

   4. Bağırov Qazıməmməd Əbdülvahab oğlu - Quba rayonundakı 12 nömrəli sovxozun siyasi şöbə müdiri

   5. Həsənov Novruz İsa oğlu - Azərbaycan K(b)P Zaqatala Rayon Komitəsinin hərbi şöbə rəisi

   6. Cabbarov İbrahim Qəhrəman oğlu - İsmayıllı Rayon Maşın-Traktor Stansiyasının siyasi şöbə müdiri

   7. Əhmədov Şaiq Seyidəhməd oğlu - Şamxor rayon MTS-nin siyasi şöbə müdirinin müavini

   8. Muradov Nəsrəddin Şıxkərim oğlu - Azərbaycan SSR Ali Məhməkəsinin üzvü

   9. Quxmazov Hacı Bilal oğlu - Azərbaycan Dövlət Ticarət İdarəsinin direktoru

   10. Ağayev Şahbaz Ağa oğlu - Bakı şəhəri Keşlə rayonundakı 2 nömrəli peşə məktəbinin direktoru

   11. Əhmədov Məmməd Nurməmməd oğlu - 100 nömrəli Köçürülmə Məntəqəsinin rəis müavini

   12. İlyasov Musabəy Aydabəy oğlu - "Kaqanoviçneft" trestinin kommunal kontorunun direktor müavini

   13. Gildəyev Məcid Xəlil oğlu - Azərbaycan SSR Sosial-Təminat Komissarlığının emalatxana müdiri`

   14. Əbdürrəhmanov Əbdürrəhman Mahallı oğlu - Azərbaycan K(b)P Keşlə rayon komitəsinin təlimatçısı

   15. Şahbazov Abdulla Ramazan oğlu - Azərbaycan Dövlət Neft Kombinatının xidmət rəisi

   16. Vəliyev Allahverdi Mustafa oğlu - Dzerjinski adına zavodun mühəndisi

   17. Makatov Şirinbəy Osman oğlu - Orconokidze rayon maliyyə şöbəsinin müldiri

   18. Qəniyev Məcid Əbil oğlu - Quba rayonu dövlət tədarük idarəsinin müdiri

   19. Maqadayev Hadı Sultan oğlu - Azərbaycan Dövlət Neft-Kəşfiyyat Trestinin şöbə rəisi

   20. Şahmərdanov Məmmədrza Qazıməmməd oğlu - Bakı qənnadı fabrikinin direktoru

   21. Abuyev Rəsul Seyid oğlu - Volodarski adına fabrikin mexaniki

   ÜİK(b)P Dağıstan Vilayət Komitəsinin birinci katibi Əziz Əliyev yoldaşla razılaşdırmaya əsasən, siyahıda adları göstərilən yoldaşlar bu il sentyabr ayının 26-dan gec olmayaraq Mahaçqala şəhərində olmalıdırlar.

 

Azərbaycan K(b)P MK katibi M..Bağırov."

 

Dağıstana rəhbərlikdən əvvəl Əziz Əliyev Azərbaycan K(b)P MK katibi vəzifəsində olsa da, əslində İrana ezam edilərək, polkovnik rütbəsində xüsusi missiyanı yerinə yetirirdi. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Ə.Əliyevin İrandakı fəaliyyətini əks etdirən ayrıca qovluqlar vardır. Bu materialları ilk dəfə professor Cəmil Həsənli araşdırmış, 1998-ci ildə onun "Diplomat" nəşriyyatı tərəfindən "Güney Azərbaycan: Tehran-Bakı-Moskva arasında (1939-1945)" kitabı buraxılmışdır.

Arxiv sənədləri göstərir ki, vaxtilə H.Z.Tağıyevin vəsaiti ilə Peterburq Hərbi Tibb Akademiyasını bitirmiş nadir istedad sahibi təşkilatçı Əziz Məmmədkərim oğlu Əliyevin böyük yüksəliş yolu 1933-cü ilin dekabrında M.C.Bağırov Azərbaycan rəhbərliyinə gələndən sonra başlayıb. Onun şəxsi işi ilə tanışlıq bu həqiqəti sübut edir. 1934-cü il aprel ayının 1-də Əziz Əliyev Bakı şəhər səhiyyə şöbəsinin müdiri təyin olunmuş, bir il keçdikdən sonra, 1935-ci il yanvarın 14-də Azərbaycan Dövlət Tibb İnstitutunun direktoru vəzifəsinə təsdiq edilmişdir. Tibb İnstitutunun rəhbəri 1937-ci ildə eyni zamanda Azərbaycan Dövlət Universitetinə başçılıq etmişdir. Azərbaycan səhiyyəsinin təşkilatçılarından biri olan Əziz Əliyev SSRİ Ali Sovetinə ilk dəfə keçirilən seçkilərdə Üzeyirbəy Hacıbəyov, Mirzə İbrahimov, Mirəsədulla Mirqasımov başqaları ilə birlikdə Sovet parlamentinə deputatlığa namizəd göstərilmişdir. Naxçıvan MSSR Culfa seçki dairəsindən Ali Sovetin Millətlər Sovetinə namizəd irəli sürülmüş rektor haqqında Moskvaya şikayət ərizələri yol almışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan belə məktublardan birində deyilir: "Əziz Əliyev Millətlər Sovetinə deputatlığa namizəd irəli sürülmüşdür. Onun atası Məmmədkərim Şahtaxtı stansiyasında ticarətlə məşğul olmuşdur. Əziz Əliyev bu faktı tərcümeyi-halında yazmamışdır".

Bu "ciddi" siqnal 1937-ci il yanvar ayının 15-də verilmişdir. Lakin Əziz Əliyevin İttifaq parlamentinin deputatı olmasına əngəl olmamışdır. Bir il sonra, 1938-ci il iyul ayının 1-də Məmmədkərim kişinin oğlu üstəlik Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi seçilmişdir. M.C.Bağırovun təqdimatı ilə Əziz Əliyev iki dəfə Lenin ordeni ilə təltif edilmişdir.

Əllinci illərdə Kremlin ermənipərəst vəzifə sahibləri M.C.Bağırovun onun yaxın silahdaşlarının tərcümeyi-halına zərrəbinlə baxmağa başlamış yoxlamalar təşkil etmişlər. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Əziz Əliyev hədəfə alınmışdır. 1951-ci il iyun ayının 12-də Azərbaycan KP MK Bürosunun qərarı ilə "tərcümeyi-halında başqa sənədlərində doğmalarının yaxın qohumlarının əsl sosial vəziyyətini gizlətməklə partiyanı aldatdığına görə" ona töhmət elan edilmişdir.

Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Əziz Əliyevin öz dəst-xətti ilə yazdığı iki tərcümeyi-halı saxlanılır. 1950-ci il mart ayının 10-da yazdığı tərcümeyi-halında oxuyuruq: "Xaricdə heç bir qohumum yoxdur". 1951-ci il aprelin 24-də yazdığı tərcümeyi-halına isə əvvəllər bəlli olmayanları əlavə etmişdir: "Böyük bacım Tərlan İran mənşəli çörəkçi Sadıq Hacı Həsən oğluna ərə gedib. Bacımgil Bakıda yaşayarkən bir neçə dəfə onlarda olmuşam, sonralar heç bir əlaqə saxlamamışam. 1937-ci ildə bacım Bakıda qalması üçün kömək göstərməyi məndən xahiş etmişdir. Atam bir müddət Paşa xanın mehtəri olub, 1898-ci ildə başlayaraq, üç il kəndxuda olub. Anam irəvanlı İbrahimbəy Süleymanovun qızıdır. İbrahim bəy İrəvan tacirlərindən olub. Atam anamla evlənənə qədər iki arvad alıb. 1890-cı ildə anamı qaçırıb, buna görə anamın valideynləri bizim ailə ilə düşmənçilik münasibətlərində olub. Dayım Məhəmməd Süleymanbəyov İrəvan uyezdlərinin birində pristav işləyib, 1918-19-cu illərdə Bakıya köçüb, sonra Gəncə üsyanı zamanı güllələnib".

 

 

Teyyub Qurban

 

Ekspress.- 2010.- 26-29 iyun.- S. 14.