Yaqub Məmmədov...Özü də birincisi
...Kəndin tən
ortasında kolxoz binasının həyətində
işıq dirəyinə oxşayan namünasib yekə bir
ağacın başına pərçimlənmiş reproduktordan səs aləmə
yayılardı. Köhnələrin sözü,
televizorun çıxmayan, radionun
matah vaxtlarıymış onda. Hər gün səhərdən
axşama ağacın təpəsindəki
dəmir parçası kiriməzmiş. Xəbər, konsert, veriliş bir-birinə
calanarmış. Sahədə, əkində-biçində olan adamlar, günorta
həm dincini almaq, həm
də bir qismət çörək yemək
xatirinə özlərini verərmişlər bu ağacın altına. Xan
əmi, Zülfi bəy, Mütəllim kişi, Sara xanım
oxuyarmış. Camaat nəfəs çəkmədən
dinlərmişlər bu səsləri.
Hayıl-mayıl olub sakitcə dinşəyən
kim, başını yırğalamaqdan əldən-heydən
düşən kim. Beləymiş rüzgar, hər ay, hər
həftə, hər gün. İllah da yazdan
payızacan, havaların xoş vaxtı...
Aran Qarabağda - Bərdədə
muğama qiymət Şuşadan geri qalan deyil. Necə
olmasa Qarabağdı, üstəlik qədim
tarixi, ənənəsi olan
paytaxt şəhərdi Bərdə. Dədəm
danışardı ki, Xan
əmi adamların gözündə eyzən peyğəmbər
misallıydı. Ona yaxın düşməyi,
əl verib görüşməyi, kəlmə
kəsməyi hamı sanki möcüzə
sayırdı. Dövrün, zamanın belə
vədəsində Xan əmi bir yol Bərdəyə gələndə
yanında cavan, qarayanız, şivərək
oğlan gətirmişdi. Kolxozdakı,
başı radiolu ağaçın
böyründə traktorun lapetindən
"səhnə" düzəldilmişdi. Üstünə
xalça-palazdan sərib, stullar
qoyulmuşdu. Əvvəlcə qayda üzrə Xan oxudu. Sonra növbə o cağacan bərdəlilərin
düz-əməlli tanımadığı həmin oğlana çatdı. Bayaqdan
böyük xanəndəyə qulaq kəsilənlər eşitdikləri təzə
səsə heyran qaldılar. Ustad "bu qarabalanın
adı Yaqubdu, maa elə
gəlir gələcəkdə yerimi o tutacax" deyəndən
sonra uğultu qopdu. Alqış-alqışa
qarışdı. Bərdənin qonşuluğundakı
Ağcabədidən olan Yaqubun
bu bəlkə də ilk
ciddi sənət imtahanıydı. Demək,
o, sınaqdan üzüağ
çıxmışdı, həyata vəsiqə qazana bilmişdi.
Lap çoxdan, əlli
beş-altmış il əvvəl baş verən həmin
hadisədən sonra Yaqub taleyini birdəfəlik Bakıya
bağladı. Ev-eşik yiyəsi oldu, tanındı burda. Səsi radiodan eşidilməyə
başladı. Bərdədə kolxoz həyətində
onu görənlər neçə yol həmin başına radiodan
papaq qoymuş
ağacın altına yığışdılar, qara oğlanın bal kimi şirin, qaltanlı səsinə
qulaq asmaqdan ötrü. Və bəlkə hələ çox yığışacaqdılar, əgər
televiziya yaranmasaydı, radio
dəbdən düşməsəydi, kolxozdakı məşhur
ağacın kəlləsindəki "sehrli
qurğu" quru dəmir
parçasına dönməsəydi, lap sonra paslanıb göz
dağına çevrilməsəydi:
Azərbaycan muğam sənətində
sayseçmə imzaların içinə Yaqub Məmmədovun
adı hələ cavan yaşlarında yazıldı. Səs,
ifa, sənətkarlıq görənin, eşidənin
ağlını başından alırdı. Yaqub çox şey oxuyub: "Rast"
"Bayatı-Şiraz", "Çahargah",
"Şur", "Segah":
Əsas muğamlardan savayı onun səsinə-nəfəsinə bələnən
"Arazbarı", "Qarabağ
şikəstəsi", "Gül
açdı", "Boz at"
və sair var. Amma Yaqub Məmmədov deyəndə
göz önünə ən birinci "Mənsuriyyə" gəlir. Onacan və ondan bəri çox xanəndələr "Çahargah" oxuyub.
Yaddaqalanları da yetərincədi. Di gəl, Yaqubun ifasına
çatan çətin tapıla. Özü də maraqlıdı ki, "Çahargah"
bütünlüklə yox, məhz "Mənsuriyyə"siylə
əlçatmaz, ünyetməz zirvəyə yüksəlib. Yaqub səsiylə möhürlənib və
yalnız lentlərə yox, ürəklərin
başına yazılıb "Mənsuriyyə". Mən bunu tam əminliklə deyə
bilərəm, nədən ki, özüm həmin muğamı dinləməkdən
doymayan, dili-ağzı təpimiş kimi su yerinə içənlərdən
biriyəm. Xüsusilə Habil
kamanının iniltisinə qoşulub,
qıyya çəkən yerdə bu səs,
ifa adamın ürəyini oyum-oyum
oyur, yarasına duz
basır. Bunca təsir, bunca
ovsun hardandı? Bax,
ifanın hüsnü də ordandı.
Mən Yaqub Məmmədov
adında bir neçə nəfər tanıyıram. Amma heç şübhəsiz onların
sırasında xanəndə Yaqub Məmmədov
birincidi. Əlbəttə, birinci. Həm yaşda boyük, həm də sənətdə məşhur
olan xalq artisti zamansızlığına görə
mütləq başda dayanmalıdı.
Ayrı cür mümkünsüz.
Necə onilliklər boyu sevilən sənətkar,
rəsmi xalq artisti
adını altmış yaşında alsa
da, hələ çox
qabaq xalqın bu ada layiq gördüyü
Yaqub dayı ömru boyu dinməz-söyləməz gəzib. Onun dinib-danışmağı, oxuyanda gələrdi. Bir də
hərdənbir mənim kimi
qabağına əhli-qələm çıxanda. Bir zaman xoşbəxtlikdən
onunla kəlmə kəsməyə macal tapmışdım. Ustadın şirin, yapışıqlı səslə oxuduğu "Mənsuriyyə", "Şur", "Bayatı-Şiraz",
"Mirzə Hüseyn segahı" və
daha neçə təkrarsız inciləri
dinləməyə vaxt tapan
təki. Yaqub Məmmədov var olandan onunla
qolboyun səs ustadın gedişindən sonra da meydandı. Və hələ
nə qədər beləcə əzəmətlə, məğrurcasına
çağlayacaq Yaqub
ömrünün tərcümanı səs.
İllər öncə
bir qış gününün ilıq havalı vaxtında dəniz
qırağında elədimiz söhbətdən
yaddaşımda ilişib qalanları bayaqdan bəri söylədiklərimin
ardına qoşsam, yəqin pis çıxmaz. Məncə
yazımıza məntiqi tamlıq, ağzımıza dad gələr. Yaqub
tamı, Yaqub dadı-duzu...
Kaloritli, sadə-sayə
danışığıyla tanınan Yaqub Məmmədov
salam-kəlamın ardınca başlamışdı ki, bəs
a bacoğlu, çatan-çatan bir şəkil aparır, ta məndə
şəkil-zad qalmıyıb. Elə bunu güclə
tapıb gətirdim.
-Yaqub dayı, bu nə
sirri-xudadı ki, Siz hələ də əvvəlki
şövqnən, ustalıqnan oxuyursuz?
-Allahın milyon-milyon
möcüzəsi var. Yaradanın
kəramətinnəndi görünür.
Cavanlıqda deyirdim əllidə
oxumağı qoyacam qırağa. Sonra gördüm
əməlli-başlı oxuyuram,
çıxmadım meydandan.
-Sizin
musiqi təhsiliniz yoxdu. Bəs muəllimləriniz kimlərdi, demək olarmı?
-Vallah,
deyim ki, heç düz-əməlli
orta təhsilim də yoxdu, inanmarsan. Həqiqətdə cəmi altı
sinif oxumuşam.
Müharibə vaxtıydı, çətin
zamanıydı onda.
Düzdü, mən elə
çox əzab-əziyyət
çəkməmişəm. Balacalıqdan oxumuşam, müharibə
dövründə rayonumuzda
- Ağcabədidə bir
kənd-kəsək qalmazdı,
kedib konsert verərdik ki, camaat ruhdan düşməsin.
Qabağımıza bir tikə pendirdən, çörəkdən
qoyardıldar, ac qalmazdıx.
Xan əmini, rəhmətdik Mütəllim Mütəllimovu
özümə müəllim
hesab eləyirəm.
Onlara baxa-baxa, qulaq asa-asa öyrənmişəm...
Məşhurlaşan vaxtlarımda çox
yerdən dedilər ki, ay gəl, bu məktəbdə oxu, ay o məktəbdə
oxu. Dedim, yox qağa, tutalım yalandan attestat aldım, sonra da institut
oxudum, əşşi,
bir şey bilməyəndən sonra bunun nə xeyri?
-Təhsilsiz
xanəndəyə əngəllər
olmurdu?
-Allah sənə
insaf versin, nə əngəl olacaqdı, vəzifə tutmamışdım, heç
elə şeyin davasını da çəkmirdim. Nə tələb
eləyirdilər, sağlığına,
artıqlaması ilə
oxuyurdum. Mənim konsertlərimdən
"Azkonsert" bir dünya pullar qazanıb. Dövlətə nə qədər
xeyir vermişəm.
Ta hökumət bundan
sonra mənə mane olacaqdı?
-Siz danışığınızda, hərəkətinizdə təbiisiniz,
ölçü-biçi gözləyən
deyilsiniz. Çəkilişlərdə problem yaranmır?
-Elə
onu deyəcəkdim. Mən çox konsert yazdırmamışam, həmin
bu vaxt-zad, quru-quru kamera qavağında oturmaq məsələsinə görə.
O televiziyada gedən konsertlər də nətəri deyərlər,
birnəfəsə yazılıb.
Getmişəm, oturmuşam, qavalı
kötürüb başlamışam
oxumağa, çəkiblər.
Bir də oxuyub qurtaranda durmuşam ayağa. Vəssalam, iş bitib.
Ta ay burasın bir də oxu, orasını
bir də çəkək, heylə
şey olmayıb.
-İndi müğənnilər
çoxalıb. Bu Sizi qorxutmur?
-Qorxutmağına
qorxutmur. İntəhası bir şey pis olub ki,
bir-iki kəlmə bilən düşüb ortaya. Camaatın da zövqü
korlanıb ey. Yaxşı-yaman itib. Qabaq belə
şey nə gəzirdi. Hərə öz yerini
bilərdi. Sənə deyim,
bu mikrofon moda minəndən aləm lap qarışdı.
-Heç
səsiniz Sizi pis vəziyyətdə qoyub?
-Niyə,
elə hallar olub. Olub ki, oxumaq istəmişəm, səsim
sözümə baxmıyıb.
Allah canlarına dəyməsin camaatımızın,
üzümə vurmayıblar.
Artıqlaması ilə pulumu
da veriblər. Demişəm, bunu mənə
niyə verirsiz, axı oxuya bilmədim. Deyiblər, biz səni tanıyırıq,
halalındı.
- Yaqub
dayı, taleyinizdən
razısız?
- Narazı
olmağa haqqım yoxdu. Allah mənə
bu boyda səs bəxşeyiş verib. Bu səsin hesabına məşhurlaşmışam,
əlim çörəyə
çatıb... Mənə xalq
artisti adı veriləndə, inan Allaha xəbərim olmamışdı. Heç həsrətində
də deyildim. Camaat, xalq məni sevirsə, o elə hər şeydi. Həyatımda ad-sanımdan istifadə
eləməmişəm. İndi fikirləşirəm ki, ayə, mən nətəri heç nəylə maraqlanmamışam.
Cavan olmuşam dana, biclik-zad
qanmamışam (Gülür).
-Ailənizdən
danışmadız?
-Üç
qız, bir oğul atasıyam. Gərək ki, on da nəvəm
var. Hələlik yolumla
gedəni yoxdu. Sonrasını Allah bilir. Yetmişi
haqlamışam... Bircə müharibə
söhbəti ortadan yığışsa, hər
şey qaydasına düşəcək. Arzum budu
ki, Qarabağ torpağı azad olsun, bir də
o yerlərə gedək,
gəzib dolanaq. Vətəni
bərk qorumağı
unutmamalıyıq. Ta bu səfər torpaq getsə, qutardı ey, qiyamətəcən çətin
qayıda...
Bu söhbətdən sonra Yaqub Məmmədovun ömrü yetmişi bitirməyə, "Şöhrət"
ordeni, prezident təqaüdü almağa
yetdi, Qarabağın azadlığa çıxacağı
günəsə yox.
Amma nə qəm, nə qədər xanəndəni yaşatmaq
yolunda zəhmət çəkən Füzuli
müəllim kimi Yaqubsevərlər var, demək Qarabağı varlığından ayrı
sanmayanlar, bu torpaq alınmayınca dinclik bilməyənlər
sıralarımızdadı. Yaqub Məmmədov təki...
Seymur Elsevər
Ekspress.- 2010.- 30 iyun.-
S.23.