Teatr
adamı...
Rejissor
Rasim Aşın Bakıya vuruldu, İstanbula qayıtmadı
9-10
il əvvəlin
söhbətidir. Yuğ Teatrında
çalışan gənc türk rejissorunun fəaliyyəti teatrsevərlərin diqqət
mərkəzində idi. Çoxları
gözləyirdi ki, bu tələbə-rejissor
Bakıdakı təhsilini bitirdikdən sonra
ölkəsinə dönəcək.
Ancaq Rasim Aşın
təhsilini bitirdikdən sonra Azərbaycanda qalıb
çalışmağı qərara aldı və neçə
illərdir ki, ölkəmizi əcnəbi ölkələrdə
təmsil edir. Ötən əsrin sonlarından
"Ekspress"in oxucusu olan Rasim Aşın o illərdə dəfələrlə
qəzetimizin qonağı olmuşdu.
Bu dəfə biz
Yuğ Teatrında rejissor Rasim Aşının qonağı
olduq.
- 12 ildir Azərbaycanda
çalışırsınız, nədən burada
qalmağı seçdiniz?
- Bu sualı mənə
çoxları verir və heç zaman da bezmirəm, əksinə
böyük həvəslə cavab verirəm. Hətta irad
tuturlar ki, hər kəs Türkiyəyə can
atdığı bir vaxtda sən burada
çalışmağı tərcih etdin, məqsədin nədir?
Məqsədim teatr adamı olmaqdır. Demirəm ki, teatr sənətçisi
və ya teatr xadimi olmaq, yox, əsla, məhz teatr adamı olmaq
mənim başlıca məqsədimdir. Bundan əvvəlki
peşəm sadəcə ədəbiyyatla, mədəniyyət
xəbərləri ilə məşğul olmaqdan ibarət
idi. Ancaq teatr adamı olmaq mənim arzum olaraq
qalmışdı - Türkiyədəki şərtlər mənə
və mənim kimilərinə bu arzunu reallaşdırmağa
mane olurdu. Söhbət 90-cı illərdən gedir. İş
o nöqtəyə gəldi ki, jurnalistikada mədəniyyət
və incəsənət sahəsini özümə ixtisas
olaraq seçdim, mədəniyyət xəbərləri ilə
məşğul olmağa başladım. Mütəmadi olaraq
tamaşalara baxdım, səhnədəki insanları
görüncə yaxşı mənada onları
qısqanmağa başladım.
- Yəni, "mən
də orda ola bilərdim" fikri sizi rahat buraxmırdı?
- Təbii, başqa nə ola bilirdi ki...
Xoşbəxtlikdən tale məni
Türkiyədə çalışan
kinematoqrafçı Tofiq
İsmayılovla qarşılaşdırdı.
O, pedaqoq kimi Türkiyədə çalışır,
sənətinin sirlərini
türk gənclərinə
öyrədirdi. Mənim
Azərbaycana gəlişimdə,
yenidən təhsil almağımda və ən əsası teatr adamı olmağımda Tofiq İsmayılovun rolu oldu. Türkiyədə 25
yaşdan sonra teatr təhsili almaq mümkün deyildi, hətta teatr rejissorluğu üzrə təhsil sistemi də 2002-ci ildən fəaliyyət göstərməyə başlayıb.
Mən 29 yaşımda
ikinci dəfə Azərbaycan Dövlət İncəsənət Universitetində
təhsil alaraq teatr mütəxəssisi kimi yetişdim. 1998-ci ilin 3 oktyabrından bu yana Azərbaycanda
yaşayır, Azərbaycan
adət-ənənəsini, mədəniyyətini, ədəbiyyatını
öyrənir və ən əsası burada teatr adamı
kimi çalışıram.
- Deyirlər
ki, ilk təəssürat
daha təsirli olur...
- Doğrudur.
Çünki həyat
təcrübəmdə buna
dəfələrcə rastlanmışam.
Buraya ilk gəlişimdə
öncə şəhəri
dolaşıb Bakı
ilə yaxından tanış oldum. Akademik Milli Dram Teatrının səhnəsində
"Özümüzü kəsən
qılınc" tamaşasına
baxmaq üçün
bilet almaq üçün kassaya yaxınlaşdım. Orada
çalışan xanımın
"Siz türksünüz,
bizim qonağımız
olun, keçin ürəyiniz istəyən
yerdə oturub tamaşaya baxın" kəlməsini necə sıcaq deməsini heç unutmadım. Hələ tamaşaya baxınca yaranan marağı demirəm, o gündən bu yana daima Dram Teatrının tamaşaçısıyam.
Artıq orada hamı məni tanıyır. Bax Azərbaycanda ilk təəssüratım
belə başladı.
- Maraqlıdır,
Akademik Milli Dram Teatrına maraq göstərsəniz də,
çalışmaq üçün
Yuğ Teatrını
seçdiniz. Bildiyimə
görə, rejissor Vaqif İbrahimoğlu ilə tanışlıq sizin sənət həyatınızda yeni bir səhifə açıb...
- O vaxta
qədər klassik teatrı illər uzunu izləmişdim və bu gün
də bu proses davam edir.
Ancaq çalışmaq
üçün klassik
teatrı seçməyi
düşünmədim.
- Yəni,
standartdan çıxmaq
istədiniz...
- Bəli,
yeni bir şey yaratmağı, fərqli bir teatrı düşünürdüm.
2002-ci ildə təhsilimi
başa vurdum, o zamana qədər Yuğ Teatrında rejissor assistenti kimi çalışırdım.
Sonralar isə artıq burada Uşaq Teatrı yaradaraq fəaliyyət göstərməyə başladım.
Azərbaycanda daima sevgi, qayğı gördüm. Belə olan halda buranı
nədən tərk etməliyim ki? Axı bura da
mənim vətənim
sayılır. Mən
burada sırf sənətlə məşğul
oluram. Və sərbəst şəkildə
fəaliyyət göstərməyə
başladığım zaman
bir vaxtlar arzuladığım, amma gerçəkləşdirmək üçün fürsət
tapmadığım bir
arzumu həyata keçirməyi qərara
aldım-Oyun Uşaq Teatrını yaratdım.
Yaxşı deyiblər:
Niyyətin hara, mənzilin ora. 2005-ci ildə Yuğ Teatrının tərkibində
Azərbaycan Oyun Uşaq Teatrını yaratdım. Necə ki, Yuğ Teatrı
1988-ci ildə Akademik Milli Dram Teatrının nəzdində fəaliyyət
göstərərək bu
səviyyəyə çatıb,
eləcə də Oyun Uşaq Teatrı Yuğ Teatrının tərkibində
fəaliyyətə başladı.
- Niyə
məhz Oyun Uşaq Teatrı? Sadəcə Uşaq Teatrı da yarada bilərdiniz...
- Bu sualı
gözləyirdim. Oyun
məfhumu uşaqlar üçün bir anlamdır. Uşaq oynaya-oynaya öyrənir, oynaya-oynaya dünyanı dərk edir, hər şeyi bilir. Bu baxımdan da magistraturaya daxil olaraq "Uşaq teatrı necə olmalıdır"
mövzusu üzərində
işlədim. Əldə
olan ədəbiyyatlar,
dünya teatrı ilə olan bağlılıqlar
imkan yaratdı ki, uşaq teatrının
necə olması ilə bağlı bir mövzu ilə çıxış
edim və mövzunu müdafiə edim, etdim də...
- Uşaq
teatrı hansı yaşlı uşaqları
hədəf alır? Hər halda, kiçik yaşlı uşaqlar var, böyük yaşlı uşaqlar var və onların dünyaya baxışları
arasında yerlə göy qədər fərq var...
- Maraqlı
sualdır. Çox vaxt elə uşaq
tetarı deyərək
hər şeyin üstündən keçirik.
Doğrudan da, uşaqlar da müxtəlif yaşlarda olurlar. Məsələn,
5 yaşla 8 yaş, 10
yaşla 13-15 yaş arasında olan fərqlər çox olduğu kimi onların maraqları arasında da fərqlər var. Bu baxımdan
da ilk gündən belə qərara aldım ki, tamaşaları uşaqların
yaş psixologiyası
üzərində qurmalıyam.
Ancaq bunun üçün pedaqoji psixologiyanı bilməyə
ehtiyac duyulurdu. Məhz bu səbəbdən
aspiranturaya daxil oldum.
- Uşaqlar
üçün təqdim
etdiyiniz tamaşalar və həmin tamaşalarla əcnəbi
ölkələrə qastrol
səfərləriniz bir
daha göstərir ki, Oyun Uşaq
Teatrı tam zamanında
yaranıb.
- Təbii
ki, ilk vaxtlardan Azərbaycan və Türk nağılları
əsasında ortaq bir nağıl qəhrəmanları yaratdıq.
Sonra "Azərbaycanın
nağıl qəhrəmanları
səyahətdə" adı
altında ilk səfərə
Türkiyədən başladıq.
Türkiyənin 27 ayrı-ayrı
şəhərlərində Azərbaycanı anlatdıq,
Azərbaycandan bəhs
etdik. 4 yaşdan tutmuş 12-14 yaşlı
uşaqlara qədər
uşaq tamaşaçılarımıza
böyük maraqla tamaşalar təqdim etdik.
Təsəvvür edin ki, hər
yaşa bir tamaşa hazırladıq.
Yəqin ki, bir qədər qəribə səsləndi
eləmi? Bu saat aydın formada izah edəcəyəm. Deyək ki, "Tülkü, tülkü tünbəki, quyruq üstə nəlbəki"
tamaşasını hazırlayırıq.
Bu tamaşanı 4-5 yaşlı
uşaqlar üçün
bir cür, yuxarı yaş 6-7 yaşlı uşaqlar üçün bir qədər geniş formada onların davranışına, psixologiyasına
uyğun formada hazırlayırıq. Eyni
tamaşa, ancaq əlavələr etməklə
tamaşanı bir qədər uzadıb yuxarı yaşlı uşaqlara təqdim etmək - bax əsas məqsədimiz budur.
- Yəni,
Oyun Uşaq Teatrı hər yaşda uşaqlar üçün tamaşalar
hazırlayır, eyni zamanda təqdimat zamanı eyni yaşda olan uşaqların tamaşaçı
olmasına çalışır?
- Tamamilə
doğrudur. Bilirsinizmi,
mən dəfələrlə
uşaq teatrlarında
olmuşam və hər dəfə də görmüşəm
ki, fərqli yaşda olan uşaqlara təqdim olunan tamaşa onlar tərəfindən anlaşılmaz olaraq qəbul olunur. Kimisə baxmaq istəmir, kimisi dostu ilə birgə maraqla seyr etmək istəyir, başqa biri onlara mane olmaq istəyir və s. Ancaq hər yaşın öz tamaşası olduğu kimi, eyni yaşda da tamaşaçısı
olunca maraqlı olur. Eyni yaşda
uşaqlar artıq bir-birlərini yaxşı
anlayır və onlara təqdim olunan tamaşa da onların ürəyincə olur. Bir seansla bir
saat uşaqları narahat vəziyyətə salınca, bir neçə seansla yarım saat uşaqların marağını
cəlb etmək daha uyğun hesab olunur, mən
belə düşünürəm.
- Bu günə
qədər neçə
uşaq tamaşası
hazırlamısınız?
- 10-dan artıq
tamaşa ilə uşaqları sevindirmişik
və bu işdə də heç bir təmənnamız olmayıb.
Hətta gördüyümüz
işin reklamına belə ehtiyac duymadıq.
- Azərbaycanda
kino və teatr sahəsində çalışanlar sadəcə
fədakarlıqla məşğuldurlar,
çünki hər iki sahədə qazanc yoxdur...
- Mənə
elə gəlir ki, bizlər onsuz da sevdiyimiz
işlə məşğul
oluruq, ancaq uşaqları teatra cəlb etməyi bir alışqanlıq halına gətirmək üçün mütləq
məktəblər rol
oynamalıdır. Onlar
şərait yaratmalıdırlar
ki, nəticədə
də uşaqların
teatra olan gəlişi mütəmadi
şəkil alsın.
Arzu edirəm ki, dövlət səviyyəsində bu işə bir əncam çəkilsin, yəni, dövlət bu işə sahib çıxsın ki, uşaqlarımız da daima uşaq teatrlarında ürəkləri
istəyən tamaşalara
baxmaq şansını
qazana bilsinlər.
Ulduzə
Qaraqızı
Ekspress.-
2010.- 27 fevral-1 mart.- S. 18.