""Eurovision"da azərbaycanlı bəstəkarın əsəri ilə təmsil olunmalıyıq"

 

Tünzalə Ağayeva: "Xaricilər nə qədər peşəkar olsalar da, Azərbaycan xalqının özünəməxsus xüsusiyyətlərini dərk edə bilməzlər"

 

Tanınmış bəstəkar-müğənni, əməkdar artist Tünzalə Ağayevanı oxucularımıza geniş təqdim etməyə lüzum yoxdur. Çünki peşəkar səhnəyə çıxdığı ilk gündən bəstələdiyi mahnıları, məlahətli səsi ilə yaddaşlardan silinməyən ifası onun sevilməsinə səbəb oldu. Lakin burada bir həssas nüans da var. Bugünkü reallıqda Azərbaycanda sənətdə ilk addımını atan gənclər tezbazar məşhurlaşıb toy bazarına daxil olmaq üçün asan yolu tuturlar: həmkarları ilə qalmaqal yaratmaq. Lakin bu neçə ildə biz Tünzalə Ağayevanın kiminləsə qalmaqal yaratmağının şahidi olmadıq. O, gənc olmasına rəğmən, əsl sənət göstərməklə sənətdə ucalmağı bacaran xanım sənətçilərimizin siyahısına adını yazdıra bildi.

 

"Bizim musiqimizin "Eurovision"da səslənməməsi çox ziyanımızadır"

 

- Tünzalə xanım, bilirsiniz ki, "Eurovision-2010" mahnı müsabiqəsində təmsilçimiz xarici bəstəkarın mahnısı ilə çıxış edəcək. Artıq ikinci ildir ki, bu müsabiqədə iştirak edəcək mahnı xarici bəstəkarlara sifariş olunur. Bir bəstəkar kimi bu xəbər sizə necə təsir etdi?

- Mən həqiqətən içimdə bu halla barışa bilmirəm. Təbii ki, bu məsələdə heç kəslə qərəzimiz yoxdur. Arzu edərdim ki, əgər Azərbaycan bir ölkə kimi bu müsabiqədə iştirak edirsə, məhz azərbaycanlı bəstəkarın bəstələdiyi musiqi ilə təmsil olunsun. Çünki müraciət olunan xarici bəstəkarlar nə qədər peşəkar və populyar olsalar da, Azərbaycan xalqının özünəməxsus xüsusiyyətlərini, etnik tərəflərini, folklorunu, millətə xas olan musiqi nüanslarını dərk edə bilməzlər. Bunun üçün mütləq bu millətin nümayəndəsi olmaq lazımdır. Onsuz da Avropa əhli səhərdən-axşamadək avropalının musiqisini eşidir də. Mənə elə gəlir ki, onların diqqətini mütləq bizim musiqi cəlb edəcək. Bizim müasirliyə can atmağımız başa düşüləndir və bu lazımdır da. Lakin biz özümüzü Avropaya onların öz dilində təbliğ etməliyik. Burada müasir musiqi janrları hip-hop, disko-klub, xaos, rok, caz-rok, pop musiqisi də ola bilər. Yəni, dünyanın gündəmində olan müxtəlif musiqi janrlarına müraciət etmək olar. Üstəlik, aranjman məsələsi də xarici peşəkarlara həvalə olunsa, daha məqsədəuyğundur. Amma həmin əsərin kökündə Azərbaycan musiqisi dayanmalıdır. Çünki bizim musiqi çox zəngindir. Mahnıya qulaq asan hər kəs onda Azərbaycanı hiss etməlidir. "Eurovision"da əslində, biz nəyi təbliğ edirik- özümüzü. Bəs nə üçün öz musiqimizlə təbliğ etməyək? Mən, ümumiyyətlə, bu məsələdə nikbinəm. İnanıram ki, bu hal ənənəvi olmayacaq. Çünki "Eurovision", mənə elə gəlir, hələ uzun illər keçiriləcək. İnanıram ki, orada öz musiqimizlə iştirak edəcəyimiz gün də uzaqda deyil...

- Sizcə, elə fikir yaranmır ki, Azərbaycanda bu müsabiqəyə mahnı göndərəcək gücə malik bəstəkar yoxdur?

- Bəlkə də xarici tamaşaçı üçün bunun o qədər də əhəmiyyəti yoxdur. Çünki "Eurovision" müsabiqəsində bu, mütamadi olaraq rastlanan haldır. Bəzən bir dövlətin nümayəndəsi digər bir dövləti təmsil edir. Məsələn, ötənilki "Eurovision"un qalibi Aleksandr Rıbak belarusdur, amma Norveçi təmsil edirdi. Belə hallar mövcuddur. Amma bizim ehtiyacımız var ki, o müsabiqədə özümüzü təbliğ edək. Bizim musiqimizin orada səslənməməsi çox ziyanımızadır. Lakin onu da vurğulamaq istəyirəm ki, biz bu məsələnin içində olmadığımıza görə bəlkə də çox şeydən xəbərsizik. İşin içində olanlar problemi dərindən bilirlər. Bəlkə də onların arqumentləri daha tutarlıdır. Bəlkə onların müraciət etdikləri bəstəkarlar samballı əsər verməyiblər. Cürbəcür səbəblər ola bilər. Amma yenə də deyirəm, bu halın hər il davam etməsini arzulamıram və bunun qəti əleyhinəyəm. Bəli, mən xaricdən prodüserlərin gətirilməsinə razıyam. Qoy onlar gəlib burada prodüser mərkəzlərinin işinə düzgün istiqamət versinlər. Bu bizim sonrakı məhsullarımızın keyfiyyətinə müsbət təsir edəcək.

- Əvvəlki müsahibələrinizdə böyük-böyük səhnələrə çıxmağı arzuladığınızı və işinizi bu istiqamətdə quracağınızı deyirdiniz. Sonradan bir-iki müsabiqəyə qatılıb "Qran-Pri" ilə qayıtmağınız buna sübutdur. Amma bu, çox davam etmədi. Yoxsa, yerli toy biznesi sizi bu arzunuzdan çəkindirdi?

- Əslində, xarici səfərlərim çoxdur. Vaxtımın azlığından bəzilərindən imtina etmək məcburiyyətində də qalıram. Bəli, müsabiqələrə həmişə can atmışam...

- Amma "Eurovision"a getmək istəməmisiniz...

- "Eurovision", mənim fkirimcə, professional vokal imkanlarını tam göstərməyə imkan verməyən bir müsabiqədər. Bəzən burada elə ifaçılar yüksək yer tuturlar ki, adam dəhşətə gəlir. Çünki bu müsabiqədə qalibi peşəkar jüri seçmir, bunun strategiyası başqadır. Lap siyasi məsələləri də kənara qoyuram, bəzən çox gözəl ifa göstərən iştirakçı tamam diqqətdən kənarda qalır, bu istər-istəməz bir peşəkar musiqiçi kimi mənə pis təsir edir. "Eurovision", əslində, sırf sənətdən uzaq hansısa səhnəciklərin, şou-nömrələrin müsabiqəsidir. Bu gün məni Azərbaycan musiqisini təbliğ etmək üçün xaricdə keçirilən festivallarda iştirak etmək daha çox maraqlandırır, nəinki müsabiqələr. İki il dalbadal Çexiyada keçirilən "Barvena planeta" ("Rəngarəng planet" -red.) festivalında iştirak etdim. Bu yaxınlarda Hollandiyada keçirilən "Harlem" festivalına qatıldım. Çünki festivallar mədəniyyətlərarası ünsiyyətin möhkəmlənməsi üçün daha əlverişlidir. Ona görə də mən hesab etmirəm ki, passivəm. Mən bu gün xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarımızla möhkəm əlaqədəyəm. Dünyanın bütün qitələrində olmuşam, Avstraliyadan başqa.

- Amma xəbərimiz yoxdur...

- Niyə ki, mədəniyyətlə bağlı bütün ciddi internet saytlarında bu barədə mütəmadi olaraq məlumatlar gedir. İnternet istifadəçiləri sağ olsunlar, qalmaqaldan uzaq olsa da, barəmdə dərc olunan məlumatları oxuyurlar.

 

"Budəfəki parlament seçkilərinə  qatılmayacağam"

 

- Bugünkü reallıqda qalmaqaldan uzaq olmaqla Tünzalə xanımın Azərbaycan dinləyicisinin marağını necə cəlb etməsi bizim üçün çox maraqlıdır. O mənada ki, telekanallar camaatın zövqünü o istiqamətə yönləndiriblər ki, "filankəs zəif müğənnidir, dava-dalaş salmır"...

- Hər şey insanın öz mənəviyyatından asılıdır. Adam var, hamının diqqətini özünə cəlb etmək arzusundadır və buna görə ən asan yolu tutur, hamı ilə dalaşır. Mən belələrini ruhi xəstə hesab edirəm. Şou-biznes aləmində də qalmaqala meyl edənlər özləri ilə eyni mənəviyyata xas olan insanlara işləyirlər. Yəni onlara maraq göstərənlər də özlərinin səviyyəsindədir.

- Belə baxanda, şou-biznesin böyük əksəriyyəti bu yolu tutur. Belə çıxır ki, cəmiyyətdəki insanların böyük əksəriyyəti onlar kimidir?

- Gəlin, böyük əksəriyyəti deməyək, çünki bizim yetərincə ziyalı təbəqəmiz var. Vəziyyətin bu hala gəlib çatmasında mətbuat və ya televiziyanın böyük təsiri var. Bu bütün dünyada belədir. Rusiya, Türkiyə, Amerika şou-biznesində də ağıllılar da var, ağıldankəmlər də. Müğənni küçəyə çıxıb uzağı 2 nəfərə təsir edə bilər, əgər onu gündəmdə saxlayan olmasa, bundan başqa nə edə bilər ki?

- Sözlərinizdən belə çıxır ki, onları gündəmə gətirənlər millətin düşmənidir?

- Gəlin, buna mətbuat azadlığı kimi yanaşaq. Hər kəsə cəmiyyətdə imkan yaradılır. Mətbuat, televiziya yaxşı şeylərə də yer ayırır. Bilirsinizmi, burada bir çox məqamlar var- şəxsi-tanışlıq və kommersiya məsələləri...

- Bu onsuz da aşkardır, sadəcə, sizin telekanalları müdafiə etməyiniz qəribə gəlir. Bəlkə oradakı dostlarınızın xətrinə dəymək istəmirsiniz?

- Xeyr, mən həmişə səmimi olmuşam. Cəmiyyətdə baş verənlərə bir mövqedən yanaşmaq olmaz. Biz azad cəmiyyətdə yaşayırıq. Bu cəmiyyətdə ağıllılarla yanaşı, ağıllı görünmək istəyənlər də var, ağılsızlar da. Bir-iki fərdə görə bütün cəmiyyəti pisləmək olmaz. Pis xanəndəyə görə muğamata nifrət etmək olmaz. Həmçinin, bir-iki nüansa görə telekanalları millətin düşməni adlandırmağın tərəfdarı deyiləm. Mən bütün şou-biznes aləmindəki pisliklərə görə birbaşa telekanalları qınaya bilmərəm. Bu mənim səmimi fikrimdir.

- Hər bir xalqın mədəniyyəti və incəsənəti onun aynasıdır. Ona görə də bu işin icraçıları ilk növbədə şəxsiyyət olmağı bacarmalıdır. İnsanlara təsirinin böyük olduğunu nəzərə alaraq telekanallar birbaşa məcburdurlar ki, əsl sənəti, əsl sənət göstərəni təbliğ etsinlər. Deməli, sənətə dəxli olmayanları reklam etməklə telekanallar bilavasitə xalqın mədəniyyətini, incəsənətini, insanların zövqünü korlamaqla ağır zərbə vururlar. Telekanalların anası-bacısı xalqın cavan qızlarını xarici ölkələrdə satıb əxlaqsızlığa məcbur edən birisini hər gün reklam etməklə onu məşhur müğənniyə çevirməsi xalqa düşmənçilik deyil, bəs nədir?

- Bəli, mən sizinlə razıyam ki, bu kimi acınacaqlı hallar da var. Təbii ki, hər hansı pisliyin daşıyıcısı olan insanların qarşısı alınmalıdır. Telekanallar insanların tələbatını nəzərə alıb iş görür. Mənim zövqüm formalaşandan sonra heç bir telekanal mənə təsir edə bilməz...

- Siz Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində təhsil almış birisiniz. Bu işin peşəkarı olduğunuza görə sizə təsir edə bilməz. Sadə insanlarla müqayisədə ağı-qaradan ayıra bilirsiniz. Axı, hamı sizin qədər informasiyaya malik deyil...

- Mən özümü heç kəsdən üstün saymıram. Lakin burada bir təhlükəli məqam da var. İnsanlar arasında çox dəhşətli virus yayılıb, hamı sanki qana susayıb. Niyə əksər insanlar dava-dalaşa daha çox maraq göstərirlər? Sanki insanların içində humanist hisslər ölüb. Faciə də burasındadır ki, biz nöqsanlar barədə yalnız danışmaqla kifayətlənirik, cəmiyyət olaraq bunların aradan qaldırılmasına çalışmırıq. Ümumiyyətlə, bunları xırdalamağa çalışsaq, vaxtımızı hədər yerə sərf etmiş olarıq. Mənə elə gəlir ki, artıq nəfsimizə qalib gəlib yalnız özümüzü düşünməyə çalışmamalıyıq. Tünzalə bunları söyləməklə inqilabçılıq etməyəcək, onsuz da hamı bunu yaxşı bilir.

- Yeri gəlmişkən, Tünzalə Ağayeva nəfsinə nədə uduzur?

- Alış-veriş məsələsində nəfsimə uduzuram. Təbii ki, cibimin imkan verdiyi təqdirdə geyim əşyaları almağı xoşlayıram, burada məni heç nə dayandıra bilmir.

- İnqilabdan söz düşmüşkən, sizin siyasətə baş vurub millət vəkili seçilmək arzusunda olduğunuzu deyirlər. Bu xəbər doğrudurmu?

- Mən də bu barədə eşitmişəm. Bir məsələ var ki, insanlar səni orada görmək istəyəndə, sən özünü orada görə bilmirsən. Sən görmək istəyəndə də səni görmək istəməyəcəklər... Konkret olaraq deyirəm ki, budəfəki parlament seçkilərinə qatılmayacağam. Gələcəkdə isə çox şey ola bilər.

  

 

İltifat HACIXANOĞLU

 

Ekspress.- 2010.- 27 fevral-1 mart.- S. 19.