Koroğlu ilxıçı oğlu yox, əsilzadə imiş!

 

AMEA-nın Folklor İnstitutu yeni layihənin icrasına başlayıb. İrandan toplanmış keçmiş Sovetlər Birliyində nəşr olunmuş, həmçinin İranda işıq üzü görmüş ya toplansa da bəlli səbəblərdən çap oluna bilməmiş folklor nümunələrini əhatə edəcək bu layihənin ilk kitabı - "Koroğlu" dastanı artıq hazırdır.

Kitabı çapa hazırlayan və ön sözün müəllifi Əli Şamildir. "Əli Kamali arxivindəki variantlar" adı ilə çap olunan bu dastan barədə daha geniş bilgi almaq üçün "Azadlıq" radiosunun müxbiri Folklor İnstitutunda mifologiya şöbəsinin əməkdaşları Hikmət Quliyev və Səfa Qarayevlə görüşərkən maraqlı faktlar eşidib.

Səfa Qarayevin sözlərinə görə, elə dastanlarımız olub ki, xalqın repertuarında qalmayıb. Ancaq "Koroğlu" indi də yaşayır": Bu dastan Azərbaycan xalqı içində o qədər geniş yayılmışdı ki, bir variantla tamamlana bilməzdi. 1926-cı ildə Vəli Xuluflu bunu toplayıb çap etdirmişdi. Sonra folklorşünaslıqda daha geniş yayılmış Məmmədhüseyn Təhmasib variantı da ortaya qoyuldu. Daha sonrakı dövrlərdə Azad Nəbiyev variantı çıxdı. Müstəqillik dövründə müxtəlif arxivlərdə saxlanan variantlar, məsələn, "Koroğlu"nun Paris, Tiflis nüsxələri işıq üzü gördü".

Səfa Qarayev bildirir ki, "Koroğlu" Sovet dövründə daha çox Sovet dövlətinin ideoloji, sinfi mübarizəsinə sığışdırılıb. Ancaq dastanda daha böyük mübarizələrdən, qəhrəmanlıqlardan söhbət gedir. Ona görə də, o dövrlərdə müəyyən aşınmalara uğramış mətnləri təzədən çap etmək üçün bir layihənin icrasına başlanıb.

Hikmət Quliyevin sözlərinə görə, "Koroğlu"nun yeni variantının "Əli Kamali variantı" adlanmasının səbəbi Əli Əkbər oğlu Kamali tərəfindən toplanılması və onun arxivindəki əlyazmalar əsasında hazırlanması ilə bağlıdır.

Əli Kamali 1944-cü ildə İranın Ərat vilayətinin Bənd-Əmir kəndində doğulub. İxtisasca vəkil olub. Tehran Universitetində hüquq təhsili alıb. Gənc yaşlarından yaşadığı ərazilərdə yayılmış bayatılar, dastanlar diqqətini çəkib. "Şair təbli adam olub. "Nafilə" imzası ilə şeirlər yazıb. İran inqilabından sonra çıxan "Varlıq" dərgisinin ətrafında toplaşan ziyalılar arasında Əli Kamali də olub. Əli Kamali ilk dəfə XVIII əsrdə Savə bölgəsində yaşamış Tilimxan adlı xalq şairinin şeirlərini toplayır. Sonra yaşadığı ərazidə, türklərin - Şahsevənlərin, Əfşarların məskunlaşdığı bölgədə "Koroğlu"nun aşıqlar tərəfindən söylənən çoxlu variantlarının olduğunun fərqinə varır. Həm özü bu işə girişir, həm də tələbələrindən xahiş edir ki, bunları toplasınlar. O, 1996-cı ildə ürək xəstəliyindən vəfat edib və topladıqlarının çapını görə bilməyib. Kitabı Azərbaycanda çapa hazırlayan və ön sözün müəllifi institutumuzun əməkdaşı Əli Şamildir. Əli müəllim 1991-ci ildə Əli Kamali ilə görüşüb. Bu variantda Əli Kamalinin topladıqları, başqa şəxslərə toplatdırdığı və əlyazma şəklində əlində olan variantlar çap olunub".

Əli Kamali variantı tam təbiidir. Dastanın ideya məzmununa heç bir xələl gəlməyib. Bəzi mübahisəli məqamlara işıq salır. Bu variant dastanın poetikasını öyrənməyə daha çox imkan verir. Bu variantda dastanın boyları "Dədə Qorqud" boylarına daha çox uyğun gəlir.

Hikmət Quliyev deyir ki, Koroğlu sovet folklorşünaslığının təqdim etdiyi kimi sinfi mübarizə tərəfdarı olmayıb": Bizim variantlarda Koroğlunun ilxıçı olduğu göstərilir, bu variantda əsilzadə olduğu. Əksər dastanlarımızda qəhrəmanın kasıb sinifdən çıxması yer almır".

 

 

Ekspress.- 2010.- 2 mart.- S. 23.