Zeynəb Xanlarova: "Özümü Azərbaycan türkü kimi təqdim etməkdən qürur duyurdum"

 

"Çırpınırdın, Qara dəniz" mahnısını ilk dəfə SSRİ xalq artisti, Azərbaycanın korifey sənətkarı Zeynəb Xanlarova 1969-cu ildə Türkiyə Cümhuriyyətinə ilk qastrol səfəri zamanı ifa edib. Bu barədə SİA-ya verdiyi açıqlamada əməkdar artist, əsərin hazırki ifaçısı Azərin məlumat verib. O bildirib ki, Zeynəb xanım bu əsəri Sovet dönəmində Türkiyədə oxuyub: "Bu isə hər sənətçinin bacaracağı deyildi. İnsanı həbs edə, min yolla ləkələyə bilərdilər. Zeynəb xanım bunların heç birindən qorxmayıb".

Məsələyə aydınlıq gətirən Zeynəb Xanlarova bildirib ki, o dövrdə həmin mahnı Türkiyədə çox sevilən bir marş idi: "Sovet sənətçisi kimi bu mahnını ifa edəndən sonra Türkiyədə belə bir fikir formalaşıb ki, öz vətənimə -Sovet İttifaqına dönəndən sonra məni hökmən cəzalandıracaqlar".

Geri dönəndən az sonra isə Türkiyədə onun öldürülməsi barədə xəbərlər dolaşmağa başlayır. Hətta bu xəbərlər Türkiyə mətbuatında da yer alır. Həmin vaxtlar sərhədlər qapalı olduğundan, xəbəri dəqiqləşdirmək bir qədər vaxt tələb edir: "Bu mənə və xalqıma olan dərin məhəbbətin nümunəsi idi. Türklər mənim bu cəsarətimin- türk ordusunun Azərbaycana yürüşü münasibətilə yazılmış və Şura hökuməti qurulandan sonra məcburi şəkildə unutdurulan bir nəğməni ifa etməyimin hökmən bu şəkildə cəzalandırılacağını düşünürdülər".

Zeynəb Xanlarova Türkiyəyə səfərindən sonra da öz repertuarında "Çırpınırdın, Qara dəniz" mahnısına tez-tez müraciət etdiyini söyləyib. O qeyd edib ki, Türkiyədən sonra Avstraliya və Amerika, o cümlədən Avropa turnelərinə səfərlərinin əksəriyyətində bu mahnını sevə-sevə ifa edib: "O dövrdə "türkəm" demək Sovet vətəndaşı üçün çox böyük cəsarət tələb edirdi. Buna baxmayaraq, mən özümü Azərbaycan türkü kimi təqdim edir və bundan qürur duyurdum".

Qeyd edək ki, sözləri 1914-cü ildə Azərbaycan şairi Əhməd Cavad tərəfindən yazılan "Çırpınırdın, Qara dəniz" mahnısının musiqisini 1918-ci ildə Üzeyir Hacıbəyov bəstələyib. Mahnı Nuru Paşa komandanlığı və Osmanlı qoşunlarının Azərbaycan türklərini erməni-rus soyqırımından qurtarmaqda göstərdiyi qəhrəmanlıqlara ithaf olunub. Əsər şeir şəklində ilk dəfə 1919-cu ildə Əhməd Cavadın ikinci şeir kitabı "Dalğa"da dərc olunub. Şeirin əlyazmasının isə yandırıldığı, yaxud müsadirə olunduğu güman edilir. Əsərin Üzeyir bəyin əlyazması ilə yazılmış notu da mövcud deyil. 1918-ci ildə dahi bəstəkarın evi ermənilər tərəfindən yandırılarkən əsərin məhv olduğu, yaxud Üzeyir bəyin İrana məcburi mühacirəti zamanı itdiyi ehtimal olunur.

  

 

AYXAN

 

Ekspress.- 2010.- 12 mart.- S. 10.