Bu gün ilaxır çərşənbədir
Bu gün çərşənbələrdən
sonuncusu olan torpaq çərşənbəsidir. Bu çərşənbə
xalq arasında "Yer
çərşənbəsi" və "İlaxır Çərşənbə"
kimi də
tanınır. Novruz ərəfəsində
sonuncu çərşənbənin ən
vacib rolu var. Sonuncu çərşənbədə
yer oyanır, torpaq nəfəs alır. İnama
görə Torpaq
çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum
səpmək olar.
Sonuncu çərşənbə
bütün evlərdə bayram süfrəsi
açılır, cürbəcür yeməklər, əsasən
aş, şirniyatlardan paxlava, şəkərbura, şəkərçörək,
şorqoğal, badambura və s. bişirilir. Süfrədə
"s" hərfi ilə başlanan yeddi növ xörək
olmalıdır. Süfrəyə həmçinin sumax, sirkə,
süd, səməni, səbzi və s., bunlardan başqa
güzgü və şamlar, güzgünün üstünə
boyanmış yumurtalar qoyulur. Bayram süfrəsində bayram
xonçasının olması vacibdir. Xonçanın
ortasında səməni, hər ailə üzvünə
şam, boyadılmış yumurta qoyulur. Bunların da öz rəmzi
mənası var: şam od, işıq deməkdir hansı ki,
insanı bədnəzərdən qoruyur, güzgü
aydınlıq rəmzidir. Ənənəyə görə,
bayramın ilk günü hamı öz evində
olmalıdır.
Novruzdan əvvəl
axırıncı çərşənbə günü
yaşından və cinsindən asılı olmayaraq, hamı
tonqalın üstündən tullanmalıdır, özü də
yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə
və ya yeddi tonqalın hərəsinin üstündən bir
dəfə. Tonqal heç vaxt su ilə
söndürülmür. Özü sönəndən sonra
cavan oğlan və qızlar həmin tonqalın
külünü yığıb atırlar. Bu o deməkdir ki,
tonqalın üstündən tullanan bütün ailə
üzvlərinin bədbəxtçiliyi atılan küllə
birlikdə ailədən uzaqlaşdırılır.
Novruzla bağlı
olan falaçmaların əksəriyyəti sonuncu çərşənbə
günündə yerinə yetir. Deyilənə görə,
torpaq çərşənbəsində göydəki
ulduzları saydıqda ürəyində tutulan bütün
arzular yerinə yetər. Bu çərşənbənin
xarakterik xüsusiyyətləri papaqatdı, qapıpusma kimi adətlərdir.
Bundan başqa, axırıncı çərşənbə
axşamında niyyət edib qapı pusmaq da geniş
yayılıb. Bu gün nişanlı qızların, eləcə
də ürəyində böyük arzuları olan hər bir
insanın niyyət edib qapı pusması məsləhət
görülür. İnanclara görə, əgər bu
axşam xoş söz, xeyir xəbər eşitsən, ürəyindən
keçənlərin hamısı çin olar.
Bu gündə
turşulu, acı, şor yeməklər bişirilməz.
Süfrədə bərəkətli, bişirdikcə
çoxalan nemətlər olmalıdır.
Torpaq çərşənbəsində
də digər yola saldığımız üç çərşənbələrdə
olduğu kimi tonqal qalanmalıdır. Sonuncu çərşənbə
günündə bütün küsülülər
barışır, eyni zamanda bu gecədə nəhs söz
danışmaq olmaz.
Aytən NƏBİYEVA
Ekspress.-
2010.- 16 mart.- S. 5.