Böyük cazın sadə dahisi...
Onun müəllimi
anası Zivər xanım, doğulduğu İçərişəhər
və sahilində böyüdüyü Xəzər idi.
Çox sonralar Vaqif özü belə demişdi.
Dahi cazmen onların
hamısını, ümumiyyətlə, bütün
insanları sevirdi. Həyatsevərliyi, bəşərə məhəbbəti
qədim muğamla müasir cazın qovuşması və
şedevrlərin doğulması ilə nəticələnirdi.
Vaqif Mustafazadənin istedadı gənc yaşlarından
parlamağa başlamışdı: "Orero"ya musiqi rəhbərliyi,
"Qafqaz" caz triosunu yaratması, 26 yaşında Tallin
festivalında uğuru...
1960-cı illərin
sonunda "Leyli" caz kvartetini, az sonra "Sevil" vokal
instrumental ansamblını dünyaya gətirdi. Vaqifin ən
böyük uğurları da o illərdən başladı.
Monakoda ümumdünya caz kompozisiyaları müsabiqəsində
qalib gələn sənətçi bir il sonra Daşkənd
konsertində ömrünün son akkordlarını vurdu. 1969-cu
ildə ilk dəfə infarkt keçirən Vaqif 1979-cu ilin 16
dekabrında ölümün pəncəsindən qurtula bilmədi...
Cins şalvarlı, lopa bığlı bu caz dahisi bəsit
kommunist qafalı rəhbərlərin xoşuna
gəlmirdi. Onun yaratdıqlarını, fövqəladə
istedadını bəyənməmək
bir yana, zahiri əlamətlərə
də belə münasibət Vaqifi sıxırdı. Yamanca sıxırdı.
Ömrünün
çoxunu yaşadığı İçərişəhərdəki
qədim ev bu gün Vaqifin memorial muzeyinə dönüb. Ev
muzeyində hər şey - şəkillər, tək-tük
notlar, əlyazmalar, köhnə radio ondan yadigardı. Qədim
şəhərin daş yaddaşının, Vaqifli günlərin
harmoniyası var bu evdə. "Əzizə", "76",
"Mart", "Ayın 18-i", "Dan söküləndə",
"Melodiya", "Zibeydə", "Qızıl
üzük"ün tanış ladları eşidilir.
Ölümündən
iyirmi il sonra dahi cazmenin Bakıda ilk kompakt diski
buraxıldı. Daha aramızda olmayan Zivər xanımdan sonra
muzeyə rəhbərlik edən Afaq Əliyevanın köməyilə.
Afaq xanım həm də cazmenin adını daşıyan
xeyriyyə fondunu yaradıb. Deyəsən, gələcəkdə
Vaqifin xatirəsi yolunda çalışmaq, hey
çalışmaq niyyətində olanların
sırasında dayanmaq istəyir bu xanım. Nə gözəl.
Vaqif Mustafazadə bu
gün xoşbəxtdi: onu başa düşənlər, sevənlər
günü-gündən artır. Maestronun qızları - Əzizə
və Lalə isə o böyük cazmenin sənət
ömrünü uzadırlar.
16 mart Vaqif
Mustafazadənin ad günüdü.
Azərbaycan cazının
atası sayılan Vaqif bu fani
dünyada cəmi 39 il yaşadı. Onun ölümündən
30 il keçib və haradasa bu qənaətə gəlirsən, o, indiyədək
yaşaya bilməzdi. Ancaq, yaşasaydı, daha nələr yaranacaqdı, yarımçıq
qoyduğu "Muğam"
əsərini tamamlayacaqdı,
festivallar, müsabiqələr
dolaşacaqdı.
Bu gün Vaqifin
ömründən qat-qat artıq illər yaşayacaq əsərləri
qalıb: "Aman ovçu", "Bayatı Şiraz",
"Fantaziya", "Düşüncə",
"İmprovizasiya" "Ay pəri", "Əzizəni
gözləyərkən" və sair. Və bir də Vaqif
Mustafazadənin ruhu qarşısında borcundan çıxmaq
üçün görəcəyimiz işlər. Otuz ildən
bəri ili-ilə calamaqla həllini gözləyən işlər
və mənəvi borc.
Böyük sənətkar
təqribən 70 yaşlı Azərbaycan cazının ən
layiqli nümayəndəsi kimi tarixdə qaldı. O, əsasını
dünyadan nakam getmiş Pərviz Rüstəmbəyov və
sonradan çoxşaxəli yaradıcılığıyla
tanınan bəstəkar Tofiq Quliyevin qoyduğu, onların
ardınca Tofiq Əhmədov və Rauf Hacıyevin davam
etdirdiyi milli caz sənətimizin zirvəsi olacağını
yəqin heç zaman düşünməmişdi. Çünki
bu barədə düşünməyə Vaqifin nə həvəsi
vardı, nə də vaxtı. Tələsirdi. Sanki əcəlin macal verməyəcəyindən duyuq
düşmüşdü...
Bunca istedad sahibi, yüz illər boyu insanları duyğulandıracaq, zövqünü
oxşayacaq incilərin
müəllifi könül
xoşluğuna, qulaq dincliyinə, halal haqqına münasib iki kəlməlik tərifə, maddi imkana tamarzı köçdü dünyadan.
Əfsus. Ali təhsilini
bitirməməsi, ənənəvi
biçimdə görünməməsi
- bir sözlə zəmanəyə sığmaması
üzünə bütün
qapıları bağlamışdı.
Günəş üzünə
yalnız Monakodakı
uğurdan sonra gülməyə başlamışdı.
Başbilənlər istəməsə,
bədxahlar mane olmaq istəsə belə, bu parlaq qələbəylə
hesablaşmağa məhkumuydular.
Vaqifi geniş auditoriyalarla təmasdan gizlədənlər, yalqızlığa
məhkum etməyə
çalışanlar, indi
özləri miskin vəziyyətə düşmüşdülər,
hətta sarsılmışdılar.
Daha cazmeni gizlətməyin yolları
qalmamışdı. O, artıq
dünyaya çıxıb,
kimliyini sübuta yetirmişdi. Belə bir vaxtda ona
"əməkdar artist" fəxri adının verilməsi zorən razılaşma, Vaqifin qılığına girməyə
bənzəyirdi. Bundan
sonra "get bığını
qırx, sonra efirə çıxarsan"
deyən tapılmayacaqdı.
Bircə yaşamaq mümkün olsaydı. Vaqifin illərdən bəri çapılmış,
paralanmış, xal düşmüş ürəyi
tab gətirsəydi.
"Cənab
Mustafazadə, mən sizin kimi blüz
çala bilsəydim,
özümü xoşbəxt
sanardım!" Bu sözlərin
müəllifi Amerikanın
blüz kralı Bi-Bi Kinqdi.
Hələ 1966-cı ildə Tallində 26 yaşlı Vaqifin çalğısını dinləyən
Uillis Konover Vaşinqton radiosuyla aparıcısı olduğu
"Caz taym" verilişində heyranlığını
dünyaya belə çatdırmışdı: "Vaqif Mustafazadə ekstra-klass pianoçudu. Dünyada ona bərabər sənətkar
tapmaq çox çətindi. O, mənim
indiyə qədər
eşitdiyim ən lirik pianoçudu."
Məşhur İsveç cazmeni Benqt Danielsensə həmyerlimiz haqda tərifli sözləri
"Mustafazadə Şəhrizadın
1002-ci gecədə danışdığı
nağıldı" şəklində
ifadə eləmişdi.
O, sadəcə
Vaqif deyildi, cazın Vaqifiydi və həyata, hər şeyə Vaqifiydi...
Yetmişində xoş gördük,
Maestro! Ölümsüzlüyün mübarək!..
Seymur
Elsevər
Ekspress.-
2010.- 16 mart.- S. 9.