Hökumət hesabat verdi, parlament qəbul etdi

 

Milli Məclisin (MM) dünənki iclasında Azərbaycan hökumətinin 2009-cu ildəki fəaliyyəti barədə hesabat dinlənildi. Müzakirələrdə baş nazir Artur Rasizadə və Xarici İşlər Nazirliyi və güc nazirlikləri istisna olmaqla hökumət üzvləri iştirak edirdilər. Xatırladaq ki, Azərbaycan Konstitusiyasına görə, hökumət parlamentin yaz sessiyasının beşinci iclasında öz hesabatını təqdim etməlidir.

 

Baş nazirin nitqi  çaşqınlıq yaratdı

 

Əvvəlcə spiker Oqtay Əsədov millət vəkillərinə və bütövlükdə Azərbaycan xalqına ilaxır çərşənbə günü və qarşıdan gələn Bahar bayramı münasibətilə təbriklərini çatdırdı. Daha sonra hesabata toxunan spiker bildirdi ki, 2009-cu ildə Azərbaycan iqtisadiyyatında xeyli uğurlar əldə edilib. Onun sözlərinə görə, prezident İlham Əliyevin həyata keçiridiyi uğurlu siyasət nəticəsində Azərbaycan böhran vəziyyətini müvəffəqiyyətlə keçməyə nail olub.

Sonra baş nazir Artur Rasizadə hesabatı təqdim etdi. Baş nazir bildirdi ki, ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan sürətli inkişaf 2009-cu ildə də davam edib. Dediyinə görə, Azərbaycanın inkşafını xarakterizə edən əsas makrogöstərici-ümumi daxili məhsul (ÜDM) istehsalı 9,3 faiz və ya müqayisəli qiymətlərlə 3,7 milyard manat artaraq 34,6 milyard manata çatıb. Onun adambaşına düşən həcmi 7,9 faiz artaraq 3917,3 manat (4874,1 ABŞ dolları) təşkil edib.

Baş nazir bildirdi ki, 2009-cu ildə neft sektorunun və qeyri-neft sektorunun real artım templəri 2008-ci il ilə müqayisədə müvafiq olaraq 14,3 faiz 3,2 faiz olub. Hesabat dövründə ölkənin regionlarında 310 müəssisənin tikintisi başa çatıb, 276 müəssisənin inşası isə davam etdirilib. Regionlarda yeni istehsal və emal sənayesi müəssisələrinin tikilib istifadəyə verilməsi minlərlə iş yerinin açılmasına, yeni malların istehsalına və məhsul buraxılışının çeşidinin artmasına şərait yaradıb. Baş nazir həmçinin qeyd etdi ki, ötən il inflyasiya cəmi 1,5 faiz olub.

Onu da qeyd edək ki, A.Rasizadə Azərbaycan dilində yaxşı danışa bilmədiyindən çıxışı zamanı bir neçə anlaşılmaz ifadələr işlətdi ki, bu da deputatların və jurnalistlərin diqqətindən yayınmadı. Beləliklə, baş nazirin təxminən 45 dəqiqəlik hesabatından sonra spiker deputatları hesabatın müzakirəsinə dəvət etdi.

Çıxış edən YAP-çı deputatlar hesabatı yüksək qiymətləndirərək, hökumətin fəaliyyətindən razı qaldıqlarını ifadə etdilər.

Hadı Rəcəbli də hökuməti tərifləyərək bildirdi ki, bəzi adamlar mediada hökumətin fəaliyyətinə qeyri-obyektiv qiymət verirlər: "Bəzən bu dəyərləndirmələr yerli-yersiz olur. Bəzi adamlar tələb edir ki, ünvanlı yardım alanların adları açıqlansın. Məncə, bu, düzgün deyil. Dinimizdə də deyilir ki, bir əlin verdiyini digər əl bilməməlidir. Biz durub kasıb adamların adlarını divara yazacağıq ki, bunlar yoxsuldurlar"?

 

"Hökumət istefa verməlidir"

 

Pənah Hüseynin çıxışı zamanı isə zalda sükut çökdü. Müxalifətçi deputat YAP-çılardan fərqli olaraq hesabatı kəskin tənqid etdi. Bildirdi ki, 450 səhifəlik sənəddə Dağlıq Qarabağla bağlı bir cümləyə belə rast gəlməyib: "Azərbaycan hökumətinin qarşısındakı bir nömrəli problemi Qarabağ məsələsindən başqa heç nə ola bilməz. Ona görə də hesab edirəm ki, təkcə bu məsələyə görə, hökumətin istefası yetərlidir. Belə bir hökumətin hökumətlik etmək haqqı yoxdur".

Deputat baş nazirin çıxışına da diqqət yetirərək, 2007-ci ildə deputat Hüseyn Abdullayevin hökumətin hesabatı zamanı səsləndirdiyi fikirləri xatırlatdı: "İndi aramızda olmayan deputatlardan biri rəqəm nağılından danışmışdı. İndi də eyni şeyi görürük. Burada artımlar qeyd edilib. Yaxşı bilirsiniz ki, bu şişirdilən rəqəmlər neftin baha olduğu dövrdəki qiymətlərlə hesablanıb. Azərbaycan iqtisadiyyatında ciddi geriləmələr var. Bu geriləmələr maliyyə böhranı ilə bağlı deyil, cənablar. Bu geriləmələr iqtisadiyyatın neftdən asılılığı ilə bağlıdır. Hətta böhran baş verməsə də neftin qiymətindəki rəqslər iqtisadiyyatımız üçün hansı fəsadlara gətirəcək, bunu Allah bilir".

 

"Ət yeyirdik, indi ot yeyirik"

 

P.Hüseyn kənd təsərrüfatı sahəsində vəziyyəti də dözülməz adlandırdı: "Mətbuatda yazılıb ki, Maliyyə Nazirliyi bu sahəyə ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı faktlar aşkarlayıb. Hazırda Baş Prokurorluqda bu məsələ ilə bağlı araşdırmalar gedir. Fakt göstərir ki, bu sahəyə ayrılan vəsait korrupsiya yolu ilə mənimsənilir. Bu gün vəziyyət o həddə gəlib çatıb ki, obrazlı şəkildə desək, ət yeyən ölkədən ot yeyən ölkəyə çevrilmişik. Başqa sahələrdə eyni vəziyyətdir. Hesabatda yazılanlara inansaq, Azərbaycan yoxsulluq və işsizlik səviyyəsinə görə, Amerikadan, Avropadan öndə gedir. Cənablar, bu saxtakarlıq, yalançı rəqəmlər fokusu kimə lazımdır? Biz kimi aldadırıq"?

Pənah Hüseyn səhiyyə və təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin xərclənməməsindən də danışdı. Onun sözlərinə görə, bu sahələr elə bir sahədir ki, ən çox dəstəyə ehtiyacı var. "Amma korrupsiya yönümlü sahələrə ayrılan vəsaitlərin 70 faizi proqramsız xərclənir".

Hüseyn sonra üzünü hökumət üzvlərinə tutaraq belə dedi: "Sizə qarşı ən ciddi ittihamımız dünyanın ən korrupsioner, cinayətkar hökumət olmağınızdır. Siz faktiki olaraq, oliqarxlardan ibarətsiniz. Mən dövlət başçısına təklif edirəm ki, əgər islahat aparmaq istəyirsə, vəziyyəti dəyişmək istəyirsə, bu oliqarxlardan canını qurtarmalıdır. Biznes təfəkkürlü insanları bizneslə məşğul olmağa, dövlət təfəkkürlü insanları isə dövlətə xidmət etməyə yönləndirsin. Dövlətin idarəçiliyinə YAP-ın özündən də qabiliyyətli insanları gətirə bilər", - deyən deputatın fikrincə, xarici mətbuatda Azərbaycanın dövlət başçısının Dubayda mülklərə sahib olması barədə gedən informasiyalara İlham Əliyev münasibət bildirməlidir.

Deputat çıxışının sonunda tənqid etdiyi hökumət üzvlərinin Bahar bayramını təbrik etməyi də unutmadı.

Spiker O.Əsədov isə P.Hüseynin çıxışına belə reaksiya verdi: "Ay, Pənah Hüseyn. Sən çıxışını çox alovlu elədin. Amma görürəm ki, rəqəmlərdən başın çıxmır. Dövlət başçısı barəsində yazılan hər bir qəzet sözlərinə fikir vermək lazım deyil. İlham Əliyev sağına da baxır, soluna da. Dövlət başçısının apardığı siyasət xalqın gözü qarşısındadır. Təəssüflər ki, cılız danışıqlar burada deyilir".

Deputat Mübariz Qurbanlı hansısa mətbuatda yazılanlara fikir verməməyi məsləhət gördü.

Əli Hüseynov isə bildirdi ki, korrupsiya ilə bağlı hər hansı bir insanı ittiham etmək üçün gərək adamın mənəvi haqqı olsun: "Bu sözləri Milli Məclisdə səsləndirənlərin özlərinin adı vaxtı ilə korrupsiyada ittiham olunub. Onların hökuməti korrupsioner olub. Hər kəsin konstitusion mülkiyyət hüququ var. Bütün dünyada belədir. Parlamentarilər, hökumət üzləri Avropada da, MDB məkanında da mülkiyyət sahibidirlər. Sadəcə, bu məsələlər tənzimlənməlidir. "Maraqlar toqquşması haqqında" qanun qəbul olunmalı və burada o çərçivə müəyyən edilməlidir. Bu qanunun qəbulu faydalıdır, bu bütün dünyada belədir".

"Waşinqton Post" qəzetində Azərbaycan prezidenti ilə bağlı ittihamlara gəlincə, deputatın sözlərinə görə, vaxtilə Barak Obama seçkiqabağı platformasında bəyan etmişdi ki, bundan sonra ABŞ-ın İraqla bağlı xarici siyasətinin prioriteti dəyişəcək. "Yəni, daha çox prioritet Əfqanıstan seçiləcək. O zaman bir sıra analitiklər belə qeyd edirdilər ki, ABŞ İraqda neft gəlirlərinə nail olub, indi Əfqanıstanda narkotiklərə və narkotrafikə nəzarət etmək istəyir. Biz ki, bu məsələlərə ciddi reaksiya vermirik".

 

"Azərbaycana təzyiqlərin başında ABŞ dayanır"

 

Qüdrət Həsənquliyev də P.Hüseynin fikrini dəstəkləyərək bildirdi ki, hökumətin hesabatında Dağlıq Qarabağla bağlı məsələ öz əksini tapmayıb. "Dəfələrlə burda məsələ qaldırmışıq ki, hökumətin üzvləri olan xarici işlər naziri, güc strukturlarının rəhbərləri, o cümlədən müdafiə naziri hökumətin hesabatı zamanı Milli Məclisə gəlsinlər və onlara yönələ biləcək suallara cavab versinlər. Çox təəssüf ki, onlar bu gün də iclasa qatılmayıblar", - deyən Q.Həsənquliyev hazırda Azərbaycana qarşı çox böyük təzyiqlər yönəldildiyini bildirdi. Deputatın fikrincə, bu təzyiqlərin başında ABŞ dayanır: "Məqsəd Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsidir. Təzyiqlər müxtəlif xarakterlidir. İndiyə qədər görünməmiş səviyyədə ABŞ tərəfindən Azərbaycanda insan hüquqları, korrupsiya ilə bağlı məsələlər qaldırılır. Eyni zamanda, artıq bir ildən çoxdur ki, Azərbaycana səfir təyin olunmur. Mən ötən iclasda da dedim, bu, dost olmayan münasibətin ifadəsidir. Çox təəssüf ki, ABŞ-ın Azərbaycana təzyiq xarakteri daşıyan çirkin oyunlarında Müsavat Partiyası da, "Azadlıq" bloku da yer alıb".

 

Həsənquliyev   testə qarşı

 

Q.Həsənquliyev daha sonra hökumətin hesabatını qeyri-qənaətbəxş hesab etdiyini bildirdi. O, baş nazirin diqqətinə çatdırdı ki, orduda əsgərlərə qarşı cinsi təcavüz halları, zorlama faktları artıb.

Həsənquliyev ali məktəblərə test üsulu ilə imtahanların ləğv edilməsini də istədi. Onun sözlərinə görə, uşaqların ali məktəblərə daha çox repititorun köməkliyilə hazırlaşması təhsil sistemindəki ciddi problemlərdən xəbər verir: "Universitetə qəbul olan uşaqların 80-90 faizi repititorun köməyindən istifadə edir. Bizdə orta məktəbi bitirənlər iki imtahan verir, ancaq nəhayət ki, bu imtahanlardan biri ləğv olunmalıdır. Düşünürəm ki, artıq test imtahanlarının ləğv olunmasının zamanı gəlib çatıb. Orta məktəbdə bir buraxılış imtahanı olmalıdır, nəticəyə uyğun olaraq da ali məktəblərə qəbul keçirilməlidir", - deyən deputat çıxışının sonunda bildirdi ki, hökumətin fəaliyyətində müsbət məqamlar olsa da, ümumən hökumətin fəaliyyəti qeyri-qənaətbəxş hesab olunmalıdır.

 

Fazil Mustafa da hökumətin hesabatını tənqid etdi

 

İqbal Ağazadə isə hesabatdan yox, hökumətin Qarabağ probleminin həlli istiqamətində fəaliyyətsizliyindən danışdı. Onun sözlərinə görə, Madrid prinsipləri parlamentin müzakirəsinə çıxarılmalıdır.

Sonra spiker çıxışa yazılanların 40-dan çox olduğunu bildirərək, müzakirələrin kəsilməsini təklif etdi.

Beləliklə, səsvermə zamanı deputatlardan 100-ü lehinə, 8-i isə əleyhinə olmaqla hesabat qəbul edildi.

Sonda deputatlar Elman Rüstəmov və Xəqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinə üzv seçilməsi məsələsinə baxaraq buna müsbət münasibət bildirdilər. Rüfət Aslanov isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr təyin olunduğu üçün Mərkəzi Bankın İdərə Heyəti üzvlüyündən azad olundu.

  

 

Aqil Aslan

 

Ekspress.- 2010.- 17 mart.- S. 5.