Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Bağırov və Heydər Hüseynov
Mərkəzi Komitənin qərarı ilə əlaqədar
Heydər Hüseynovun xəstəxanadan yazdığı məktub
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi
Siyasi Sənədlər Arxivində saxlanılır.
İndiyədək
oxuculara gizli qalmış məktubda deyilir:
"Bakı,
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi
Bağırov yoldaşa
Sizin tərəfinizdən kitabımda aşkara
çıxarılmış səhvlərimi dərindən dərk
edirəm. Partiyamız və şəxsən
siz, yoldaş Bağırov, mənə layiq olduğumdan dəfələrlə
çox qayğı göstərmisiniz. Bu sətirləri mən
xəstəxanadan yazıram. Buraya məni reaktiv nevroz xəstəliyimin
baş qaldırması və əsəb gərginliyi nəticəsində
şərəfsiz hərəkətə yol verdiyimə
görə düşmüşəm. Həyatımın ən
ağır bu günlərində mən, yoldaş
Bağırov, sizə müraciət edirəm. Mənə
ayağa durmaqda kömək edin, partiyamızın və şəxsən,
yoldaş Bağırov, sizin mənə göstərmiş
olduğunuz etimadı öz ləyaqətli əməyimlə
doğruldacağıma əmin ola bilərsiniz.
Əziz yoldaş Bağırov, yalnız siz məni
öz təqsirim ucbatından düşdüyüm bu
çıxılmaz vəziyyətdən çıxara bilərsiniz.
H.Hüseynov
21 mart 1950-ci il."
Heydər
Hüseynovun sədaqətli dostu, 1950-ci ildə Azərbaycan
SSR Elmlər Akademiyası ictimai elmlər bölməsinin elmi
katibi vəzifəsində çalışmış
İmran Seyidov (bax: Sabir Əsədov. "Heydər
Hüseynov". Bakı. "Azərbaycan"
nəşriyyatı, səh. 88-89) həmin faciəli
anları belə xatırlayır: "Mən öz iş
stolumun arxasında oturmuşdum. Birdən
qapı açıldı və Heydər Hüseynov
qaşqabaqlı halda içəri daxil olub heç bir söz
demədən kabinetinə keçdi. Qapını
arxadan bağladı. Biz katiblə
qeyri-ixtiyari bir-birimizin üzünə baxdıq. H.Hüseynovun vəziyyəti bizi çox narahat etdi
və təşvişə saldı. Onu
heç vaxt belə görməmişdik. Lakin
yaxınlaşıb vəziyyəti soruşmağa da cürət
etmirdik. Otaqdan səs-səmir gəlmirdi.
Mən bir az da gözləyib əlimdəki
materialı oxumağa başladım. Birdən katib təlaş
içində mənə müraciət etdi: "İmran
müəllim, siz heç bir şey eşitmədiniz?" Qulaq asdım. İçəridən
boğuq səslər gəlirdi. Tez yerimdən
sıçrayıb kabinetə yaxınlaşdım. Qapı bağlı idi. Katibdə
ehtiyat açar var idi. Mən ondan açarı alıb
qapını açdım... Heydər Hüseynov iş
stolunun arxasında yox idi. Ətrafa boylananda
gördüm ki, kabinetinin o biri başında qoyulmuş dairəvi
jurnal stolunun arxasında kresloda yıxılıb
qalmışdır. Gözləri
bağlı idi. Hər iki biləyindən
yavaş-yavaş qan axırdı... Stolun
üstündə isə qana bulaşmış üzqırxan
tiyəsi vardı.
-
Siz nə etmisiniz? - deyə mən ona
yaxınlaşdım. Hər iki əlini kəsdiyi yerlərdən
bir az yuxarıda tutdum və bir-birinə
möhkəm sıxdım ki, heç olmasa qanaxma dayansın. Mənim ardımca kabinetə gəlmiş katibin rəngi
qaçmışdı. Mən ona dedim ki, ilk yardım
göstərmək üçün adamları köməyə
çağırsın. Bir neçə dəqiqədən
sonra akademiyanın o vaxtkı prezidenti, mərhum Musa Əliyev
hövlank kabinetə daxil oldu. Kresloda uzanmış Heydərə
nəzər yetirib tez hökumət telefonu ilə hara isə zəng
vurdu və baş vermiş hadisə barədə qısaca xəbər
verdi. O, telefonun yanında dinməzcə
durub gərgin vəziyyətdə cavab zəngini gözləyirdi.
25-30 dəqiqə keçəndən sonra
otağa tanımadığım iki nəfər daxil oldu.
Onlar da harasa zəng vurdular və sonra gözləməyə
başladılar. Öz aralarında
pıçıltı ilə danışırdılar.
Mənə elə gəldi ki, telefon zəngləri,
gözləmələr təxminən bir saat - saat yarım
çəkdi. Bütün bu müddət
ərzində mən Heydər Hüseynovun başı üzərində
dayanıb onun biləklərindəki kəsik yerlərini bərk
sıxmışdım. Demək olar ki,
qanaxmanı saxlaya bilmişdim. Xoşbəxtlikdən
kəsiklər də çox dərin deyildi. Nəhayət ki, çoxdan gözlənilən
telefon zəngi eşidildi və H.Hüseynovu indi urologiya xəstəxanasının
yerləşdiyi "leçkomissiya"ya apardılar. Xəstəxanaya çatan kimi H.Hüseynova ilkin həkim
yardımı göstərildi və Tale xanımı
çağırdılar.
Mən hər gün Heydər Hüseynova baş çəkirdim. Tale xanıma və mənə daimi
buraxılış vərəqələri
yazılmışdı və biz istədiyimiz vaxt xəstənin
yanına keçə bilirdik. Xəstəxanadan
çıxandan sonra mən hər gün H.Hüseynovun Poluxin
küçəsindəki 4 nömrəli evdə yerləşən
mənzilinə gedib ona baş çəkirdim".
Araşdırmalar göstərir ki, Mir Cəfər
Bağırov "öz təqsiri ucbatından
çıxılmaz vəziyyətə
düşmüş" Heydər Hüseynovu xilas
etmişdir. Azərbaycan
Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində Heydər Hüseynovun xəstəxananı tərk
etdikdən sonra M.C.Bağırova vurduğu teleqram da
saxlanılır.
"Bakı,
Azərbaycan K(b)P MK katibi Bağırov
yoldaşa
Özümdə cəsarət taparaq sizdən xahiş
edirəm ki, mənim işlə təmin olunmağım barədə
göstəriş verəsiniz.
Heydər Hüseynov
15 iyun 1950-ci il."
Mir Cəfər Bağırov partiya sıralarından kənar
edilmiş və tutduğu vəzifələrindən
çıxarılmış filosofun işlə təmin
olunmasına dair həqiqətən göstəriş
vermişdir. Heydər
Hüseynovun etibarlı tələbələrindən biri
olmuş filosof alim İrşad Əliyev (bax: Ramiz Əhmədov.
"Mir Cəfər Bağırov". Bakı "Nurlan" nəşriyyatı, 2004.
Səh. 156) bu barədə belə yazır: "Heydər
Hüseynovun birinci özünəqəsd cəhdindən xeyli
sonra Azərbaycan Dövlət Universitetinin rektoru, akademik
Abdulla Qarayev məni yanına çağırdı, sevinə-sevinə dedi: "Təcili get, Heydər
Hüseynova xəbər ver ki, onu Lenin adına Pedaqoji
İnstituta fəlsəfə müəllimi təyin etdilər".
Mən bu xəbəri professora
çatdırdım. Bir neçə
gündən sonra o, mənə 11 kitabın
siyahısını verib bunları kitabxanadan gətirməyi
xahiş etdi. O, Pedaqoji İnstitutda yeni vəzifəsinin
icrasına hazırlaşırdı. Birdən-birə
H.Hüseynovun evinə gələnlərin sayı artdı.
Onların bir hissəsi alimi inandırmağa
çalışırdı ki, o, mütləq
M.C.Bağırovla görüşsün. Başqaları
isə belə görüşün tamamilə əleyhinə
idilər. "Getmə,- deyirdilər,
- Bağırovun soyumuş qəzəbini yenidən
coşdurma. Yəqin ki, o, artıq sənin
Türkiyədə qohumların olduğundan da xəbər
tutub"".
O
zaman, 1950-ci ildə çoxları təsəvvürə gətirə
bilmirdilər ki, "H.Hüseynovun Türkiyədə
yaxın qohumları olduğundan" "M.C.Bağırov hələ
1937-ci ildən xəbərdar idi, bu faktları yüksək səviyyədə
ört-basdır edə-edə Heydər Hüseynovu MK-nın
ideoloji katibi vəzifəsinə irəli çəkmək
istəyirdi... Lakin 1949-cu ildə Mir Cəfər
Bağırovun Stalinə yazdığı "Dünya
daşnakları haqqında" məşhur kitabından sonra
Azərbaycana və onun yenilməz rəhbəri
M.C.Bağırova qarşı gizli səlib müharibəsi
hazırlanırdı. Məqsəd Leninin
vaxtında olduğu kimi, Azərbaycan türklərinin qədim
məskəni Qafqazı şaumyanlara həvalə etmək,
panislamist, pantürkizm, paniranizm və müridizm
şüarı altında Azərbaycan ziyalılarını məhv
etməkdən ibarət idi. Mir Cəfər
Bağırov xalqımızın Kreml daşnaklarına
qarşı çətin mübarizədə "Dədə
Qorqud"u qurban verib ziyalı elitamızı qoruyub
saxladı, müridizmə qarşı çıxıb azərbaycan
türkçülüyünü yaşatdı. 1950-ci il yanvar ayında ölkə mətbuatında
1937-ci il repressiyalarının əks-sədasını
özündə hifz edən rəsmi sənəd elan olundu:
"SSRİ Ali Soveti Rəyasət Heyətinin
fərmanı
Ölüm
cəzasının ləğv edilməsi haqqındakı fərmanın
dəyişdirilərək, bu fərmanın vətən xainlərinə,
casuslara və pozucu-təxribatçılara şamil edilməməsi
lüzumi haqqında müttəfiq respublikalardan, həmkarlar
ittifaqlarından, kəndli təşkilatlarından, habelə
mədəniyyət xadimlərindən alınan ərizələri
nəzərdə tutaraq, SSRİ Ali Soveti Rəyasət Heyəti
qərara alır:
1.
Ölüm cəzasının ləğv edlməsi
haqqında SSRİ Ali Soveti Rəyasət Heyətiqin 1947-ci il
26 may tarixli fərmanından istisna olaraq, vətən xainlərinə,
casuslara, pozucu-təxribatçılara qarşı ən
yüksək cəza olaraq ölüm cəzasının tətbiq
olunmasına yol verilsin.
2.
Həmin fərman elan edildiyi gündən qüvvəyə
minsin.
SSRİ
Ali Soveti Rəyasət Heyətinin sədri N.Şvernik
SSRİ
Ali Soveti Rəyasət Heyətinin katibi A.Qorkin
Moskva, Kreml, 12 yanvar 1950-ci il."
Bu
"tarixi" fərmandan sonra M.C.Bağırovun uzun illər
himayə etdiyi "vətən xaini" Yaqub Nəcəf
oğlu Hüseynovu - Heydər Hüseynovun böyük
qardaşını həbsdən qurtarmaq mümkün
olmadı. SSRİ Dövlət Təhlükəsizliyi
orqanlarında xalqımızın seçmə ziyalı
nümayəndələrinin qara siyahısı hazırlandı.
Sən demə, Bağırovun irəli çəkib
birlikdə işlədiyi silahdaşları və müxtəlif
sahələrdə çalışan soydaşlarımız
Türkiyəyönümlü imişlər. Türkiyədə qohumları olan və türkpərəst
mövqeyi ilə fərqlənənlər kimlərdir?
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Həsən
Əli oğlu Seyidov, Azərbaycan Kinemotoqrafiya Sənayesi
naziri Bağır Qasım oğlu Seyidzadə, Azərbaycan
K(b)P MK təbliğat və təşviqat şöbəsinin
təlimatçısı Səttar Balaməmməd oğlu Rəşidov,
Azərbaycan K(b)P Noraşen rayon partiya komitəsinin birinci katibi
İmran Hümbət oğlu Əliyev, Azərbaycan SSR Nazirlər
Akademiyasının prezidenti Musa Mirzə oğlu Əliyev, Azərbaycan
SSR Nazirlər Soveti yanında Dövlət Plan Komitəsinin sədr
müavini Mikayıl İbrahim oğlu Allahverdiyev, Azərbaycan
Yazıçılar İttifaqının üzvü, ədəbi
təxəllüsü "Osman Sarıvəlli" - Osman
Abdulla oğlu Qurbanov, Azərbaycan Yazıçılar
İttifaqının üzvü, ədəbi təxəllüsü
"Rəsul Rza" - Rəsul İbrahim oğlu Rzayev, Azərbaycan
Dövlət Filarmoniyasının direktoru Şəmsi Bədəl
oğlu Bədəlbəyli, Azərbaycan Yazıçılar
İttifaqının üzvü, ədəbi təxəllüsü
"Məmməd Rahim" - Məmmədrahim Abbas oğlu
Hüseynov, Azərbaycan Yazıçılar
İttifaqının üzvü, ədəbi təxəllüsü
"Zeynal Xəlil" - Zeynal Rza oğlu Xəlilov, Azərbaycan
Neft Zavodlar Birliyinin baş mühəndisi Vahab Səfər
oğlu Əliyev, Azərbaycan Konserv Trestinin rəisi Məlahət
İskəndər qızı Rəfizadə, S.M.Kirov adına
Azərbaycan Dövlət Universitetinin dosenti Məmmədhüseyn
Abbasqulu oğlu Təhmasib, Azərbaycan Elmi-Tədqiqat
Pedaqogika İnstitutunun direktoru Camo Adil oğlu Cəbrayılbəyli,
Naxçıvan MSSR Ali Məhkəməsinin sədri
Müslüm Məşədi Həsən oğlu Məmmədov,
Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət
Plan Komitəsinin sədri Müzəffər Əbilqasım
oğlu Sultanzadə, Şamxor Rayon Xalq Maarif Şöbəsinin
müdiri Mirhəbib Mirəskər oğlu Seyidov, Ucar rayon
sosial-təminat şöbəsinin müdiri İsmayıl Əsəd
oğlu Seyidov, Ucar rayon icraiyyə komitəsi Yol şöbəsinin
müdiri Nəsib Bağır oğlu Rəfizadə,
Budyonnı adına zavodun sex rəisi Zəkirulla Əli
oğlu Cəbiyev, İnşaat Materialları İnstitutunun
elmi əməkdaşı İbad İskəndər oğlu
Rüstəmov, Azərbaycan Dövlət Universitetinin müəllimi
Hidayət Məmməd oğlu Əfəndiyev, Bakı şəhərindəki
1 nömrəli məktəbin tədris hissə müdiri Ziynət
Cəfər qızı Tahirova, Xudat, Dəvəçi və
b. rayonlar üzrə "Kommunist" qəzetinin xüsusi
müxbiri Abdulla Bağırov, Göyçay rayonundakı 4
nömrəli məktəbin müəllimi Davud Həsən
oğlu Həsənzadə, Şamaxıda məktəb müəllimi
Mahmud Əhməd oğlu Əfəndiyev, Dəstəfur rayonu
Qabaqtəpə orta məktəbinin ədəbiyyat müəllimi
İsrafil Mahmud oğlu İsmayılzadə.
Teyyub Qurban
Ekspress.- 2010.- 15-17 may.-
S.14.