Həmişəcavan sənətkar

 

Dünən əməkdar incəsənət xadimi Arif Qazıyevin 72 yaşı tamam oldu

 

Əməkdar incəsənət xadimi Arif Qazıyev sayılıb-seçilən mədəniyyət xadimlərindəndir. Onun yaradıcılıq həyatına diqqət yetirsək, görərik ki, əslində, bir çox sahədə Arif müəllim birinci olub. Mərhum bəstəkar Qəmbər Hüseynlinin "Cücələrim" mahnısı ilk dəfə onun ifasında səslənib. İllər keçəcək bu mahnı bütün dünyanı dolaşacaq, məşhurlaşacaq, hətta bütün SSRİ-də məşhur olan "Nu, poqodi!" cizgi filmində səslənəcək:

- O vaxt 8-9 yaşım olardı, Gəncədə yaşayırdıq. Rəhmətlik Qəmbər müəllim bu mahnını mənə öyrətdi, həmin mahnı ilə Bakıda festivalda iştirak etdim və 1-ci yeri qazandım. Onda ağlımıza gəlməzdi ki, illər keçəcək bu mahnı dünyada məşhurlaşacaq. Bir nəfər dostum Yaponiyadan mənə zəng vurub dedi ki, burada məşhur bir kvartet var- "Qara qağayılar", onlar konsertdə "Cücələrim"i ifa ediblər. Həqiqətən, mənim üçün fəxrdir ki, Qəmbər Hüseynlinin mahnısını uzaq Yaponiyada ifa edirlər və bu mahnının ilk ifaçısı mən olmuşam. Heyf ki, o vaxt səsimi yazmayıblar. Bəlkə də yazıblar, amma mən Az.TV-də işləyəndə çox axtardım, tapa bilmədim.

Arif müəllim 9 yaşında ikən bu mahnını Mircəfər Bağırovun qarşısında oxuyub: "O vaxt festival filarmoniyada keçirilirdi. Konsertdən əvvəl bizə dedilər ki, "tovariş Baqirov" özü sizə qulaq asacaq. Konsertdən sonra Bağırov məni yanına çağırtdırdı, dedi ki, "Bakıda qal, sənin üçün hər şəraiti yaradım, musiqi təhsili al". Mən də ağlaya-ağlaya dedim ki, anamın yanına qayıtmaq istəyirəm. Çünki evimizdə aşkar danışmasalar da, böyüklərdən eşitmişdim ki, Bağırov cəlladdır. Ondan çox qorxmuşdum. O da gördü mən ağlayıram, güldü, yanındakı bir qadına dedi ki, "bu uşağı evlərinə yola salın". Mənə o qədər hədiyyə verdilər ki, onları evimizə gətirmək üçün bir neçə adam mənə kömək etdi... Mən indi də onun Bakıda qalmaq təklifinə "yox" dediyimə görə heyfsilənmirəm. Çünki atamı tutub güllələyəndə, mən heç doğulmamışdım. Anam bütün gəncliyini mənə həsr etdi, məni təkbaşına böyütdü və mən də onun əməyini itirmədim".

Sonralar Arif Qazıyev meylini aktyorluq sənətinə salır. Rza Təhmasib kimi nəhəng sənətkarın tələbəsi olur. Azərbaycanda televiziya açılanda, müsabiqədən keçərək efirə çıxan ilk diktorlardan olur.

İlk musiqili filmləri çəkən rejissor da Arif müəllim olub. Azərbaycanda muğam sənətinin tənəzzülə uğradığı dövrlərdə bütün çətinliklərə sinə gərib Muğam Teatrını yaradıb. Bu gün Muğam Teatrının qapısından içəri daxil olanda, sanki zaman qapısından keçib yüz illər əvvələ gedib çıxırsan. Bu məkandan əsl Azərbaycan ətri gəlir. Bu məkanın hər daşında tariximiz həkk olunub. Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Keçəçioğlu Məhəmmədin 100 il bundan əvvəl oxuduğu muğamlar bu daşlara hopub. bu məkandan bu gün muğam sədası, milli musiqimiz səslənir. Vaxtilə İçərişəhərdə tarixi binalar söküləndə, Muğam Teatrının yerləşdiyi "Karvansaray" da bu təhlükə ilə üz-üzə idi. Bu qədim binanın saxlanması məhz Arif müəllimin böyük zəhməti bahasına başa gəlib. Arif müəllimin yaratdığı Muğam Teatrı bir çox xanəndəni tanıdıb, məşhurlaşdırıb, ona şöhrət gətirib. Bu günün məşhur xanəndələri sənətdə ilk addımlarını bu teatrda atıb, burada bərkə-boşa düşüb, sənətkar kimi yetişiblər. O, bu gün ənənəsinə sadiq qalıb: gəncləri öz ətrafına cəmləyib, onların bir xanəndə kimi püxtələşməsində öz köməyini əsirgəmir. Bir rejissor kimi bəzən Arif müəllim "gözünün qurdunu öldürmək üçün" kliplər, musiqili filmlər çəkir: "Əslində, rejissor incəsənətin bütün sahələri barədə ətraflı məlumata malik olmalıdır. Bundan başqa, rejissorun borcudur ki, öz millətinin incəsənətinin tarixini bilsin. Mənim xoşbəxtliyim o olub ki, pillə-pillə incəsənətin bir çox sahəsindən keçmişəm. Uşaq vaxtı oxumuşam, tələbəlik vaxtı tamaşalarda iştirak etmişəm, televiziyanın ilk peşəkar diktorlarından biri mən olmuşam. Sonradan da başladım musiqili filmlər çəkməyə. Əgər mənim əvvəlcədən musiqi barəsində anlayışım olmasaydı, bəlkə işim çox çətin olardı, bu qədər nailiyyətləri əldə edə bilməzdim. Ona görə , gənclərə məsləhətim budur ki, dayanmasınlar, öz üzərilərində çalışsınlar, gecələr yatmasınlar, oxusunlar, öyrənsinlər. Rejissor ki passivləşdi, qanı getdi..."

Mayın 17-də Arif müəllim ömrünün 73-cü baharına qədəm qoydu. Əslində, kənardan baxanda, ona bu yaşı vermək olmaz. Yaşının bu çağında gənclik şuxluğunu saxlamağın öhdəsindən məharətlə gəlib. Biz bu həmişəcavan sənətkarı təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

  

 

İLTİFAT

 

Ekspress.- 2010.- 18 may.- S. 10.