Ofeliya Aslan dünyasını dəyişdi
Aktrisa ilə vida mərasimi bu gün evində
keçiriləcək
Azərbaycanın görkəmli
aktrisası Ofeliya Aslan
(Əfqanlı) dünən günorta saatlarında vəfat edib. Bu barədə APA-ya aktrisanın oğlu Hacı Eldar Aslan məlumat verib. Onun sözlərinə
görə, 71 yaşlı aktrisa 2 ilə yaxındır, xəstəymiş. Son günlər isə vəziyyəti lap
ağırlaşıb. Aktrisa ürək
tutmasından vəfat edib.
Ofeliya Aslanla vida mərasimi bu gün aktrisanın çalışdığı teatrın yanında- Azərbaycan prospekti, 13 ünvanında yerləşən evində olacaq.
"Anamla vida mərasimi öz evimizdə olacaq. Çalışdığı teatrın rəhbərliyinə
müraciət etsək
də, müsbət nəticə olmadı",
-bu sözləri də "lent.az"a açıqlamasında
O.Aslanın oğlu Hacı Eldar bildirib.
Onun sözlərinə
görə, anasının
vida mərasiminin keçirilməsi ilə bağlı teatrın direktoru Əliqismət Lalayevə müraciət edib: "Direktora bu barədə müraciət etdim. Ancaq müsbət
cavab almadım. Direktor
dedi ki, "bizə
icazə verilmir". Ona
görə də cənazə evdən götürüləcək".
Hacı Eldar
onu da bildirib
ki, Ofeliya Aslan Yasamal qəbiristanlığında
dəfn olunacaq: "Bakı şəhər İcra Hakimiyyətinə
müraciət etdik. Onlar da
Yasamal qəbiristanlığında yer ayırdılar".
Ofeliya
Aslan 27 yanvar 1939-cu ildə Bakıda görkəmli aktyor Rza Əfqanlının ailəsində doğulub. 1963-cü ildə M.A.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun
musiqili komediya aktyoru fakültəsini bitirib. 1963-cü ildən Musiqili
Komediya Teatrında əvvəl
xor artisti, sonra isə aktrisa işləyib.
Uzun müddət fasilədən sonra 1997-ci ildən yenidən
teatra qayıdıb.
O.Aslanın ilk
rolu "Durna" komediyasında Lalə obrazı olub. Bundan sonra
aktrisa get-gedə püxtələşərək
"Beşmanatlıq gəlin"də Gülnaz,
"Arşın mal alan"da Telli,
"Hicran"da Çarleston, "Axırı
yaxşı olar"da Dilbər, "Bankir adaxlı"da Səmayə və s. rolları ifa edərək
tamaşaçıların rəğbətini qazanıb.
O.Aslan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində
qastrol səfərlərində
olub. Moskvanın Operetta
Teatrında tamaşaya
qoyulmuş R.Hacıyevin
"Ana, mən evlənirəm" əsərində
Bibixanım rolunda çıxış
edib. Aktrisaya heç bir fəxri ad verilməyib.
O.Aslan Azərbaycanın korifey
sənətkarı Siyavuş
Aslanın keçmiş
həyat yoldaşı
olub.
AYXAN
Ekspress.- 2010.- 18 may.- S. 10.