Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Heydər Hüseynov

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

(əvvəli ötən  şənbə saylarımızda)

 

Bağırov   Heydər Hüseynov

 

Azərbaycan Yazıçıları İttifaqının orqanı "Ədəbiyyat qəzeti" səhifələrində "Literaturnaya qazeta"nın əks-sədası hökm sürmüşdür. 1950-ci il avqustun 17-də, Heydər Hüseynovun intiharından iki gün sonra qəzet Azərbaycan Sovet Yazıçıları İttifaqı XIV plenumunda Mirzə İbrahimovun Cəfər Xəndanın çıxışını dərc etmişdir.

Mirzə İbrahimovun "Ədəbiyyatımızın ideya saflığı və yüksəlişi uğrunda" məqaləsində oxuyuruq: "Müridizm və Şamil hərəkatını idealizə edən, onu xalq hərəkatı kimi qələmə verən Heydər Hüseynovun "Azəərbaycanda XIX əsrdə ictimai və fəlsəfi fikir tarixindən" adlı kitabı burjua millətçiliyi təzahürüdür və marksizmə zidd müddəalarla dolu zərərli bir kitabdır. Heydər Hüseynov öz kitabında Leninin "hər milli mədəniyyətdə iki milli mədəniyyət" haqqındakı göstərişlərinin ziddinə olaraq, inqilabdan qabaqkı Azərbaycan ədəbiyyatı və mədəniyyətini "vahid axın" şəklində alır, ayrı-ayrı yazıçı və alimlərə qeyri-tənqidi münasibət bəsləyərək onların görüşlərindəki mürtəce cəhətləri tərifləyir. Bizim ədəbi tənqidimiz isə H.Hüseynovun burjua millətçiliyi cəbhəsindən yazılmış, elmə və tarixi həqiqətə zidd olan zərərli kitabını vaxtında ifşa etməmişdir. Əksinə, yazılarında və ədəbi fəaliyyətində bu vaxta qədər bir sıra kobud səhvlər buraxmış, burjua millətçiliyi təzahürlərinə yol vermiş Məmməd Arif və Mehdi Hüseyn kimi ayrı-ayrı tənqidçilər bu zərərli kitabı tərifləyib göyə qaldırmışlar. Mən də Heydər Hüseynova yazdığım məktubla həmin kitaba düzgün qiymət verməmişəm. Mən Yazçılıra İttifaqının sədri olaraq, bizim qəzet və jurnalda onun təriflənməsi üçün məsuliyyət daşıyıram... Mir Cəfər Bağırov yoldaş bizim kobud siyasi səhvlə nəticələnən qüsurlarımızı tənqid etməklə, xalqa və partiyaya axıra qədər sadiq olmağın yolunu göstərmişdir, bizi daha böyük səhvlər buraxmaq xətasından xəbərdar etmişdir. M.C.Bağırov yoldaşın tənqidi irəli getmək istəyən, gələcəyi və inkişafı olan hər kəsə ancaq kömək edə bilər, onu sağlam yüksəliş yoluna çıxarar".

Cəfər Xəndanın "Burjua millətçiliyi qalıqları ilə mübarizəni zəiflətməməli" sərlövhəli məqaləsində deyilir: "M.C.Bağırov yoldaşın Bakı ziyalılarının yığıncağındakı məruzəsi yalnız tarix elmi sahəsində deyil, ədəbiyyat və ədəbiyyatşünaslıq sahəsində də yeni səhifələr açır. Öz elmi məruzəsində müridizm və Şamil hərəkatının əksinqilabi mahiyyətini tarixi sənədlərlə isbat və ifşa edən M.C.Bağırov yoldaş yalnız Azərbaycanda deyil, bütün SSRİ-də tarix elmi mütəxəssisləri qarşısında yeni vəzifələr qoymuşdur. Mərkəzi və respublika mətbuatı səhifələrində, habelə dərs kitabları tərtibi ilə məşğul olan müəssisələrdə son zamanlar bu məruzə ilə əlaqədar olaraq böyük dəyişikliklər aparılmaqdadır. Şamil və müridizm ilə məşğul olan tarixçilərin öz səhvlərini necə düzəltmək istədiklərini bu günlərdə "Bakinski raboçi" qəzetində çıxış edən professor Muxammedovun etirafı təsdiq edə bilər. Lakin nədənsə bizim bu sahədə kobud səhvlər buraxanlar, onlara deyilməyincə, öz səhvlərini səmimi etiraf etmirlər".

Mir Cəfər Bağırov isə Heydər Hüseynovun faciəsində başlıca rol oynamış Aleksandr Fadeyevin "öz səhvlərini" etiraf etməsinə nail oldu, üstəlik ən yüksək ali məclisdə, Moskvada Partiyanın on doqquzuncu qurultayında. Həsən Həsənov həmin məqamı (bax: yuxarıda adıçəkilən kitab, səh. 204-205) belə təsvir edir: "Oktyabrın 5-də qurultay açıldı. İşçi rəyasət heyəti seçildi. Bu dəfə məhdud sayda - 16 nəfər. Bağırov da rəyasət heyətinin tərkibinə seçilmişdi. Məruzə ilə ÜİK(b)P MK-nın ikinci katibi Malenkov çıxış etdi. O, fasiləsiz olaraq üç saat danışdı... Qurultayda Bağırov çıxış etdi. O, SSRİ Yazıçılar İttifaqını da tənqid etdi. O dedi ki, Yazıçılar İttifaqı Azərbaycan Yazıçılar İttifaqına lazımi diqqət yetirmir. Onun işi haqqında ya öz referentlərinin, yaxud da kənar şəxslərin informasiyaları əsasında mühakimə yürüdülür. Rəhbərlik Azərbaycan İttifaqının işinə vaqif olmur, onun işi ilə birbaşa tanış olmur.

Səhəri gün SSRİ Yazıçılar İttifaqının sədri Fadeyev çıxış etdi. O, Bağırova cavab verərək dedi ki, yoldaş Bağırov, Hüseynovun kitabı sizdə çap olunub, onu hazırlayıb nəşr edən respublikanızın təşkilatlarıdır, buna SSRİ Yazıçılar İttifaqı neyləsin?

Bağırovun çıxışında Hüseynovun kitabı haqqında bir kəlmə də söz yox idi. Bu məsələ artıq həll olunmuş hesab olunurdu. Ona görə də Bağırov rəyasət heyətində çox əsəbiləşdi. O gah Malenkova yaxınlaşdı, gah da Molotova.

Sonra Bağırov bizə dedi ki, o, tələb edib ki, bu faktı yoxlamaq üçün komissiya yaradılsın. Yəni yoxlansın görək Bağırov Hüseynovun kitabı haqqında danışıbmı? O, tələb edib ki, Suslovu komissiyasının tərkibinə salmasınlar. Nə üçünsə o, Suslovu sevmirdi. O, xahiş edib ki, Pospelovu komissiyaya salsınlar. Belə də ediblər. Komissiya öz fikrini rəyasət heyətinə bildirib. Bundan sonra Fadeyevdən aşağıdakı məzmunda yazılı bəyanat daxil oldu: "Mən Bağırov yoldaşın çıxışını eşitməmişəm. Mən öz çıxışımı yazmaqla məşğul idim. Mənə Bağırovun çıxışı barədə yoldaşlar çatdırdılar. Əgər mənim çıxışımıda ona toxunan qeyri-dəqiqlik vardırsa, onda yoldaş Bağırovdan üzr istəyirəm".

Bu məktub qurultay nümayəndələrini silkələyib həyəcana gətirdi ki, Fadeyev respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi qarşısında üzr istəyir. Fadeyev sovet xalqının sevimlisi idi. Bu, bir çox rus təşkilatlarının heysiyyətinə toxundu".

Bəli, "Sovet xalqının sevimlisi" Azərbaycan xalqının sevimlisi Heydər Hüseynovu "hörümçək toruna" saldığına görə Mir Cəfər Bağırovun düşməninə çevrilmişdi, daşnak Marietta Şaginyan kimi. Bu yerdə Mir Cəfər Bağırovun dönməzliyi barədə Azərbaycan K(b)P MK-nın keçmiş ikinci katibi Mirhəsən Seyidovun dedikləri yada düşür: "M.C.Bağırov dostluğa sədaqətli idi. Lakin dostlarından kimsə yolunu azsa, saxtakarlıq, satqınlıq, xəyanət etsə, o, belə adamdan dərhal üz döndərir, onu öz yolu üstündən götürürdü. Mən hesab edirdim və indi də hesab edirəm ki, belə hallarda o, düzgün hərəkət edirdi. Onunla onbirillik birgə işim dövründə belə faktlarla və hadisələrlə dəfələrlə qarşılaşmışam. Amma zərbə alanlar bunu ədalətsizlik, onlara qarşı yanlış, qərəzli münasibətin nəticəsi kimi qələmə verməyə can atırdılar". (Bax: "Mir Cəfər Bağırov xatirələrdə". Toplayanı, işləyəni və çapa hazırlayanı Ramiz Əhmədov. Bakı, 2006, səh.85)

Əfsuslar olsun ki, bu gün də üzdəniraq tarixçilər "rus təşkilatlarının heysiyyətinə toxunmaq istəmirlər", Şeyx Şamilin də, Heydər Hüseynovun da qisasını rus imperiyasından deyil, Mir Cəfər Bağırovdan almaqda davam edirlər.

 

 

Teyyub Qurban

 

Ekspress.- 2010.- 28-31 may.- S. 14.