Abidə əvəzinə...

 

Cümhuriyyət bayramınız mübarək!

 

92 il əvvəlin 28 mayında Azərbaycan öz küllərindən yenidən doğdu. Və 23 AY yox yerdən var olan bir dövlətdə, bir ölkədə "daşlar"ın yerinə oturması üçün az, olduqca az bir müddət idi. Ancaq yoxdan dövlət YARADANLAR bunu bacardılar, gələcək istiqbalımız üçün nələrə imza atmadılar ki...

Millətimizin millətlər içində imzası oldu, Azərbaycan adlı bir dövlətin yarandığı elani-cahan edildi - ONLARın ruhu qarşısında baş əymək, minnətdar olmaq üçün yalnız bu bəs deyilmi?!. Tarix felin şərt şəklini sevmir, amma təsadüfü qəbul etmir: O Cümhuriyyət olmasaydı, biz yenidən millətlər içinə çıxa bilərdikmi? Yaratdıqları bayraq bəs etdi ki, 20 il əvvəl kölgəsinə sığınıb yenidən pərvazlana bilək...

I Cümhuriyyətin vur-tut 700 günlük ömründə ONLARIN baneyi-karı olduqları nəhəng işlərin miqyası göstərir ki, bu ALİ ZATlar nələrə qadir imiş, bolşevik işğalı olmasaydı, Azərbaycan üçün gör, nələri edə bilərmişlər!..

Bəlkə hansısa "səhvlər"i etdilər, görən səhv edər, süqut qaçılmaz oldu s. i.a. Bayram günü nədən bunlardan danışaq, bu, heç nəcib deyil. Gerçək olan milli davanın -Böyük Məmməd Əmin Rəsulzadənin dediyi kimi, MÜQƏDDƏS CİDAL-ın müstəqil Azərbaycanın TƏMƏLinin qoyması və "milli ruhun ölməz, öldürülməz" olmasında idi. Digər tərəfdən, hərbi-siyasi və sosial-iqtisadi kataklizmlər məngənəsində sıxılan, saymaqla qurtarmayan obyektivsubyektiv çətinliklərlə üzləşən gənc respublikanın rəhbərliyinin yox yerdən dövlət qurması, parlament yaratması, cəmiyyət həyatını, iqtisadiyyatı normallaşdırmaq istiqamətində qazandığı uğurlar və səhvlər- bütün bunlar Azərbaycan tarixinin ən şanlı və müqəddəs səhifələridir.

28 MAY (müstəqillik) çox-çox əvvəl şüurlarda, beyinlərdə vird edilirdi, milli qurtuluşun konsepsiyası, azadlıq suverenliyin fəlsəfəsi idelogiyası fikirlərə hakim kəsilməkdə idi ("Bəs sən haradasan, ay biçarə vətən?!"), Məmməd Əmin Rəsulzadə dövrün digər millət ataları isə ideyanı sonuca vardırdılar - istiqlalı TƏSBİT etdilər.

Məmməd Əmin 28 Mayı "müasir Azərbaycan cəmiyyətinin dahi Mirzə Fətəli ilə başlayan milli tərəqqi mədəni inkişafı"nın dövrün milli istiqlal məfkurəsinin nəticəsi kimi xarakterizə edirdi. Cümhuriyyətin 11-ci ildönümündə yazırdı: "Azərbaycan xalqı 28 May Bəyannaməsi ilə bir milliyyət olaraq əsrlərdən bəri təəzzüf edilən (barəsində danışılan) sənələrdən bəri genişlənərək nəhayət, siyasi şüur milli ehtiyac halına gələn DAVASINI təsbit ilə mədəni millətlər ailəsi içində bir millət olaraq yaşamaq əzmində olduğunu bütün cahana elan etdi".

ONLAR millət üçün elə nəhəng işlər gördülər ki, ondan əvvəl, ondan sonra bu İŞİN tariximizdə çətin ki, analoqunu tapmaq mümkün olsun. Lakin millət etdi?

Min təəssüf ki, o nəhəng şəxsiyyətlərə layiqli qiymətimiz, izzəti-ehtiramımız üstündən 92 il keçəndən sonra hələ meydan da yoxdur, cümhuriyyət qurucularının abidələri Bakının, bölgələrimizin park meydanlarını hələ bəzəmir.

Təbii ki, bunun QURUCULARa olan sevgimizə, minnətdarlığımıza isti-soyuğu yoxdur. Zira ONLARın abidəsi ürəyimizdə, könüllərimizdə və yazılarımızdadır. Və ABİDƏyə onların yox, məhz bizim özümüzün ehtiyacı var...

 

 

Q.Həmidoğlu

 

Ekspress.- 2010.- 28-31 may.- S. 2.