Mənsum İbrahimovun 50 illiyi
dövlət səviyyəsində qeyd edildi
Beynəlxalq Muğam Mərkəzində Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum
İbrahimovun 50 illiyinə
həsr edilmiş yubiley tədbiri keçirilib.
Azərbaycan prezidentinin sərəncamı
ilə "Şöhrət"
ordeni ilə təltif olunan xalq artistinə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev tərəfindən orden təqdim edilib.
Nazir Mənsum İbrahimovun yaradıcılığından
söz açıb, onun Azərbaycan səhnəsində ən
uzunömürlü Məcnun
olduğunu vurğulayıb:
"Hər bir azərbaycanlı sevinir ki, bu Vətənin
Mənsum İbrahimov kimi sənətkarı var.
O,
həm insanlığı, həm də sənətkarlığı
ilə xalqın böyük sevgisini qazanıb. Ona bu ordeni təqdim etməkdən
şərəf duyuram".
Gecədə Mustafa Çəmənlinin ssenarisi əsasında hazırlanan, Mənsum İbrahimovun həyat və yaradıcılığına
həsr edilmiş
"Zirvəyə ucalan
səs" sənədli
filminin də nümayişi təşkil
edilib.
Akademik Vasim Məmmədəliyevin
aparıcılığı ilə keçən yubiley tədbirində çıxış edən
akademik Bəkir Nəbiyev Mənsum İbrahimovun ifasını
dinləyəndə yorulmadığını,
özünü göydə
hiss etdiyini vurğulayıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, Milli Musiqi Konservatoriyanın
rektoru, xalq artistləri Siyavuş Kərimi, xanəndələr
Arif Babayev, Canəli Əkbərov, Əlibaba Məmmədov və başqaları yubilyarı təbrik edib, ona arzularını
bildiriblər.
Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
tədbirdə Səkinə
İsmayılova, Nəzakət
Teymurova, Aygün Bayramova, Zabit Nəbizadə, Səbuhi İbayev, Təyyar Bayramov və digərlərinin ifaları
dinlənilib.
Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanan, sənətkarın həyat və yaradıcılığını
əks etdirən sərgi də nümayiş etdirilib.
Yubiley tədbiri xalq artisti Mənsum İbrahimovun ifası ilə başa
çatıb.
Qeyd edək
ki, Mənsum
İbrahimovun 50 illik yubileyi münasibətilə növbəti tədbir doğulub boya-başa
çatdığı
Ağdamda keçiriləcək.
Xanəndənin sözlərinə görə, bununla bağlı artıq Ağdam Rayon İcra Hakimiyyətinin təklifini
alıb: "Yubiley tədbiri yaxın günlərdə, təxminən
bir həftədən
sonra baş tutacaq. Mən Ağdamda,
xüsusən də cəbhə bölgəsində bu tədbirin təşkil olunmasını çox vacib hesab edirəm. Çünki
Ağdam da, erməni
tapdağında olan digər
rayonlarımız da əzəli Azərbaycan
torpaqlarıdır. Qoy hamı bilsin ki, Qarabağ
bizim torpağımızdır, bizim də olacaq".
Mənsum İbrahimov onu da bildirib ki, yubiley tədbirlərinin sonu olaraq dekabr ayında Heydər
Əliyev Sarayında solokonsert verəcək.
AYXAN
Ekspress.- 2010.- 4
noyabr.- S. 14.