Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı
məhkəmələrdən biri Mir
Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv
materialları əsasında
araşdırıb.
(1954-cü il aprel ayının 2-də
keçirilən Azərbaycan KP MK-nın Büro iclası)
MUSTAFAYEV - Mirzəyevdən
soruşmaq istəyirəm, 1917-ci ildə o nə işlə məşğul
idi?
MİRZƏYEV - 1917-ci ildə
Ağcabədidə partizan dəstələrində idim.
YAKOVLEV - Kimin komandanlığı
altında?
MİRZƏYEV - Adil bəy
Hindarxskinin. Onu türklər əsir aldılar, incitdilər və
məhv etdilər.
YAKOVLEV - Dəstənizdə
neçə adam vardı?
MİRZƏYEV - Yerli adamlar,
hindarxlılar, təqribən 150 nəfər.
YAKOVLEV - Onlar nə ilə
silahlanmışdılar?
MİRZƏYEV
- Əvvəllər Qarabağda hamının silahı
vardı.
YAKOVLEV - Dəstə öz
qarşısında hansı vəzifəni qoymuşdu?
MİRZƏYEV - Dəstə general
Xosrov bəy Sultanovun əraziyə daxil olmasına imkan verməməli
idi.
YAKOVLEV - Siz kimə kələk gəlirsiniz?
Elə çıxır ki, əvvəlcə sovet hakimiyyəti
uğrunda vuruşmusunuz, sonra da müsavat pristavı olmusunuz?
Kimi aldadırsınız, kimin gözündən pərdə
asırsınız? Əlimizdə yüzlərlə sənəd
var, həqiqəti deyin, 1917-1918-ci illərdə nə
edirdiniz?
MİRZƏYEV - Mənə
inanmırsınızsa, Gilvar kəndinə gedin, oradakı
adamlar sizə deyərlər ki, mən 1917-ci ildə Ağcabədidə,
ona qədər isə Qaradonlu rayonunda olmuşam.
YAKOVLEV - Siz partizan dəstəsində
neçə ay olmusunuz?
MİRZƏYEV - O vaxta kimi
Ağdama türk komendantı daxil oldu, dəstəmiz də
dağıldı. Həmin dəstəni Adil bəy
yaratmışdı, onu bolşevik adlandırırdılar.
YAKOVLEV - Sizin dəstəniz sadəcə
olaraq bir bandit dəstəsi idi. Yaxşı bilirsiniz ki,
Bağırov da banda başçısı olmuşdur.
MİRZƏYEV - Bunu sizdən
eşdirəm, Bağırov bizim evə 1920-ci ildə ayaq
basmışdı, hardan biləydik ki...
YAKOVLEV - Necə hardan biləydik,
Bağırov özü avtobioqrafiyasında
yazmışdı ki, partizan dəstələrində
olmuşdur, əslində isə bandalarda, sizin kimi.
MUSTAFAYEV - Bəs Kürdəmirdə
necə peyda olmusunuz?
MİRZƏYEV - 1917-ci ildə mən
Xəlfərəddində idim. 1918-ci ildə Bakıya gələndə
Abdulla və başqaları ilə əlaqə saxladım.
Qubernator idarəsində mütərcim vəzifəsinə
işə götürüldüm. Buradan məni Kürdəmirə
ezamiyyətə göndərdilər. Mən orada bir ay
qaldım, həmin vaxt hansısa Şirəli bəyi həbsə
aldılar. Bakıya qayıtdım. Kommunist küçəsində
məni həbs edib, mərkəzi türməyə
saldılar. Orada Ərəblinskinin qatili Farux Zeynalov ilə bir
kamerada idim.
YAKOVLEV - Sizi nə
üçün həbs etmişdilər?
MİRZƏYEV - Şübhəli
ünsürlərlə əlaqədə olduğum
üçün. Mən həmişə Abdulla Əzizovu
mühafizə edirdim.
ƏFƏNDİYEV - Mən Musayev
yoldaşla söhbət etmişəm. O bildirib ki, Mirzəyevi
Ucarda sovet hakimiyyəti qurulandan sonra 1920-ci ildə
görmüşdür, Mirzəyev isə deyir ki, Ucara və
Göyçaya Azərbaycanda Sovet hakimiyyəti
qurulmamışdan qabaq gəlmişdir.
YAKOVLEV - Nə üçün
sizi təqib edirdilər? Azərbaycan xalqının inqilabi rəhbəri
kimi? Siz ki, inqilabdan pristav yanına qaçmısınız. Əgər
əqidəli inqilabçı olsaydınız, inqilab qələbə
çalanda sevinərdiniz, meydandan qaçmazdınız. Deyin
görək, türklər hansı ayda Qarabağda idilər?
Yazırsınız ki, "kommunistlərə və sovet
işçilərinə qarşı repressiyalara
başlandı". "Atam məni Ucar stansiyasına kommunist
Abdullayevin yanına göndərdi ki, orada gizlənmək
imkanlarını müəyyənləşdirim". Axı
nə üçün gizlənirdiniz?
MİRZƏYEV - Ona görə gizlənirdim
ki, Bakı quberniya idarəsində öz adamım olsun, gizli
işimi davam etdirim, məhz 1918-ci ilin avqustunda yoldaşlar məni
həmin məqsədlə Bakı quberniya idarəsində tərcüməçi
vəzifəsinə yerləşdirmişdilər.
YAKOVLEV - Siz gizli fəaliyyət
naminə tərcüməçi işləyirdiniz? Deyin
görək, tərcüməçi işləməyinizlə
gizli təşkilatın xeyrinə axı nə etmisiniz?
MİRZƏYEV - Mən Kürdəmir
rayonunda ezamiyyətdə olanda, Şirəli bəy adında
bir nəfər Moçalova familiyalı bir qadını qətlə
yetirmişdi. Bu barədə quberniya idarəsinə dərhal
məlumat verdim.
MUSTAFAYEV - Deyirsiniz ki,
1917-ci ildə partizan olmusunuz. Partizan - möhkəm əqidəli inqilabçı
deməkdir. Siz özünüz isə avtobioqrafiyanızda
yazırsınız ki,
1917-ci ilədək, yəni
çar hakimiyyətinin
devrildiyinədək hələ
inqilab Ağcabədiyə
gəlib-çatmamışdı. Siz guya məcburən inqilabçılığa atılmısınız.
1920-ci ildə polisə qəbul edilməyiniz də inqilabçılığınızdan irəli gəlirdi. Siz ki, öz ərizənizlə
polisdə işləmisiniz.
MİRZƏYEV - Mən ərizə
yazmışdım ki, məni tərcüməçilik
işimə bərpa etsinlər.
YAKOVLEV - Sizi kim həbsə
almışdı və nə qədər həbsdə
olmusunuz?
MİRZƏYEV - Məni daxili
işlər naziri Ağabəyovun göstərişi ilə həbsə
almışdılar və 96-cı cəza kamerasına
salmışdılar. İki ay orada qalmışam. İttiham
irəli sürülürdü ki, guya şübhəli
ünsürlərlə əlaqə saxlamışam. Abdullayev
yoldaş bunları yaxşı bilir.
YAKOVLEV - Hansı əsaslarla sizi
azadlığa çıxardılar?
MİRZƏYEV - Çünki
heç nəyi sübut edə bilmədilər.
MUSTAFAYEV - Bütün bunlardan sonra
necə oldu ki, sizi Kürdəmirə göndərdilər?
MİRZƏYEV - Mən tərcüməçi
kimi, Fərzəlibəyov yoldaşa kömək göstərmək
üçün ora göndərilmişdim.
MUSTAFAYEV - Kürdəmirdə nə
qədər qaldınız?
MİRZƏYEV - Bir
aydan çox.
MUSTAFAYEV - Kürdəmirə sizi qubernator göndərmişdi, eləmi?
MİRZƏYEV
- Bəli.
MUSTAFAYEV - Bəs onda niyə
avtobioqrafiyanızda yazırsınız ki, Kürdəmirə
gizli fəaliyyət göstərən təşkilat tərəfindən
göndərilmisiniz?
MİRZƏYEV - Siz necə fikirləşirsiniz,
əgər gizli təşkilatdakılarla əlaqədə
olmasaydım, necə ola bilərdi ki, birdən-birə Qubadan
Göyçaya yollanım? Məni komissar təyin etsinlər?
YAKOVLEV - Lap Beriya kimi... yumurtadan
çıxan kimi Bağırovun müavini oldu.
MUSTAFAYEV - Yoldaş Mirzəyev, mən
1918-ci il Kürdəmir məsələsindən söhbət
edirəm, siz isə 1920-ci ildə baş verənlərdən.
Yazırsınız ki, 1918-ci ildə gizli iş
tapşırıqlarını yerinə yetirmisiniz, hətta sovet
hakimiyyəti quruculuğunda rolunuz olub. Partiyaya nə vaxt
keçmisiniz?
MİRZƏYEV - 1941-ci ildə.
MUSTAFAYEV - Bəs niyə əvvəllərdə
yox?
MİRZƏYEV - 1924-cü ildə
partiyaya qəbul məsələm baş verib. Xarici iş
üzrə şöbənin rəisi idim. Bu vəzifəyə
Kirovun zəmanəti ilə təyin olunmuşdum. Biz bir binada
yaşayırdıq, o, ikinci mərtəbədə, mən
üçüncüdə. Bitərəf idim, vəzifəm
isə partiyada olmağı tələb edirdi. Günlərin
bir günü Kirov mənə dedi ki, partiyaya qəbul sənədlərini
hazırla. Mən cavab verdim ki, axı indi qəbul
dayandırılıb. O dedi ki, Cənizadə yoldaşın
yenına get, de ki, müstəsna olaraq zəmanətimlə sənədlərini
hazırlasın. Belə oldu. Məsələmin müzakirəsində
Bağırov və Sviridov da iştirak edirdilər. Kirov Azərbaycandan
gedəndən sonra Bağırovun şəxsən özü
Miçurinə söyləmişdi ki, partiya qəbulu məsələsində
Mirzəyevə mane olmuşdur.
MUSTAFAYEV - Siz partiya
sıralarına qəbul olunarkən ərizənizə
Bağırov tərəfindən verilmiş zəmanət
kimi bir mandatı da əlavə etmisiniz. Budur, sizin partiyaya qəbul
sənədlərinin və burada Bağırov tərəfindən
verilmiş zəmanət vərəqinin notariat surəti. Bunu niyə
işinizə əlavə etmisiniz?
MİRZƏYEV - Bu mandat mənim atamındır.
MUSTAFAYEV - Abdullayev neçənci
ildə sizə zəmanət vermişdir?
MİRZƏYEV - 1921-ci ildə.
MUSTAFAYEV - Mandat 1921-ci ildə deyil,
1928-ci ildə verilib. Üzərində mürəkkəb ləkəsi
var.
MİRZƏYEV - İsrar edirəm
ki, 1921-ci ildə. Düz demirəmsə, məni partiyadan
çıxara bilərsiniz.
MUSTAFAYEV - Atanızın
mandatını şəxsi işinizə əlavə etməklə
nə məqsəd güdmüsünüz?
MİRZƏYEV - Atamı və məni
tanıdığı üçün. Bəlkə də səhv
etmişəm.
YAKOVLEV - 1949-cu il martın 8-də
siz şəxsən Beriyanın adına məktub
yazmısınız, göstərirsiniz ki, Azərbaycan
Dövlət Universitetinin baş müəllimisiniz, hüquq
elmləri namizədisiniz. Yazırsınız: "Əlimdə
son dərəcə məxfi bir iş var, bunu ancaq Sizin
göstərişinizlə həll etmək olar, burada,
Bakıda dediyim məsələnin
araşdırılmasına heç bir imkanım yoxdur.
Artıq dərəcədə Sizdən xahiş edirəm ki,
məni şəxsən özünüz qəbul edəsiniz".
Bunu siz yazmısınız, düzdür?
MİRZƏYEV - Düzdür,
bütün bunları mən yazmışam.
YAKOVLEV - Siz Beriyaya nə demək
istəyirdiniz?
MİRZƏYEV - Bağırovun məni
təqib etdiyini.
RƏHİMOV - Yegizarovla sizin nə
kimi ortaq işiniz vardı?
MİRZƏYEV - Ümumi
tanışlığımız olub.
RƏHİMOV - Siz necə pristav olmusunuz?
MİRZƏYEV - Mən onda yeniyetimə
yaşındaydım.
RƏHİMOV - İyirmi iki
yaşınız vardı, bu yaşda pristav olar?
MİRZƏYEV - Bunu mən gizlətmirəm
ki...
ƏFƏNDİYEV - Hər yerdə
yazırsınız ki, polis sahə rəisi işləmisiniz,
ərizənizdə isə pristav yazırsınız,
hansına inanaq?
MİRZƏYEV - Bilirsiniz, mahiyyətcə
bunun heç bir fərqi yoxdur, müdir, rəis və ya
pristav, fərqi nədir, eyni şeydir, mən də heç nəyi
gizlətmədən açıq-aydın yazmışam. Müsavat
hökumətinin xidmətçilərinin siyahısı tərtib
ediləndə adımın oraya düşmədiyini görəndə
səbəbini soruşdum, dedilər ki, biz hələ səni
yoxlayırıq, iki ay türmədə yatmısan.
MUSTAFAYEV - 1929-30-cu illərdə
şikayət yazıb sizi təqsirləndirirdilər ki,
Bağırov və Sumbatov sizi müdafiə edirlər. Ərizəni
o zaman Allahverdiyev, Qasımov, Məmmədov, Vəli Səfərov
və başqaları imzalamışdılar. Bu şikayət
məktubu nə ilə nəticələnmişdi?
MİRZƏYEV - Əvvəla, o
Allahverdiyev dediyiniz 1920-ci ildə 2 nömrəli xüsusi
şöbədə "Babayev" ləqəbi ilə
işləyirdi, onun atası isə Əbülfət bəy Həsənbəyovun
yanında idarə rəhbəri idi. Həsənbəyov
İrana getdi, həmin Abdullayev oğlu ilə gəlib bizə
yardım etmək istəyəndə onlara dedik ki, Həsənbəyov
xüsusi şöbədə işləyəndə şifrə,
bomba, bir də at götürüb getmişdir.
MUSTAFAYEV - Nə vaxt vəfat etmişdir?
MİRZƏYEV
- O, Sultanovun yanına
getmişdi, Sultanov onu qəbul etməmişdi. Sonra qızıl əsgərlər
onu həbs etdilər. Şuşa şəhərinin klubunda Xlopkovun sədrliyi və kommunist Atayevin iştirakı ilə Ali
Tribunal onu xəyanət
və casusluğa görə güllələnməyə
məhkum etdi, ancaq hökm dərhal dəyişildi.
Məhkəmə zalında olan
doktor Mehmandarov bildirdi ki, cəza
verilərkən müqəssirin
azyaşlı olduğu
vaxt cinayət törətdiyi nəzərə
alınaraq, hökm dəyişilməlidir. Ona
beş il
iş kəsildi, 1922-ci
ildə həbsdən
çıxdı. Oğlu sağdır.
(ardı var)
Teyyub
Qurban
Ekspress.-2010.- 6-8 noyabr.- S. 15.