Mançesterdə Azərbaycan Mədəniyyəti Gecəsi

 

   Noyabrın 13-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF), Azərbaycan Avropa Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə Böyük Britaniyanın Mançester şəhərində Azərbaycan Mədəniyyəti Gecəsi keçiriləcək. Tədbir dünyanın 111 ölkəsindən olan 3500 nəfər əcnəbi tələbəni özündə birləşdirən "The İnternational Society" xeyriyyə təşkilatının qərargahında reallaşacaq.

   Mədəniyyət gecəsi Azərbaycanın zəngin mədəni irsinə, o cümlədən musiqisinə, rəqslərinə, mətbəxinə, təbiətinə və tarixinə həsr olunacaq. Tədbir iştirakçıları Azərbaycan haqqında geniş məlumatlar əldə edəcək, milli şirniyyat və yeməklərdən dadacaq, həmçinin, milli rəqslərlə tanış olacaq, müxtəlif hədiyyələr qazanmaq şansı əldə edəcəklər.

   Bu tədbir həm də Mançesterdə ilk Azərbaycan cəmiyyətinin yaradılması ilə yadda qalacaq.

   Qeyd edək ki, cəmiyyət artıq qeydiyyatdan keçib və bu tədbirdə təqdim olunacaq.

 

 

  Ayxan

 

   Ekspress.- 2010.-12 noyabr.- S.14.