Müslüm Maqomayev-125 Baba Maqomayev anıldı
Noyabrın 11-də Azərbaycan Bəstəkarlar
İttifaqının (ABİ) konfrans
zalında Azərbaycan peşəkar musiqisinin
banilərindən olan görkəmli bəstəkar,
əməkdar incəsənət xadimi Müslüm Maqomayevin 125
illiyinə həsr olunmuş elmi konfrans keçirilib.
Bəstəkarlar
İttifaqının mətbuat katibi İltifat
Hacıxanoğlunun verdiyi məlumata görə, konfransı
açan ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə
görkəmli bəstəkarın həyat və
yaradıcılığından, onun Azərbaycan musiqisinin
inkişafındakı müstəsna xidmətlərindən
danışıb.
F.Əlizadə hər il Üzeyir
Musiqi Günündə dahi bəstəkarımız Üzeyir
Hacıbəyli ilə yanaşı Müslüm Maqomayevin də
doğum gününün qeyd olunduğunu xatırladıb. Bu
il hər iki bəstəkarın 125 illik yubileyinin dövlət
səviyyəsində qeyd edildiyini deyən sədr Beynəlxalq
Musiqi Festivalında Muslüm Maqomayevin də əsərlərinin
səsləndiyini vurğulayıb: "Sanki tale bu iki
insanı doğulan gündən əbədi dostluq telləri
ilə bağlayıb. Üzeyir bəy Sankt-Peterburqda
oxuduğu illərdən məhz Müslüm Maqomayevə
arxalanıb, ondan kömək umub. Bunu biz Üzeyir bəyin
vaxtilə ona yazdığı məktublardan yaxşı
bilirik. Belə rəqabətdənuzaq, səmimi dostluq
münasibətləri yaradıcı insanlar arasında nadir
hallarda olub.
Hər ikisi Azərbaycan mədəniyyətinin
böyük sərvəti idilər. Azərbaycanda musiqi
kollektivlərinin yaranmasında Müslüm Maqomayevin
böyük rolu olub. Opera və Balet Teatrına, Radionun musiqi
şöbəsinə rəhbərlik etməsi onun
böyük təşkilatçılıq qabiliyyətinə
malik olmasından xəbər verir. O, bəstəkar kimi musiqi
sənətində bir çox "ilk"lərə imza
atıb. Misal üçün, o, simfonik orkestr
üçün ilk "Azərbaycan çöllərində"
əsərini bəstələyib. Bundan başqa Azərbaycanda
sırf klassik opera ənənələrinə söykənən
ilk "Nərgiz" operasını o yazıb".
F.Əlizadə belə bir möhtəşəm
operanın hazırda səhnəyə qoyulmamasından təəssüfləndiyini
də dilə gətirib. Onun fikrincə, üzərində
redaktələr etməklə, librettosunu tamam dəyişməklə
operanı yenidən səhnəyə qaytarmaq olar.
ABİ-nin katibi, xalq artisti, professor
Ramiz Zöhrabov "Üzeyir Hacıbəyli və
Müslüm Maqomayev məsləkdaşları"
mövzusunda məruzə edərək bu iki dahi sənətkar
arasındakı dostluq və yaradıcılıq əlaqələrindən
geniş söhbət açıb.
İttifaqın məsul katibi, sənətşünaslıq
namizədi Lalə Hüseynova "Şah
İsmayıl"dan "Nərgiz" operasına aparan
yollar" mövzusunda məruzə ilə
çıxış edərək Müslüm Maqomayevin həyat
və yaradıcılığı ilə bağlı bir
çox maraqlı məqamlara toxunub.
Tədbirdə, həmçinin,
Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət
xadimi Zemfira Qafarova "Müslüm Maqomayevin musiqi-ictimai fəaliyyəti",
sənətşünaslıq namizədi Səadət Səfərova
"Müslüm Maqomayevin yaradıcılıq irsi tarixi sənədlərdə
və arxiv materiallarında", sənətşünaslıq
namizədi Ülkər Talıbzadə "Müslüm
Maqomayevin vokal yaradıcılığında musiqi ilə
poeziyanın obraz uyğunluğu" mövzusunda geniş məruzə
ilə çıxış ediblər.
Tədbir
iştirakçıları eləcə də
tanınmış pianoçu, əməkdar artist Murad
Hüseynovun müşayiəti ilə gənc vokalçı
Aygün Zeynalovanın ifasında "Nərgiz"
operasından ariyaları dinləyiblər.
Müslüm Maqomayev 1885-ci il
sentyabrın 18-də Qroznı şəhərində anadan
olub. Azərbaycan peşəkar musiqili teatrının banilərindən
biri olan bəstəkar 1912-ci ildən opera dirijoru kimi fəaliyyətə
başlayıb. "Şah İsmayıl" (1916), "Nərgiz"
(1935) operalarının müəllifi olan Müslüm
Maqomayevin redaktəsi ilə 1927-ci ildə "Azərbaycan
türk el nəğmələri"nin ilk məcmuəsi nəşr
edilib. 1929-cu ilin oktyabrında Bakı radiosunun musiqi rəhbəri
təyin edilən M.Maqomayev üç il sonra Ü.Hacıbəyli
ilə birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri
orkestrinin yaradılmasına nail olub. Bu orkestrin ərsəyə
gəlməsi radionun musiqi proqramlarının inkişafına
əhəmiyyətli təsir göstərib.
1933-cü il martın 8-də
M.Maqomayevin təşəbbüsü ilə radioda
"Çahargah gecəsi" muğam konserti təşkil
olunub.
Müslüm Maqomayev 1937-ci il iyulun
28-də vəfat edib.
AYXAN
Ekspress.- 2010.- 12 noyabr.- S. 14.