Qurban bayramı xeyirxahlığın rəmzidir
İslam dinində iki böyük bayramdan biri də Qurban
bayramıdır. Qurban
kəsmək Hicrətin
2-ci ilində (Miladi təqvimi ilə 622-ci il) müsəlmanlara
vacib bilinib. Dində qurbanın mənası
Allah rizasını qazanmaq
üçün ibadət
niyyəti ilə ilin müəyyən bir vaxtında kəsilən özəl heyvan anlamına gəlir. Qurban kəsmənin müsəlmanlar
üçün vacibliyi
Allah-Təalanın haqq
kitabı olan Qurani-Kərimin “Kövsər”
surəsinin 2-ci ayəsində
“Rəbbin üçün
namaz qıl və qurban kəs” kimi bildirilir.
Məhəmməd Peyğəmbər (s.ə.s.) isə “kim ki, qurban
kəsməyə imkanı
olub onu kəsməsə, heç
zaman bizim namazgahımıza (məscidə)
yaxınlaşmasın”, - deyib.
Sevimli Peyğəmbərimiz
buyurub: “Qurban qanı axıdılmayan ev qiyamət günü Allaha şikayətçi olacaq.
Allah-Təala da həmin evdən
bərəkəti qaldıracaq.
O ev müsibətlərin,
rahatsızlıqların qaynağı
olacaq”. Bu zaman
maddi durumu qurban kəsməyə imkan verən, lakin Allah rizası üçün qurban kəsməyən şəxsin
düşdüyü hala
göydəki ulduzlar belə göz yaşı olub yerə tökülsə,
onların ağlanılacaq
hallarının yanında
heç bir şeydir.
Allah verdiyi hədsiz nemətlərin qarşılığında bizdən
kiçik bir fədakarlıq - bir baş qurbanlıq istəyir. İnsanlardan daha böyük
fədakarlıq - canını,
övladlarını istəmir.
Halbuki Tanrı sevdiyi qullarından böyük fədakarlıq istəmiş,
Allahın sevimli bəndələri isə
Uca Yaradanın yolunda canları və mallarını əsirgəməmişlər. Allah yolunda övladını qurban etmək üçün boğazına
bıçaq çəkən
Həzrəti İbrahim
əleyhissəlamın Haqq
yolunda fədakarlığı
dünya durduqca insanlara örnək, dillərdə dastan olacaq. Ən çox Allahı
sevdiyini və bundan kənar qalan hər bir şeyin keçici olduğunu İbrahim Peyğəmbər əməli ilə isbat etdi. Həzrəti İsmayılın qurban edilməsi müqəddəs
Qurani-Kərimin ayələrində
açıq-aydın dəlillərlə
göstərilir.
Qurban kəsməyin hökmü
müsəlman olaraq öz borcunu yerinə yetirmək və axirətdə Allahın lütfünə
qovuşmaq, axirət savabı qazanmaqdır. Bu baxımdan,
qurban kəsməyin bir sıra vacib
şərtləri var. Əvvəla,
qurban kəsənin müsəlman olması vacibdir və maddi imkanı yol verən hər bir kəsin
qurban kəsməsi vacibdir.
Qurbanda vacib olan şərtlərdən biri
də qan axıtmaqdır. Yəni qurban adı
ilə alınan heyvanı kəsmədən
başqasına bağışlamaq
qurban kəsmək anlamına gəlmir.
Ona görə də qurban adı ilə alınan heyvanı mütləq bayram günü kəsib qanını axıtmaq lazımdır.
Qurban bayram namazı qılınan yerlərdə,
yalnız bayram namazından sonra kəsilməlidir. Bayram namazı
bayramın birinci günü günəş
çıxandan 50 dəqiqə
sonra qılınır.
“Allah rizası üçün vacib olan Qurban bayramı
namazını qılıram”,
- deyə niyyət edərək, müsəlmanlar
imamın başçılığı
ilə iki rükət namaz qılırlar. Namazdan əvvəl
kəsilən heyvanlar
isə qurban sayılmır. Qurbanı gecə
kəsmək məkruhdur.
Allah rizasını qazanmaq üçün istənilən heyvanı kəsmək doğru deyil. Buna görə
də kəsilən heyvanlar sağlam və gözəl görkəmli olmalıdır.
Qurban qoyun, keçi, dəvə və sığır (inək) cinsindən kəsilir.
Gözü kor olan, dişlərinin çoxu tökülmüş, buynuzu
kökündən qırılmış
heyvan qurban kəsilməz. Qurban kəsmədən
öncə heyvanın
yununun qırxılması
və ondan faydalanmaq olmaz ki, bütün bunlar məkruh sayılır.
Qurban ayaqları və
üzü qibləyə
olmaq şərti ilə sol böyrü üstə yerə yıxılır. Sonra sağ arxa ayağı sərbəst buraxılır
və iki ön ayağı ilə sol arxa ayağı birlikdə bağlanılır. Heyvanın gözlərinin
tülbəndlə bağlanması
önəmli deyil.
Amma buna əməl edilərsə, daha yaxşı olar. Qurbanlığın ayaqları bağlandıqdan
sonra bir sıra vacib dualar oxunur. Sonda “Bismillahir rəhmanir rəhim, Allahü Əkbər” kəlməsi
deyilərək qurban kəsilir. Qeyd edək ki, bu kəlmə qəsdən tərk edilərsə, heyvanın
əti yeyilməz və haram sayılar.
Qurbanı niyyət edən
kəsin özünün
kəsməsi lazımdır.
Əgər bu, həmin
şəxsin əlindən
gəlmirsə, o zaman
uyğun bir müsəlmanı vəkil
edib heyvanı kəsdirə bilər.
Qurban kəsildikdən sonra iki rükət namaz qılmaq savabdır. Sonra isə dua oxunur.
Adəm övladı qurban
kəsməklə hər
şeydən əvvəl
Tanrıya olan şükrünü ifadə
etmiş olur. Bu ibadət
insanı günahlardan
təmizləyir və
savaba qovuşdurur.
Allah yolunda kəsilən
hevanın əti, dərisi və yunu kasıblara paylanmaqla onların ehtiyacları qismən də olsa ödənmiş
olur. Bu bayramda
ilk öncə imkansızlar
düşünülür. Kəsilən qurbanlar əvvəlcə
onlara paylanılır.
Allah rizası üçün imkansızlara
verilən xeyir Allaha ibadət kimidir. Məhz bu xeyirli əməllərə görə,
Qurban bayramı müsəlmanlar arasında
sevgi və qardaşlıq duyğularının
inkişafına səbəb
olur.
İslam
bayramları qardaşlıq adı altında bütün
insanları bir-birinə sevdirmək məqsədi
güdür. Bu yüksək duyğu bayramların əsasını
təşkil edir. Bu incəlikləri duymadan “Allah rizası
üçün” deyib kəsilən qurbanlar da insanlığa
yaraşmaz. Qurban kəsməkdə əsas məqsəd
ehtiyac içində olanları və imkansızları
düşünmək deməkdi.
Murad
Paritet.- 2010.- 13-19 noyabr.- S. 10.