Bir millət
üç dövlət
Azərbaycan media təmsilçilərinin Quzey
Kıbrısa səfəri maraqlı görüşlərlə
yadda qaldı
Xəbər
verdiyimiz kimi Azərbaycan media təmsilçiləri 10-16
noyabr 2010-cu il tarixlərində Quzey Kıbrıs Türk
Cümhuriyyətində (QKTC) səfərdə olublar. Səfər
Azərbaycan Mətbuat Şurasının Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun maliyyə yardımı ilə
reallaşdırdığı "Beynəlxalq media təcrübəsinin
öyrənilməsi və tətbiqi" layihəsi çərçivəsində
həyata keçirilirdi. Səfərdə əsas məqsəd
beynəlxalq aləmdə və ətraf region dövlətlərində
mövcud olan media təcrübəsinin öyrənilməsi,
söz və mətbuat azadlığının
inkişafı yönündə təcrübə mübadiləsinin
aparılması olsa da, Azərbaycan media təmsilçiləri
qardaş ölkənin müstəqilliyinin elan edilməsinin
27-ci ildönümünə həsr edilmiş tədbirlərə
də qatılıb, QKTC-nin rəsmi qurumları ilə
görüşlər keçiriblər. Həmçinin,
QKTC-də ali təhsil müəssisələrində təhsil
alan tələbələrlə görüşlərin təşkili
də səfərin maraqlı hissələrindən olub.
Səfərdə
olan nümayəndə heyətinin tərkibi KİVDF-nin icraçı
direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq
Ələsgərli, "Ekspress" qəzetinin təsisçisi
Müşfiq Səfiyev, "Yeni Azərbaycan" qəzetinin
baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin
baş redaktoru Vüqar Rəhimzadə, "Azərbaycan" qəzetinin
baş redaktor müqavini Zeynal Zeynalov, "Olaylar"İA-nın
rəhbəri Yunus Oğuz, "Trend" İA-nın baş redaktoru
İlqar Hüseynov, "Bakı xəbər" qəzetinin
baş redaktoru Aydın Quliyev, "Paritet" qəzetinin baş
redaktoru Cəmaləddin Quliyev, "Türküstan" qəzetinin
baş redaktoru Aqil Camal, "Bizim yol" qəzetinin baş redaktoru
Bahəddin Həziyev, "Səs" qəzetinin baş redaktoru
Bəhruz Quliyev, "Oxu məni" qəzetinin baş redaktoru
Emin Axundovdan ibarət idi.
Rauf
Denktaşla görüş
Azərbaycan
media təmsilçiləri səfərin ilk gününü
Quzey Kıbrıs Türk Cümhuriyyətinin qurucusu və ilk
prezidenti Rauf Denktaşla görüşlə başladı.
R.Denktaşın
ofisində keçirilən görüşdə öncə Azərbaycan
nümayəndə heyətinin səfərinin məqsədi
haqda məlumat verildi. KİVDF-nin icraçı direktoru V.Səfərli
R.Denktaşın bütün Türk dünyasında
olduğu kimi Azərbaycanda da sevilən tarixi şəxsiyyət
olduğunu söylədi. Bildirdi ki, məhz milli liderlər hər
zaman xalqını istiqlaliyyətə qovuşdurur və bu istiqlaliyyəti
qoruyub saxlamağı bacarır: "Quzey Kıbrıs
Türk Cümhuriyyətinin artıq 27 yaşa gəlib
çatması isə bilavasitə Rauf Denktaşın adı
ilə bağlıdır".
R.Denktaş
isə Azərbaycan KİV təmsilçilərinin QKTC-yə
böyük heyətlə səfər etməsini Cümhuriyyətin
qurulmasının 27-ci il dönümü ərəfəsində
Kıbrıs türklərinə ən gözəl bayram hədiyyəsi
kimi qiymətləndirdi. Kıbrıs adasının mövcud
problemləri ətrafında fikirlərini bölüşən
Denktaş qeyd etdi ki, Ermənistan-Azərbaycan münaqişəsinə
münasibətdə olduğu kimi, beynəlxalq dairələr
Kıbrıs probleminə münasibətdə də ikili
standartlar sərgiləyirlər: "Bu gün adanın
türk tərəfinin sərt embarqolar altında
saxlanılması, qarşı rum tərəfinə isə hər
cür dəstək verilməsi, onun Avropa Birliyinə üzv qəbul
edilməsi bizim qarşılaşdığımız
böyük ədalətsizlikdir". R.Denktaş Quzey
Kıbrısın beynəlxalq təcriddən qurtarması
üçün Türk dövlətlərinin dəstəyinə
böyük ehtiyac olduğunu vurğuladı. O, ümumilli
lider Heydər Əliyevin "Azərbaycan və Türkiyə
bir millət, iki dövlətdir" ifadəsini səsləndirərək
"Bu təkrarsız tezisi artıq bir millət, üç
dövlət kimi ifadə etməyin vaxtıdır" dedi.
Görüşün
sonunda V.Səfərli Azərbaycan nümayəndə heyəti
adından R.Denktaşa nəfis şəkildə toxunmuş ipək
xalça hədiyyə etdi.
Prezident Dərviş
Eroğlu ilə görüş
KİV təmsilçilərinin
növbəti görüşü Quzey Kıbrıs Türk
Cümhuriyyətinin prezidenti Dərviş Eroğlu ilə
oldu. QKTC prezidenti böyük heyətlə Kıbrısa gələn
Azərbaycan media təmsilçiləri ilə
görüşməkdən məmnun olduğunu söylədi.
O, QKTC-nin beynəlxalq aləm tərəfindən hələ
də tanınmamasını Kıbrıs türklərinə
qarşı beynəlxalq səviyyədə həyata
keçirilən haqsız siyasət adlandırdı. Bu ədalətsiz
siyasətin aradan qaldırılması yönündə
Türkiyə dövləti kimi Azərbaycana da böyük
inamla baxdıqlarını bildirdi.
KİVDF-nin icraçı direktoru V.Səfərli Azərbaycan
dövlətinin və cəmiyyətinin Quzey Kıbrıs
türklərinə hər zaman diqqətlə
yanaşdığını prezident D.Eroğlunun nəzərinə
çatdırdı: "Azərbaycan mümkün olduğu
çərçivədə Quzey Kıbrısa dəstəyini
ifadə etməyə çalışır. Təsadüfi
deyil ki, Türkiyədən sonra QKTC-yə yalnız Azərbaycandan
təyyarə reysi təşkil olunub. Bu gün bizim
böyük bir heyətlə QKTC-nin Cümhuriyyət
bayramına qatılmağımız bu dəstəyin bir
nümunəsidir. Arzu edirik ki, Quzey Kıbrıs tezliklə
dünya birliyi tərəfindən tanınsın və bizim əlaqələrimiz
üzərində olan bütün əngəllər aradan
qalxsın".
Görüşün
sonunda V.Səfərli nümayəndə heyəti adından D.Eroğluna
"Azərbaycan xalçası" hədiyyə etdi.
Nazirlərlə
görüşlər
QKTC-nin
ayrı-ayrı dövlət idarələrinin rəhbərləri
də Azərbaycan KİV nümayəndələrinin ölkəyə
səfərinə diqqətlə yanaşırdılar. Səfər
müddətində media təmsilçilərimiz QKTC-nin
xarici işlər naziri Hüseyn Özgürgün, Mülki
Müdafiə Təşkilatının sədri Levent
Akyıldız, Turizm Planlama Dairəsi müdiri Turqut Muslu,
XİN İnformasiya Dairəsi müdiri Sermed Eminlə
görüşdülər. Hər bir görüşdə
iki qardaş xalq arasında əlaqələrin hazırkı
vəziyyəti dəyərləndirildi, münasibətlərin
inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirildi.
Görüşlərdə
dövlət rəsmilərinə Azərbaycan nümayəndə
heyəti adından xatirə hədiyyələri təqdim
olundu. Eyni zamanda, dövlət rəsmilərinin adından Azərbaycan
nümayəndə heyətinin şərəfinə ziyafətlər
təşkil edildi.
QKTC-nin aparıcı
KİV-lərində görüş
Azərbaycan
media təmsilçilərinin əsas görüş məntəqələrindən
biri də QKTC-nin KİV redaksiyaları oldu. Məlumat
üçün bildirək ki, QKTC-də ölkə
miqyaslı 13 KİV redaksiyası fəaliyyətdədir ki,
bunların da arasında iritirajlılığı və
geniş auditoriyalı KİV qurumları olaraq "Bayraq"
Teleradio Qurumu (QKTC-nin dövlət teleradiosu),
"Kıbrıs" Televiziyası (KTV) və
"Kıbrıs" qəzeti daha çox tanınırlar.
"Kıbrıs" qəzeti 15 min tirajla çıxır.
Ölkənin ümumi əhalisinin sayı baxımından
(QKTC-nin 300 minə yaxın əhalisi var) dünya
çapı ilə müqayisədə iritirajlı olmasalar
da, Kıbrısda media quruluşları ən son texnoloji
yeniliklərin tətbiq edilməsi ilə diqqət çəkir.
Adı çəkilən hər 3 redaksiyaya baş çəkən
Azərbaycan media təmsilçiləri bu texnologiyalarla
tanış olmaqla yanaşı, iki ölkənin media
quruluşları arasında münasibətlərin
qurulması yönündə də müzakirələr
aparıdılar.
Hər 3 KİV
redaksiyasına Azərbaycan nümayəndə heyəti adından
xatirə hədiyyələri təqdim edildi.
Azərbaycanlı tələbələrlə
görüş
QKTC-nin ali
məktəblərini jurnalistika üzrə tədris prosesi ilə
tanışlıq üçün ziyarət edən Azərbaycan
KİV təmsilçiləri burada tədris prosesində
istifadə edilən əyani vəsaitlərlə, xüsusi
olaraq tələbə telestudiyaları ilə
tanışlıqdan məmnun qaldılar. Kıbrıs ali məktəblərinin
jurnalistika fakültələri həm də ölkə əhalisinə
canlı xəbər çatdırılması prosesində
birbaşa iştirak edirlər.
Azərbaycan
nümayəndə heyətinin QKTC ali məktəblərində
qarşılaşdığı ikinci maraqlı fakt isə burada
təhsil alan azərbaycanlı tələbələrlə bağlı
oldu. Demək olar ki, Kıbrısın hər bir ali məktəbində
həmvətənlərimiz təhsil alır. Həmçinin,
Azərbaycanlı tələbələr bu universitetlərin həm
təşkilatlanma, həm də elmi səriştəsi ilə
seçilən ən aktiv tələbələridirlər.
Azərbaycan
KİV təmsilçiləri QKTC-nin Yakın Doğu
Universitetidə, Uluslararası Kıbrıs Universitetində, Doğu
Akdeniz Universitetində rəhbərliklə görüşlərdən
başqa buradakı azərbaycanlı tələbələrlə
də ayrıca görüş keçirdilər.
QKTC-nin Cümhuriyyət
bayramında iştirak
Azərbaycan
media təmsilçilərinin QKTC-yə səfəri
Kıbrıs Türk Cümhuriyyətinin elan olunmasının
27-ci ildönümünə təsadüf edirdi. Nümayəndə
heyəti rəsmi qonaq kimi bu məqsədlə təşkil
edilmiş dövlət tədbirlərinə
qatılmışdılar.
Belə ki,
media nümayənlərimiz noyabrın 15-də əvvəlcə
QKTC-nin paytaxtı Lefkoşada Cümhuriyyət Günü ilə
bağlı keçirilən hərbi paradda iştirak etdilər.
Sonra Girnə şəhərində Türk Şahinlərinin
hava göstərilərini seyr etdilər.
Daha sonra isə
QKTC prezidentinin Cümhuriyyət günü münasibətilə
Girnə şəhərində "Merkuri" otelində verdiyi
rəsmi qəbula qatıldılar.
Aqil CAMAL
Ekspress.- 2010.- 19 noyabr.- S.12-13.