İlğıma bənzər

 

Və ya bəxtsiz rejissorun atəşlə bitən film kimi ömrü

 

Əzizlərinin üzünə son dəfə baxıb, əlini tüfəngə atdı...

 

(əvvəli ötən şənbə sayımızda) 

 

Lətif Səfərov "Leyli və Məcnun" filmini çəkərkən plan üzrə vaxtın bitdiyinə görə tamamlanmamış epizodlar, əlavə çəkilişlərə icazə almaq üçün Moskvadakı səlahiyyət sahiblərinin inadını qırmağa xeyli qüvvə sərf edir.

Məntiqli mülahizələr, dəlil-sübut və aydınlaşdırma cəhdləri hədər getmir. Razılıq alınır. Rejissor müəyyən nəticəyə nail olacağına ümidlidi. Bircə tələsmək lazımdı. Ona görə də Moskvaya getdiyi vaxtda əziz müəllimi Qriqori Kozintsevlə görüşməyə vaxt tapmır. Tez Bakıya dönür. Bura çatanda ardınca məktub gəlir. Rejissor Kozintsev ondan neçə vaxtdan bəri xəbər çıxmadığını, buna görə narahat olduğunu yazmış, uğurlar arzulamağı unutmamışdı.

Amma artıq gecdi. Sənət, ailə və ictimai fəaliyyətlə bağlı qayğılardan dinclik bilməyən Lətifin səhhətində ciddi problemlər var. Onun uşaqlıqdan zədəli, xəstəhal canı get-gedə zəifləyib, ağır mərəz öz işindədi. Əsəb, gərginlik onu dözülməz edib. Belə bir vaxtda filmi təhvil verir. Əsərin yarı çiyliyi özünə bəllidi. Çox da bütün çatışmazlıqları ayağına yazmaq insafdan deyil, bunu itirib-axtaran kimdi? Bu səbəbdən qarşıda nələr dayandığını duyur. Kinematoqrafiya işçilərinin fəallar yığıncağının keçirilməsinin məqsədi də ona aydındı. Hədəfdə Lətif və onun filmidi. O həmin iclasa getmir. Deyəcəklərinə, nəyisə sübuta yetirəcəyinə məhəl qoyan tapılmayacaq. Rejissora irəlicədən bəlli olanların "gerçəkləşməsi özünü çox gözlətmir. Mərkəzi Komitənin katibi Xasay Vəzirovun çıxışı kinematoqrafçılar ittifaqının təşkilat bürosunun sədri Lətif Səfərova və onun son filminə hücum və kəskin tənqidlə yadda qalır. Bundan sonra həmişə üzünə gülənlər də əleyhinə danışır, yerli-yersiz şəxsi həyatını eşələyirlər. Yığıncaqdakı hoqqalar rejissora artıq təəccüblü gəlmir. Axı, az sonra ittifaqın təsis konfransı keçiriləcək, ardınca SSRİ kinematoqrafiya işçilərinin qurultayına nümayəndələr seçilməlidi. O isə bu xasiyyətlə, davranışla sədrliyə və qurultaya nümayəndə seçilməsinə yaramır. Daha doğrusu, yuxarılara sərf etmir.

1962-ci ilin noyabrında Gəncədə və Bakıda keçirilən kino günləri çərçivəsində nümayiş etdirilən "Leyli və Məcnun" filmi tamaşaçıların müsbət qiymətini alır. Mətbuatda yazılanlar da əsasən obyektivliyi və xoşniyyətliyilə seçilir. Recissora qarşı formalaşan haqsız münasibətəsə bunlar heç bir təsir göstərmir. Növbəti ay hazırlıq işlərinə başlansa da, ittifaqın təsis qurultayının keçirilməsi 1963-cü ilin yanvar ayına adlayır. Adı çəkilən tədbirdə onun hesabat məruzəsi dinlənilir. Toplantının gedişindəcə bu işin nəylə bitəcəyi Lətifə aydın olur. Az sonra ehtimallar özünü doğruldur. Rejissor oyunların qurbanına çevrilir. On ildən artıq müddətdə yaradılmasına və formalaşmasına qüvvə sərf etdiyi kinematoqrafçılar ittifaqında indi o arzuolunmaz şəxsdi. Moskvaya, qurultaya gedəcək nümayəndə heyətinə onun adı salınmır. İdarə heyətinə seçilsə də, ittifaqa rəhbərlik Həsən Seyidbəylinin qismətinə düşür.

Vəziyyət üzücüdü. Lətif bərk sarsılıb. Onu incidən itirdiyi vəzifə deyil, bir vaxt həmkar saydığı, böhtan atan, karyeraya həris adamların xəyanətkarlığıdı. Belə ağır vəziyyətdəykən həmişə arxa, pənah yeri kimi baxdığı müəllimindən məktub alır. Kozintsev onun xəstələndiyindən kədərləndiyini bildirir, tezliklə sağalmasını arzulayır. Daha sonra planlarını soruşur, xalqı, vətəni üçün görəcəyi işlərə inandığını yazır.

Bu məktub rejissorun sınıq qəlbini ovundurur. Ruh düşkünlüyündən xilas olub, qətiyyətlə ayağa qalxmaq istəyən Lətif növbəti zərbəni alır. Kinematoqrafçılar ittifaqının hazırkı rəhbərliyi maliyyə məsələsiylə bağlı bir-iki şeyi onun yadına salmağı lazım bilir. Baş mühasib Poqosovanın qəfil məktubu yaxın keçmişəcən sədr işləyən rejissorun ittifaqdan borc, ezamiyyə və kredit məqsədiylə götürdüyü 873,15 manat pulun qısa vaxtda qaytarılmasının vacibliyi haqdaydı.

Bakıdakı yaxınlarından borc almağa utanan Lətif Bərdəyə yollanır. Bacısından götürdüyü pulla ittifaqdan canını qurtarır.

Vaxt ötür. Ağrı-acıdan daha çox, sanki unudulmaq ona yer eləyir. Nə zamansa rejissor peşəsinin özəlliyi haqqında belə söyləmişdi: "...Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardı. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafda isə uğursuz alınmış epizodu təzədən çəkməyə cəhd elə! Axı, bu da yaradıcılıqdır - təkcə rejissorun keyfiyyətlərindən asılı olmayan çətin və kollektivin əməyindən, ağacdan, dəmirdən, atdan, dəvədən, nəhayət, havadan asılı yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək lazım deyil ki, o da axırda gücdən düşüb əlini yelləsin". Əslində Lətif haqlıydı. Səsini eşitmək istəməsələr də.

Beləcə bir müddət özünə qapılır. Nəhayət cana doyur, bədii şuradan sifariş tələb edir. Həsən Seyidbəylinin "Möcüzələr adası" ssenarisi təklif olunur. Diqqətlə oxuyur, ssenaridən ağlı bir şey kəsməsə də, üzərində ciddi işləmək hesabına nəyisə dəyişəcəyinə inanır. Amma bu proses o düşündüyündən ağır keçir. Vaxt itkisi də bir yandan. Plan tələbi yenə xirtdəyinə dirənib. Yenə çəkişmə, kiməsə nəyisə anlatma cəhdi... Lətif yaxşı nəsə alınacağına ümidini itirmədiyindən filmin istehsalata buraxılmasına etiraz etmir. Qabaqdasa onu daha bir sınaq gözlədiyindən xəbərsizdi. Belə bir vaxtda gənc, perspektivli operator Rasim Ocaqovun "sürprizindən" çaş-baş qalır: Kamera ustası məktub yazaraq, müəyyən səbəblərdən çəkiliş apara bilməyəcəyini xəbər verir.

Lətif davam etməyə çalışır. Amma daha gücü, taqəti qalmayıb. Xəstəlik canını yeyir, yaşamaq əzaba, işgəncəyə çevrilib.

Artıq dekabr ayıdı. İlin sonuna az qalıb. Qış vaxtından qabaq qapını kəsdirib. Dekabrın 8-i axşamdı. Bayırda əməllicə şaxta, sazaq var. Lətifgilin evi istidi. Amma heç kim bilmir ki, az sonra bu mənzilin dörd divarı arasında baş verən hadisə bayırdakı soyuğu, şaxtanı kölgədə qoyacaq. Faciəni eşidən adamın belə damarda qanı donacaq.

Qarşıdakı müsibətə bircə addım qalıb. Yalnız Lətif itirəcəyi həyat barədə xəbərdardı. O, fikrində qətidi: belə yaşamağa son qoyulmalıdı! Daha heç nə onun gözündə deyil, nə ailə, nə sevdiyi sənət, nə də doyunca kam almadığı həyat.

Bu axşam o sonuncu dəfə ömür-gün yoldaşı Şövkət xanıma, altı yaşlı oğlu Bəşirə diqqət ayırır, onların könlünü oxşamağa çalışır. Sanki bu yolla mehr və məhəbbətini, nəvazişini kəsrdə qoymayacaq. Evdə qonağı da var. İkinci rejissor Ruslan Şahmalıyevdi gələn, müəyyən müzakirələr aparırlar.

Günün bitməsinə az qalıb. Daha gecdi, qonaq onları tərk edir. O xanımına "hələ işləyəcəyəm" söyləyir. Həyat yoldaşı ərinin gecə yarıyadək işləmək adətinə bələddi. Birinci dəfə deyil ki. Ona görə sakitcə yataq otağına yollanır. Bəli, bunacan yuxusuz gecələr az olmamışdı. Amma ta beləsi bir daha təkrarlanmayacaqdı. Elə dünyanı düz-əməlli tanımayan Bəşirlə də sonuncu görüşdü. Mərhəmət dolu gözlərlə yuxuya getmiş oğluna baxır.

Bir dəstə təmiz paltar götürüb, vanna otağına keçir. Çimir, təmizlənir, əynini dəyişib bir balaca rahatlanır. İndi öz iş otağında təkdi. Gecə saat ikidi. Yazı masasının üstü vərəqlərlə doludu. Yaxınlarda çəkməyə hazırlaşdığı, bir qədər əvvəl ikinci rejissorla barəsində fikir mübadiləsi apardığı "Azərbaycan möcüzəsi" irihəcmli sənədli filminin ssenarisi də onların arasındadı. Lətif "bəlkə yox" fikrini ağlına gətirir və tezcə də "qərarından" daşınır. Sonuncu dəfə yazılara, şirin-şirin yatan doğmalarına nəzər yetirir. Gözünü qıyır, sanki kameranın obyektivindən qarşıdakı mənzərəyə baxır: Şuşa, günəşli yay günü, Cıdır düzü, kinoçularla ilk görüşü, birinci çəkiliş anı, Moskva illəri, daha nələri, nələri görür... Sevimli müəllimi Qriqori Mixayloviç Kozintsevin sözlərini xatırlayır: "Əgər özünüzü incəsənətə həsr etməyi qərara almışsınızsa, yatmamağı öyrənin. Bəli, indi o dövr deyil. Yatmaqla çox şeyi uduzmaq olar, hətta həyatı da. Həyat isə necə də gözəldir, əgər hamı qədrini bilsəydi..."

Doğrudan da həyat necə də gözəldi. Lətif sonuncu dəfə bu sözlərin mənası barədə düşünür. Amma artıq gecdi. Nəhayət, ov tüfəngin əlinə götürüb özünə sarı tuşlayır. Sərrast nişan üçün cəmi bircə güllə kifayətdi. Tətik çəkilir. Hər şey bitdi. Daha Lətif yoxdu. Yerdəki qan gölməçəsindən, gurultusu evdəkilərin qulağından getməyən güllə səsindən savayı bu insanın cəmi bir-iki dəqiqə əvvələdək mövcudluğuna şəhadət verən nəsə qaldımı? "Əlbəttə" - deyəcəyik. Məşəqqətli bir ömürdən sonra miras qalan sənət nümunələri belə düşünməyə əsas verir. Amma bunu söyləmək çətindi. Axı, elə idisə, ömrünü bütünlüklə kinoya, xalqına həsr edən bu insanın faciəsindən əl boyda yazı verməyə niyə qıymırlar.

Deyirlər, Lətifin dəfninə çox adam gəlibmiş. Hamı - doğmaları, onu sevənlər və cana doyduranlar bir aradaymış. Qəribədi ki, Lətifin nə sağlığında, nə də son qırx yeddi ildə başına bu qədər adam toplaşmayıb. Sanki haqlı, haqsız kim var, hamı həmin gün rejissora son borcunu vermək istəmişdi. Və bununla da haqq-hesabın bitdiyi təəssüratı yaranmışdı. Belə düşünənlərə bəraət varmı? Məncə, yox.

Ən azı Lətif Səfərovun əsasını qoyduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbərliyinin rejissorla bağlı unutqan münasibətinə haqq qazandırmaq mümkün deyil. Yazı bir yana, həmin ittifaqın üzvü və son iyirmi ildəki fəaliyyətindən xəbərdar şəxs kimi buna təəccüb edirəm. Necə ki, Lətif bu dünyanın işlərinə, əhatəsindəki bədxahların əməllərinə bütün ömrü boyu məəttəl-məəttəl baxmaq, döyüşmək, nəyisə sübut etmək zorunda qaldı.

"Əgər məndən soruşsanız ki, "siz nə etmisiniz", cavab yalnız bir olacaq: "Demək olar, heç nə". Əgər soruşsanız ki, nə etmək istəyirəm, cavab yenə qısa olacaq: "Çox şey". Bu sözlərin gerçəyə çevrilməsinə bir ömür gərək idi. Fədakar insan ömrü. Lətif təki... İlğıma bənzər...

Seymur Elsevər seymur_elsever@yahoo.com

P.S. Lətif Səfərov yaradıcılığına diqqətli münasibətinə görə Aydın Kazımzadəyə, Nəriman Əbdülrəhmanlıya, Dövlət Film Fonduna, Dövlət Kino-Foto Sənədləri və Dövlət Ədəbiyyat və İncəsənət arxivlərinə minnətdarlığımı bildirirəm.

 

 

Seymur Elsevər

 

Ekspress.- 2010.- 20-22 noyabr.- S. 18.