"START"
start götürdü
Dünən
Beynəlxalq Muğam Mərkəzində
VII "START" Tələbə və Gənclərin Beynəlxalq
Film Festivalının təntənəli
açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə
çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya Şöbəsinin sektor müdiri Yusif Şeyxov artıq 7-ci
ildir keçirilən bu
festivalı yüksək qiymətləndirib.
Festival sayəsində
yaradıcı gənclərin üzə
çıxdığını vurğulayan Y.Şeyxov
bildirib ki, gənclər tərəfindən 5 ildə 23 bədii
qısametrajlı film çəkilib. O, ildən-ilə
miqyasını genişləndirən bu tədbirə daha
çox ölkələrin qatılacağına ümidvar
olduğunu deyib.
"7 il öncə
bu festivalın layihəsini təqdim edəndə inanmazdım
ki, nə vaxtsa burada 16 ölkə iştirak edəcək. Bu məni
çox sevindirir. Arzu edirəm ki, festival illər sonra 96
ölkəni özündə birləşdirsin", - deyən
festivalın direktoru Fehruz Şamıyev qeyd edib ki, tədbirin əsas
məqsədi professional və istedadlı gəncləri
üzə çıxarmaqdır. F.Şamıyev bu
festivalı həm də mübadilə proqramı və kino
bayramı adlandırıb.
Açılış
mərasimi musiqili proqramla davam edib. Mərasimdə
"Oyan" (Azərbaycan), "Burda mənəm"
(Polşa) və "Tortik" (Ukrayna) filmləri
nümayiş olunub.
Qeyd edək ki, Mədəniyyət
və Turizm, Gənclər və İdman nazirliklərinin və
"CİNEMA" Mərkəzinin təşkilatçılığı
ilə keçirilən festivalın münsiflər heyətinə
Yavər Rzayev sədrlik edir. Cürinin üzvləri Aygün
Aslanlı (Azərbaycan), Rodion İsmayılov (Rusiya), Nadir Saivən
(İran) və David Caniledzedir (Gürcüstan).
Noyabrın 24-dək
davam edəcək kinoforumda 16 ölkədən 100-ə yaxın
müxtəlif janrlı film nümayiş olunacağı
gözlənilir. Filmlərin nümayişi saat 11:00-dan 18:00-a
qədər Azərbaycan Kinematoqrafçılar
İttifaqında olacaq.
Xatırladaq ki,
"START" Beynəlxalq Film Festivalını 2004-cü ildə
"Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi təsis
edib. Azərbaycanın ilk peşəkar rejissoru Səməd Mərdanovun adını daşıyan festival növbəti
illərdə digər
ölkələrin tələbələrini
də özünə
cəlb etməklə
əhatə dairəsini
daha da genişləndirib. "START" Beynəlxalq
Film Festivalının təşkilatçı
və təsisçilərinin
məqsədi regionda gənclərin ən mötəbər film festivalının
məhz Azərbaycanda
keçirilməsinə nail olmaqdır. 2005-ci ildən
beynəlxalq statusu qazanan "START", həm
də yerli gənc rejissorların əcnəbi həmkarları
ilə əlaqələr
qurmasında start nöqtəsidir.
Ekspress.-2010.- 23 noyabr.- S. 14.