Müslüm Maqomayev-125

 

 Baba Maqomayev anıldı

 

Noyabrın 11-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) konfrans zalında Azərbaycan peşəkar musiqisinin banilərindən olan görkəmli bəstəkar, əməkdar incəsənət xadimi Müslüm Maqomayevin 125 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

   Bəstəkarlar İttifaqının mətbuat katibi İltifat Hacıxanoğlunun verdiyi məlumata görə, konfransı açan ittifaqın sədri, xalq artisti Firəngiz Əlizadə görkəmli bəstəkarın həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinin inkişafındakı müstəsna xidmətlərindən danışıb.

   F.Əlizadə hər il Üzeyir Musiqi Günündə dahi bəstəkarımız Üzeyir Hacıbəyli ilə yanaşı Müslüm Maqomayevin də doğum gününün qeyd olunduğunu xatırladıb. Bu il hər iki bəstəkarın 125 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini deyən sədr Beynəlxalq Musiqi Festivalında Muslüm Maqomayevin də əsərlərinin səsləndiyini vurğulayıb: "Sanki tale bu iki insanı doğulan gündən əbədi dostluq telləri ilə bağlayıb. Üzeyir bəy Sankt-Peterburqda oxuduğu illərdən məhz Müslüm Maqomayevə arxalanıb, ondan kömək umub. Bunu biz Üzeyir bəyin vaxtilə ona yazdığı məktublardan yaxşı bilirik. Belə rəqabətdənuzaq, səmimi dostluq münasibətləri yaradıcı insanlar arasında nadir hallarda olub.

   Hər ikisi Azərbaycan mədəniyyətinin böyük sərvəti idilər. Azərbaycanda musiqi kollektivlərinin yaranmasında Müslüm Maqomayevin böyük rolu olub. OperaBalet Teatrına, Radionun musiqi şöbəsinə rəhbərlik etməsi onun böyük təşkilatçılıq qabiliyyətinə malik olmasından xəbər verir. O, bəstəkar kimi musiqi sənətində bir çox "ilk"lərə imza atıb. Misal üçün, o, simfonik orkestr üçün ilk "Azərbaycan çöllərində" əsərini bəstələyib. Bundan başqa Azərbaycanda sırf klassik opera ənənələrinə söykənən ilk "Nərgiz" operasını o yazıb".

   F.Əlizadə belə bir möhtəşəm operanın hazırda səhnəyə qoyulmamasından təəssüfləndiyini də dilə gətirib. Onun fikrincə, üzərində redaktələr etməklə, librettosunu tamam dəyişməklə operanı yenidən səhnəyə qaytarmaq olar.

   ABİ-nin katibi, xalq artisti, professor Ramiz Zöhrabov "Üzeyir Hacıbəyli və Müslüm Maqomayev məsləkdaşları" mövzusunda məruzə edərək bu iki dahi sənətkar arasındakı dostluq və yaradıcılıq əlaqələrindən geniş söhbət açıb.

   İttifaqın məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova "Şah İsmayıl"dan "Nərgiz" operasına aparan yollar" mövzusunda məruzə ilə çıxış edərək Müslüm Maqomayevin həyat və yaradıcılığı ilə bağlı bir çox maraqlı məqamlara toxunub.

   Tədbirdə, həmçinin, Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zemfira Qafarova "Müslüm Maqomayevin musiqi-ictimai fəaliyyəti", sənətşünaslıq namizədi Səadət Səfərova "Müslüm Maqomayevin yaradıcılıq irsi tarixi sənədlərdə və arxiv materiallarında", sənətşünaslıq namizədi Ülkər Talıbzadə "Müslüm Maqomayevin vokal yaradıcılığında musiqi ilə poeziyanın obraz uyğunluğu" mövzusunda geniş məruzə ilə çıxış ediblər.

   Tədbir iştirakçıları eləcə də tanınmış pianoçu, əməkdar artist Murad Hüseynovun müşayiəti ilə gənc vokalçı Aygün Zeynalovanın ifasında "Nərgiz" operasından ariyaları dinləyiblər.

   Müslüm Maqomayev 1885-ci il sentyabrın 18-də Qroznı şəhərində anadan olub. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olan bəstəkar 1912-ci ildən opera dirijoru kimi fəaliyyətə başlayıb. "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarının müəllifi olan Müslüm Maqomayevin redaktəsi ilə 1927-ci ildə "Azərbaycan türk el nəğmələri"nin ilk məcmuəsi nəşr edilib. 1929-cu ilin oktyabrında Bakı radiosunun musiqi rəhbəri təyin edilən M.Maqomayev üç il sonra Ü.Hacıbəyli ilə birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail olub. Bu orkestrin ərsəyə gəlməsi radionun musiqi proqramlarının inkişafına əhəmiyyətli təsir göstərib.

   1933-cü il martın 8-də M.Maqomayevin təşəbbüsü ilə radioda "Çahargah gecəsi" muğam konserti təşkil olunub.

   Müslüm Maqomayev 1937-ci il iyulun 28-də vəfat edib.

 

Ayxan

 

Ekspress.- 2010.- 12 noyabr.- S.14.