Afinada Üzeyir gecəsi
Musiqimiz
yunanları heyran etdi
Yunanıstanın paytaxtı Afinada görkəmli Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş
konsert təşkil edilib.
Bu barədə APA-ya
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru,
xalq artisti Fərhad Bədəlbəyli
məlumat verib. Azərbaycanın
Yunanıstandakı səfirliyinin təşkilatçılığı
ilə keçirilən tədbirin yüksək səviyyədə
baş tutduğunu qeyd edən xalq artisti konsertdə xüsusi
proqramın təqdim olunduğunu bildirib: "Konsertimiz dünyada Berlin
Filarmoniyasından sonra ikinci
konsert salonu hesab olunan Afina
Dövlət Filarmoniyasında baş tutdu. Heç bir ölkədə bu cür gözəl akustikaya
malik konsert salonu ilə rastlaşmamışam. Konsertdə
Milli Simfonik Orkestrə
dirijor Azad Əliyev rəhbərlik
edirdi".
Dahi bəstəkarımızın
yubiley tədbirində
pianoçu Fərhad Bədəlbəyli, solistlər
Gülnaz İsmayılova,
Səbinə Əsədova
və bariton Cavid Səmədovun ifasını tamaşaçılar
alqışlarla qarşılayıblar. Proqramda Üzeyir Hacıbəyli
ilə yanaşı, Qara Qarayev, Fikrət
Əmirov, Niyazi, eləcə də Fərhad Bədəlbəylinin
əsərləri ifa
olunub.
Xalq artisti min nəfərlik konsert salonunun bütünlüklə dolu
olduğunu diqqətə
çatdırıb: "Konsertdən
sonra Yunanıstan musiqiçiləri Azərbaycan
musiqisinə heyran olduqlarını dilə gətirdilər. Onlar bizə
ölkələrinin musiqiçiləri üçün
"master-klass"lar
vermək təklifi ilə çıxış etdilər. Çox güman ki, növbəti il üçün bu layihə
həyata keçiriləcək və biz
Yunanıstanda ustad dərsləri keçəcəyik".
F.Bədəlbəyli yubiley konsertindən
öncə
Yunanıstanın
bir çox televiziya kanallarında Azərbaycan musiqiləri ilə bağlı
kliplərin yayımlandığını da qeyd edib,
məhz bu cür təşkilatçılıq sayəsində tədbirin yüksək səviyyədə
baş tutduğunu deyib.
Xalq artisti tədbirin yüksək səviyyədə
təşkilində Azərbaycanın Afinadakı səfirliyinin
rolunu xüsusi qeyd edib.
AYXAN
Ekspress.- 2010.- 7 oktyabr.- S. 23.