Avropa
Şurasında TÜRKSOY sərgisi
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində
Avropa Şurasının əsas binasında Türk Mədəniyyət və
Sənət Təşkilatı -TÜRKSOY-un rəsm sərgisinin açılışı
olub. APA-nın Strasburq müxbirinin məlumatına görə,
sərginin açılışında AŞ
PA sessiyasına dəvət edilmiş Türkiyə prezidenti Abdulla Gülün
xanımı Hayrunnisə
Gül, Azərbaycanın
AŞ PA-dakı nümayəndə heyətinin üzvləri, Avropa Şurasının yüksəksəviyyəli məmurları və
digər dəvətli qonaqlar iştirak edib. AŞ PA sədri Mövlud Çavuşoğlu, TÜRKSOY-un sədri Dusen Kaseinov və Azərbaycanın
AŞ yanındakı daimi nümayəndəliyinin rəhbəri Arif Məmmədov tədbirdə çıxış ediblər.
M.Çavuşoğlu
çıxışında türk dünyasının müxtəlif bölgələrindən gələn bu çox dəyərli əsərlərin nümayiş etdirildiyi və türk dünyasının mədəniyyətini təbliğ edən
bu sərgini açmaqdan şərəf duyduğunu deyib.
O, sərginin mədəniyyətlərarası
dialoq, qarşılıqlı
anlaşma, mədəni
müxtəlifliyə hörmət
və onu tanıtmaq baxımından
çox önəmli
olduğunu bildirib.
TÜRKSOY-un sədri D.Kaseinov qurumun 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və
Türkiyənin mədəniyyət nazirlərinin görüşündə
təsis olunduğunu iştirakçıların
diqqətinə çatdırıb. Sonradan Rusiyadan altı bölgə və
Moldovanın
Qaqauziya bölgəsi də
TÜRKSOY-a müşahidəçi kimi qoşulub: 'TÜRKSOY UNESCO ilə eyni məqsəd
və xarakterə
malikdir. TÜRKSOY-un əsas məqsədlərindən biri türkdilli xalqlar arasında ümumi mədəni irsin saxlanılması və
inkişafıdır. Hazırkı sərgidə 1998-ci ildən
bu yana 13 dəfə nümayiş etdirilmiş TÜRKSOY ölkələri rəssamlarının əl
işləri nümayiş olunur. Bu ilin əvvəlində TÜRKSOY Paris
və Strasburqda Novruz bayramı şənlikləri təşkil edib. Çox
şadıq ki, yeni bir mədəni tədbirlə bağlı
buraya yığışmışıq. Mən rəssamlara, eləcə də Azərbaycan və Türkiyənin Avropa Şurası yanında daimi nümayəndəliklərinə göstərdikləri yardıma görə
dərin təşəkkürümü bildirirəm".
Azərbaycanın
Avropa Şurasındakı daimi
nümayəndəsi Arif Məmmədov isə
bu böyük ailənin
bir hissəsi kimi Azərbaycanın
türk irsinə böyük
əhəmiyyət verdiyini və eyni zamanda, Avropa
dəyərləri və ideyalarını könüllü
şəkildə qəbul etdiyini söyləyib: "Məhz bu səbəbdəndir ki, biz mədəniyyətlər
və dinlər, Şimal və Cənub,
Şərq və Qərb arasında dialoqa
xüsusi diqqət yetiririk.
2008-ci ilin dekabrında Avropa
Şurası mədəniyyət nazirlərinin Bakı
konfransında əsası qoyulmuş
"İncəsənət xadimləri dialoq
naminə" layihəsini başlayarkən biz rəssamların mədəniyyətlərarası dialoqun "mənasız səslər toplusu"na bənzər bir proses deyil,
mükəmməl bir orkestr
kimi həyata keçirilməsində
aparıcı qüvvə
olduğuna inanmışdıq. Hazırda
əldə etdiklərimizə və qarşıda bizi daha çox
işin gözlədiyinə diqqət
yetirdikdə, zəhmətimizin hədər getmədiyini görürük".
Azərbaycanın
TÜRKSOY-dakı təmsilçisi Elçin
Qafarlının sözlərinə görə, bu sərginin təşkil edilməsində məqsəd
"Mədəniyyətlərarası dialoq
ili" çərçivəsində türk mədəniyyətini dünyaya
tanıtmaqdan ibarətdir.
Qeyd
edək ki, oktyabrın 8-də də davam edəcək sərgidə Azərbaycan,
Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan,
Türkmənistan və Rusiya
Federasiyasına daxil olan
Tatarıstan, Başqırdıstan, Tuva, Altay, Saxa, Yakutiya,
Xakasiya, Moldovanın Qaqauz
Yeri, Ukraynanın Krım Muxtar
Vilayəti, Bolqarıstan və digər ölkələrdən
olan rəssamların seçilmiş
əsərləri nümayiş etdirilir.
Ekspress.- 2010.-8 oktyabr.-
S. 14.