Elxan Əhədzadəni itirdik

 

"Musiqili Komediya" "faciə" istəmir: Teatr xalq artisi ilə vida mərasiminə razılıq vermədi

 

Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Elxan Əhədzadə dünən 62 yaşında vəfat edib.

Mərhumun həyat yoldaşı Səbinə Tofiqqızı APA-ya bildirib ki, Elxan Əhədzadə oktyabrın 8-də səhər 05:30 radələrində dünyasını dəyişib: "Bir aya yaxın idi ki, yataq xəstəsi idi. Mədəsində on iki barmaq bağırsağında yaradan, eyni zamanda hipatit C-dən əziyyət çəkirdi. Bu xəstəlikdən isə qurtulmaq qeyri-mümkündür. Bu müddət ərzində çox əziyyət çəkdi bu gün canını tapşırdı".

Mərhumun həyat yoldaşı deyib ki, Elxan Əhədzadənin Xırdalan qəbiristanlığında valideynlərinin yanında dəfn olunacağı gözlənilir: "Elxan uzun müddətdir, Musiqi Komediya Teatrında çalışır. Xalq artistidir onun Fəxri Xiyabanda dəfni mümkündür. Bu isə Mədəniyyət Turizm Nazirliyindən asılıdır. Əgər Fəxri Xiyaban olmasa, Xırdalan qəbiristanlığında dəfn olunacaq. Biz vida mərasiminin keçirilməsi üçün Musiqili Komediya Teatrı ilə əlaqə saxladıq, ancaq teatr rəhbərliyi orada vida mərasiminin keçirilməsinə razılıq vermədi".

Mərhumla vida mərasimi dünən onun evində baş tutub. Mədəniyyət Turizm Nazirliyinin əməkdaşları, Musiqili Komediya, Akademik Milli Dram Teatrı, Opera Balet Teatrının aktyorları, eləcə Elxan Əhədzadənin sənət dostları vida mərasiminə qatılıblar.

APA xəbər verir ki, həyat yoldaşı Səbinə Tofiqqızı həyat yoldaşı ilə xüsusi vida mərasiminin təşkil olunmamasından narazılıq edib. Mərhumun qardaşları və böyük oğlu danışmaq istəməyiblər. Ailə adından Elxan Əhədzadənin qayınanası Şahnaz Məmmədova jurnalistlərə açıqlama verib və mərhuma diqqət göstərilməməsindən gileylənib: "Uzun illər səhnədə can qoyub, zəhmət çəkib, hətta gözləri görməyən vaxt səhnədə çıxış edib. Belə aktyora teatrda vida mərasiminin keçirilməsinə icazə verilmədi. Heç olmasa II Fəxri Xiyabanda yer verilərdi. Məcbur olub, valideynlərinin yanında yer ayırdıq. Bu aktyorun heçmi hörməti yoxdur? Biz onlardan pulya nə isə başqa şey istəmədik. Adi hörmət istəyirdik, onu da çox gördülər".

Ş.Məmmədova deyib ki, xəstə yatdığı vaxt da Ehədzadə ilə heç kim maraqlanmayıb: "Vaxtında kömək edilsəydi, müəyyən qədər sağala bilərdi. Bir ay xəstə yatdığı vaxt teatrdan heç kim onunla maraqlanmadı, bircə Yaşar Nuri zəng edirdi. Mən xalq artistinə qarşı bu cür biganəlik görməmişdim. O buna layiq deyildi".

Musiqili Komediya Teatrının truppa müdiri Novruz Qartal isə deyib ki, Elxanla bir neçə gün əvvəl telefonla əlaqə saxlayıb: "Mənə zəng vurub bildirdilər ki, Elxan "İddiaçı qaraçı" tamaşasında oynamayacaq, çünki vəziyyəti yaxşı deyil. Mən ona zəng vurub əhvalını soruşdum. Dedi ki, vəziyyəti pisləşib, amma indi yaxşıdır. Əvvəl bilmirdik ki, onun mədəsində yara var. Amma gözlərindən əməliyyat keçirəndən sonra üç dəfə "İddialı qaraçı" tamaşasında oynamışdı. Sağlam idi, hansısa xəstəlikdən əziyyət çəkdiyi xarici görünüşündən hiss olunmurdu".

Truppa müdiri E.Əhədzadə ilə teatrda vida mərasiminin keçirilməməsinin səbəbinin teatrın fasadında gedən təmir olduğunu deyib.

Xalq artisti Yaşar Nuri bu xəbərin onun üçün gözlənilməz olduğunu söyləyib: "Xəstə olduğunu eşitmişdim. Zəng vurdum həyat yoldaşı ilə danışdım. Tanış həkimlə əlaqə saxlayıb aparıb göstərdik. Məlum oldu ki, hepatit C-dən əziyyət çəkir. Onu sonuncu dəfə "Məşədi İbad" tamaşasının məşqinə gedəndə Milli Parkda gördüm. Özünü yaxşı hiss edirdi, amma xəstəlik gələndə batmanla gəlir. Xüsusən son illərdə vətənpərvər mahnıların ifaçısı kimi ürəklərdə sevildi".

Y.Nuri onu da deyib ki, sənətkarla vida mərasiminin keçirilməsi vacibdir yaxşı olardı ki, E.Əhədzadə son mənzilə teatrdan yola salınardı.

Xalq artisti İlham Namiq Kamal E.Əhədzadəni uzun illərdir tanıdığını onun insanlığına, sənətkarlığına hörmət etdiyini bildirib: "Teatrın mövsümü açılanda bütün kollektivlə bərabər Elxan Əhədzadə gəlmişdi, əhval-ruhiyyəsi çox yaxşı idi. Mən onu neçə illərdir, tanıyıram. Hərtərəfli inkişaf etmiş bir sənətkar idi. Əksər dövlət tədbirlərinin bağlanışına Elxan Əhədzadənin gözəl səsi ilə yekun vurulurdu. Çox səmimi tərbiyəli insan idi. Bu cür insanların Azərbaycan incəsənətindən getməsi yoxsulluq kasıblıq yaradacaq. Bu cür insanlara dəyər verilməməsi xeyli vaxtdır davam edir. Bu, yaxşı hal deyil".

Ailəsi sənət dostları vidalaşdıqdan sonra xalq artisti E.Əhədzadə Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

   Əhədzadə Elxan Yahya oğlu 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan C. Cabbarlı adına kinostudiyanın "kino aktyoru" kursunda Adil İsgəndərovun sinfində alıb. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bir çox tamaşalarda çıxış edib. 1972-1977-ci illərdə İncəsənət İnstitutunun "Musiqili Komediya aktyoru" fakültəsini bitirib, həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışıb. Sonradan bir müddət Rəşid Behbudovun "Mahnı Teatr"ında fəaliyyət göstərib. Bu müddət ərzində o, kinostudiyada "Çətirimiz buludlardır" "Üzü küləyə" filmlərində baş rollara çəkilib. E. Əhədzadə Opera Balet Teatrının səhnəsində bir çox yadda qalan obrazlar yaradıb. Ü. Hacıbəyovun "Leyli Məcnun" əsərində Nofəl, C.Bizenin "Karmen" operasında Eskamin, R. Mustafayevin "Vaqif" operasında Şah Qacar, S.Ələsgərovun "Solğun çiçəklər"də Bəhram, C.Verdinin "Riqoletto" operasında Riqoletto, C.Rossininin "Sevilya bərbərin"də Fiqaro s. kimi rollar oynayıb.

O, Musiqili Komediya Teatrında da bir çox yaddaqalan obrazlar yaradıb. Bunlardan İ.Kalmanın "Nümunəvi qaraçı" operettasında Pali Rac, F.Leqarın "Şən dul qadın" operettasında Danil, S. Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət" operettasında Rüstəm, Q. Qarayevin "Çılğın qaskoniyalı" əsərində Sirano s. göstərmək olar.

E.Əhədzadə 2006-cı ildə respublikanın "Xalq artisti" fəxri adına layiq görülüb.

Mərhum E.Əhədzadənin birinci evlilikdən bir, ikinci evlilikdən bir oğlu var. İkinci evlilikdən olan oğlu 4 yaşındadır. Mərhum uzun müddət mədə on iki barmaq bağırsağında yaradan hepatit C-dən əziyyət çəkib. Son bir ayda isə onun vəziyyəti çox pisləşmişdi...

Allah rəhmət eləsin!

 

 

Ekspress.- 2010.- 9-11 oktyabr.- S. 31.