"O, bədbin deyildi"

 

Lətif Səfərovun 90 illiyi qeyd olundu

 

Muzey Mərkəzində tanınmış Azərbaycan rejissoru Lətif Səfərovun 90 illik yubileyi qeyd olunub.

SİA-nın məlumatına görə, tədbirdə iştirak edən Azərbaycan Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, Lətif Səfərov Azərbaycan kinosunu öz dəsti-xətti rejissor yozumu ilə tanıtdıran bir sənətkardır": Tədbirimizin çox qiymətli cəhətlərindən biri odur ki, onun nadir foto-sərgisi təşkil olunub. Bu foto-sərgidə hələ heç bir yerdə işıq üzü görməyən nadir fotolar yer alıb. Onun həyat və yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanımız olacaq".

Əməkdar incəsənət xadimi Aydın Kazımzadə isə bildirib ki, Lətif Səfərov təkcə sənətkar kimi deyil, eləcə də çox cəsarətli, əyilməz bir insan kimi yaddaşlara həkk olunub": O, heç vaxt bədbin insan olmayıb. Hər zaman nikbin insan olmağa çalışıb. O Azərbaycan kinosunun inkişafı üçün çalışan biri olub. Bundan başqa, L.Səfərov Azərbaycan Kinematoqrafiya İttifaqının yaradıcısı idi. Ancaq çox təəssüf ki, ittifaqın yaradıcısı o olsa da, I qurultay olanda onun yerinə Həsən Seyidbəylini seçdilər. Ona bu cür mənfi təsirlər göstərirdilər".

Lətif Səfərov 1920-ci il sentyabrın 31-də Şuşa şəhərində anadan olub. Moskvada Kinematoqrafiya İnstitutunda təhsil almaqla yanaşı, 1947-ci ildə ilk dəfə müstəqil "Çağırışa cavab" adlı kinooçerk çəkir. Nəhayət, bir neçə illik fasilədən sonra Bakı kinostudiyasında "Doğma xalqımıza" bədii-sənədli, "Bəxtiyar" "Görüş" bədii filmləri istehsal olunaraq ekranlara buraxılıb.

Görkəmli kinorejissor həyatına intiharla son qoyub.

  

 

AYXAN

 

Ekspress.- 2010.- 9-11 oktyabr.-S. 20.