Mir
Cəfərin məhkəməsi necə
hazırlanmışdır
(əvvəli
ötən şənbə saylarımızda)
Azərbaycanda ötən əsrin
ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Mehriban Vəzirin "bir günün içində" Həmidə xanımın Mirzə İbrahimov tərəfindən Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunması,
ona "Kremlovskiy payok" və digər imtiyazlar verilməsi söhbəti də arxiv sənədləri ilə inkar edilir.
Əvvəla Həmidə xanım 30-cu illərin
əvvəllərində deyil, sonunda - 1939-cu ildə Yazıçılar
İttifaqına üzv qəbul edilmişdir. 1938-ci ilin fevralından
1940-cı ilin oktyabr ayınadək Yazıçılar
İttifaqı İdarə Heyətinin sədri Mirzə
İbrahimov yox, Rəsul Rza olmuşdur.
"Kremlovskiy payok" barədə də
məlumat tapmaq mümkündür. Müharibənin ağır illərində Azərbaycanın
elm və sənət adamlarına Mir Cəfər
Bağırovun necə qayğı göstərdiyini təsəvvür
etmək üçün 1942-ci il mart
ayının 27-də onun imzaladığı qərarla
tanış olmaq kifayətdir. "Elm, incəsənət və
ədəbiyyat işçilərinin təchizatı
haqqında"kı qərarda göstərilir ki, SSRİ Elmlər
Akademiyası Azərbaycan Filialının professorları, elmlər
doktorları, ali məktəblərin və
elmi-tədqiqat institutların direktorları, yazıçılar,
bəstəkarlar, rəssamlar və b.k. işçilər ərzaqla
təmin olunmalıdırlar. Normaya müvafiq həcmdə
yeyinti məhsulları ilə yanaşı, onlar ayda bir dəfə
300 qram şokolad, 500 qram kakao və ya kofe ilə təmin edilməlidir.
MK-ya təqdim olunmuş geniş siyahıda Həmidə
xanım Məmmədquluzadənin də adı vardır.
Mir Cəfər Bağırov müharibədən
sonra da Həmidə xanıma və Cəlil Məmmədquluzadənin
digər yadigarlarına qayğısını əsirgəməmişdir. 1946-cı ildə SSRİ
Parlamentinə seçkilər ərəfəsində 73
yaşlı Həmidə xanım M.C.Bağırovun təşəbbüsü
ilə Münəvvər Məmmədquluzadənin İttifaq
Ali Sovetinə deputatlığa namizəd göstərilməsi
xəbərini eşitdikdə ürəyi dağa
dönmüşdü. Münəvvər
xanım Mirzə Cəlilin ilk övladı idi. 1946-cı ildə 46 yaşına qədəm
qoymuşdu. Tiflis qadınlar
gimnaziyasında oxumuş, 1921-ci ildə Bakıda mamalıq məktəbini
bitirdikdən sonra Ağdamda, Hindarxda və Kəhrizlidə
tibb müəssisələrində
çalışmışdır. Münəvvər
xanım müharibə illərində Nehrəm kəndində
işləmiş, rayon səhiyyə şöbəsinin
müdiri olmuşdu. "Həmidə xanımla Mir Cəfərin
hekayəti"ndə isə gənclik illərində Quba qəzasının
kənd məktəbinin müəllimi M.C.Bağırov
Mehriban Vəzirin "əmri" ilə Qarabağda
"quldurbaşı" təyin olunur. Müəllif
yazır: "Zaman ağır idi. Nikolay
hökuməti inqilablardan və Birinci Cahan Savaşından
sarsılmışdı. Rus idarəçiliyinin yerli
nümayəndələri daha da azğınlaşmış,
hökumətlə gizli əlaqədə olan qaçaq-quldur
dəstələri bir az da qudurmuşdular.
Qarabağda bir kənddən o biri kəndə
getmək mümkün deyildi. Qaçaq dəstələri
günün günorta çağı adam
soyurdular. Belə ağır vəziyyətdə
isə hər zamankı kimi zülm xalqın payına
düşmüşdü. Qafqazın digər
bölgələrindən, hətta İrandan da
talançı, soyğunçu dəstələr Qarabağa
axışır, yolları kəsir, gedib-gələnə basqın
edir, gecələr kəndlərə soxulub camaatın
olan-olmazını, mal-qarasını aparırdılar. Çox vaxt da bu quldur dəstələri öz
aralarında nüfuz davası aparmaqla bölgədəki vəziyyəti
daha da ağırlaşdırır, atışır,
ölüb-öldürür, bir-birlərini basıb ərazidən
çıxarmaq üçün savaşırdılar. Bu, Qarabağın qaçaq-quldur dəstələri
əlində aciz qaldığı, kasıb zümrənin qəfəsinin
təngidiyi bir dövr idi. Həmidə
xanım Mir Cəfərin adını eşitmişdi, bu tərəflərdə
bu ad uşaqdan böyüyə hər kəsə bəlli
idi. Mir Cəfər Qarabağda yol kəsib-karvan
basan bir neçə ünlü quldur dəstəsindən
birinə başçılıq edirdi. Əlbəttə,
Mir Cəfər Qarabağda quldurluq edirdi, quldur dəstəsinin
başçısı idi, amma hər kim
idisə üzünü görmədiyi, salam-əleyk etmədiyi
Həmidə xanıma pənah aparmışdı. Çünki Mir Cəfər bu Xanımın alicənablığı,
səxavəti və mərdliyi haqqında çox
eşitmişdi. Ona görə də külli
Qarabağda o qədər pullu-hallı kişiləri bir yana qoyub, bir qadına pənah
aparmışdı... İllər ötmüşdü... Bir quldur, sadəcə yolkəsən, oğru gəlib
Azərbaycan Sovet Respublikasının başçısı təyin
olunmuşdu. Çox
düşündürücüdür, Stalin də
SSRİ-nin, əski rus imperiyasının rəhbəri olmazdan
əvvəl bank yarırmış, oğurluq edirmiş.
Hakimiyyətə gəldikdən sonra təbii
ki, Bağırovu bu vəzifəyə o təyin edib. Onların bioqrafiyaları oxşardır. Yəqin ki, bütün təyinatları bu keyfiyyətdə
olub. Çirkli keçmiş prestij
sayılıb. Demək, bu,
qanunauyğunluqdur, quldur ətrafına quldurları toplayar,
cinayətkar cinayətkarları, yarıerməni yarıerməniləri,
pislər pisləri".
Mehriban Vəzirin "fəlsəfi
baxışları" da, öz təbirincə desək,
çox düşündürücüdür. Mir Cəfər
Bağırova qədər Azərbaycan SSR-ə kimlər rəhbərlik
etmişdilər? Qeyri-quldurlar, 3 ermənidən və 6
yarıerməni rus və yəhudidən ibarət doqquz nəfər
"keçmişi çirkli" olmayan pak-təmizlər! Əgər "quldur" Stalin "quldur"
Bağırovu Azərbaycana rəhbər təyin etməsəydi...
qədim məmləkətimiz "yarıermənilər"
arasında bölüşdürülüb yadlar
tapdağına çevriləcəkdi. Mir Cəfər
Bağırov dövründə, Stalin zəmanəsində Azərbaycanın
əzəli torpaqları - Şuşa, Həmidə
xanımın ayaq izləri qalmış Ağdam,
Laçın, Qubadlı, Kəlbəcər, Füzuli, Cəbrayıl,
Zəngilan və digər ərazilərimiz işğala məruz
qala bilərdimi?
Mir Cəfər Bağırovun Azərbaycan
torpağının hər bir qarışının
keşiyində durmuşdu. Onun Qarabağda ancaq və ancaq bir
düşməni olmuşdur - daşnaklar. Dostları arasında isə Qarabağın əyilməz
kişiləri öndə yer tutmuşlar. Elə
adını çəkdiyimiz yazısında Mehriban Vəzir
qeyd edir ki, Bağırov Abdal-Gülablıda Həmidə
xanımın qohumu olan bir bəyin evində qalıb. O bəyin
oğlu Mir Cəfər Bağırovun vaxtında Bakıda məhkəmədə
baş hakim işləyib, familiyası da Mirzəyev idi. Hakim Mirzəyevin qızı Şükufə Mirzəyeva
fəlsəfə elmləri doktoru, öz sahəsinin ilk alim
qadını idi. Bu, həqiqətən belədir.
ASE-nin 1982-ci ildə nəşr olunmuş
altıncı cildində (səh.592) foto-şəkli ilə məqalə
verilmişdir: "Mirzəyeva Şükufə Şamil
qızı. (20.12.1925, indiki Ağdam
rayonunun Gülablı k. - 9.10.1980. Bakı)".
Məqalədən məlum olur ki, Ş.Mirzəyeva 1944-cü
ildə S.M.Kirov adına Azərbaycan
Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə
şöbəsini, 1947-ci ildə aspiranturasını
bitirmişdir. 1945-ci ildən Azərbaycan SSR Elmlər
Akademiyası fəlsəfə və hüquq institutunda
işləmişdir.
Bəs, Azərbaycanın ilk qadın
filosofunun atası Şamil Mirzəyev haqqında nə bilirik?
Mir Cəfər Bağırov və Şamil
Mirzəyev
Azərbaycan Respublikası Prezidenti İşlər
İdarəsi Siyasi Sənədlər Arxivinin müvafiq
fondlarında Şamil Camal oğlu Mirzəyev barəsində
bir-birinin ardınca maraqlı materiallar tapdıqca, bu dəfə
Mehriban Vəzirə - "Həmidə xanımla Mir Cəfərin
hekayəti" müəllifinə minnətdarlığım
hər şeyi üstələdi. Əgər
Mehriban xanım hekayətində "Mirzalı
oğulları" ifadəsini işlətməsəydi, mən
də arxivdə "Mirzəyev"in sorağına
düşməzdim. İlk növbədə onun dəst-xəttilə
1942-ci il yanvar ayının 27-də
yazdığı tərcümeyi-halını oxuyuram.
Mirzəyev Şamil Camal oğlu 1898-ci il
dekabrın 13-də Ağdam rayonunun Gülablı kəndində
anadan olmuşdur. Atası Camal Mirzə Abbas
oğlu Mirzəyev 1869-cu ildə həmin kənddə
dünyaya göz açmışdır. Şamil
üç yaşında ikən anası vəfat etmişdir.
Atası 1925-ci ildə dünyasını dəyişmişdir.
Şamil Mirzəyevin üç qardaşı,
bir bacısı olmuşdur. 1929-cu ildə
ailə həyatı qurmuşdur. Arvadı
Gülcahan yetimliklə böyümüşdür.
Şamil Mirzəyev on bir yaşından əmək
həyatına atılmışdır. 1909-cu ilin fevralından
1911-ci ilin fevralınadək Ağcabədidə atası Camal
kişinin şəxsi təsərrüfatında
çalışmışdır. 1911-ci
ildə ailə ilə birlikdə Bakıya köçəndən
sonra əvvəlcə Bibiheybət mədənində fəhlə-tabelçi,
1917-ci ilədək Salyandakı Muğanlı kəndində
suçıxarma stansiyasında xidmətçi vəzifəsində
işləmişdir. 1917-ci ildə
Ağdama qayıtmış, Xəlfərəddin kəndində
şəxsi təsərrüfatda
çalışmışdır. 1918-ci
ildə Bakı Quberniya İdarəsində mütərcim
işləmiş, həmin ilin dekabrında həbsə
alınmışdır. 1919-cu ilin
noyabrında azadlığa çıxmış, 1920-ci ilin
aprel ayının 20-də Bakı Şəhər Quberniya
İdarəsində köhnə işinə - mütərcimliyə
bərpa edilmişdir. Bir aydan sonra Ucar dəmir yolu
stansiyası sahə komissarı təyin edilmiş, 1920-ci il may ayının 18-dək bu vəzifədə
çalışmışdır. 1920-ci il
iyun ayında Şamil Mirzəyev Azərbaycan irəli çəkilmiş
və 1935-ci ilədək burada işləmişdir. Həmin dövrdə o, bir müddət Ermənistan
SSR və Gürcüstan SSR Xalq Daxili İşlər
Komissarlıqlarında da işləmişdir. 1941-1945-ci illərdə Azərbaycan SSR Ədliyyə
nazirinin və Azərbaycan SSR Ali Məhkəməsinin sədrinin
müavini vəzifələrində
çalışmışdır.
Şamil Camal oğlu Mirzəyev ali təhsilli
hüquqşünasdır. İlk təhsilini
1907-1909-cu illərdə Şuşadakı rus-tatar məktəbində
almışdır. 1924-cü ildə
Moskvada Ali Həmkarlar İttifaqları Məktəbini
bitirmişdir. 1935-1938-ci il illərdə
Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil
almış, 1940-cı ildə həmin institutun
aspiranturasına daxil olmuşdur. Ş.Mirzəyev
"Qırmızı Əmək Bayrağı" ordeni ilə
təltif edilmişdir.
Arxivdə Azərbaycan K(b)P MK-nın
kadr işləri üzrə katibi Sultan Qafarzadənin 1941-ci il
may ayının 29-da Ş.Mirzəyev haqqında
yazdığı xasiyyətnamədən öyrənirik ki,
Şamil Mirzəyev Moskvada Dövlət və hüquq nəzəriyyəsindən
müvəffəqiyyətlə imtahan vermişdir. Azərbaycan
SSR Ali Məhkəməsinin sədri M.Aydəmirovun
yazdığı xidməti xasiyyətnamədə isə
deyilir: "Azərbaycan SSR Ali Məhkəməsi Sədrinin
müavini vəzifəsində Ş.C.Mirzəyev yoldaş
1942-ci il yanvarın 20-dən işləyir.
İşlədiyi iki-üç ay qısa
müddət ərzində bütün məhkəmə
işini tam mənimsəmiş, məhkəmə
iclaslarında kollegiya sədri kimi çıxış
etmişdir. Ş.Mirzəyev yoldaş bütün
tapşırıqları vaxtında və layiqincə yerinə
yetirir, ÜİK(b)P tarixinin öyrənilməsi
üzrə dərnəyə rəhbərlik edir. İntizamlı
yoldaşdır".
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2010.- 9-11
oktyabr.- S. 15.