Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli
ötən şənbə
saylarımızda)
1954-cü il
aprel ayının 2-də
Azərbaycan KP MK-nın
Büro iclasında
Mir Cəfər Bağırov
dövrünün "intizamlı
yoldaşı"nı - Şamil
Mirzəyevi intizama dəvət etmişlər.
İ.Mustafayev,
S.Sinayskiy, A.Quskov, İ.Abdullayev, S.Rəhimov, M.İsgəndərov
və D.Yakovlevin iştirakıyla keçirilən MK Bürosu
daha çox 1956-cı ildə vaqe olacaq "Rudenko məhkəməsi"nin
məhkəmə iclasının bir hissəsidir. Tanış
olun:
MUSTAFAYEV - Yoldaş
Mirzəyev, Xruşşov yoldaşa yazdığınız məktubunuz
bizə çatdırılmışdır. (Məktubu oxuyur)
Sov. İKP MK Katibliyinin tapşırığı ilə bu məktub
baxılmaq üçün bizə göndərilmişdir.
Büro bilmək istəyir, bu məktubunuzla nə demək istəyirsiniz,
məqsədiniz nədir?
MİRZƏYEV -
Yoldaş Mustafayev, mən hələ köhnə rəhbərlik
(T.Yaqubovun birinci katib olduğu müddət nəzərdə
tutulur - T.Q.) zamanı Mərkəzi Komitəyə ərizə
itlə müraciət etmişdim.
MUSTAFAYEV - Mən
Büro üzvlərinə məlumat vermək istəyirəm
ki, Mirzəyev Yaqubov yoldaşın adına avqustun 29-da və
31-də teleqram, sentyabrın 11-də ərizə göndərmişdir.
Mən isə onun telaqramını bu il martın 16-da
almışam.
MİRZƏYEV - Mənim
Yaqubov yoldaşdan xahişim bu idi ki, müraciətimə
baxılsın, Yakovlev yoldaş da bunun şahidi idi. Müraciətimin
məğzi bu idi ki, işlə təmin olunum. Yaqubov
yoldaş xahişimi bir kənara ataraq başladı ki, hələ
o, uşaq ikən bilirdi ki, mən Bağırov və
Sumbatovla yaxın dost idim. Mən ona cavab veprdim ki, əvvəllər
mənim kimi sizlər də Bağırovla bir yerdə işləmisiniz.
Əgər mən sizin dediyiniz yaxın dost olsaydım,
Bağırov məni vəzifəmdən çıxarıb
çölə atmazdı. Kim yaxın adamına qarşı
belə hərəkət edər? Dostun yox, düşmənin
başına bu oyun açılar. Dostu olsaydım, məni də
yüksək vəzifə sahibi edərdi. Siz məni hansı əsasla
Bağırovun dostu adlandırırsınız? Yaqubov
yoldaş mənim sözümü ağzımda qoydu, dedi ki,
avtobioqrafiyanı yoxlamaq lazımdır.
Yaqubov yoldaşa izah
etmək istəyirdim ki, nə üçün son vaxtlar
Bağırov və Sumbatov mənimlə əlaqəni
kökündən kəsmişdilər, səbəbi nədir.
1948-ci il aprel ayının 15-də Sumbatov mənə zəng
vurub dedi ki, onun mənzilinə baş çəkim. Getdim. O
bildirdi ki, Bağırov səni də bizimlə birlikdə
Zuğulbaya qonaq çağırır. Mən, Sumbatov və
arvadı maşına əyləşib gündüz saat
üç tamamda Zuğulbaya yollandıq. İstirahət
günü idi. Dedilər ki, Bağırov yatır. Bizi bilyard
otağına apardılar. Bir saatdan sonra Bağırov
oyandı və bizi qəbul etdi. Sonra həyətə
çıxdıq, gəzib-dolaşanda Bağırov
zarafatyana mənə dedi: lap Sultanbəyə oxşayırsan
ha... ("Sultanov Sultan Paşa bəy oğlu Azərbaycanın
Qarabağ və Zəngəzur bölgələrində erməni
daşnaklar tərəfindən soydaşlarımıza
qarşı soyqırımın qarşısını alan,
erməni hərbi birləşmələrinə, xüsusilə
Andronikin quldur dəstəsinə divan tutan xalq qəhrəmanıdır,
Xosrov Paşa bəy Sultanovun qardaşıdır. Qarabağda
Andronikin, Hamazaspın, Dronun quldur-daşnak dəstələrinə
öldürücü zərbələr endirmişdir".
Bax: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild,
Bakı, 2005-ci il. səh. 358) Əlavə etdi ki, Ali Sovetin Rəyasət
Heyətinin sədrinədək hansı vəzifəni istyirsən,
de, təyinatını verək. Mən cavabımda dedim ki,
çox sağ olun, güzəranım yaxşıdır,
qızım da işləyir, özüm də. Xəstə
olduğum üçün yüksək vəzifəyə də
ehtiyacım yoxdur.
MUSTAFAYEV - Siz onda
harada işləyirdiniz?
MİRZƏYEV -
Prokuror köməkçisi idim.
Gecə 1-in
yarısında oradan ayrıldım. Vidalaşanda dedi ki, arvadına və qızına salamımı
yetir, mümkün olan hər şeyi
sənin üçün
edəcəyəm. Cavabımda
söylədim ki, yoldaş Bağırov, mən sizə qonaq gəlmişəm, xahişə gəlməmişəm,
çox sağ olun.
İki gün
keçəndən sonra Sumbatov məni mənzilinə dəvət
etdi, "rahat əyləş, görürsən də, hər
şey qaydasındadır. Bağırov yoldaş sənə
çox yaxşı münasibət göstərir, - dedi, - gəl
indi hədəfi nişan alaq". Mən cavab verdim ki, bu hədəf
nədir, anlamıram. Sumbatov dedi ki, aramızda birisi vardır
ki, Moskvaya mütəmadi rəhbər işçilərdən,
xüsusilə Bağırov yoldaşdan məlumatlar göndərir.
Bu adamı ifşa etmək lazımdır. Mən dedim ki, kimdən
söhbət getdiyini bilmirəm. O dedi ki, onu yaxşı
tanıyırsınız, aranızda isti münasibət var, o
sizə inanır. Dedim ki, axı siz kimdən
danışırsınız? Dedi ki, Yeqişe Yeqizarovdan,
Mikoyanın bacanağından. Cavab verdim ki, inana bilmirəm,
necə ola bilər ki, Mikoyan yoldaş bacanağının Azərbaycandan
belə məktublar təşkil etməsinə yol versin.
Mikoyan yoldaş nüfuz sahibidir. Rəyasət Heyətinin
üzvüdür, keçmişdə gizli təşkilatda fəaliyyət
göstərmişdir. Sumbatov dedi ki, biz bilmirik ki, Mikoyan
hansı gizli təşkilatda işləmişdir. Axırda
dedim ki, mən bu məsələdə heç bir şey edə
bilmərəm. O dedi ki, edə bilməzsənsə, dur
ayağa, get burdan. Bu gündən sizinlə bütün əlaqələri
pozuruq.
Ertəsi
günü Sumbatov mənə zəng vurub dedi ki,
Bağırov yoldaş tapşırıb ki, atanız
haqqındakı bütün sənədləri gətirəsiniz,
partiya arxivinə təhvil verəcəyik. Dedim ki, məndə
heç bir sənəd yoxdur.
İki ay yarımdan
sonra məni təcili plenuma çağırdılar. Mən
zala daxil olanda gördüm ki, Bağırov
çıxış edir. O deyir: budur, yoldaşlar, sizə
xarakterik bir misal çəkmək istəyirəm. Şamil
Mirzəyevi hamınız yaxşı tanıyırsınız.
20 il Kürdüstanda yaşayan bu adamın birdən
ağlına gəlmişdir ki, İstisuya baş çəksin,
keçmiş qolçomağın 24 gün qonağı
olsun, ona himayədarlıq göstərsin.
Mən
Bağırovun bu sözlərindən dəhşətə gəldim,
ayağa durdum ki, sözümü deyim. İmkan vermədilər,
dedilər ki, Bağırovun çıxışını kəsmək
olmaz. Fasilədə Yaqubov, Qəzənfər Məmmədov
yoldaşlar mənə yaxınlaşdılar. Onlara dedim ki, mən
Xanlar adında heç kəsi tanımıram, İstisuda qəzaya
düşmüşdüm, 24 gün xəstəxanada
yatmışam. Ayağım indiyədək gipsdədir. Mən
ərizə yazıb bildirdim ki, haqqımda söylənilənlər
əgər düzdürsə, məni partiyadan
çıxarın, hətta Xanlar adlı keçmiş
qolçomağı tanısam belə. İki gündən
sonra Teymur Quliyev ikinci dəfə məni yanına dəvət
etdi, söhbətdən sonra dedi ki, gedin, lazım gəlsə,
özüm sizə xəbər verəcəyəm.
Bundan sonra məni
Yemelyanov yanına çağırdı, silahımı, fəxri
fərmanımı aldı. Ona dedim ki, qanuni hərəkət
etmirsiniz. Dedi ki, bu, Bağırov yoldaşın göstərişidir.
Məni Nazirlər Sovetinə dəvət etdilər, Yaqubovun,
Teymur Quliyevin, Nəzər Heydərovun iştirakı ilə məni
ruhən sındırmaq istədilər. Teymur Quliyev
diplomatcasına bəyan etdi ki, biz də, Bağırov
yoldaş da bilirik ki, Mirzəyev Azərbaycanda Sovet hakimiyyəti
quruculuğunun fəal iştirakçılarından biridir.
Bu sözlərdən sonra mənə bir yazılı
kağız təqdim etdilər, burada yazılmışdı
ki, guya mən demişəm ki, Sumbatov mədəni adam deyil,
ona yüksək vəzifə etibar etmək olmaz.
Bağırov, Beriya kimdir ki?!.
Teymur Quliyevdən
sonra Sumbatov əsəbi halda üzünü mənə tutub:
təəssüf, burada xeyli adam var, yoxsa səni
ayağımın altına salardım, - deyə nalayiq
sözlərlə məni təhqir etdi. Mən də hövsələdən
çıxdım, ona dedim ki, mən səni heç vaxt
döyməmişəm. Yadıma gəlir ki, atam 1912-ci ildə
Hindarxda gürcü knyazını camaatın gözü
qarşısında necə şil-küt etmişdi. Biz o azərbaycanlılardan
deyilik ki, üstümüzə əl qaldıra biləsiniz. Nəzər
Heydərov Sumbatovu intizama dəvət etmək əvəzinə,
onu müdafiə etdi. Sonra Yemelyanov çıxış etdi və
mənə dedi ki, bu, hələ başlanğıcdır,
gör sənin başına nə gətirəcəyik.
1949-cu ildə bu
hadisədən sonra Moskvaya getdim, Stalin yoldaşın və
Mikoyan yoldaşın adına teleqram vurdum, yazdım ki, məni
Azərbaycanda məhv etmək istəyirlər, xahiş edirəm,
məsələyə aydınlıq gətirmək
üçün məni qəbul edəsiniz. Bir ay keçdi,
teleqramıma cavab gəlmədi. Telefon zəngimə
hansısa Lüdviqov cavab verdi ki, siz nə istəyirsiniz? Dedim
ki, mənim Azərbaycanda böyük bir adamdan şikayətim
var.
MUSTAFAYEV -
Lüdviqov Beriyanın köməkçisi vəzifəsində
işləyirdi, demək, siz Beriyaya müraciət etmisiniz.
MİRZƏYEV - Məndə
teleqramın qəbzinin surəti var, teleqram Beriyaya deyil, Stalin
yoldaşa ünvanlanmışdır.
MUSTAFAYEV - Qəbzin
surətini göstər.
MİRZƏYEV - Evdə
qalıb, gətirib göstərərəm.
MUSTAFAYEV - Eyni
zamanda, siz həm də Beriyaya teleqram vurmusunuz.
MİRZƏYEV -
Ancaq həmin vaxt yox, sonra.
MUSTAFAYEV - Moskvada olduğunuz zaman, elə deyilmi?
MİRZƏYEV - Elədir,
bəli.
MUSTAFAYEV - Demək,
siz Lüdviqova zəng vurmusunuz, o isə Beriyanın yanında
işləyirdi.
YAKOVLEV - Ərizənizdə
nələri yazmışdınız?
MİRZƏYEV - Mən
ancaq özüm haqqında yazmışdım.
Yazmışdım ki, məni işdən qanunsuz
çıxarıblar, ailəmi təqib edirlər,
qızımı işdən qovublar.
YAKOVLEV - Ərizənizdə
Beriyaya bu sözləri yazmısınız: "Sizin
şagirdiniz Mirzəyev".
MİRZƏYEV
- Mən belə söz yazmamışam. Axı mən onun necə
şagirdi ola
bilərəm? Mən onu
bir dəfə 1921-ci ildə Bakıda, bir dəfə də 1930-cu ildə Ermənistanda müşavirədə
görmüşəm.
MUSTAFAYEV - Onda
yazdığınızı özünüz oxuyun. Ərizəniz
bizə göndərilmişdir.
MİRZƏYEV - (Ərizəsini
oxuyur) "Salam, inanıram ki, siz məni
xatırlayırsınız, ona görə də sizə
müraciət edirəm ki, münasib işlə təmin
olunmağımda köməklik göstərəsiniz. Son vaxtlar xəstəliyə görə
pensiyaya çıxmışdım. Hazırda səhhətim qaydasına
düşmüşdür, işləmək istəyirəm.
Xəstə düşənədək həmişə Sumbatovla,
Daxili İşlər
Komissarlığının əməkdaşı Miçurinlə
və başqaları
ilə birlikdə çalışmışam. Bunu da nəzərinizə çatdırıram ki,
1938-ci ildə Bakıda
rus dilində hüquq fakültəsini bitirmişəm.
Səmimi hörmətlə, şagirdiniz Şamil Mirzəyev".
MUSTAFAYEV - Bəs
deyirdiniz, "şagirdiniz" sözünü
yazmamısınız?
MİRZƏYEV -
Yadımda deyil, tutalım lap yazmışam.
MUSTAFAYEV - Amma sizə
sual verəndə deyirdiniz ki, mən onun necə şagirdi ola
bilərdim.
MİRZƏYEV - Bunu
bir başqası da yaza bilərdi. Mən bir azərbaycanlı
kimi onunla hörmətlə davranmışam.
MUSTAFAYEV - Sizə sonra zəng vurdular?
MİRZƏYEV - Zəng
vurdular, mən dedim ki, bəs filankəsdən şikayətə
gəlmişəm. Cavab verdilər ki, başısalamat buradan
qayıdın və Bağırova müraciət edin.
MUSTAFAYEV - Siz ki,
Bağırovdan heç nə yazmırsınız, ondan
şikayət etmirsiniz. Əksinə, yazırsınız ki,
Sumbatovla, Bağırovla birgə işləmisiniz.
MİRZƏYEV - Mən
işdən 1949-cu il fevralın 4-də
çıxarılmışam.
MUSTAFAYEV - Moskvada
sizin hansı sənədlərinizi oğurlamışlar?
MİRZƏYEV - Mən
bu barədə Nəzarət Komissiyasına - Cəbrayılova
və daha sonra daxili işlər naziri Kruqlova yazmışam. Oğlum və arvadımla
4 gün Moskvada idim. Portfelimdə
Kirov yoldaşın imzaladığı
xasiyyətnamə vardı,
orada atam haqqında deyilirdi ki, Camal Mirzəyev
11-ci ordunun qərargahında
çox böyük xidmət göstərmişdir.
(ardı
var)
Teyyub Qurban
Ekspress.- 2010.- 16-18 oktyabr.- S. 14.