Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır
(əvvəli ötən
şənbə saylarımızda)
Azərbaycanda ötən əsrin
ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin
dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur
məhkəməsi olmuşdur.
Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(1954-cü il aprel ayının 2-də
keçirilən Azərbaycan KP MK-nın Büro iclası)
YAKOVLEV - Siz Moskvada yaxın
qohumunuzgildə qalırdınız?
MİRZƏYEV - Bəli, oğlumun
qayınatasıgildə.
YAKOVLEV - Demək, portfelinizi orada
çırpışdırıblar.
MİRZƏYEV - Dedilər ki,
portfeli səhvən bağa göndərmişlər. Mən,
arvadım, oğlum bağa yollandıq, ancaq portfelimi tapa bilmədik.
YAKOVLEV - Portfelinizdə Bağırovu
ləkələyən yazınız vardı? Nə
üçün Bağırov sənədlərinizlə belə
maraqlanırdı?
MİRZƏYEV - Orada atama
yazılmış sənəd vardı. Orada deyilirdi ki, "Mən
Kislovodskiyə gedirəm, respublikanı sənə
tapşırıram. Sərhəddə
qarmaqarışıqlıq baş versə, Əsəd
Axundovla əlaqə saxla". Portfeldə həmçinin
qardaşıma, atama aid xüsusi sənədlər vardı.
YAKOVLEV - Görünür,
Bağırov istəmirmiş ki, bu sənədlər sizin əlinizdə
olsun.
MİRZƏYEV - Mən ondan
şikayətə getmişdimsə, əlbəttə, o belə
düşünə bilərdi.
YAKOVLEV - Məndə belə bir təsəvvür
oyanır ki, Bağırov sizdən ehtiyatlanırdı ki, onu
nədəsə ifşa edə bilərsiniz.
MİRZƏYEV - Mən bu barədə
sizinlə söhbət etmişəm.
YAKOVLEV - Konkret olaraq bir söz deməmisiniz.
MİRZƏYEV - Yanvarın 25-də
yazdıqlarım buradadır, asılqanda paltomun cibində. Orada
yazmışam ki, Bağırovu sovetləşməyə qədər
tanımamışıq. Onu atama tatar polku Ağdamda olanda
yerli təşkilatlar təqdim etmişdilər. Atam axşam
gedib ertəsi axşam qayıtdı və dedi ki, Ağdamda
bir qarının yanında bir nəfər saxlamışam. Onu
gedib gətirin. Atamın sözünə əməl etdim. Gətirdiyim
adam cırıq qızıl ordu
döyüşçüsü köynəyindəydi. Yeriyə
bilmirdi, mən bir adamın çiynində onu gətirdim.
Bundan sonra atam mənə bir tapşırıq da verdi: həbsə
alınmış ikinci bir kommunist var, onu da gətir. Atama dedim
ki, onu mənə verməzlər. Atam dedi ki, nə vəchlə
olursa olsun, onu da gətirməliyik. Bu - İran təbəəli
İbrahim idi. Atam dedi ki, onu Ucara, ordu qərargahına
çatdır.
Ertəsi günü atam bizi tərk
etdi. 2-3 saatdan sonra hərbi dəstə gəldi, ailəmizi
bağda gizlətmişdik. Atam ordu qərargahında idi. Mən
Yevlaxa gəlib, oradan da atamın yanına getdim.
Bundan əlavə, elə kommunistlər
vardı ki, onları 1919-cu ildə həbs etmək istəyirdilər.
Onlar qaçıb bizə pənah gətirirdilər, biz
onları Ağdamda saxlayırdıq. 1921-ci ildə mən
milis rəisi işlədiyim vaxt belə bir məlumat aldım
ki, Yaqub adında bir vətəndaş general-qubernatoru
Qarabağdan Kürdüstana aparmışdır. Mən Yaqubu
həbs edib, Bakıya Azərbaycan Fövqəladə
Komissiyasına göndərdim. Şamaxınkada idim, atam da mənimləydi.
Axşam Bağırov məni yanına
çağırdı. Əsəd Axundov da adyutantı ilə
orada idi. Bağırov soruşdu ki, Yaqubu niyə həbs
etmisiniz? Mən dedim ki, birincisi o, general-qubernatorun
qaçışına kömək etmişdir, ikincisi də
axtarış zamanı onun evində bir türkün gizləndiyi
aşkar olunmuşdur. Həmin türk Göyçayda
hökumət əleyhinə üsyanın təşkilində
iştirak etmişdir. Bağırov dedi: elə şey yoxdur, mən
Yaqubu azadlığa buraxacağam!
Mən evə qayıdıb, məsələdən
atamı agah etdim. Atam dərhal Bağırova zəng vurub dedi
ki, əgər Yaqubu buraxsanız, mən günü sabah Kirov
yoldaşa deyəcəyəm ki, siz belə şəxslərə
himayə göstərirsiniz. Bağırov atama dedi ki, sabah sən
də yanımda olarsan.
Səhəri Bağırovun
yanındaydıq. Atam Bağırova sübut etdi ki, Yaqub
general-qubernatorun qaçışını necə təşkil
etmişdir. Onu boz atda Kürdüstana
çatdırmışdır. Ancaq
Bağırov inadından dönmədi.
MÜƏLLİFDƏN: Mir Cəfər
Bağırovun "inadından dönməyərək"
xilas etdiyi və "boz atda Kürdüstana (indiki
Laçın rayonu ərazisinə - T.Q.)
keçirilmiş" general-qubernator kim idi? Azərbaycan Xalq
Cümhuriyyətinin banisi, Milli Şuranın sədri Məhəmməd
Əmin Rəsulzadənin yaxın silahdaşlarından biri, Fətəli
xan Xoyskinin başçılıq etdiyi hökumətdə hərbi
nazir, Qarabağın general-qubernatoru Xosrov bəy Sultanov! Onun
qısaca tərcümeyi-halı ilə tanış olmaq yerinə
düşər: Sultanov Xosrov Paşa bəy oğlu 1879-cu il
may ayının 10-da Zəngəzur mahalının
Kürdhacı kəndində anadan olmuşdur. 1903-cü ildə
Novorossiysk Universitetinin tibb fakültəsini bitirmişdir.
1917-ci ildə "Müsavat" partiyasına daxil olmuş,
Rusiya Müəssisələr Məclisinə deputat
seçilmişdir. Zaqafqaziya seyminin üzvü idi. 1918-ci il
may ayının 28-də İstiqlal bəyannaməsini
imzalayanlar arasındadır.
Xosrov bəy 1918-20-ci illərdə
Qarabağın və Zəngəzurun daşnak quldur dəstələrindən
təmizlənməsində müstəsna xidmət göstərmişdir.
1921-ci ildə M.C.Bağırov Azərbaycan SSR Daxili
İşlər komissarı vəzifəsində işləyərkən
müsavat generalını "boz atın belində" sərhəddən
keçirilməsini təşkil etmişdir. 1921-1926-cı illərdə
"Azərbaycan bolşeviklərinin rəhbəri" Sergey
Mironoviç Kirovun başı üstündən Daxili
İşlər Xalq komissarı onlarla müsavatçı
dövlət xadimi və ziyalısının xaricə getməsinə
şərait yaratmışdır, hamısı da qürbətdə
Vətənə sadiq qalmışdır. Xosrov bəy Sultanov
müharibə illərində əsir düşmüş
soydaşlarımızın azad edilməsində böyük
xidmət göstərmiş, Fransada Azərbaycan xəstəxanası
açmışdır. İstiqlal fədaisi general 1947-ci ildə
altmış səkkiz yaşında Türkiyədə vəfat
etmişdir.
MİRZƏYEV - İkinci hadisə
1922-ci ildə baş vermişdir. Şuşada olarkən mənə
məlumat verildi ki, məşhur fabrikant Morozovun oğlunu
arvadı ilə birlikdə bir neçə çemodanla
İrana keçirmişlər. Mən bu barədə
Bağırova dedim. O dedi ki, neyləyə bilərəm, Azərbaycan
Mərkəzi İcraiyyə Komitəsinə məktub yaz.
MUSTAFAYEV - Atanızı hara
köçürtmüşdülər?
MİRZƏYEV - Jdanov rayonuna, sərhəd
yaxınlığına.
MUSTAFAYEV - Necə
köçürülmüşdü, məhkəmənin
hökmü ilə?
MİRZƏYEV -
Hüquqşünas-məsləhətçi Hacıbəylinin
hazırladığı qərar ilə, guya atam yerli hakimiyyət
orqanlarının işinə mane olur. Beş aydan sonra Kirov
yoldaş bu qərarı ləğv etdi. Təəssüf ki,
atam çox yaşamadı.
MUSTAFAYEV - Atanız Eyvazlılarda
yaşayırdı?
MİRZƏYEV - Bəli.
MUSTAFAYEV - Siz Xruşşov
yoldaşa nə kimi mühüm məlumat vermək istəyirdiniz?
MİRZƏYEV - Mən
Xruşşov yoldaşa izah etmək istəyirdim ki, nə
üçün məni 1948-ci ildə təqib etmişlər,
ona bildirmək istəyirdim ki, Bağırovun və Yaqubovun
çirkin tapşırığını yerinə yetirməmişəm.
MUSTAFAYEV - Siz demək istəyirsiniz,
Bağırov sizi Yegizarovun əleyhinə ifadə verməyə
məcbur etmişdi?
MİRZƏYEV - Bəli. Yegizarovun
xəbərçiliyinə görə.
MUSTAFAYEV - Siz Malenkov yoldaşın
adına da ərizə yazmısınız?
MİRZƏYEV - Bəli.
MUSTAFAYEV - Həmin ərizənizdə
göstərirsiniz ki, 1938-ci ildə SSRİ Nazirlər Sovetindən
və Mərkəzi Komitədən tutmuş bütün ali
orqanlara müraciət etmisiniz. Biz rəsmi sənəd əldə
etmişik ki, Şamil Mirzəyevin adından 1938-ci ildə
yalnız Beriyanın adına ərizə göndərilmişdir.
MİRZƏYEV - Mən poçt qəbzlərini
saxlamışam.
YAKOVLEV - Beriyaya
ünvanladıqlarınızı tapmışıq. Siz də,
biz də inkar edə bilmərik ki, tez-tez Beriyaya məktub
göndərmisiniz. Ancaq biz 1949, 1950 və 1951-ci illərdə
- üç il ərzində Sov. İKP MK-nın xüsusi
bölməsində, SSRİ Nazirlər Sovetinin
kanselyariyasında, Partiya Nəzarəti Komitəsində sizin
bir kağızınıza rast gəlməmişik.
MİRZƏYEV - 1952-ci ildə
Moskvada olarkən, mən şəxsən Nəzarət
Komissiyasına, Leonidov yoldaşın yanına getmişəm,
Xruşşov yoldaşın adına dəfələrlə məktub
göndərmişəm. Xruşşovun köməkçisi
Morozov məni qəbul etmişdir. Rumyantsev yoldaşın
adına da ərizə yazmışam. Hamısının surətləri
özümdədir. Buyurub baxa bilərsiniz.
YAKOVLEV - Nə üçün bu
qədər çox ərizə yazırdınız?
MİRZƏYEV - Mən onlardan
xahiş edirdim ki, köməklik göstərsinlər, işləməyimə
imkan yaratsınlar. Qaldı Beriya məsələsinə,
Beriya o zaman SSRİ Daxili İşlər naziri idi. Hər kəs
ona məktub yazıb dərdini deyirdi. Mənim də ona
müraciət etməyim o demək deyildi ki, onunla yaxın
idim. Axı mən Beriyanın yanında kiməm? O, məni
1921-ci ildə Bakıda və 1930-cu ildə Ermənistanda
görmüşdü.
MUSTAFAYEV - Ancaq hər yetən
Beriyaya yazmırdı ki, mən sənin şagirdinəm.
MİRZƏYEV - Ümumiyyətlə,
o zamanlar Daxili İşlər Nazirliyində işləyənlərin
hamısı mənim kimi özlərini Beriyanın şagirdi
adlandırırdı.
MUSTAFAYEV - Söhbət konkret olaraq sizdən gedir.
MİRZƏYEV
- Daxili İşlər
Nazirliyində işlədiyim
25 il müddətində
nazirliyə o rəhbərlik
etmişdir. Nazirliyin hər bir əməkdaşı kimi,
mən də, əlbəttə, onun şagirdi hesab olunurdum.
YAKOVLEV - İndi çoxlarına,
sizə isə daha çox məlumdur ki, Bağırovun keçmiş
fəaliyyətinin bir
çox qaranlıq və çirkin cəhətləri olmuşdur.
Siz bunları yaxşı bilsəniz də, Bağırovdan ərizələr
yazsanız da, onun ifşa olunmasında partiyaya kömək göstərmirsiniz.
MİRZƏYEV
- İndi belə danışmağa nə var ki... Sizi inandırıram,
o zaman Azərbaycanda bir nəfər cəasrət edib Bağırovun əleyhinə
bir söz deyə bilməzdi. Tamamilə başqa zamandı.
YAKOVLEV - İndi ki
Bağırov yoxdur, niyə onun ifşa olunmasında iştirak etmirsiniz?
MİRZƏYEV - Mən sizə Nikoladze barədə məlumat verdim. O, banditizmə
qarşı mübarizə
şöbəsinin rəisi
idi, 1930-cu illərdə
kəndliləri gülləbaran
etmişdi. Məgər bu fakt kifayət deyil?
YAKOVLEV - Siz şəxsən
Bağırov əleyhinə
əsaslı bir şey demirsiniz. Məgər siz bilmirdiniz ki, Bağırov türklərə əsir
düşüb?
MİRZƏYEV - Bunu mən eşitməmişəm,
atamın qəbrinə
and olsun ki, eşitməmişəm.
MUSTAFAYEV - Necə yəni, Bağırov sizin vasitənizlə Nuru Paşaya məktub göndərməyib?
MİRZƏYEV
- Nə Nuru Paşa?
MUSTAFAYEV - Məgər siz Nuru Paşanı
tanımırsız?
MİRZƏYEV - Nuru Paşanı bizim qohumlar evimizə gətirmişdilər. Eyvanda dayanmışdı.
Camaatın gözü qarşısında
Heydəri güllələdi.
MUSTAFAYEV - Bağırov sizin atanızla birgə Ağdamı tərk edəndə Nuru Paşaya çatdırmaq üçün
həmən məktubu
sənə vermişdir.
MİRZƏYEV
- Heç bir məktub olmayıb, and içirəm.
YAKOVLEV - Siz məktubun
məzmununu bilmirdiniz?
MİRZƏYEV
- Qətiyyən.
YAKOVLEV - Belə çıxır
ki, siz Bağırova
kömək etmək istəmirdiniz?
MUSTAFAYEV - Bağırov oradan çıxanda yazıb ki, əsirlikdən qurtarmışam,
məktubu da sizə verib ki, Türkiyəyə ötürəsiniz.
MİRZƏYEV - Təkrar edirəm, belə məktub olmamışdır.
YAKOVLEV - Demək, siz Bağırovun türklərə
əsir düşdüyünü
bilmirsiniz.
MİRZƏYEV
- Bilmirəm. Bunu bilirəm
ki, Bağırovu evimizə bir nəfər Ağdamdan gətirmişdi, atam onu qəbul edəndə biz evdə idik.
QUSKOV - Konkret cavab
verin, bilirdinizmi ki, Bağırov türklərə əsir
düşmüşdü?
MİRZƏYEV - Axşam evdə oturmuşduq.
Bir nəfər seyid gəldi, atamla danışdı. Atam onunla
getdi. Məlum oldu ki, atam Bağırovun Həmidə xanımın
yanında qoymuşdur.
Mən onda Ağcabədidə idim.
MUSTAFAYEV - Bağırov Həmidə xanımın
evinin yaxınlığında
idi, orada zabitlər veyllənirdi.
Bağırov hansı xahişlə
sizə gəlmişdi?
Niyə atanız onu qəbul etmişdi?
MİRZƏYEV - Atam Ağdamda idi. Orada yerli kommunistlər bir yerə toplaşmışdı.
Atam qapının yanında dayanmışdı. Bağırov çıxış edərək
deyirmiş ki, tatar polku buradadır,
təhlükədəyik, bizi
yəqin ki, həbsə alacaqlar.
Kim mənimlə birlikdə
mübarizəyə qalxmaq
istəyirsə, əlini
qaldırsın! İştirakçıların hamısı susanda,
atam tanımadığı
adamdan soruşur ki, sən kimsən?
Cavab verir ki, qubalıyam.
Atam soruşur ki, kommunistsən? Cavab verir
ki, kommunistəm.
Atam ucadan deyir ki,
mən iki oğlumla birlikdə Sovet hakimiyyəti yolunda canımızdan keçməyə hazırıq.
MUSTAFAYEV - Atan savadsızdı?
MİRZƏYEV
- Az savadlıydı.
MUSTAFAYEV - Harada oxumuşdu?
MİRZƏYEV - Kənddə.
MUSTAFAYEV - O hardan bilirdi
ki, inqilabi hərəkat, sovet hakimiyyəti nə deməkdir?
MİRZƏYEV - 1904-cü ildə
mülkədar Rüstəmbəyov
bizi ata-baba yurdumuz Gülablıdan Şelli kəndinə sürgün etdi. Sığınacaq tapdığımız
evin sahibi Allahverdi kişi
beş gündən sonra mülkədarın rəisi tərəfindən
güllələndi. Bizi Ağdamın
Novruzlu kəndinə köçürdülər. 1906-cı ildə cəza dəstəsinin rəisi atamın dalınca gəldi. Atam evdə olmadığından
məni üç gün girov saxladı. Atam geri qayıtmadığından
məni buraxdılar.
Sonra atam Ağcabədidə bir dul qadınla
evləndi, doğma anam vəfat etdiyindən, mən xalamın yanında qaldım.
YAKOVLEV - Siz bizə deyin
görək, atanız
kəndli idi?
MİRZƏYEV - Bəli.
YAKOVLEV - Hansından?
MİRZƏYEV - Ortabab idi.
YAKOVLEV - Qolçomaq deyildi?
MİRZƏYEV
- Yox.
YAKOVLEV - Atanızın nə qədər torpaq sahəsi vardı?
MİRZƏYEV - Atam bütün mülkünü,
torpaq sahəsini qoyub, Ağdama getdi və dul
arvadla evləndi.
Atam sovetləşəndən sonra
yaxşı yaşamışdır.
O, inqilab komitəsinin
sədriydi, sonralar xəstəliyinə görə
ərizə verib işdən çıxdı.
(ardı var)
Teyyub
Qurban
Ekspress.- 2010.- 23-25 oktyabr.- S. 15.