Payız
metaforası
...Neçə
gündür dənizdən əsən külək
"ötən yayın son nəğməsini" oxuyur.
Hər il payızın əvvəllərində harasa, uzaqlara getmək istəyirəm.
Hər il payız gələndə Səttar Bəhlulzadənin, İsaak Levitanın
mənzərələri yadıma düşür.
Hər il payız gələndə
sevdiyim şairlərin sevib unutduğum misraları yaddaşımda
cücərir.
Mən fəqət hüsnü-xuda şairiyəm,
Yerə
enməm də səma şairiyəm.
24 oktyabr Hüseyn
Cavid Əfəndinin anadan olduğu gündür. İstiqlal küçəsi ilə
üzü aşağı addımlayıram. İstiqlal küçəsi
qələbəlikdir - insan və maşın qələbəliyi.
Və mənim bu payız qələbəliyim indi sanki tənha
bir kamançadır - içimdə hüznlü bir payız
melodiyası səslənir.
Ustadım Nazim Hikmət 1957-ci ilin mayında
Varnada məmləkət həsrətilə ürəyinin param-parça
olduğu günlərdə Qara dənizin sularına pıçıldayırdı:
Ürək deyil bə,
çarıqmış bu,
camış gönündən,
təpər ha babam
təpər
paralanmaz,
təpər daşlı yolları.
Bir vapur keçər Varna
önündən,
iy Qara dənizin gümüş telləri...
Nazim Hikmətin
səsi hələ də Qara dənizin qəlbində əks-səda
verir. Nazim məmləkəti Türkiyəyə,
yeddi təpəli şəhərə - İstanbula
qovuşamayana qədər onun səsi Qara dənizin
qulaqlarında səslənəcək...
Ağacların
yarpaqlarına sarı dən düşüb. Göy üzündə buludlar kövrəlib.
Havada yağış qoxusu var. Buludlarda, ağaclarda, dənizdə
payız. Mənim qəlbimdə də payızdı.
Bir zamanlar mənə
elə gəlirdi ki, guya yer üzündə bütün şairlər
eyni ulduz altında doğulurlar. 80-ci
illərin ortalarında şair qardaşlarımdan birinə
(Vaqif Səmədoğluna) ithaf etdiyim şeirin misraları
içimdə səslənən payız melodiyasına
qarışır;
eyni ulduz altında doğulmuşuq bəlkə biz
eyni ulduz altında
doğulduğumuzdandı yəqin
hara getsək qəlbimizdə güz
aydınlıq girdi araya
duz basdı köhnə yaraya
bu dünyanın yollarında
vaxtsız qocaldı
ürək
mən də
yalnız uşaqlarla
dil tapıram sənintək.
İstiqlal küçəsində axşam qələbəliyi. Cavid Əfəndi bu küçədə
yaşayıb, sağlığında səhər-axşam bu
küçədən keçib işə, teatra gedərdi,
axşamlar bu küçəylə evə dönərdi. Yaşadığı
binanın qarşısında bir anlıq ayaq saxlayıb
göy üzünə baxardı və öz-özünə
pıçıldayardı;
İnsan
ömrü dalğa kimi
keçər,
gedər,
Hər gələn bir sevgi
ilə köçər, gedər...
Bəlkə
mən də Nazim Hikmətlə, Cavil Əfəndi ilə eyni
ulduz altında doğulmuşam. Bəlkə elə ondandı hara getsəm,
harda olsam, bütün fəsillərdə könlümdə
payız havası var.
Bu gün Hüseyn
Cavid haqqında söz deməkdən zor bir şey yoxdu mənimçün. Bu, çox ağır,
çox ağır bir məsələdir.
Mən Cavid Əfəndinin şeirlərini
yaşaya bilərəm, Cavid Əfəndinin payızında
şeir yaza, rəsm çəkə bilərəm, amma yalnız
Hüseyn Cavid Cavid Əfəndi ola bilər.
Bu, əski bir
həqiqətdir - müstəbidlər şairləri anlamırlar,
anlayantək ölümünə fərman verirlər.
Böyük
şairlər ən parlaq ulduzların altında gələcəkdə
başlarına gələcək faciələrlə doğulurlar. Böyük şairlər zamansız və
məkansız olurlar. Zaman böyük şairlərin
barmaqları arasından axıb gedir. Böyük şairin
ruhu zamana və məkana sığmır. O, kosmik
varlıqdı.
...Hüseyn Cavid bağında şairin abidəsi ətrafında göyərçinlər uçuşur. Göyərçinlər
şairi ziyarət edirlər.
Yarpaqlar tökülür payız bağında
başımın üstündə ala buludlar
sönür gözlərimdə dəli sevdalar
solur
ürəyimdə böyük umudlar
içimin işığı
çıxır üzümə
solur
üzümüzün işığı solur
daha qınamıram baxtı taleyi
baxıram ömrümə gözlərim
dolur
ürəkdə bu boşluq nədir görəsən
nədir alnımdakı qırışlar
nədir
yanan yarpaqların acı
tüstüsü
cavabsız suallar
qəlbimi didir
uçub gedən quşların
yuvaları
boş qalıb könlümüın
budaqlarında
kəşmir şamı
kimi yumşaq bir
axşam
yarpaqlar tökülür Cavid
bağında
Anna Axmatova haqlı
olaraq yazırdı ki, XX əsr Puşkinin xeyrinə işləyir.
Bu gün zaman Hüseyn Cavidin
xeyrinə işləyir. İndi
Hüseyn Cavid zaman dışında yaşayır. O, əbədiyyətlə
üz-üzə dayanıb.
Düşünürəm ki,
bizim hamımızın taleyində
37 kabusu dolaşır. Bir zamanlar pencəklərinin
döş ciblərində, ürəklərinin
başında "allahsızlıq bileti" gəzdirən
şairlər, yazıçılar, alimlər vardı,
onların canfəşanlığı sayəsində əlifbalar
dəyişdirildi, qəbiristanlıqların yerində parklar
salındı, pavlik morozovlar və onların övladları mənsəb
sahibi oldular. Kremlin zamanı 37-ni göstərirdi...
Cavid Əfəndi
zamandan qabaqda idi. Zaman
şairin arxasınca gəlirdi. Bu gün də şair
zamanın fövqündədir. O, öz yerində dayanıb,
bir gerçək şair harada ola bilərsə, Cavid Əfəndi
də orada durub. Şair öz yerində, məqamında,
şair məqamında dayanıb dünyaya baxır. Əlahəzrət
Zaman onun ayağına gəlir.
Cavid Əfəndi Zamanın Mövlananın, Füzulinin, Hafizin
və Üzeyir
bəyin ayağına
gəldiyini görmüşdü.
O, eşqin, ilahi eşqin mənasını bilirdi. O, Əfəndi
idi, şairimizin Əfəndisi, vicdanımızın Əfəndisi.
Cavid Əfəndi zamanın vicdanıdır.
Bundan böyük bir
rütbə, bundan da
böyük bir
Tanrı hədiyyəsi olarmı?
Mən 50-ci illərin əvvəllərində doğulmuşam, amma mən də, mənim mənsub olduğum ədəbi nəsil də
37-nin qurbanlarıyıq...
Turan xanımın
- Turan Cavidin atası haqqında yazdığı xatirələrini
oxuyuram. Etiraf
edim ki, yaşa dolduqca memuar ədəbiyyatına
marağımız artır.
İçimdə
sızlayan bir nisgil yaşayır. Ağrının iliyini sora-sora Cavidin ev
muzeyinə yollanıram.
Bir vaxtlar Turan
xanımın kabineti olmuş otağın qapısı yarı
açıqdır. Bir vaxtlar bu
otaqda Azər Turanla, Çingiz Ələsgərli ilə Turan
xanımın çayını içmişik. Turan
xanımın evdə öz əliylə bişirdiyi
şirniyyat uzun-uzadı söhbətlərimizi
dadlandırıb. İndi Turan xanımın kabinetinin
qapısını döyməyə əlim gəlmir.
Turan xanım - pəncərədən otağa düşən ilıq payız günəşinin
şəfəqlərinə bürünmüş mələk kimi
bir qadın.
Turan xanımın sağlığında
bəzən mənə elə gəlirdi ki, o, heç vaxt gülümsəməyib, ya da çoxdan gülümsəmədiyindən təbəssümü yadırğayıbdı.
Turan xanım da
payız adamıydı, Cavid payızında yaşamağın nə
olduğunu ondan yaxşı
heç kim bilmirdi.
Bəlkə mən haçansa Hüseyn Cavidin
portretini çəkəcəyəm. Bir dəfə teatrşünas
və dramaturq Çingiz Ələsgərli ilə bu barədə
söhbətimizdə şairin gözlərində payız
olmalıdı demişdim. Hüznlü, məhzun və məsum,
eyni zamanda, romantik bir payız - Cavid payızı.
Dün bir quş gördüm yaralı,
Uçmuş yurdundan aralı.
Dişlədi köksünü
çalı,
Söylədi sanki hər halı;
Vəhşi qartal qıydı bana,
Vətən, ah sevgili ana!
Mənim könlüm hər qulbəyə
Nəşə sərpən atəş
deyil.
Mənim eşqim hər kölgəyə
Gülümsəyən günəş
deyil.
Ağ yelkənlər qanad
açar,
Süzüb naz ilə uçar.
Cavid Əfəndinin
hənüz çəkmədiyim portreti. Şairin harasa, uzaqlara, məchulluqlara
baxan gözləri. Bu gözlər adamın qəlbinə
nüfuz edir, bu gözlər adamın içini görür. Düşünürəm ki, əgər öz
içlərini olduğu kimi görə bilsəydilər,
insanların çoxu ağlını itirib dəli olardı.
"Əsiri olduğum bir şey varsa, o da həqiqət və
yenə də həqiqətdir" - bu, Cavid Əfəndinin
sözləridir.
Həqiqətə və yenə də həqiqətə əsir
olan bir
şairdən xoşbəxt adam olarmı
bu yer
üzündə?!
Rəssam Nəvai
Məmmədoğlunun emalatxanasındayam, yağlı boya və
tütün qoxusu bir-birinə qarışıb. Nəvai Türkiyənin İzmir şəhərində
açılacaq sərgiyə hazırlaşır. Divar boyu
irili-xırdalı tablolar düzülüb. Rəssam
narahatdır. Sentyabr ayında Rssamlar İttifaqının Vəcihə
Səmədova adına sərgi salonunda rəssamın fərdi
sərgisində uğurla nümayiş etdirilmiş əsərlər
hələ də gözlərim önündədir. O sərgidə rəssam mənim də portretimi sərgiləmişdi,
mənim portretim şair Oktay Rzanın və aktyor Yaşar
Nurinin portretləri ilə yanaşı asılmışdı.
Təəssüf ki, mən o sərginin
açılışında iştirak edə bilməmişdim.
İndi əlimə fürsət düşmüşkən,
rəssama təşəkkür edirəm.
Rəssamın "Kopodokiya" silsiləsindən olan əsərləri fantastik ovqatıyla yadda
qalıb. Bir də
payız mənzərələri diqqətimi çəkdi - rəssamın
emalatxanasına payız gəlmişdi. Amma Nəvai Məmmədoğlunun
payızı əsla Levitanın payızına bənzəmirdi
- rənglər daha şux, daha əlvan, daha
istiqanlıydı.
Emalatxananın
pəncərəsindən düşən gün işığında
tablolardakı rənglər sanki rəqs eləyirdi və mən
rənglərin melodiyasını eşidirdim. Mən bu əsrarəngiz
melodiyanı Səttar Bəhlulzadənin, Anri Matissin, Klod
Monenin tablolarına baxarkən də eşitmişəm.
Klod Monenin
"Sərv ağacları" adlı bir tablosu var, tabloda rüzgar
ağacların budaqları ilə oynayır. İmpressionist ruhlu mənzərədə
külək böyük bir ustalıqla fırçaya
alınıb. Adama elə gəlir ki, tablodan külək əsir.
Bir dəfə Monenin emalatxanasına gəlmiş rəssam
Edqar Deqa bu tablonu görəndən sonra özünəməxsus
bir yumorla - bağışla, dostum, mən gedim, külək
çox bərk əsir, soyuqlamaqdan qorxuram - deyib.
Nəvai Məmmədoğlunun payız tablolarına
baxanda bu
əhvalatı xatırladım...
1923-cü ilin aprel ayında Hənəfi Zeynallı
Maarif Evində etdiyi məruzədə deyirdi: "Peyğəmbərin
özünün təsvir etdiyi parça Cavidə nə qədər
yakışıyor. Guya ki, Cavid burada kəndi-kəndini
anladır".
Şairəm, bəslədiyim sidqü-səfa,
Çırpınıb izlədiyim nuri-dəha.
Daima ruhumu oxşar cəbərut,
Şerü-ilhamımı dinlər məlakut.
Mən fəqət hüsnü-xuda şairiyəm,
Yerə
enməm də səma şairiyəm.
...Payız. İstiqlal
küsəsi. Bir zamanlar Cavid Əfəndinin
yaşadığı bina...
Bakıda caz
festivalı. Bu gün festivalın yeddinci günüdür.
Allah sənə rəhmət eləsin, Vaqif
Mustafazadə.
Pəncərədə
payız impressionist rəsmlər çəkir. Payızın barmaqları dəcəl
uşaq barmaqlarına bənzəyir - payızın
barmaqlarında rəng ləkələri var.
Fəvvarələr
çiçəkləyir payız bağında.
Diksindim birdən-birə
telefonun səsindən. İndi dəstəyi götürmək, telefonla
danışmaq, kiməsə bir xoş söz demək işgəncədir
mənimçün.
Düşünürəm
ki, çox uzaqmı bu pəncərə önündə, bu
şəhərə, bu mənzərəyə baxa-baxa bir səfil
rəssam kimi öləcəyim gün.
Sabah yağacaq yağış bu gündən
döyür mənim pəncərəmin şüşəsini...
payız kökdən düşmüş
pianinoda
yazmadığım şeirlərin
havasını
bəstələyir
yayda gördüyüm yuxular
payızda gerçək olur
yayda gözlədiyim məktub
payızda gəlib çıxır
o məktuba durnalarla
cavab göndərməliydim
dünən axşam uçub getdi
son durna qatarı da
uçub getdi bircə lələk salmadan
yalnız durna lələyiylə yazıla bilər
indi
payızın kökdən
düşmüş pianinoda
bəstələdiyi
musiqinin şeirləri...
Adil Mirseyid
Ekspress.-2010.- 29 oktyabr.-S. 10.