"Teatr mənim ömrüm-günümdür" Ağakişi Kazımov-75

 

    Ağakişi Kazımov: "Yeni teatr üçün öncə tamaşaçı yaratmaq lazımdır"

 

    Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, əməkdar incəsənət xadimi, xalq artisti, professor Ağakişi Kazımovun qarşıdan yubileyi gəlir. 75 yaşı ərəfəsində Ağakişi müəllimlə görüşərək təbriklərimizi çatdırdıq, cansağlığı, yaradıcılıq uğurları arzuladıq, həm də milli teatrımızın bu günü və gələcəyi ilə bağlı suallarımıza cavab istədik.

- Ağakişi müəllim, 55 ildən artıqdır həyatınızı teatrla bağlamısınız, onlarla tamaşaya quruluş vermisiniz. Mən Sizi teatrsız heç təsəvvürümə gətirə bilmirəm...

- Teatr mənim ömrüm-günümdür, 56 illik təcrübəm var. Öncə aktyor kimi fəaliyyətə başlamışam, sonra təhsilimi davam etdirərək rejissorluq sənətinin sirlərinə yiyələndim. 1969-cu ildə hazırladığım diplom işim - Cəfər Cabbarlının "Aydın" tamaşası Kazanda keçirilən "SSRİ xalqlarının dramaturgiyası RSFSR teatrlarının səhnəsində" müsabiqəsində 1-ci yeri tutmuşdu. Rusiyadan qayıtdıqdan sonra Sumqayıt teatrında direktor-baş rejissor kimi çalışdım. Daha sonra Opera və Balet Teatrına dəvət olundum, Şəfiqə Axundovanın "Gəlin qayası"nı dövrün görkəmli sənətkarları Nəzakət Məmmədova, Arif Babayev və Rübabə Muradova ilə səhnəyə hazırladım. Dövlət Akademik Milli Dram teatrında Nodar Dumbadzenin "Darıxma ana" tamaşasına quruluş verdikdən sonra Musiqili Komediya Teatrında Seyfəddin Dağlı və Cahangir Cahangirovun "Təzə gəlin" operettasını səhnəyə hazırlamışdım.

Gənc Tamaşaçılar Teatrına dəvət olunduqdan sonra 20 il bu teatrın səhnəsində onlarla tamaşa hazırladım. Gənc Tamaşaçılar Teatrının Moskvaya ilk qastrol səfərində, bu teatra "Şöhrət" ordeni, onun aktyorlarının əksəriyyətinə fəxri adların verilməsində mənim böyük rolum olub. Bütün bu işləri Azərbaycan teatrı naminə təmənnasız etmişəm. Ancaq bu məni bir qədər incitdi ki, Gənc Tamaşaçılar Teatrında gördüyüm işlərdə mənim adım hallandırılmır.

- Rejissorlar həmişə bir qədər arxa planda qalır...

- Doğrudur, rejissor işi arxa planda olur, odur ki, rejissor da arxa planda qala bilər. Ancaq mən hiss etdim ki, bu arxa plan məsələsi qəsdən həyata keçirilir. Şikayət üçün demirəm, mən daima işimlə məşğul olan bir insanam. O ərəfədə məni Aşqabada "Hacı Qəmbər"i tamaşaya hazırlamağa dəvət etmişdilər. Bu dəvətdən bir neçə ay öncə biz Aşqabadda "Hacı Qəmbər" tamaşasını böyük uğurla təqdim etmişdik. Görünür, tamaşanı bəyəndikləri üçün Aşqabad teatrının səhnəsində də ona quruluş verməyimi istəmişdilər. Eyni zamanda, sovetlər dönəmində İrəvanda Azərbaycan Dövlət Dram Teatrında 5 tamaşa, həmçinin bizim Akademik Milli Dram Teatrında bir xeyli tamaşa hazırlamışam. Rejissor kimi bir neçə il Almaniyanın Köln və Düsseldorf şəhərlərində də çalışmışam.

Bu iki şəhərin bir teatrı var - Türk Dövlət Teatrı. Orada "Arşın mal alan"ı türk dilində hazırladım. Tamaşa bəyənildiyi üçün sonralar da bir neçə dəfə dəvət alaraq sifarişli tamaşalar hazırladım. Lakin həmin teatrın rəhbəri qəzada həlak olduğu üçün teatr başsız qaldı və mən də geri dönməli oldum. Bəhs etdiyim teatrda dövlət xətti ilə çalışırdım.

- Ömrünüzü teatra həsr etmisiniz, onlarla tamaşa hazırlamısınız, yüzlərlə tələbə yetişdirmisiniz. Sözümün canı var, bu işlərin müqabilində 75 illik yubileyiniz hansı səviyyədə qeyd olunacaq?

- Dövlət tərəfindən "xalq artisti fəxri" adına, "əməkdar incəsənət xadimi" adına layiq görülmüşəmsə, prezident təqaüdü alıramsa, deməli 75 illik yubileyimin keçirilməsi də dövlətin diqqətindədir. İnanıram ki, istər Mədəniyyət və Turizm Nazirliyi, istər çalışdığım teatrlar, istərsə də müəllimi olduğum Mədəniyyət və İncəsənət Universiteti mənim əməyimi diqqətdən kənarda saxlamaz.

- Sizin "Özümüzü kəsən qılınc" tamaşası yalnız Azərbaycanda deyil, Türkiyədə də böyük səs-küyə səbəb olmuşdu...

- Türkiyədə çalışmamışam, ancaq Akademik Milli Dram Teatrının səhnəsində hazırladığım Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasına Türkiyədən gələn qonaqlardan. alimlərdən, sənətlə bağlı adamlardan tutmuş, burda çalışan Türkiyə səfirliyinədək çox adam baxmışdı.

Əslində, "Özümüzü kəsən qılınc" tamaşası Türk birliyi, Türk dostluğundan bəhs edən bir əsər üzərində qurulduğu üçün türklərin diqqətini cəlb etmişdi. Sonradan bu tamaşa Türkiyəyə 5 dəfə rəsmi , 3 dəfə isə adi formada dəvət almışdı. Türkiyədə vətənpərvərlik hissi çox güclüdür.

"Özümüzü kəsən qılınc"ın finalı Nurəddin Mehdixanlının yaratdığı Mete xan obrazının kiçik monoloqu ilə bitirdi ki, bu da Türk tamaşaçılarını daha çox həyəcanlandırırdı.

"Ey Türk, nə qədər ki, sənin başının üstündə göy var, ayağının altında torpaq var sənin birliyini heç kim poza bilməz. Ey Türk, silkələn, ayıl özünə gəl, sən bir yerdə olanda güclüsən!". Tamaşanın hazırlığı prosesində final səhnəsi üçün Türkü birliyə səsləyən mərkəz nöqtəni axtardığım bir zaman Nurəddin Mehdixanlı Mete xanın bu fikirlərini mənə göstərmişdi. Çox sevindim, çünki fikirləşdiyim hər söz Mete xanın kiçik monoloq şəklində söylədiyi bu fikirdə var idi. Bəxtiyar Vahabzadə ilə də məsləhətləşdim, o da bəyəndi və qərara gəldik ki, tamaşanın final səhnəsində bu fikirlər səslənsin. Məhz bu final səhnəsi salonu elə coşdururdu ki, bu məni bir rejissor olaraq sevindirməyə bilməzdi.

- İndi də bizim vətənpərvərlik mövzusu üzərində qurulan tamaşalara ehtiyacımız az deyil...

- Mən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rejissoruyam. Milli Teatr milli problemlərə üstünlük verməlidir. Hazırda bizim ən böyük problemimiz Qarabağ problemidir. Çox təəssüf ki, bəziləri Qarabağ mövzusundan alver formasında istifadə edir, yəni aktual bir mövzu olaraq yanaşır bu mövzuya. Qarabağ mövzusu indi aktual deyil, əksinə Qarabağ mövzusu indi müasirdi, yəni əbədi bir mövzuya çevrilib. İnşallah Qarabağ torpaqlarını xilas etdikdən sonra belə biz yenə də Qarabağ mövzusunu təbliğ etməliyik.

- Hazırda sizi nə düşündürür, hansı əsərləri səhnələşdirmək daha çox cəlb edir?

- Bu barədə çox fikirləşirəm və o nəticəyə gəlirəm ki, biz gərək öz milli, klassik dramaturgiyamızın bu günlə səsləşən əsərlərini yenidən səhnəyə gətirək. Xalq yazıçısı Elçini istisna etsək, yeni dramaturqlar yetişmir, yeni əsərlər yazılmır, bunlarsız teatr ola bilməz. Artıq teatrda islahatlar başlayıb, sənət üçün yararlı olanlar qalacaq, yararsız olanlar gedəcək. İslahat aparmanın əsas səbəbi də budur. Buna sözüm yoxdur, çünki bütün dünyada belədir. Bu qərar çıxan kimi mənə qəzetlərdən birindən zəng edərək fikrimi soruşdular və mən də yaxşı baxdığımı söylədim. Yəni bütün dünyada baş verən islahatların bizdə də olması heç də pis fikir deyil, əksinə, teatr yarandığı vaxtdan bu yana daima islahatlar olmuş və olacaq da. Teatr yarandığı gündən hər zaman kasıb, çətin şəraitdə fəaliyyət göstərib, ümumiyyətlə, sənət çətinliklərdən yaranır. Molyerdən, Şekspirin dövründən bu günə qədər, Kardoninin, İvan Volkovun dövründən bu günə qədər teatr sənəti hər zaman çətinliklərlə üz-üzə qalıb...

Bilirsinizmi, yeni teatr yaratmaq üçün öncə tamaşaçı, yeni tamaşaçı kütləsi yaratmaq lazımdır. Bu, söz xatirinə deyilən söz deyil, mən illərlə bu barədə düşünmüşəm. Öncə tamaşa üçün satılan biletin qiyməti ucuzlaşdırılmalıdır. Tutaq ki, biletin birinin qiyməti 1 manat, 50 qəpik qədər ucuz olmalıdır. İkincisi, teatrın binasının qarşısında, misal olaraq Akademik Teatrı götürək, axşam saat 22.00-da şəhərin bütün istiqamətlərində gedən avtobuslar işləməlidir. Belə olduğu halda inandırım sizi ki, teatra mütləq axın başlayacaq, tamaşaçı axını. Artıq Əhmədlidə yaşayan tamaşaçı teatra gələrkən tamaşa bitdikdən sonra evinə necə qayıtmanın fikrini çəkməyəcək. Hər il iki dəfə olmaq şərtilə regionlarda teatr festivalı keçirilməlidir. Bax bütün bunlardan sonra yeni teatr, yeni tamaşaçı kütləsindən danışmaq olar, tamaşaçı mütləq yetişməlidir və mən tamaşaçı yetişəcəyinə inanıram.

- Sonda yubileyiniz münasibəti ilə Sizi təbrik edir, cansağlığı və yeni uğurlar arzulayırıq. Ürəyinizdə deyəcəyiniz bir söz qaldımı?

- Mən bu sözünüzü gözləyirdim, çünki illərdir ürəyimdə saxladığım bir ideyam var. Əvvəllər Mədəniyyət Nazirliyi vardı, ancaq hazırda adı dəyişərək Mədəniyyət və Turizm Nazirliyi ediblər. Sözümün canı var, 15 ilə yaxındır ki, Qobustan, Səda və Nur teatrı yaratmaq barədə düşünürəm. Səs və işıq teatrı... bu o deməkdir ki, Qobustanda olan bir məkan var ki, orada 300-500 nəfərlik yerlərə oturacaqlar yerləşdirib, açıq havada kiçik tamaşa salonu yaratmaq olar. İşıq cihazları quraraq qayalar üzərindəki rəsmləri işıqlandırmaqla, səslə, xüsusi effektlərlə 45 dəqiqəlik tamaşa hazırlayaraq turistlərə təqdim etmək olar. Bununla həm turistlərin mədəni istirahətini qurmaq olar, həm yaxşı pul qazanmaq olar, həm də sənət göstərmək olar. Fikirləşirəm ki, düşündüyüm bu ideyanı layihə şəklində işləyərək Mədəniyyət və Turizm Nazirinə göndərim. Bu, mənim yubiley günündə həyata keçirmək istədiyim bir arzumdur.

 

 

Ulduzə QARAQIZI

 

Ekspress.- 2010.- 30 oktyabr.- 1 noyabr.- S. 19.